Məhkəmə qərarları › İş №2(105)-2303/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2303/2022

08.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2303/2022 08.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı mülki iş üzrə (Açar sözlər: əqd və etibarnamənin etibarsız hesab edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3, üçüncü şəxs X5 nümayəndəsi və vəkili Vəkil6, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(060)-1316/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları nüəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edib, onunla Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 7 saylı notariat kontorunda ünvan 4 27, mənzil 18-ə dair imzalanmış AN-İ seriyalı, ******* saylı; Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, K.Xəlilov küçəsi 1A, M12, m.2-yə dair imzalanmış AN-İ seriyalı, ******* saylı; ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair imzalanmış AN-İ seriyalı, ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqavilələrinin, “BMW” markalı ** ES *** dövlət qeydiyyat nişanlı və “Lexus LX450” markalı ** OL *** dövlət qeydiyyat nişanlı avtomobillərə dair nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia ərizəsinə əlavə təqdim edib, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 əlavə cavabdehlər qismində və AR DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əlavə üçüncü şəxs qismində cəlb edilməklə, onunla Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 7 saylı Notariat Kontorunda ünvan 4 27, mənzil 18-ə dair imzalanmış AN-İ seriyalı ******* saylı, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, K.Xəlilov küçəsi 1A, M12, mənzil 2-yə dair imzalanmış AN-İ seriyalı ******* saylı, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair imzalanmış AN-İ seriyalı, ******* saylı Daşınmaz əmlakın alqısatqı müqavilələrinin, “BMW” markalı ** ES *** dövlət qeydiyyat nişanlı və “Lexus LX450” markalı ** OL *** dövlət qeydiyyat nişanlı avtomobillərə dair xx.xx.2021-ci il tarixdə imzalanmış ƏN-Vİİ seriyalı 919090 və ƏN-Vİİ seriyalı 919091 nömrəli Nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamələrin, habelə “BMW” markalı ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2021-ci il tarixdə bağlanmış 000399 nömrəli “Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi”, Lexus LX450 markalı ** OL *** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2021-ci il tarixdə bağlanmış 000398 nömrəli “Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Daha sonra iddiaçının nümayəndəsi ərizə təqdim edərək, X9 və X2 üçüncü şəxs qismində işə cəlb olunmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 26 avqust 2021-ci il tarixdə mülkiyyət hüququ ilə ona məxsus olmuş ünvan 4 27, mənzil 18, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, K.Xəlilov küçəsi 1A, M12, m. 2, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi, “BMW” markalı 10ES102 dövlət qeydiyyat nişanlı və “Lexus LX450” markalı ** OL *** dövlət qeydiyyat nişanlı avtomobillər iradəsinə zidd olaraq mülkiyyətindən çıxmışdır. Belə ki, 26 avqust 2021-ci il tarixdə onu həbs etdirəcəkləri ilə hədələyərək Xəzər Rayon Polis İdarəsindən polis müşayəti ilə Bakı şəhəri 7 saylı notariat kontoruna apararaq yuxarıda göstərilən ünvan 4 27, mənzil 18; Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, K.Xəlilov küçəsi 1A, M12, m. 2; ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair Daşınmaz əmlakın alqı-satqı müqaviləsi imzalatdırıb Cavabdeh1 adına rəsmiləşdirməklə, “BMW” markalı, ** ES *** dövlət qeydiyyat nişanlı və “Lexus LX450” markalı, 99OL108 dövlət qeydiyyat nişanlı avtomobillərə isə nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamə imzalatdırmaqla bütün əmlaklarını əlindən almışlar, bununla da onun konstitusion hüquqları kobudcasına pozulmuşdur. O, mülkiyətində olan əmlakları heç kimə satmamış, ümumiyyətlə kiməsə satmaq fikri belə olmamışdır. Yuxarıda qeyd edildiyi kimi sözügedən əmlaklar məcburetmə, qeyri-qanuni təsir, hədələmə nəticəsində mülkiyyətindən çıxmışdır. Bunu həyata keçirmək üçün onu 26 avqust 2021-ci il tarixdə əmlaklarının bir hissəsinə etibarsız əqd bağlamaqla, digər hissəsinə isə etibarnamə imzalatdırmaqla nail olunmuşdur. Nəticədə onun Azərbaycan Respublikası Konstitusiyası, qanunları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə qorunan mülkiyyət və s. hüquqları kobudcasına pozulmuşdur. Bundan əlavə iddia ərizəsində qeyd olunduğu kimi “BMW” markalı, ** ES *** dövlət qeydiyyat nişanlı və “Lexus LX450” markalı 99 0L 108 dövlət qeydiyyat nişanlı avtomobillər iradəsinə zidd olaraq mülkiyyətindən çıxmışdır. Belə ki, sözügedən avtomobillərə xx.xx.2021-ci il tarixdə ƏN- Vİİ seriyalı 919090 və ƏN-Vİİ seriyalı 919091 nömrəli nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamə imzalatdırmaqla həmin avtomobilləri əlindən almışlar, bununla da onun konstitusion hüquqları kobudcasına pozulmuşdur. Məhkəməyə Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş xx.xx.2022ci il tarixli məktubla müəyyən olunur ki, ƏN-Vİİ seriyalı 919090 və ƏN-Vİİ seriyalı 919091 nömrəli nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamə xx.xx.2021-ci il tarixdə imzalansa da, “BMW” markalı ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilə dair 000399 nömrəli “Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi” xx.xx.2021-ci il tarixdə bağlanmışdır, “Lexus LX450” markalı, 99 0L 108 dövlət qeydiyyat nişanlı avtomobilə dair 000398 nömrəli “Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi” də xx.xx.2021-ci il tarixdə bağlammşdır. Beləliklə, müəyyən olunur ki, “BMW” markalı, ** ES *** dövlət qeydiyyat nişanlı və “Lexsus LX450” markalı, 99 0L 108 dövlət qeydiyyat nişanlı avtomobillər səlahiyyəti olmayan şəxs tərəfındən özgəninkiləşdirilmişdir ki, mülkiyyət hüququ ilə ona məxsus olmuş avtomobillərin qanunazidd şəkildə mülkiyyətindən çıxmasını təsdiq edir.

5. Cavabdeh tərəfin iddia ərizəsinə qarşı yazılı etirazı daxil olmamışdır.

6. İş materiallarında olan ƏN-Vİİ 919290 və ƏN-Vİİ 919291 saylı etibarnamələrin surətlərindən görünür ki, İddiaçı Lexus LX450 markalı 99OL108 dövlət və BMW markalı 10ES102 qeydiyyat nişanlı avtomobillərə dair xx.xx.2021-ci il tarixdə Cavabdeh3 etibarnamə vermişdir. Etibarnamələr 1 il müddətinə, xx.xx.2022-ci il tarixədək verilmişdir.

7. RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsi 1A, M12, mənzil 2 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 2888 nömrəli reyestr kitabının 269435 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır.

8. İşdə olan çıxarışın surətindən görünür ki, ünvan 4 27, mənzil 18 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır.

9. İşdə olan çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən qeyriyaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 244 nömrəli reyestr kitabının 22950 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır.

10. 26 avqust 2021-ci il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 ünvan 4 27, 18 saylı mənzili 60000 (altmış min) manata İddiaçı almışdır.

11. Bakı şəhəri 7 saylı notariat ofisinin xüsusi notariusunun xx.xx.2021-ci il tarixli, 716 nömrəli məktubundan görünür ki, notarius X20 Bank ASC-nin Xəzər Filialına müraciət edərək Notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi (qeyri-yaşayış sahəsi) üzrə mədaxil olan 60000 (altmış min manat) məbləğində pulun müvafiq 367.20 manat mənzilin vergisi Bakı şəhər VD-nə köçürülməli məbləğ çıxdıqdan sonra qalacaq 59632.80 manat pulun İddiaçı verilməsi üçün bankda olan AZ09AİİB******************** N-li depozit hesabına və 367.20 manat məbləğində yaranmış vergi məbləğinin AZ09AİİB******************** saylı hesabına qəbul edilməsini xahiş etmişdir.

12. xx.xx.2021-ci il tarixli qəbzin surətindən görünür ki, 60000 manat pul X17 tərəfindən notariusun xx.xx.2021-ci il tarixli, 716 nömrəli məktubuna əsasən "xxxx" ASCnin Xəzər filialına köçürülmüşdür.

13. 26 avqust 2021-ci il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsi 1A, M12, 2 saylı mənzili 180000 (yüz səksən min) manata İddiaçı almışdır.

14. Bakı şəhəri 7 saylı notariat ofisinin xüsusi notariusunun xx.xx.2021-ci il tarixli, 718 nömrəli məktubundan görünür ki, notarius X20 Bank ASC-nin Xəzər Filialına müraciət edərək Notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi (qeyri-yaşayış sahəsi) üzrə mədaxil olan 180000 (bir yüz səksən min manat) məbləğində pulun İddiaçı verilməsi üçün bankda olan AZ09AİİB******************** N-li depozit hesabına qəbul edilməsini xahiş etmişdir.

15. xx.xx.2021-ci il tarixli qəbzin surətindən görünür ki, 180000 manat pul X17 tərəfindən notariusun xx.xx.2021-ci il tarixli, 718 nömrəli məktubuna əsasən Kapital Bank ASC-nin Xəzər Filialına köçürülmüşdür.

16. 26 avqust 2021-ci il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsini 126000 (yüz iyirmi altı min) manata İddiaçı almışdır.

17. xx.xx.2021-ci il tarixli qəbzin surətindən görünür ki, 126000 manat pul X17 tərəfindən notariusun xx.xx.2021-ci il tarixli, 717 nömrəli məktubuna əsasən Kapital Bank ASC-nin Xəzər Filialına köçürülmüşdür.

18. Bakı şəhəri 7 saylı notariat ofisinin xüsusi notariusunun xx.xx.2021-ci il tarixli, 717 nömrəli məktubundan görünür ki, notarius X20 Bank ASC-nin Xəzər filialına müraciət edərək Notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi ( qeyri yaşayış sahəsi ) üzrə mədaxil olan 126000 (bir yüz iyirmi altı min manat) məbləğində pulun müvafiq 3667.95 manat mənzilin vergisi Bakı şəhər VD-nə köçürülməli məbləğ çıxdıqdan sonra qalacaq 122332.05 manat pulun İddiaçı verilməsi üçün bankda olan AZ09AİİB******************** N-li depozit hesabına və 3667.95 manat məbləğində yaranmış vergi məbləğinin AZ09AİİB******************** saylı hesabına qəbul edilməsini xahiş etmişdir. a. xx.xx.2021-ci il tarixli məxaric orderlərinin surətindən görünür ki, 122332.05 manat, 180000 manat və 59632 manat məbləğində pul vəsaitlərinin "xxxx" ASC-nin Xəzər Filialı tərəfindən İddiaçı ödənilməsi üçün ona müvafiq qəbzlər verilmişdir.

19. "xxxx" MMC-nin 222 nömrəli, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC İddiaçı və X12 qarşı cinayət əməllərindən irəli gələn tələbindən imtina edir və bununla bağlı iddia qaldırmayacaqdır.

20. Xəzər RPİ-nin İŞ-nin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanamsının rədd edilməsi haqqında qərarından görünür ki, HK-1480 saylı təhqiqat materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir.

21. Bakı şəhəri 7 saylı notariat ofisinin xüsusi notariusunun D/02 nömrəli, 25 yanvar 2022-ci il tarixli məktubundan görünür, xx.xx.2021-ci il tarixdə satıcı İddiaçı və alıcı Cavabdeh1 arasında rəsmiləşdirilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X22, 1A, M12, m2 ünvanında yerləşən mənzilə, ünvan 3nvanında yerləşən mənzilə dair rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi, 10ES102 d/n, BMW markalı və 99OL108 d/n, Lexus LX450 d/n nəqliyyat vasitələrinə dair verilmiş nəqliyyat vasitələrinə dair sərəncam etibarnaməsində İddiaçı şəxsən özü iştirak edərək yuxarıda qeyd olunan sənədləri imzalamışdır. Onun iddia ərizəsində göstərdiyi faktlar barədə Bakı şəhəri 7 saylı xüsusi notariat ofısində heç bir məlumat daxil olmamışdır. 26 avqust 2021-ci il tarixdə İddiaçı notariat ofisinə gələrkən onun hər hansı zorakılığa məruz qalması tərəflərindən hiss edilməmişdir.

22. AZ İİ 204020 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür, İddiaçı ilə X9 xx.xx.2017-ci il tarixdə Nəsimi Rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha girərək ailə qurmuşlar və bu nikah 134 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Səlimova soyadı verilmişdir.

23. xx.xx.2021-ci il tarixli **********858 və **********859 nömrəli ərizələrin surətindən görünür ki, X10 əri İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin və ünvan 4 27, 18 saylı mənzilin satılmasına etiraz etməmişdir.

24. İşdə olan xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Cavabdeh2 AR DİN BDYPİ Qİİ-nə müraciət edərək, BMW markalı 10ES102 dövlət qeydiyyat nişanlı avtomobilə dair dövlət qeydiyyat nişanları və qeydiyyat şəhadətnaməsi verilməsini xahiş etmiş və Cavabdeh2 sözügedən avtomobilin AR DİN BDYPİ Qİİ-nin məlumat-axtarış uçot bazası üzrə axtarışda olan MNV-nin siyahısında olmadığı bildirilmişdir. (xx.xx.2021-ci il).

25. İşdə olan nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında xx.xx.2021ci il tarixli arayışdan görünür ki, BMW markalı ** ES *** dövlət qeydiyyat nişanlı avtomobil həbsdə, girovda və axtarışda deyil.

26. xx.xx.2021-ci il tarixli, 000399 nömrəli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 BMW markalı 10ES102 dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı (etibarnamə əsasında Cavabdeh3) almışdır.

27. AD 117719 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “BMW” markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobil satış üçün xx.xx.2021-ci il tarixdə İddiaçı adından qeydiyyatdan çıxarılmışdır.

28. xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Cavabdeh4 AR DİN BDYPİ Qİİ-nə müraciət edərək “Lexus LX450” markalı ** OL *** dövlət qeydiyyat nişanlı avtomobilə dair dövlət qeydiyyat nişanları və qeydiyyat şəhadətnaməsinin verilməsini xahiş etmiş və Cavabdeh4 sözügedən avtomobilin AR DİN BDYPİ Qİİ-nin məlumat-axtarış uçot bazası üzrə axtarışda olan MNV-nin siyahısında olmadığı bildirilmişdir. (xx.xx.2021-ci il).

29. xx.xx.2021-ci il tarixli, 000398 nömrəli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh4 “Lexus LX450” markalı, ** OL *** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı (etibarnamə əsasında Cavabdeh3) almışdır.

30. Nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, “Lexus LX450” markalı, ** OL *** dövlət qeydiyyat nişanlı avtomobil həbsdə, girovda və axtarışda deyil.

31. AD 908114 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Lexus LX450” markalı, ** OL *** dövlət qeydiyyat nişanlı avtomobil satış üçün xx.xx.2021-ci il tarixdə İddiaçı adından qeydiyyatdan çıxarılmışdır.

32. “Lexus LX450” markalı, 99OL108 dövlət qeydiyyat nişanlı komputer çıxarışından görünür ki, həmin avtomobilə dair xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixdədək Cavabdeh3 adına etibarnamə verilmiş, xx.xx.2021-ci il tarixdən sözügedən avtomaşının sahibi kimi alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 qeydə alınmış və daha sonra xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək X13 etibarnamə verilmişdir.

33. “BMW” markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomaşının komputer çıxarışından görünür ki, həmin avtomobilə dair xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Cavabdeh3 adına etibarnamə verilmiş, xx.xx.2021-ci il tarixdən sözügedən avtomaşının sahibi kimi alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 qeydə alınmış, daha sonra xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək X3, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək X1 adına etibarnamə verilmişdir.

34. 13 avqust 2021-ci il tarixli, AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, X7 ünvan 4 27, 18 saylı mənzili 60000 (altmış min) manata Cavabdeh1 almışdır.

35. 13 sentyabr 2021-ci il tarixli, AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, X7 ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsini 126000 (yüz iyirmi altı min) manata Cavabdeh1 almışdır.

36. 07 yanvar 2022-ci il tarixli, AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, X9 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsi 1A, M12, 2 saylı mənzili 150000 (yüz əlli) manata Cavabdeh1 almışdır.

37. Çıxarışın surətindən görünür ki, ünvan 4 27, mənzil 18 xüsusi mülkiyyət hüququ üzrə X2 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır.

38. Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə X2 ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır.

39. Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsi 1A, M12, mənzil 52 (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsi 1A, M12, m2) xüsusi mülkiyyət hüququ üzrə X5 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır.

40. Birinci instansiya məhkəməsi ilk növbədə qeyd etmişdir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.

41. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.

42. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər.

43. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur.

44. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir.

45. Bununla bağlı qeyd edilməlidir ki, mülki hüquqi əqdlər, o cümlədən alqı-satqı müqavilələri əmlaka dair mülkiyyət hüququnun əldə edilməsinin əsaslarından biridir.

46. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ, həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazi üzrə qeydiyyat tarixindən əmələ gəlir (Mülki Məcəllənin 146.1 və 146.2-ci maddələri).

47. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (Mülki Məcəllənin 567-ci maddəsi).

48. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir (Mülki Məcəllənin 394-cü maddəsi).

49. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ünvan 4 27, mənzil 18-ə dair AN-İ seriyalı ******* saylı, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, K.Xəlilov küçəsi 1A, M12, m. 2-yə dair AN-İ seriyalı ******* saylı və ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair AN-İ seriyalı ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqavilələri müqavilə azadlığı prinsipinə uyğun olaraq İddiaçı və Cavabdeh1 arasında bağlanmışdır. Həmin müqavilələrin bağlanması zamanı daşınmaz əmlakın alqısatqısına dair qaydalara riayət edilmişdir.

50. Mülki Məcəllənin əqdlərin bağlanması qaydalarını və onların etibarsızlığını müəyyən edən müddəalarına əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır (Mülki Məcəllənin 329.1-ci maddəsi).

51. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (Mülki Məcəllənin 337.1, 337.3, 337.4-cü maddələri).

52. İddia ərizəsinin məzmunundan və iddiaçı tərəfin məhkəmə iclaslarında verdiyi izahatlardan görünür ki, hazırki iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 339.4-cü maddəsi təşkil edir.

53. Belə ki, həmin normaya əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.

54. İddiaçı tərəf iddia edir ki, "xxxx" MMC Xəzər Rayon Polis İdarəsinə İddiaçı MMC-yə məxsus marketdən pul mənimsəməsi barədə şikayət ərizəsi ilə müraciət etmişdir. Nəticədə İddiaçı ona edilən təzyiqlərdən qurtulmaq üçün belə əqdlərin bağlanmasına razılıq vermiş, sözügedən əqdləri təzyiq və hədə-qorxu altında bağlamışdır.

55. Məhkəmə hesab etmişdir ki, xx.xx.2021-ci il tarixli AN-İ seriyalı ******* saylı, AN-İ seriyalı ******* saylı və ******* saylı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslardan hər hansı biri mövcud olmadığından iddia tələbi bu hissədə təmin edilməməlidir.

56. Belə ki, iddiaçı tərəf sözügedən müqavilələrin iddiaçının məcburetmə, qeyriqanuni təsir, təzyiq və hədə qorxu altında bağlanıldığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı inandırıcı, mötəbər və əsaslı şübhədən kənar sübut təqdim etməmişdir.

57. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

58. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir.

59. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

60. Həmin normaya əsasən sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir.

61. Məhkəmə hesab etmişdir ki, iddiaçının istinad etdiyi hal, yəni iddiaçının cinayət məsuliyyətinə cəlb edilməkdən yaxa qurtarmaq üçün özünə məxsus əmlakları satması hazırda mübahisələndirilən əqdlərin hədə-qorxu və məcburetmə nəticəsində bağlanıldığını sübut etmir.

62. Belə ki, məhkəmə hesab etmişdir ki, hər hansı bir şəxsin cinayət məsuliyyətinə cəlb edilməmək üçün özünə məxsus əmlakları satıb, vurulmuş ziyanın əvəzində qarşı tərəfə ödəməsi şəxsin hədə-qorxu nəticəsində əqd bağlamağa məcbur edilməsi nəticəsinə gəlməyə əsas vermir.

63. Hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 73-1-ci maddəsində mülkiyyət əleyhinə olan cinayətlərə görə (oğurluq, dələduzluq, mənimsəmə və s.) əməli törətmiş şəxsin ziyanı tamamilə ödədikdə (o cümlədən əməllərin ağırlığına görə digər şərtlərə riayət etdikdə) cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur.

64. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hal - əqdlərin hədə-qorxu, təzyiq və məcburetmə nəticəsində bağlanması öz təsdiqini tapmır.

65. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, iddiaçı ona edilmiş hədə-qorxu, təzyiq və məcburetmə halları ilə bağlı hər hansı orqana şikayət etməmiş, yalnız müəyyən müddətdən sonra hazırki iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir.

66. Məhkəmə onu da qeyd edir ki, məhkəmə "xxxx" MMC-nin baş direktoru X11 Emin Vahid oğlu barədə Xəzər Rayon Polis İdarəsinə müraciəti əsasında toplanmış HK- 1480 saylı təhqiqat materialını Xəzər Rayon Polis İdarəsinə və müvafiq olaraq Xəzər Rayon Prokurorluğuna sorğu verməklə tələb etsə də, həmin sənədlər məhkəməyə təqdim olunmamışdır.

67. Halbuki, Azərbaycan Respublikası MPM-nin 78-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir (78.2). Sübut tələb olunan şəxsin həmin sübutu təqdim etmək imkanı olmadıqda və ya onu məhkəmənin müəyyən etdiyi vaxtda təqdim edə bilmədikdə, o, səbəblərini göstərməklə, sorğunu aldıqdan 5 gün müddətində bu barədə məhkəməyə məlumat verməlidir (78.3).

68. İş üzrə mübahisəli nəqliyyat vasitələrinə gəldikdə isə məhkəmə qeyd etmişdir ki, iddiaçı BMW markalı ** ES *** dövlət qeydiyyat nişanlı və Lexus LX450 markalı ** OL *** dövlət qeydiyyat nişanlı avtomobillərə dair xx.xx.2021-ci il tarixdə imzalanmış ƏN-Vİİ seriyalı 919090 və ƏN-Vİİ seriyalı 919091 nömrəli Nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında Etibarnamələrin etibarsız hesab edilməsi barədə iddia tələbini həmin etibarnamələrin də xx.xx.2021-ci il tarixdə hədə-qorxu, təzyiq və məcburetmə nəticəsində verildiyi ilə əsaslandırmışdır.

69. Məhkəmə hesab etmişdir ki, həm alqı-satqı müqavilələri bağlanarkən, həm də avtomaşınlara dair etibarnamələr verilərkən hədə-qorxu, təzyiq və məcburetmə hallarının olması halları öz təsdiqini tapmır.

70. Eyni zamanda məhkəmə hesab etmişdir ki, iddia tələbi nəqliyyat vasitələrinə dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi hissəsində də təmin edilməməlidir.

71. Belə ki, iddiaçı iddia tələbini mübahisələndirilən etibarnamə və alqı-satqı müqavilələrinin hədə-qorxu, təzyiq və məcburetmə altında bağlanıldığını bildirsə də, məhkəmənin sorğusu əsasında nəqliyyat vasitələrinin alqı-satqısı ilə bağlı sənədlər əldə edildikdən sonra iddiaçı etibarnamələrin tarixi ilə avtomaşınların alqı-satqı müqavilələrinin tarixləri arasındakı ziddiyyətə istinad edərək, sözügedən müqavilələrin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir.

72. Məhkəmə iddiaçının bu dəlilləri ilə razılaşmamışdır. Belə ki, nəqliyyat vasitələrinin alqı-satqı müqavilələri və həmin avtomobillərə dair etibarnamələrin tarixləri arasında ziddiyətlərin səbəblərinin aydınlaşdırılması məqsədilə məhkəmə tərəfindən Baş Dövlət Yol Polis İdarəsinə sorğu ünvanlanmış, həmin İdarə sorğuya cavab olaraq “BMW” markalı **-ES-*** və “Lexus” markalı **-OL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin alqı-satqı müqavilələrinin xx.xx.2021-ci il tarixdə bağlandığı, lakin müqavilələrdə tarixlərin səhvən xx.xx.2021-ci il kimi göstərilməsi qeyd olunmuşdur.

73. Məhkəmə hesab etmişdir ki, nəqliyyat vasitələrinin alqı-satqı müqavilələrində texniki yanlışlıq olaraq tarixin bir gün əvvəl yazılması sözügedən alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Həm Lexus LX450 markalı 99OL108 dövlət qeydiyyat nişanlı, həm də BMW markalı 10ES102 dövlət qeydiyyat nişanlı avtomaşınların qeydiyyat hərəkətləri barədə komputer çıxarışlarından görünür ki, həmin avtomobillərə dair xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixdədək iddiaçı tərəfindən Cavabdeh3 adına etibarnamə verilmiş, sözügedən avtomaşınlar xx.xx.2021-ci il tarixdə satış üçün qeydiyyatdan çıxarılmışdır.

74. Eyni zamanda sözügedən nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin surətlərindən görünür ki, şəhadətnamələrdə Baş Dövlət Yol Polis İdarəsi Qeydiyyat İmtahan İdarəsi tərəfindən avtomaşınların xx.xx.2021-ci il tarixdə satış üçün qeydiyyatdan çıxarıldığı möhürlə təsdiq edilmişdir.

75. Göründüyü kimi nəqliyyat vasitələrinin uçotunu aparan dövlət orqanında avtomaşınlar satış üçün qeydiyyatdan xx.xx.2021-ci il tarixdə çıxarıldığı halda, onlar xx.xx.2021-ci il tarixdə satıla bilməzdi. Bu bir daha nəqliyyat vasitələrinin alqı-satqı müqavilələrində tarixin səhvən “26 avqust” əvəzinə “25 avqust” kimi göstərildiyini təsdiq edir.

76. Məhkəmə onu da qeyd etmişdir ki, hazırki iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh4 mübahisələndirilən alqı-satqı müqavilələri üzrə nəqliyyat vasitələrini əldə edən şəxslərdir.

77. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır (Mülki Məcəllənin 182-ci maddəsi).

78. Məhkəmə hesab etmişdir ki, alqı-satqı müqavilələri rəsmiləşdirilərkən müvafiq orqanda müqavilələrin tarixi ilə bağlı texniki səhvə yol verilməsi son nəticədə həmin müqavilələr üzrə nəqliyyat vasitələrini vicdanlı olaraq əldə edən şəxslərin hüquqlarının pozulmasına səbəb ola bilməz.

79. Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(060)-1316/2022 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4, üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə, Bakı şəhəri 7 saylı notariat kontoruna, AR DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə, X8 və X4 qarşı əqdlərin və etibarnamələrin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

80. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1, 146.2, 337.1, 337.4, 339.4, 390.1, 394, 567-cı maddələri və MPM-nin 14.1, 14.2, 77.1, 78-ci maddəsi ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

81. İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(060)-1316/2022 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

Şikayətin dəlilləri:

82. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəllənin 324.1, 324.4, 324.5, 337.1, 359.1, 359.3, 362.1-ci maddələri və MPM-nin 9, 76, 77, 81, 88, 217-ci maddələrinin tələblərini pozmaqla və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməklə qəbul edilmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

83. Cavabdehlər tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları

84. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı nümayəndəsi və vəkilləri Vəkil2 və Vəkil4 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər.

85. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3, üçüncü şəxs X5 nümayəndəsi və vəkili Vəkil6, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 apellyasiya şikayətinə etiraz edib, rədd edilməsini xahiş etdilər.

86. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada müstəqil tələb sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi və Bakı şəhəri 7 saylı notariat kontoruna məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir.

87. Məhkəmə kollegiyası qeyd olunan tərəflərin nümayəndələrinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

88. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

89. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

90. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeyclə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

91. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

92. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

93. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

94. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.

95. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

96. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

97. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla,hüquqi nəticələrə səbəb olmur.

98. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.

99. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

100. Maddə 394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.

101. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllə

102. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

103. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

104. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

105. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

106. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

107. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır.

Apellyasiya baxışının hədləri

108. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

109. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

110. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

111. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

112. Birinci instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

113. Apellyasiya şikayətlərinin dəlilləri heç bir sübutla öz təsdiqini tapmadığına görə birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz.

114. Bu baxımdan, birinci instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi barədə şikayətin dəlilləri əsassızdır.

115. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

116. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(060)-1316/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver