Məhkəmə qərarları › İş №2(105)-2377/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2377/2020

22.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Müqavilələrin ləğv edilməsi - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2377/2020 22.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı “Zaman-MN” məhdud məsuliyyətli cəmiyyətinin direktoru İddiaçı1, onun vəkili X3, cavabdehlər Cavabdeh1 və Cavabdeh2nümayəndəsi və vəkili X4 iştirakları ilə açıq məhkəmə iclasında, Şabran Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(031)-89/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şabran Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(031)-89/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Çingiz İsgəndərov) iddiaçılar İddiaçı1 və “Zaman-MN” məhdud məsuliyyətli cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Şabran rayon notariat ofisinə qarşı əqdin etibarsız hesab edilməsi, icarə müqaviləsinin ləğv edilməsi və zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, “Zaman-MN” məhdud məsuliyyətli cəmiyyətinin direktoru İddiaçı1 ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2017-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 “Suvarma texnikası AQOSS aqreqatları”nın dəyəri 133200 manat pulun və zərərin əvəzi olaraq 34822,92 manat pulun alınıb “Zaman-MN” məhdud məsuliyyətli cəmiyyətinə verilməsi, iddianın qalan hissəsinin əsassız olduğundan təmin edilməməsi qət edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, xx.xx.2019-cu il tarixdə İddiaçı1 və “Zaman-MN” məhdud məsuliyyətli cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək “Zaman-MN” məhdud məsuliyyətli cəmiyyətinin direktoru İddiaçı1 ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2017-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, Şabran rayon notariat kontorunda İddiaçı1 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, reyestrdə 3M-36 nömrə ilə qeyd edilmiş borcun etirafı haqqında müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2 “Suvarma texnikası AQOSS aqreqatının” dəyəri olaraq 133200 manat pulun və zərərin əvəzi olaraq 197307 manat pulun alınıb “Zaman-MN” məhdud məsuliyyətli cəmiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, lizinq verən “Aqrolizinq” açıq səhmdar cəmiyyəti ilə lizinq alan “Zaman-MN” məhdud məsuliyyətli cəmiyyəti arasında xx xxxxx 2015-ci il tarixli, 655-L/15 nömrəli “Aqrolizinq” açıq səhmdar cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən lizinq verən ümumi məbləği 188 200.00 manat olan lizinq müqaviləsinə əlavədə göstərilən kənd təsərrüfatı texnikalarını “Zaman-MN” məhdud məsuliyyətli cəmiyyətinə lizinqə vermişdir. İddiaçı1 “Zaman-MN” məhdud məsuliyyətli cəmiyyətinin direktoru olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə razılığa gəlmişdir. Həmin razılığa əsasən lizinq müqaviləsi əsasında “Zaman-MN” məhdud məsuliyyətli cəmiyyətinə lizinqə verilmiş kənd təsərrüfatı texnikalarından “Suvarma texnikası AQOSS aqreqatı”nı “Zaman-MN” məhdud məsuliyyətli cəmiyyətinin direktoru olaraq İddiaçı1 xx xxxx 2017-ci il tarixdə icarəyə vermişdir. İcarə müqaviləsi əsasında 10500 ABŞ dolları ilkin ödəniş edilmiş, aylıq icarə haqqı 200 manat məbləğində müəyyən edilmişdir. İlkin ödəniş olaraq ödənilən 10500 ABŞ dolları pulun notarial qaydada təsdiqlənməsi üçün Şabran rayon notariat kontoruna müraciət etmişlər. Bu zaman digər Cavabdeh1 İddiaçı1 aldadaraq, xəbəri olmadan Şabran rayon notariat kontorunda borcun etirafı haqqında xx xxx 2017-ci il tarixli müqavilə tərtib edilmiş və İddiaçı1 müqavilənin məzmunu ilə tanış olmadan həmin müqaviləyə imza etdirmişlər. İddiaçı1 həmin müqavilənin məzmunundan xəbərsiz olmuşdur. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əlbir olaraq İddiaçı1 aldatmışlar. İddiaçı1 həmin əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir. Hazırda Cavabdeh1 müqavilənin ləğvindən imtina edir. Həmin müqavilə məhkəmə qaydasında etibarsız hesab edilməlidir. “Zaman-MN” məhdud məsuliyyətli cəmiyyəti ilə icarə müqaviləsi bağlanan gündən bu günədək Cavabdeh2 1 manat da olsun icarə haqqı ödəməmiş, nə də texnikaları qaytarmamışdır. Cavabdeh2 tərəfindən müqavilənin şərtləri pozulmuşdur. “Aqrolizinq” açıq səhmdar cəmiyyəti texnikalarla əlaqədar “Zaman-MN” məhdud məsuliyyətli cəmiyyətinə qarşı məhkəmədə iddia qaldırmış, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(085)-226/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə 179370,00 manat əsas borc, 17937 manat cərimə, cəmi 197307 manat pul vəsaiti “Zaman-MN” məhdud məsuliyyətli cəmiyyətindən tutularaq “Aqrolizinq” açıq səhmdar cəmiyyətinə ödənilməsi qət edilmişdir. Odur ki, qeyd olunan icarə müqaviləsi məhkəmə tərəfindən ləğv edilməklə “Suvarma texnikası AQOSS aqreqatı”nın dəyəri 133200 manat və məhkəmənin qətnaməsi ilə ödənilməsi nəzərdə tutulmuş 197307 manat pul Cavabdeh2 və Cavabdeh1 alınaraq “Zaman-MN” məhdud məsuliyyətli cəmiyyətinə ödənilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, qətnaməni qanunsuz və ədalətsiz hesab edir. Belə ki, iş materiallarında olan iddiaçı “Zaman-MN” məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2017-ci il tarixli icarə müqaviləsi əvvəldən düzgün tərtib olunmamış, müqavilənin əvvəlində icarəyə verən kimi Cavabdeh2, icarəçi kimi isə “Zaman-MN” məhdud məsuliyyətli cəmiyyətinin direktoru X2 göstərilmişdir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən müqavilənin müddəti xx xxxx 2020-ci il tarixə qədərdir. Müqavilənin müddəti onsuz da bitmişdir. Belə olan halda, məhkəmə tərəfindən müqavilənin ləğv edilməsi qanunsuzdur. Belə ki, müqavilənin 6.1.1-ci bəndində göstərilir ki, müqavilənin müddəti başa çatdıqda müqaviləyə xitam verilir. Bundan başqa, icarə müqaviləsinin 3.1-ci bəndinə görə texnikanın aylıq icarə haqqı 200 manat təşkil edir. Cavabdeh2 icarə haqqını artıq məbləğlə iddiaçıya ödəmişdir. Belə ki, Cavabdeh2 digər cavabdeh olan dostu Cavabdeh1 adından İddiaçı1 10500 ABŞ dolları icarə haqqının əvəzi olaraq pul ödəmiş, həmin pulu notariusda borcun etirafı haqqında müqavilə ilə rəsmiləşdirmişlər. Qeyd olunan müqavilənin hazırki mübahisəli icarə müqaviləsi ilə birbaşa əlaqəsi vardır. İddiaçının borcun etirafı haqqında əqdin etibarsız hesab olunması tələbi ilə icarə müqaviləsinin ləğvi tələbini birlikdə qoyması bu iki müqavilənin bir-biri ilə sıx bağlı olduğunun etirafıdır. Əgər bu iki müqavilənin bir-biri ilə əlaqəsi olmasaydı, iddiaçı ayrı iddia ilə Cavabdeh1 qarşı məhkəməyə müraciət etməli idi. Borcun etirafı haqqında müqavilədəki 10500 ABŞ dolları məbləğindəki pul əslində icarə müqaviləsində nəzərdə tutulmuş aylıq 200 manat olmaqla 3 illik icarə haqqının əvvəlcədən artıqlaması ilə ödənişidir. Birinci instansiya məhkəməsi isə bu halı araşdırmamış, heç bir əsas olmadan cavabdehlərdən 34822,92 manat məbləğində pulun tutulmasını qərara almışdır. Halbuki hüquqi cəhətdən icarə müqaviləsində tərəf kimi cavabdehlərin yalnız biri Cavabdeh2 iştirak etmişdir. Digər tərəf Cavabdeh1 isə İddiaçı1 borc verən olmuşdur və icarə müqaviləsi üzrə heç bir öhdəlik daşımır. Həmçinin məhkəmə bu pulu hansı zərərin əvəzi olduğunu əsaslandırmamış, məbləğin nəyə əsasən hesablanmasına dair qətnamədə heç bir göstəriş müəyyən etməmişdir. Müəyyən edilən məbləğ tamamilə absurddur. Cavabdeh2 icarə haqqını ödəməmişdir. Bu halda üç illik icarə haqqının məbləği (ayda 200 manat olmaqla 3 il(36 ay) üçün (200 manat X 36 ay) 7200 manat edir. İddiaçı lizinq təşkilatından aldığı texnikanı icarəyə verdiyi halda, icarə haqqından əlavə heç bir gəlir əldə edə bilməzdi.İddiaçınınəldə edəcəyi məbləğ nəticə etibarı ilə 7200 manat olacaqdı və bundan artıq gəlir müqavilədə nəzərdə tutulmamışdır. Həmçinin cavabdehin bu müddət ərzində iddiaçıya icarə haqqının əvəzində heç bir pul ödəməməsi də ağlabatan deyildir. Belə ki, müqavilə xx xxxx 2017-ci il tarixdə bağlanmış, iddiaçı isə müqavilənin bağlandığı vaxtdan iki il yarım sonra xx.xx.2019-cu il tarixdə müqavilənin müddətinin bitməsinə az qalmışmüqavilənin ləğvi, zərərin əvəzinin ödənilməsi barədə iddia qaldırmışdır. Üstəlik məhkəmə iclasındakı izahatında iddiaçı bildirmişdir ki, cavabdeh ona 1 manat belə ödəməmişdir. Əgər iddiaçının dediyi kimi, bu qədər müddət ərzində həqiqətən də icarə haqqı ödənilməmişdirsə, o halda iddiaçı iddianı çox-çox əvvəl qaldırmalı idi. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi X9 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı “Zaman-MN” məhdud məsuliyyətli cəmiyyətinin direktoru İddiaçı1 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Şabran rayon notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, Şabran rayon notariat ofisi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddiaçılar İddiaçı1 və “Zaman-MN” məhdud məsuliyyətli cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Şabran rayon notariat ofisinə qarşı əqdin etibarsız hesab edilməsi, icarə müqaviləsinin ləğv edilməsi, zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsini icraata qəbul etmiş və işə mahiyyəti üzrə baxaraq yekun məhkəmə qətnaməsi qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı X12 tərəfindən verilmiş kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən xx.xx.2010-cu il tarixli çıxarışın surətindən görünür ki, “ZAMAN-MN” məhdud məsuliyyətli cəmiyyəti xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır və qanuni təmsilçisi İddiaçı1dur. İş materiallarından görünür ki, “Zaman-MN” məhdud məsuliyyətli cəmiyyətinin nizamnaməsi xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı X7 ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2005-ci il tarixli vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 vergi ödəyicisi kimi (VÖEN **********) qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı X8 xx xxxxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, baza məlumatlarında Cavabdeh2 əsas fəaliyyət növü çınqıl və qumun hasilatı kod 08121, digər fəaliyyət növləri südlük iribuynuzlu mal-qaranın yetişdirilməsi kod 01410, yük avtomobil nəqliyyatlarının fəaliyyəti kod 49411, ixtisaslaşdırılmış mağazalarda elektrik-məişət mallarının pərakəndə satışı kod 47541 kimidir. İş materiallarında olan xx xxxx 2017-ci il tarixli, 03 saylı icarə müqaviləsindən görünür ki, lizinq müqaviləsi əsasında “Zaman-MN” məhdud məsuliyyətli cəmiyyətinə lizinqə verilmiş kənd təsərrüfatı texnikalarından “Suvarma texnikası AQOSS aqreqatı”nı “Zaman-MN” məhdud məsuliyyətli cəmiyyətinin direktoru olaraq İddiaçı1xx xxxx 2017-ci il tarixdə Cavabdeh2 icarəyə vermişdir. İş materiallarında olan xx xxx 2017-ci il tarixdə Şabran rayon dövlət notariat kontorunda bağlanılaraq 3M-36 sayla reyestrdə qeydə alınmış borcun etirafı haqqında müqavilənin surətindən görünür ki, “Birinci tərəf”-“Borc verən” adlandırılacaq fiziki şəxs Cavabdeh1 və “İkinci tərəf”-“Borc alan” adlandırılacaq fiziki şəxs İddiaçı1 suvarma sistemi AQOSS aldığına görə xx.xx.2017-ci ildə aldığı 10500,00 USD borcun qaytarılması ilə bağlı AR MM-nin 882-ci maddəsinə əsasən mövcud borcun etirafı haqqında qarşılıqlı razılıq əsasında bu müqaviləni bağlamışlar və “Borc alan” tərəf “Borc verən” tərəfə 10500,00 USD borcu olduğunu etiraf edir. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Göründüyü kimi, mübahisənin məhkəmə aidiyyəti müəyyən edilərkən işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmalıdır və qanun bu meyarların hər üçünün qarşılıqlı bağlılığını tələb edir. Azərbaycan Respublikası MPM-nin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. İş materiallarından göründüyü kimi, hazırki mübahisə üzrə iddiaçı “Zaman-MN” məhdud məsuliyyətli cəmiyyəti hüquqi şəxsdir, Cavabdeh2 hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olur. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələriinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli 10 nömrəli Qərarının 11-ci bəndində göstərilir ki, MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. İşdən görünür ki, iddiaçı “Zaman-MN” məhdud məsuliyyətli cəmiyyətixx xxxx 2017-ci il tarixli, 03 saylı icarə müqaviləsini mübahisələndirir və bu mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlir. Azərbaycan Respublikası MPM-nin 30-cu maddəsinə görə bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələriinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli 10 nömrəli Qərarının 12-ci bəndində əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 13-cü bəndinə görə əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Həmçinin işdən görünür ki, Cavabdeh1 ilə İddiaçı1 arasında bağlanmış xx xxx 2017-ci il tarixli borcun etirafı haqqında müqavilə də icarəyə verilmiş“Suvarma texnikası AQOSS aqreqatı” ilə bağlı olmuşdur. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələriinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli 10 nömrəli Qərarının 16 və 17-ci bəndlərinə əsasən işin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı kommersiya məhkəməsində baxılmalı olan işlərin mümkün subyekt tərkibi və predmeti ilə bağlı qiymətləndirmənin həyata keçirilməsi zamanı MPM-in 30-cu maddəsinin tələblərinin nəzərə alınmalı olması da diqqətdən kənarda qalmamalıdır. Belə ki, həmin maddənin əvvəlki redaksiyasından fərqli olaraq hazırda qüvvədə olan redaksiyaya əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbin birləşdirilməsi zamanı onlardan bir qisminin ümumi məhkəməyə, digərlərinin isə kommersiya məhkəməsinə aid olduğu halda, tələblərə artıq ümumi deyil, kommersiya məhkəməsində baxılmalıdır. MPM-in 30-cu maddəsinin tətbiqi ilə bağlı əlavə olaraq nəzərə alınmalıdır ki, maddənin məzmunu baxımından məhkəmənin baxış predmetini ilk növbədə məhz birbiri ilə əlaqədar olan və birlikdə baxılması mümkün olan (MPM-in 149.3, 152.1.7-ci maddələrinin tələblərinə uyğun olaraq) tələblər təşkil etməlidir, digər tərəfdən isə həmin tələblərdən ən azı biri və yaxud əsas tələb üzrə mübahisənin hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır (bu Qərarın 13-cü bəndi). Tələblər bu şərtlərə cavab verdiyi halda subyekt tərkibinin istənilən kompozisiyası mümkündür. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 26.1-ci maddəsinə görə hazırki mübahisəyə mülki icraat qaydasında kommersiya məhkəməsində baxılmalıdır. Birinci instansiya məhkəməsi işə baxarkən qeyd edilən halları araşdırmamış, hazırki işə baxmağa hüququ olmadığı halda, işə baxaraq qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.1-ci maddəsinə görə işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları nəzərə alaraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarına əməl edilməmiş, məhkəmə aidiyyəti qaydaları pozulmuş, nəticədə işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxıldığı üçün apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 397, 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şabran Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(031)-89/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı1 və “Zaman-MN” məhdud məsuliyyətli cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Şabran rayon notariat ofisinə qarşı əqdin etibarsız hesab edilməsi, icarə müqaviləsinin ləğv edilməsi, zərərin əvəzinin ödənilməsi tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver