Məhkəmə qərarları › İş №2(105)-259/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-259/2023

11.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-259/2023 11.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X2 və X1 ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(012)-3796/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddianın təmin edilməsi, Cavabdeh 16250 (on altı min iki yüz əlli) manat və 138.75 manat dövlət rüsumuna görə pul cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-469/2021 nömrəli qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş “KİA RİO” markalı **-BZ-*** dövlət nömrə nişanlı avtomobilin özgəninkiləşdirilməsi nəticəsində əldə edilmiş 32.500 (otuz iki min beş yüz) pul vəsaitinin yarısını, yəni 16.250 manatın və ödədiyi 138,75 manat mediasiya xərcinin və dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh 2004-cü ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikah dövründə, yəni 2018-ci ilin mart ayının 13-də, Cavabdeh “KİA RİO” markalı Az **-BZ-*** dövlət nömrə nişanlı avtomobili ümumi büdcə hesabına almışdır. 2019-cu ildə münasibətlərində soyuqluq yaranmış, cavabdeh gələcəkdə boşanacağını planlaşdırdığı üçün qabağcadan həmin avtomobili formal alqısatqı ilə iddiaçıdan xəbərsiz olaraq anası X3 adına keçirmiş, o da avtomobili idarə etmədiyi üçün yalnız sürmə səlahiyyəti vermə etibarnaməsi ilə idarə etmək üçün qızına, yəni cavabdehə qaytarmışdır. Onlar öz aralarında razılaşmışlar ki, maşının mülkiyyətçisi dəyişərsə gələcəkdə birgə nikah dövründə əldə edilmiş əmlakın bölünəcəyi təqdirdə həmin avtomobil mübahisə predtmeti olmasın. Bu isə bilavasitə digər əqdi pərdələmək məqsədi daşıyırdı. xx.xx.2019-cu ildə nikahları rəsmi qaydada pozulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-469/2021 nömrəli qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş “KİA RİO” markalı **-BZ-*** dövlət nömrə nişanlı avtomobilin özgəninkiləşdirilməsi nəticəsində əldə edilmiş 32.500 (otuz iki min beş yüz) pul vəsaitində İddiaçı və Cavabdeh ½ hissədə payları müəyyən edilmişdir. İş üzrə verilmiş icra vərəqəsinə əsasən Abşeron rayon icra şöbəsi iddiaçıya düşən 16.250 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsini təmin edə bilmir. Qətnamədə pulun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə müddəa yoxdur. Bu hal isə iddiaçının hüquqlarını pozur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Əliyeva X5 Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli, 2(012)- 469/2021 saylı qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş əmlaka tərəflərin ½ paylarını müəyyən etmişdir, lakin qətnamədə cavabdeh tərəfindən konkret icra olunmalı hərəkət, yəni pulun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə müddəanı təsbit etməmişdir. Bunun üçün məhkəməyə yenidən iddia ərizəsi ilə müraciət olunmuş və Abşeron Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli 2(012)- 3796/2022 saylı yeni qətnamə çıxarmışdır. Halbuki əlavə qətnamə çıxarılmaqla prosessual hərəkətlər sadələşdirilə bilərdi və beləliklə, tərəflərin hüquqları pozulmamış olardı. Bundan əlavə, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması nəticəsində cavabdeh tərəf əlavə dövlət rüsumu ödəmək məcburiyyətində qalır. Bu isə həmin tərəfin hüquqnu pozur. Yəni, əlavə qətnamə çıxarılması nəticəsində cavabdeh artıq dövlət rüsumu ödəməyəcəkdi. Hesab edir ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etməli deyildi, əlavə qətnamə qəbul edilməsi ilə bağlı sadəcə qətnamə çıxaran hakimə müraciət etməli idi. Hesab edir ki, iddiaçının bu formada iddia ərizəsini Abşeron Rayon Məhkəməsi icraata qəbul etməməli idi, iddia ərizəsini geri qaytararaq qərardad qəbul edərək izah edilməli idi ki, əlavə qətnamənin qəbul edilməsi ilə bağlı, qətnaməni qəbul etmiş hakimə müraciət edilməli idi. Lakin məhkəmənin iddia ərizəsini əsasız olaraq icraatına qəbul etməsi faktiki olaraq, prosessual normalarını kobud şəkildə pozulmasına gətirib çıxartmışdır və cavabdehin üzərinə əlavə olaraq 138.75 (yüz otuz səkkiz manat yetmiş beş qəpik) manat dövlət rüsumun ödənilməsi öhdəlik qoyulmuşdur. Bundan əlavə olaraq hakimin prosessual normaları pozuntusu nəticəsində faktiki olaraq apellyasiya şikayəti verilməsi üçün cavabdeh tərəfindən rüsumun 50 faizi miqdarında ödəniş keçirdilməsi məcburiyyətində qalmışdır. Bu faktı nəzərə alaraq apellyasiya şikayətin verilməsi üçün ödənilmiş dövlət rüsumun iddiaçıdan tutularaq cavabdehə geri qaytarılması ilə bağlı qərarında qeydlərin verilməsi məhkəmədən xahiş olunur. İddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən ilkin mediasiya sessiyasında iştirakını əks etdirən hər hansı sənəd təqdim olunmamışdır. İşin materiallarında belə bir sənəd olmadıqda isə iddia ərizəsi geri qaytarılmalı idi. Lakin məhkəmə bu prosedur qaydalara əməl etmədən qətnamə çıxarmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər və iddiaçı iştirak etməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmiş, Cavabdeh nümayəndəsi Vəkil isə məhkəmə kollegiyasına elektron ərizə ünvanlayaraq prosesin iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi iddia tələbinin əsaslı olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv olunmasını, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Hazırkı iş üzrə iddia tələbi birgə nikah dövründə əldə edilmiş avtomobilin özgəninkiləşdirilməsi nəticəsində əldə edilmiş pul vəsaitinin yarısının ona qaytarılması barədədir. Tələbin qanuni əsasını Mülki Məcəllənin 1091.1 və 1092.1-ci maddəsi təşkil edir. İşin mübahisə edilməyən halı isə ondan ibarətdir ki, qətnamə ilə birgə nikah dövründə əldə edilmiş "KİA RİO" markalı Az **-BZ-*** dövlət nömrə nişanlı avtomobilin özgəninkiləşdirilməsi nəticəsində əldə edilmiş 32500 (otuz iki min beş yüz) pul vəsaitində İddiaçı ½ hissədə payı müəyyən edilmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı hüquqlarının pozulduğunu əsas gətirərək bildirir ki, cavabdeh tələb olunan məbləği ona ödəmir, icra şöbəsi də 16.250 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsini təmin edə bilmir və bunu onunla əsaslandırır ki, qətnamədə pulun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə müddəa yoxdur. Bu hal isə onun hüququnu pozur, avtomobili cavabdehin istifadəsində qalır, iddiaçı isə məqsədi pul almaq olsa da əldə edə bilmir, iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (Mülki Məcəllənin 1091.1., 1092.1. maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarına əsasən pul öhdəlikləri üzrə mümkün olan sübutetmə vasitələri yalnız yazılı sübutlardır. Göründüyü kimi qüvvədə olan məhkəmə aktı ilə tərəflərin birgə nikah dövründə əldə edilmiş “KİA RİO” markalı **-BZ-*** dövlət nömrə nişanlı avtomobilin özgəninkiləşdirilməsi nəticəsində əldə edilmiş 32500 (otuz iki min beş yüz) pul vəsaitinə İddiaçı ½ hissədə payı müəyyən edildiyindən, cavabdeh tələb olunan məbləği iddiaçıya qaytarmalı olduğu halda, qaytarmamış, bununla da əsassız olaraq varlanmışdır. Bu baxımdan iddiaçı həmin məbləği yəni, 16.250 manatı cavabdehdən tələb etməkdə haqlı olmuş və birinci instansiya məhkəməsi də iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver