Məhkəmə qərarları › İş №2(105)-2562/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2562/2020

16.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2562/2020 16.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Heyran Mehman qızı Mürsəlovanın katibliyi, iddiaçı X5 nümayəndəsi və vəkili Nümayəndə, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iştirakı ilə Qusar Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(029)-395/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Qusar Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(029)-395/2020 saylı qətnaməsi ilə (hakim R.V.Kazımov) X1nun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc pul tələbinə dair iddiası təmin edilib, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4.700.000 (dörd milyon yeddi yüz min) rus rublu, AZN məzənnəsi ilə 129.600 (yüz iyirmi doqquz min altı yüz) manat məbləğində pul alınaraq X1na verilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada apelyasiya şikayəti verib, Qusar Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(029)-395/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. İŞİN HALLARİ: X1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, 2011- 2016-cı illər ərzində X8 rayonu, Zindan Muruq-Qışlaq kəndində yaşayan yeznəsi Cavabdeh2 fermer təsərrüfatı yartmaq məqsədilə müxtəlif şəxslər vasitəsilə bank köçürülməsi ilə ümumilikdə 4.800.000 (dörd milyon səkkiz yüz min) rus rublu pul göndərmişdir. Həmin pul cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tərəfindən aidiyyatı üzrə istifadə edilməyərək mənimsənildiyi üçün, qeyd edilmiş pul məbləğini geri tələb etdikdə cavabdehlər həmin pul məbləğini aldıqlarını etiraf etmələrinə baxmayaraq qaytarmaqdan imtina etmişlər. O, 1993-cü ildə qazanc əldə etmək məqsədilə Rusiya Federasiyasına getməklə həmin vaxtdan orada yaşamağa başlamış, külli miqdarda pul vəsaiti əldə etmiş və 2007-ci ildə Rusiya Federasiyasında törətdiyi cinayət əməlinə görə 12 il azadlıqdan məhumetmə cəzasına məhkum edilmişdir. O, həbs olunduğu zaman saxladığı 5.000.000 (beş milyon) rus rublunu Rusiya Federasiyasında yaşayan dostları X11, X17 və X3 vermişdir ki, özlərində saxlasınlar və onun göstərişinə əsasən lazım bildiyi yerlərə göndərsinlər. Rusiya Federasiyasında cəzaçəkmə müəssisəsində olan müddətdə 2011-ci ildən Qusar rayonu, Zindan Muruq-Qışlaq kəndində yaşayan bacısı QSNəcəfova, yeznəsi Cavabdeh2 və bacısı oğlu Cavabdeh3 ilə Qusar rayonu Zindan Muruq-Qışlaq kəndində ferma təsərrüfatı yaratmaq məqsədilə telefon vasitəsilə danışıqlar aparmış, cavabdehlərə lazımi miqdarda pul göndərəcəyini bildirərək bacısı və yeznəsi yaşadığı Qusar rayonu, Zindan Muruq- Qışlaq kəndində ferma təsərrüfatı yaratmağa razılaşmışlar. Onun göstərişi və tapşırığı əsasında tanışları olan və Rusiya Federasyasında yaşayan X11, X17, X4 və X2 2012-ci ildən 2016-cı ilədək olan müddət ərzində saxladığı 5.000.000 (beş milyon) rus rublundan müxtəlif vaxtlarda hissəhissə olmaqla bank vasitəsilə Cavabdeh3 adına 4.800.000 (dörd milyon səkkiz yüz min) rus rublu göndərtmişdir. Hər dəfə Cavabdeh3 qeyd olunan pulları bank vasitəsilə əldə edərək atası Cavabdeh2 vermiş, o da pulların müəyyən hissəsinə Qusar rayonu, Zindan Muruq-Qışlaq kəndində yerləşən 1,6 hektar torpaq sahəsi almış, 20x10 ölçüdə olan ferma inşa etdirmiş, 7 baş dana və iki vaş balalı inək almış, qalan məbləği isə cavabdehlər şəxsi məqsədləri üçün istifadə edərək mənimsəmişlər. Cavabdeh2 söhbət əsasında bildirmişdir ki, onun tərəfindən dəqiq hansı məbləğdə pulların göndərildiyini bilmir, sonuncunun tapşırığı əsasında göndərilmiş pulların müəyyən hissəsinə Qusar rayonu, Zindan Muruq-Qışlaq kəndində yerləşən 1,6 hektar torpaq sahəsi aldığını, 20x10 metr ölçüdə olan ferma tikdiyini, 7 baş dana və 2 baş balalı inək aldığını və hər il mal-qara üçün ot aldığını, iddiaçının tapşırığı əsasında malların çoxunu satıb pulunu iddiaçıya göndərdiyini, həmin mallardan cəmi bir inəyin hazırda onda olduğunu, Qusar rayonu, Zindan Muruq-Qışlaq kəndində yerləşən 1,6 hektar torpaq sahəsinin, 20x10 metr ölçüdə fermanın və bir inəyin ona məxsus olduğunu və təqdim etməyə hazır olduğunu, hazırda ona konkret olaraq nə qədər borclu olduğunu dəqiq bilmədiyini bildirmişdir. Cavabdeh1 bildirmişdir ki, onun tərəfindən dəqiq hansı məbləğdə pulların göndərildiyini bilmir, onun tapşırığı əsasında əri Cavabdeh2 göndərilmiş pulların müəyyən hissəsinə Qusar rayonu, Zindan MuruqQışlaq kəndində yerləşən 1,6 hektar torpaq sahəsi aldığını, 20x10 metr ölçüdə olan ferma tikdiyini, 7 baş dana və 2 baş balalı inək aldığını və hər il mal-qara üçün ot aldığını, iddiaçı Finyad Savzixanovun tapşırığı əsasında malların çoxunu satıb pulunu iddiaçıya göndərdiklərini, Qusar rayonu, Zindan Muruq- Qışlaq kəndində yerləşən 1,6 hektar torpaq sahəsinin, 20x10 ölçüdə olan fermanın, 01 ədəd traktorun, Finyad Savzixanova məxsus olduğunu və hazırda iddiaçıya borclu olmadıqlarını bildirmişdir. Cavabdeh3 da valideynlərinin dediklərini təsdiq edərək onun tərəfindən tərəfindən müxtəlif şəxslər vasitəsilə adına banka pulların göndərildiyini, həmin pulları atası Cavabdeh2 verdiyini, həmçinin traktor alınmasından ötrü ilk dəfə 3000 (üç min) ABŞ dollar pulu bank vasitəsilə ona göndərdiyini, lakin dəqiq hansı məbləğdə pulların göndərildiyini bilmədiyini, sonuncunun tapşırığı əsasında atası Cavabdeh2 göndərilmiş pulların müəyyən hissəsinə Qusar rayonu Zindan Muruq-Qışlaq kəndində yerləşən 1,6 hektar torpaq sahəsi aldığını, 20x10 metr ölçüdə olan ferma tikdiyini, dana, inək, hər il mal-qara üçün ot aldığını, onun tapşırığı əsasında malların çoxunu satıb pulunu ona göndərdiyini, 1,6 hektar torpaq sahəsinin, 20x10 metr ölçüdə olan fermanın X1na məxsus olduğunu və hazırda traktorun alınmasına görə 2500 (iki min beş yüz) manat sonuncuya borclu olduğunu bildirmişdir. O, 4.800.000 (dörd milyon səkkiz yüz min) rus rublu pul məbləğinin cavabdehlərdən geri tələb etdikdə cavabdehlər cəmi 100 (bir yüz) min rus rublu qaytarmışlar. İddiaçıya qarşı edilmiş dələduzluq hərəkətlərinə qarşı tədbir görülməsi üçün Qusar rayon Polis Şöbəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Araşdırmalar vaxtı cavabdehlər qeyd edilmiş pul məbləğini aldıqlarını etiraf etmişlər. Qusar rayon Polis şöbəsinin xx xxxxxx 2019-cu il tarixli 701 saylı qərarı ilə cavabdehlərin barələrində cinayət işinin başlanılması rədd edilmiş və həmin xüsusat mülki xarakterli olduğundan mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilmişdir. Cavabdehlər özləri də tələb edilən pul məbləğini aldıqlarını etiraf edirlər. Ona görə də cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3dan müştərək qaydada 4.700.000 (dörd milyon yeddi yüz min) rus rublu, AZN məzənnəsi ilə 129.600 (bir yüz iyirmi doqquz min altı yüz) manat pul məbləğinin alınaraq ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada verliyi apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, Qusar Rayon Məhkəməsi xx xxx 2020-ci il tarixli, 2(029)- 395/2020 saylı qətnaməsini qəbul edərkən maddi və prosessual hüquq noromalarının tələbləri pozulmuş və işin faktiki hallarına hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı 2011-ci il tarixdə iş üzrə həbsdə olan zaman onlara zəng edərək bildirmişdir ki, onun yanına həbsxanaya gələn imkanlı tanışları var və onlar Azərbaycanda biznes qurmaq niyyətindədirlər. İddiaçı onlara bildirmişdir ki, onlar üçün iş olsun deyə onların əlaqə nömrələrini verərək və onların cavabdehlərlə əlaqə saxlanılması barədə bildirmişdir. Onlar iddiaçıya bildirmişlər ki, onları bu işə qoşmasın, tanımadıqları adamlarla iş görmək istəmirlər və iddiaçıya demişlər ki, özü cəzaçəkmə müəssəsindən çıxanda onlar bir yerdə iş görərlər. İddiaçı onlara bildirmişdir ki, onlar narahat olmasınlar və onlara məsləhət gördüyü adamlar təmiz və problemsizdir. İstəməyə-istəməyə onlar iddiaçıya razılıqlarını vermişlər. Bir müddət keçəndən sonra onlara Rusiya Federasiyasından zəng gəlmiş və bildirmişlər ki, Finyad onlarla biznes qurmağı məsləhət görmüşdür. Onların heyvandarlıq biznesinin inkişafı, mal-qara ətinin yetişdirmək üçün və süd gəlirliyinin planlaşdırılması idi. Bu barədə qeyd etdiyi və iddiaçı ərizəsində qeyd etdiyi adamlarla dəfələrlə danışıqları olmuş, onlara inandığı üçün razılaşmaya gəlmişlər və nəticədə onlar bank vasitəsi ilə pul köçürməyə başlamışlar. Onların, yəni Cavabdeh2 və Cavabdeh1 şəxsiyyət vəsiqələri etibarsız olduğundan həmin adamlara bildirmişlər ki, pulu Cavabdeh3 adına göndərsinlər. Həmin gəbzləri məhkəmədə vəkilləri tərəfindən təqdim olunanda məhkəmə qəbzləri baxıb onlara qaytarıb və bildirib ki, nəzərə alacaqdır. Aralarındakı danışıqdan sonra torpaq almaq üçün biznes qurmaq istəyən adamlar 6000 (altı min) manat pul göndərmişlər. Həmin pula qohumları Mövlüddin Fətəliyevdən 1,6 hektar torpaq sahəsi almışlar, lakin sənədləşmə aparılmamışdır. Sonradan həmin vəsaitlərindən 20000 (iyirmi min) manata yaxın xərc çəkərək öz torpaq sahələrində 20x10 metr ölçüdə ferma tikdirmişlər, iki inək almışlar, birini 1800 (bir min səkkiz yüz) manata, digərini isə 1600 (bir min altı yüz) manata almışlar, bundan başqa 7 baş dana hər biri 350-400 manat arasında, 01 ədəd traktor, mal-qara üçün hər il ot almışlar. İş adamlarının pul vəsaitlərini sadaladığı kimi xərcləmişlər. Biznes qurmaq istəyən adamlarla razılaşmaya əsasən ferma təsərrüfatı işindən əldə olunan gəlir 3 hissəyə bölünməli idi, gəlirin 1/3 hissəsi onlara, 1/3 hissəsi çəkiləcək xərclərə və 1/3 hissəsi isə özlərinə çatmalı idi. Sonradan iddiaçı yenidən onlara zəng edərək bildirmişdir ki, güya özüdə bu işdə payçı olmaq istəyir, çünki o, adamları onlara özü məsləhət görübdür. Ona bildirmişlər ki, payçı kimi yox, bir işçi kimi onu işə götürə bilərlər və səbəbini ona izah edərək bildirmişlər ki, bütün əziyyətləri çəkən özləridir, o isə hal-hazırda həbsdədir və çıxmağına xeyli vaxt qalıb və bildirmişlər ki o, həbsdən çıxan zaman qurduqları biznes artıq hazır olacaq, ona görə də onu öz paylarına payçı kimi qəbul edə bilməzlər. İddiaçı ilə danışıqdan sonra pul göndərən adamlar və iddiaçı arasında mübahisələr yaranmış və o adamlar onlardan göndərdikləri pulu istəməyə başlamışdır. Həmin mübahisənin nəticəsi bir başa onlara da təsir edib. Onlar öz tərəfindən adlıqları mal qaranın çox hissəsini məcbur olub ucuz qiymətə satmışlar və pulu onların özlərinə hissə-hissə göndərməyə başlamışlar. Lakin iddiaçı bununla razılaşmayaraq göndərmiş olduqları pulun hamısını bir dəfəyə onlara qaytarmağı tələb etmiş və hətta hədə-qorxu gələrək onları təhqir etmişdir. Onlar tələb olunan pulun bir dəfəyə iş adamlarına qaytarmaq mümkün olmadığını Finyada bildirmişlər. Bundan sonra iddiaçı dəfələrlə telefon vasitəsilə zəng edərək onlara hədəqorxu gələrək bildirmişdir ki, o deyəni etməsələr başlarına oyun gətirəcəklər. X9 həmin işdə iddiaçı kimi məhkəmə tərəfindən tanınmamalıyıdı. Bundan başqa onların iddiaçı ilə arasında heç bir müqavilə yoxdur və onun qarşısında heç bir öhdəlik daşımırlar. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apelyasiya şikayətini müdafiə edib təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxlərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehlərin verdiyi apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X22 xx xxxxxx 2020-ci il tarixli **********49 nömrəli cavab məktubundan görünür ki, Cavabdeh1 və Cavabdeh2 adına Qusar rayonu, Kuzunqışlaq kəndində ümumi birgə 2.40 ha torpaq sahəsinə verilmiş JN-00xx xxx 30117018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı aşkar edilmişdir. Qusar Rayon İcra Hakimiyyəti başçısının Kuzunqışlaq kənd İnzibat ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxxxx 2020-ci il tarixli, 05 saylı məktubundan görünür ki, xx xxxx 1960-cı il təvəllüdlü Cavabdeh2 Qusar RİHB-nın Kuzunqışlaq kənd İƏD üzrə nümayəndəliyiin 06 saylı təsərrüfatbaşına kitabın 441 saylı şəxsi hesabda, 173-cü səhifəsində qeydiyyatdadır, hal-hazırda Qusar rayonunun Zindanmuruqqışlar kəndində yaşayır, adına 6 (altı) baş iribuynuzlu mal-qarası var, xüsusi mülkiyyətində 0,69 ha həyətyanı, 2.40 ha pay torpaq sahəsi, 1 ədəd MTZ markalı traktor, 2 (iki) ədəd yükdaşıyan qoşqu vardır, ailə tərkibi arvadı xx xxxxxxxx 1963-cü il təvəllüdlü Cavabdeh1, xx xxxxxxx 1987-ci il təvəllüdlü Cavabdeh3, gəlini xx xxxxxxx 1990-cı il təvəllüdlü X10, xx xxxxxx 2014-cü il təvəllüdlü X23 və xx xxxxxxx 2015- ci il təvəllüdlü X12 ibarətdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ayrı-ayrılıqda izahat verərək iddianı qəbul etdiklərini göstərmişlər. Qusar RPŞ-nin TB-nin «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx xxxxxx 2020-ci il tarixli qərarın surətindən görünür ki, X6 ərizəsi əsasında toplanmış material üzrə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 barəsində cinayət işinin başlanılması rədd edilmişdir. X7 tələbinin mülki mübahisəli olduğundan həmin xüsusat üzrə mülki iddia qaydasında məhkəmə orqanlarına müraciət etmək hüququnun olduğu izah edilmişdir. Qusar RPŞ-nin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, araşdırma zamanı Cavabdeh2 Finyad Savzixanovun tapşırığı əsasında göndərilmiş pulların müəyyən hissəsinə Qusar rayonu, Zindan Muruq-Qışlaq kəndində yerləşən 1,6 hektar torpaq sahəsi aldığını, 20x10 ölçüdə olan ferma tikdiyini, 7 baş dana və iki baş balalı inək aldığını və hər il mal-qara üçün ot aldığını, Finyad Savzixanovun tapşırığı əsasında malların çoxunu satıb pulunu ona göndərdiyini, həmin mallardan cəmi bir inəyin hazırda onda olduğunu, Qusar rayonu, Zindan Muruq-Qışlaq kəndində yerləşən 1,6 hektar torpaq sahəsinin, 20x10 ölçüdə olan fermanın və bir inəyin Finyad Savzixanova məxsus olduğunu və ona təqdim etməyə hazır olduğunu, hazırda ona nə qədər borclu olduğunu dəqiq bilmədiyini bildirmişdir. Araşdırma zamanı Cavabdeh1 Finyad Savzixanovun tapşırığı əsasında əri Cavabdeh2 göndərilmiş pulların müəyyən hissəsinə Qusar rayonu, Zindan Muruq-Qışlaq kəndində yerləşən 1,6 hektar torpaq sahəsi aldığını, 20x10 ölçüdə olan ferma tikdiyini, 7 baş dana və iki baş balalı inək aldığını və hər il mal-qara üçün ot aldığını, Finyad Savzixanovun tapşırığı əsasında malların çoxunu satıb pulunu ona göndərdiyini, Qusar rayonu, Zindan Muruq- Qışlaq kəndində yerləşən 1,6 hektar torpaq sahəsinin, 20x10 ölçüdə olan fermanın, 01 ədəd traktorun Finyad Savzixanova məxsus olduğunu hazırda ona borclu olmadıqlarını bildirmişdir. Araşdırma zamanı Cavabdeh3 dayısı Finyad Savzixanov tərəfindən müxtəlif şəxslər vasitəsilə onun adma banka pulların göndərildiyini, həmin pulları atası Cavabdeh2 verdiyini, həmçinin traktor alınmasından ötrü ilk dəfə 3000 (üç min) dollar pulu bank vasitəsilə ona göndərdiyini, lakin dəqiq hansı məbləğdə pulların göndərildiyini bilmədiyini, sonuncunun tapşırığı əsasında atası Cavabdeh2 göndərilmiş pulların müəyyən hissəsinə Qusar rayonu, Zindan Muruq-Qışlaq kəndində yerləşən 1,6 hektar torpaq sahəsi aldığını, 20x10 ölçüdə olan ferma tikdiyini, dana, inək, hər il mal-qara üçün ot aldığını, Finyad Savzixanovun tapşırığı əsasında malların çoxunu satıb pulunu ona göndərildiyini, Qusar rayonu, Zindan Muruq-Qışlaq kəndində yerləşən 1,6 hektar torpaq sahəsinin, 20x10 ölçüdə olan fermanın Finyad Savzixanova məxsus olduğunu və hazırda traktorun alınmasına görə 2500 manat sonuncuya borclu olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında ifadə verən şahid X21 iddia tələbində qeyd olunan xüsusatları eyni ilə təsdiq etmişdir. İş materiallarının 43-77-ci vərəqələrində olan bank köçürülmələri və bank qəbzləri ilə ümumilikdə 4.800.000 (dörd milyon səkkiz yüz min) rus rublu pulun iddiaçı F.S.Səfixanov tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 göndərilməsi faktı bir daha təsdiq olunur. Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən olur ki, iddiaçı F.S.Savzixanov və cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 arasında ferma təsərrüfatı qurmaq barədə razılığa gəldikdən sonra Rusiya Federasiyasında yaşayan iddiaçı tərəfindən 2011-2016-ci illər ərzində bank vasitəsi ilə cavabdehlərə 4.800.000 (dörd milyon səkkiz yüz min) rus rublu məbləğində pul göndərilmiş, cavabdehlər tərəfindən həmin puldan 100.000 (bir yüz min) rus rublu iddiaçıya qaytarmış, 4.700.000 (dörd milyon yeddi yüz min) rus rubl isə hal-hazıra kimi qaytarılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Sadalanan maddi hüquq normalarının tələbləri və tərəflər arasında mövcud razılaşmaya əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ferma təsərrüfatı qurmaq barədə razılığa gəldikdən sonra Rusiya Federasiyasında yaşayan iddiaçı F.S.Savzixanov qarşısında öhdəlikləri yaranmışdır və onlar bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbinin təmin edilib, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4.700.000 (dörd milyon yeddi yüz min) rus rublu, AZN məzənnəsi ilə 129.600 (yüz iyirmi doqquz min altı yüz) manat məbləğində pulun alınaraq X1na verilməsi barədə düzgün nəticəyə gəlmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apelyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsi apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402- 403, və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 verdiyi apelyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(029)-395/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver