Məhkəmə qərarları › İş №2(105)-2414/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2414/2022

14.11.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2414/2022 14.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, Maraqlı şəxs ləğv prosesində olan «X3» ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh5-yə və qeyrilərinə qarşı «alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında verilən dövlət aktının və çıxarışın etibarsız hesab edilməsi və s.» tələbləri barədə iddia ərizəsinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-87/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən ləğv prosesində olan “X3” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı1 və qeyriləri cavabdehlər Cavabdeh5-yə və qeyrilərinə qarşı «alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında verilən dövlət aktının və çıxarışın etibarsız hesab edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müvafiq qətnamənin qəbul edilməsini xahiş etmişlər. Quba Rayon Məhkəməsinin 2(027)-87/2016 nömrəli, 13 iyun 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Quba rayon Notariat Kontorunda İddiaçı1, İddiaçı2, Şeydayeva (Səfiquliyeva) Könül Fərzəli qızı, İddiaçı4 və X1 ilə Cavabdeh5 arasında bağlanılmış 05 avqust 2003-cü il tarixli 4-Ə-238 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh5-nin adına 15 avqust 2003-cü il tarixdə verilən torpağa mülkiyyət hüququna dair JN-0872 kod 30301004 nömrəli dövlət aktının və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın qismən etibarsız hesab edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, Cavabdeh5-dən 20 manat dövlət rüsumunun tutularaq iddiaçıların xeyrinə ödənilməsi, iş üzrə ekspertiza xərci 100 manatın Cavabdeh5dən tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir (hakim Elman Əhmədov). Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-308/2017 saylı, 16 may 2017-ci il tarixli qətnaməsi ilə iddiaçılar tərəfindən birgə qaydada verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Quba Rayon Məhkəməsinin 13 iyun 2016-cı il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin rədd edilməsi və ekspertiza tədqiqatının dəyəri 246,8 manatın iddiaçılardan müştərək alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakimlər Səyyad Qafari sədrlik edən və məruzəçi, Elman Rəhimov, Lətifə Məmmədova). Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 oktyabr 2017-ci il tarixli qərarı ilə iddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 may 2017-ci il tarixli qətnaməsi ləğv edilərək işin yenidən baxılmasından ötrü apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakimlər Qəhrəman Allahverdiyev - sədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Əhməd Əhmədov). Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-725/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçılar tərəfindən birgə qaydada verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 13 iyun 2016-cı il tarixli qətnaməsi vurulmuş ziyanın məbləği və ödənilməsi tələbi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbinin qismən təmin edilməsi, dəymiş ziyanın dəyəri 12000 manat məbləğində qiymətləndirilməklə cavabdehlər Cavabdeh5-dən, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2, Şeydayeva (Səfiquliyeva) Könül Fərzəli qızı və İddiaçı4 verilməsi qət edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Quba rayon Notariat Kontorunda İddiaçı1, İddiaçı2, Şeydayeva (Səfiquliyeva) Könül Fərzəli qızı, İddiaçı4 və X1 ilə Cavabdeh5 arasında bağlanılmış 05 avqust 2003-cü il tarixli 4-Ə-238 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi hissədə, habelə iddia ərizəsinin təmin edilməyən hissələrində dəyişdirilmədən saxlanılmışdır (hakimlər Azər Hüseynov - sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Telman Quliyev). Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-306/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-725/2018 nömrəli, 06 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Əhməd Nurməmmədov - sədrlik edən və məruzəçi, Ənvər Şadiyev, Əli Rüstəmov). Hazırda maraqlı şəxs ləğv prosesində olan «X3» ASC apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 2(027)-87/2016 saylı, 13 iyun 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs ləğv prosesində olan «X3» ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin mümkün hesab edilərək icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış, iddiaçı və cavabdehlər məhkəmə iclasında gəlməmişlər, lakin iddiaçıların nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmasının qeyri-mümkün hesab edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin mümkünlüyü məsələsinə tərəflərin iştirak olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası daxil olmuş apellyasiya şikayətini iş materialları ilə birgə araşdıraraq və şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən işə hazırki vəziyyətdə apellyasiya qaydasında baxılması qeyrimümkündür. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair 14 oktyabr 2020-ci il tarixli Qərardadına əsasən məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Hazırki işdən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-725/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçılar tərəfindən birgə qaydada verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 13 iyun 2016-cı il tarixli qətnaməsi vurulmuş ziyanın məbləği və ödənilməsi tələbi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbinin qismən təmin edilməsi, dəymiş ziyanın dəyəri 12000 manat məbləğində qiymətləndirilməklə cavabdehlər Cavabdeh5-dən, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2, Şeydayeva (Səfiquliyeva) Könül Fərzəli qızı və İddiaçı4 verilməsi qət edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Quba rayon Notariat Kontorunda İddiaçı1, İddiaçı2, Şeydayeva (Səfiquliyeva) Könül Fərzəli qızı, İddiaçı4 və X1 ilə Cavabdeh5 arasında bağlanılmış 05 avqust 2003-cü il tarixli 4-Ə-238 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi hissədə, habelə iddia ərizəsinin təmin edilməyən hissələrində dəyişdirilmədən saxlanılmış, həmin qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-306/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-725/2018 nömrəli, 06 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maraqlı şəxs ləğv prosesində olan «X3» ASC-nin apellyasiya şikayətini qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair 14 oktyabr 2020-ci il tarixli Qərardadının tələblərinə əməl etməmiş, həmin qərardadın tələbini pozaraq apellyasiya şikayətlərini geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Bundan əlavə, apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir (Mülki Prosessual Məcəllənin 361.1., 361.1.1., 361.1.2., 361.1.3., 361.1.4., 361.1.5., 361.1.6. və 361.1.7-ci maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinə deyil, Quba Rayon Məhkəməsinə ünvanlanmış, eləcə də, apellyator şikayətində birinci instansiya məhkəməsinin mübahisələndirdiyi qətnaməsinin nömrəsini qeyd etsə də, onun tarixini qeyd etməmiş, həmçinin şikayət verən hüquqi şəxsin olduğu yeri və yazışmaların aparılmasının istənildiyi poçt ünvanını göstərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Bu baxımdan məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya şikayəti MPM-nin 361-ci maddəsinə uyğun olmadığından, birinci instansiya məhkəməsinin 13 iyun 2016-cı il tarixli qətnaməsindən maraqlı şəxs ləğv prosesində olan «X3» ASC tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya instansiya məhkəməsinə göndərilməsi şikayətin apellyasiya icraatına qəbul edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 366.2, 402.2.1 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh5-yə və qeyrilərinə qarşı «alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında verilən dövlət aktının və çıxarışın etibarsız hesab edilməsi və s.» tələbləri barədə iddia ərizəsinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-87/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən ləğv prosesində olan “X3” Açıq Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayəti qeyrimümkün hesab edilsin Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver