Məhkəmə qərarları › İş №2(105)-294/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-294/2023

14.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-294/2023 14.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: artıq ödənilmiş pul məbləğinin qaytarılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X9 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X6, ekspert X1 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(012)-163/2022 saylı qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat 1.İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mənzilin sahəsinin alğı-satqı müqaviləsində göstərildiyindən az olması və buna görə ödənilmiş artıq pul məbləğinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu aldadaraq "xxxx" MMC-nin hesabladığına görə əskik verdikləri 12 kv.m pulun, yəni 8400 manatın və 10 illik faiz olaraq isə 5000 manatın, ümumillikdə 13400 manat pulun "xxxx" MMC-dən alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" MMC arasında 13 yanvar 2015-ci il tarixdə mənzilin alğı-satqısı haqqında müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən iddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən «AAAF-Park» yaşayış massivində inşa edilən 240 C saylı, 10 mərtəbəli yaşayış binasında ümumi sahəsi 62,0 kv.m olan 1 otaqdan ibarət 97 saylı mənzili kredit vasitəsi ilə 43400 manat məbləği ödəməyini öhdəsinə götürməklə satın almışdır. İlkin ödəniş olaraq 6500 manat məbləğində pulu "xxxx" MMC-nə ödəmişdir. Belə ki, "xxxx" ASC ilə onun arasında bağlanmış xx.xx.2015-cü il tarixli, 15/004 saylı kredit müqaviləsinə əsasən mənzil alınması məqsədilə 36900 manat məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixində yuxarıda qeyd olunan müqavilə üzrə öhdəlik yerinə yetirilmiş, 11 sentyabr 2020-ci il tarixinə İddiaçı sözügedən kredit müqaviləsi üzrə bank qarşısında borc öhdəliyi mövcud deyildir. "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış 13 yanvar 2015-ci il tarixli mənzilin alğı-satqısı haqqında müqavilədə mənzilin kvadratı 62,0 kvadrat metr göstərilsə də və iddiaçıdan 62,0 kvadrat metrin pulu alınsa da, MMC tərəfindən ona 50 kvadrat metrlik mənzil təhvil verilmişdir. İddiaçı mənzilin kvadratının az olmasını sonradan bilmişdir. Əvvəlcədən bilsəydi qəti şəkildə etiraz edər və mənzili təhvil almazdı. İddiaçı bu barədə ilk öncə "xxxx" MMC öz etirazını dəfələrlə bildirmiş və müsbət nəticə əldə edə bilməmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət edərək kvadrat metrə görə alınmış əlavə pulu geri tələb edir. Bu özbaşınalığa son qoyulmalıdır. İddiaçı kimi neçə sakin bu vəziyyətdədir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.

3. İddia ərizəsinə qarşı etiraz verilməmişdir.

4. Abşeron Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(012)-163/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən «AAAF-Park» yaşayış massivində inşa edilən 240 C saylı, 10 mərtəbəli yaşayış binasında olan 1 otaqdan ibarət 97 saylı mənzilin satışı zamanı sahəni artıq göstərməklə artıq alınmış 8400 manatın cavabdeh "xxxx" MMCdən alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 oktyabr 2021-ci il tarixli, 10/3345 saylı eskpert rəyinə əsasən 50 manat, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 iyul 2022-ci il tarixli, 10/2377 saylı eskpert rəyinə əsasən 50 manat, ümumilikdə 100 manatın cavabdeh "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin SAP (XİİS) hesabı-X2, kod-210005; VÖEN-**********; müxbir hesab- AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir (hakim Elman Məmmədov).

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 13 yanvar 2015-ci il tarixli, İH/B-A (b)/0003 saylı mənzilin alğı-satqısı haqqında müqavilədə "xxxx" MMC tərəfindən İddiaçı satılmış «AAAF-Park» yaşayış massivində inşa edilən 240 C saylı, 10 mərtəbəli yaşayış binasında ümumi sahəsi 62,0 kv.m olan 1 otaqdan ibarət 97 saylı mənzilinin ümumi sahəsi 62,0 m2 olduğu göstərilsə də AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş18 oktyabr 2021-ci il tarixli, 10/3345 saylı rəyi ilə 49.87 m2 və 13 iyul 2022-ci il tarixli, 10/2377 saylı ekspert rəyinə əsasən sözügedən mənzilin ümumi sahəsinin 49,93 m2 olduğu müəyyən edilmişdir. Belə olduğu halda əskik verilmiş 12 kv.metr sahənin, hər kv.metr sahənin 700 manat (43400 manat ÷ 62 m2) təşkil etdiyini nəzərə alaraq İddiaçı artıq alınmış 8400 manat pul vəsaiti (43400- (49,93 m2 × 700 manat) ) "xxxx" MMC tərəfindən iddiaçıya geri qaytarılmalıdır.

6. Məhkəmə AR Mülki Məcəlləsinin 377.1, 425.1, 442, 443.1, 443.2, 568, 646.1, 752.1-ci maddələrinə istinad edərək iddianı qismən təmin etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh "xxxx" MMC tərəfindən apellyasiya şikayəti verilərək Abşeron Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(012)-163/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. Mənzilin alğı-satqısı haqqında xx.xx.2015-ci il tarixli, İH/B-A(b)/0003 nömrəli müqavilənin 2.1-ci bəndinə görə müqavilənin qiyməti - daşınmaz əmlakın vahid əmlak dəyəri "xxxx" MMC ilə İddiaçı arasında 43400 manat müəyyən edilmişdir. Həmin müqavilənin 1.3-cü bəndinin mahiyyətindən, habelə iş materiallarında olan kredit müqaviləsinə əsasən mübahisələndirilən mənzilin dəyəri kreditləşdirilməklə satılmışdır. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mənzilin alğı-satqısı haqqında xx.xx.2015-ci il tarixli, İH/B-A(b)/0003 nömrəli müqavilə satıcı/podratçı "xxxx" MMC ilə alıcı/sifarişçi İddiaçı arasında könüllü olaraq bağlanmış, şərtləri qəbul edilməklə icra edilmişdir. Lakin alıcı/sifarişçi İddiaçı tərəfindən müqavilənin razılaşdırılmış şərtləri tam icra olunmamışdır. Məhkəmə qeyd olunan xüsusata ümumiyyətlə hüquqi qiymət verməmiş və alğı-satqı hüquq normalarını tətbiq etməklə kifayətlənmişdir. «R.Salamovun şikayəti ilə əlaqədar Azərbayan Respublikası Ali Məhkəməsinin xx.xx.2007-ci il taixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yolxanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq Məhkəmə göstərir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanunauyğun həlli baxımından qanunverciliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühün əhəmiyyətə malikdir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsini orqanlarına mübahisəli obyektiv əsaslarla həll etmək imkanı yaradır. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi - yekun aktı iddia müddətinin hüquqi əhəmiyyətini itirir, iddia müddətinin birtərəfli olaraq mülahizəyə əsasən seçilməsini səciyyələndirir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Rayon məhkəməsi mübahisə predmetinə müqavilənin “alğı-satqı” hərfi mənasına diqqət yetirərək, podrat hüquq normalarını tətbiq etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X10 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, ekspert rəyinin təsviri hissəsində mənzilin sahəsi 52,8 m2 göstərilməsinə baxmayaraq, yekunda 48,93 m2 olaraq göstərilmişdir. Eyni zamanda ekspert qarşısında qoyulan birinci suala ümumən cavab verilməmişdir. Amma ekspert suala cavab verməsi üçün bütün lazımi sənədlərlə təmin olunmuşdur. İddiaçı özü də etiraf edir ki, mənzildə divarlar dəyişdirilib. Bu zaman da əmsallar dəyişə bilir. Ekspert rəyinin 3-cü səhifəsində ekspert 52,8 m2 sahə qeyd etsə də sahənin hansı formada azalaraq 48, 93 m2 olmasını əsaslandıra bilməmişdir. Bundan əlavə mənzilə dair müqavilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət ilə bağlansa da ödənişlər LPO "xxxx" ASC-yə olunmuşdur. Məhkəmə mənzilin dəyərinin tam ödənilməsi məsələsinə aydınlıq gətirməyib. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi barədə ərizə verilib. Müqavilə həm alğı-satqı, həm də podrat xüsusiyyətləri daşıyır və hər bir halda iddia müddəti keçmiş olur. Məhkəmədən natamam ekspert rəyinə əsaslanmamağı və tədqiqatı obyektiv tamamlamaq məqsədilə zərurət olduqda iş üzrə təkrar ekspertiza təyin olunmasını, əks təqdirdə iddia müddəti tətbiq olunmaqla apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Daha sonra bildirdi ki, apellyasiya şikayətində də bildirilir ki, tərəflər arasında müqavilə alğı-satqı müqaviləsi olsa da podrat münasibətlərini əks etdirir. Bina artıq İlham Cavadov tərəfindən istismara qəbul olunub. Podratçı olaraq binanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət inşa edib. Amma bütün sənədlərdə sifarişçi Cavadov İlhamdır. Müqavilə iddiaçı ilə cavabdeh arasında bağlanıb. Amma münasibətin mahiyyəti başqadır. Sənəd üzərində iddiaçı pulu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə ödəsə də faktiki ora ödənilməyib. Onlar podratçıdırlar. Hesab edir ki, İlham Cavadov işə üçüncü şəxs qismində cəlb edilməlidir. Onlar podratçı kimi funksiyalarını icra edib torpaq sahəsini İlham Cavadova təhvil veriblər. Müqavilənin tərtibatının düzgün olmadığını qismən qəbul edir. Cavadov İlham sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsini xahiş edir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(012)-163/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş edir.

11. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, vəsatətdə adı çəkilən X7 tanımır. O, evi təmir etməklə həmin evdə yaşayır. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(012)-163/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

12. Məhkəmə kollegiyasının iclasında ekspert X4 bildirdi ki, iş materiallarında olan hər iki rəyi o verib. İlk rəydə göstərilən 49,93 m2 Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən azaltma əmsalı tətbiq olunmaqla çıxarılmış rəqəmdir. Faktiki sahə 52,8 m2-dir. Həmin ölçüyə arakəsmələr daxil deyil. 52,8 m2 hər bir otağın təmiz sahəsidir. Divarlar, şaxtalar, balkon bu ölçüyə aid deyil. Balkonun ölçüsü 4,1 m2-dir. Balkonu əmsallaşdıranda ölçüsü 1,23 m2 olur, bununla da sahə azalaraq 49,93 m2 olur. Birinci rəydə sual mənzilin ümumi sahəsi ilə bağlı idi. Onlar da həmin sahəni Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun hesablayıb. Arakəsmələr ümumi sahə hesablanarkən daxil edilmir. Boşluqlar, şaxtalar ümumi sahəyə aid edilmir. 61,9 m2 perimetrin içinə daxil olan bütün hissələri (oxdan-oxa), o cümlədən tikintialtı sahəni də özündə ehtiva edir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 646.1. Daşınmaz əşyaların alğısatqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

14. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

17. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayətində birinci instansiya qətnaməsinin ləğv edilməsini xahiş etsə də apellyasiya şikayətinin məzmunundlan görünür ki, qətnamə iddia tələbinin təmin olunan hissəsində mübahisələndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamə mübahisələndirililən hissədə müzakirə edilir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

19. İş materiallarında olan 13 yanvar 2015-ci il tarixli, İH/B-A (b)/0003 saylı mənzilin alğı-satqısı haqqında müqavilədən görünür ki, satıcı "xxxx" MMC ilə İddiaçı arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti yerləşən «AAAF-Park» yaşayış massivində inşa edilən 240 C saylı, 10 mərtəbəli yaşayış binasında ümumi sahəsi 62,0 kv.m olan 1 otaqdan ibarət 97 saylı mənzili 43400 manata alıcı İddiaçı satılmışdır.

20. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 18 oktyabr 2021-ci il tarixli, 10/3345 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələblərinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən «AAAF-Park» yaşayış massivində inşa edilmiş 240 C saylı binanın 97 saylı mənzilin ümumi sahəsinin 49,87 m2 təşkil etdiyi müəyyən edilmişdir.

21. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-2906/2021 saylı qərardadı ilə təyin edilmiş əlavə tikinti-texniki ekspertizası nəticəsində AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 13 iyul 2022-ci il tarixli, 10/2377 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən İddiaçı ilə cavbdeh "AAAF İNŞAAT” MMC arasında bağlanmış 13 yanvar 2015-ci il tarixli, İH/BA(B)/0003 nömrəli mənzil alğı-satqısına dair bağlanmış müqaviləyə əsasən cavabdehin Abşeron rayonu, Xırdlan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF-Park” yaşayış massivində inşa etdiyi 240-C saylı, 10 mərtəbəli yaşayış binasında 1 otaqdan ibarət 97 saylı mənzilin, müqavilədə göstərilən formada (layihədəki dəyişikliklər nəzərə alınmadan) ümumi sahəsinin neçə kv.metr olmasını müəyyən etmək mümkün olmamışdır. Lakin qeyd olunur ki, faktiki vəziyyətdə sözügedən mənzilin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən ümumi sahəsi 49,93 kv.m təşkil edir.

22. Məhkəmə müəyyən etmişdir ki, 13 yanvar 2015-ci il tarixli, İH/B-A (b)/0003 saylı mənzilin alğı-satqısı haqqında müqavilədə "xxxx" MMC tərəfindən İddiaçı satılmış «AAAF- Park» yaşayış massivində inşa edilən 240 C saylı, 10 mərtəbəli yaşayış binasında ümumi sahəsi 62,0 kv.m olan 1 otaqdan ibarət 97 saylı mənzilinin ümumi sahəsi 62,0 m2 olduğu göstərilsə də AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 18 oktyabr 2021-ci il tarixli, 10/3345 saylı rəyi ilə 49.87 m2 və 13 iyul 2022-ci il tarixli, 10/2377 saylı ekspert rəyinə əsasən sözügedən mənzilin ümumi sahəsinin 49,93 m2 olduğu müəyyən edilmişdir. Belə olduğu halda əskik verilmiş 12 kv.metr sahənin, hər kv.metr sahənin 700 manat (43400 manat ÷ 62 m2) təşkil etdiyini nəzərə alaraq İddiaçı artıq alınmış 8400 manat pul vəsaiti (43400- (49,93 m2 × 700 manat) ) "xxxx" MMC tərəfindən iddiaçıya geri qaytarılmalıdır.

23. Bundan başqa İddiaçı "xxxx" MMC-nin hesabladığına görə əskik verdikləri 12 kv.m pulun, yəni 8400 manatın 10 illik faizi olaraq hesablanmış 5000 manatın cavabdeh "xxxx" MMC-dən alınıb ona verilməsini xahiş etsə də iddiaçı tərəfindən 10 illik faizi olaraq 5000 manatın hansı göstəricilər əsasında hesablanmasına dair sübutlar məhkəməyə təqdim etmədiyinə görə məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir.

24. Bundan əlavə cavabdeh təşkilatin nümayəndəsi tərəfindən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İşin faktiki hallarından görünür ki, iddiaçı tərəfindən mənzilin sahəsinin alqı-satqı müqaviləsində göstərildiyindən az olmasını sonradan bilmişdir. Belə olan təqdirdə mənzilin sahəsinin alğı-satqı müqaviləsində göstərildiyindən az olmasının iddiaçının iddia müddəti ərzində xəbərdar olmasını istisna etdiyindən məhkəmə hesab etmişdir ki, cavabdeh təşkilatın nümayəndəsinin iddia müddətinin tətbiqi barədə ərizəsi təmin edilməməlidir.

25. Qeyd edilənlərə əsasən məhkəmə iddianı qismən təmin etmişdir. 26.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşır.

27. Belə ki, iş materialları ilə müəyyən edilir ki, 13 yanvar 2015-ci il tarixli, İH/B-A (b)/0003 saylı mənzilin alğı-satqısı haqqında müqavilədən görünür ki, satıcı "xxxx" MMC ilə İddiaçı arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti yerləşən «AAAF-Park» yaşayış massivində inşa edilən 240 C saylı, 10 mərtəbəli yaşayış binasında ümumi sahəsi 62,0 kv.m olan 1 otaqdan ibarət 97 saylı mənzili 43400 manata alıcı İddiaçı satılmışdır.

28. İş üzrə keçirilmiş ekspertiza rəylərindən müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıya satılmış mənzilin ölçüsü müqavilədə qeyd olunduğundan əksikdir.

29. Məhkəmə kollegiyasının qəraradadına əsasən iş üzrə keçirilmiş xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/5714 saylı ekspertiza rəyindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində, 240C saylı, 10 mərtəbəli yaşayış binasında İddiaçı Əlinasib qızının faktiki istifadəsində olan mənzilin faktiki sahəsinin 52,8 kv.m, tikintialltı sahəsinin (arakəsmə divarların, şaxtaların, kənar divarların və.s. tikililərin altında qalan sahə daxil olmaqla) 61,9kv.m təşkil etdiyi müəyyən edilmişdir. Mənzilin sxemləri rəyin tədqiqat hissəsində göstərilmişdir. Mənzil yaşayış binasının dördüncü mərtəbəsində yerləşir (birinci mərtəbənin qeyri-yaşayış olması nəzərə alınmaqla) və faktiki olaraq mənzil iki yaşayış otağından, bir mətbəx, bir dəhliz, bir sanitar qovşağı və bir balkon tikililərindən ibarətdir. xx.xx.2015-ci il tarixli İH/B-A(B)/0003 saylı Mənzilin alğı-satqı müqaviləsi haqqında müqavilədə mənzilin neçənci mərtəbədə yerləşməsi qeyd olunmadığından, mənzilin planlı yerləşməsini əks etdirən sxem əlavə olunmadığından, həmin müqavilədə göstərilən mənzilin mübahisələndirilən mənzillə eynilik təşkil edib-etməməsi barədə tədqiqat aparmaq mümkün olmamışdır. Mülki iş materiallarına əlavə edilmiş layihə sənədlərinə (eskiz layivə və işçi layihələri) mübahisəli mənzilin yerləşdiyi blokun işçi layihəsi əlavə edilmədiyindən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 240C saylı, 10 mərtəbəli yaşayış binasında 97 saylı mübahisəli mənzilin otaqlarının (arakəsmə) divarlarında hər hansı bir dəyişiklik olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Baxış zamanı iddiaçı mənzilin 12,45 kv.m lik yataq otağı ilə mətbəx arasında mövcud olan arakəsmə divarın əvvəllər mövcud olmadığını, sonradan inşa etdiyini bildirdi. Aparılmış ölçü işləri nəticəsində həmin divarın altında qalan sahənin 0,47 kv.m təşkil etdiyi müəyyən olundu. Həmin ekspert rəyinin əsaslandırılma hissəsində qeyd olunur ki, mənzilin ümumi sahəsinin 49,93 kv.m təşkil etdiyi müəyyən olunur.

30. Məhkəmə kollegiyasının iclasında ekspert Təhmasib Kərimov bildirdi ki, mənziin faktiki sahəsi 52,8 m2-dir. Həmin ölçüyə arakəsmələr daxil deyil. 52,8 m2 hər bir otağın təmiz sahəsidir. Divarlar, şaxtalar, balkon bu ölçüyə aid deyil. Balkonun ölçüsü 4,1 m2-dir. Balkonu əmsallaşdıranda ölçüsü 1,23 m2 olur, bununla da sahə azalaraq 49,93 m2 olur. Birinci rəydə sual mənzilin ümumi sahəsi ilə bağlı idi. Onlar da həmin sahəni Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun hesablayıb. Arakəsmələr ümumi sahə hesablanarkən daxil edilmir. Boşluqlar, şaxtalar ümumi sahəyə aid edilmir.

31. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

32. Bundan başqa apellyant apellyasiya şikayətində iddia müddətinin tətbiq edilməməsinin düzgün olmadığını qeyd etmişdir.

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilini əsassız hesab edir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı mənzilin ölçüsünün az olmasını sonradan bilmiş və bundan sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

34. Bundan başqa cavabdehin nymayəndəsi iddiaçı tərəfindən mənzilin dəyərinin onlara ödənilmədiyini qeyd etsə də bu, iş materiallarında olan cavabdeh tərəfindən verilmiş maliyyə arayışı ilə təkzib olunur. Eləcə də Ləğv prosesində olan "xxxx" tərəfindən iddiaçıya və cavabdehə üvanlanmış məktubdan görünür ki, xx.xx.2020-ci il tarixdə qeyd olunan müqavilə üzrə öhdəlik yerinə yetirilmiş, xx.xx.2020-ci il tarixinə İddiaçı kredit müqaviləsi üzrə bank qarşısında borc öhdəliyi mövcud deyildir.

35. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsinin vəsatətinə əsasən İlham Cavadov iş üzrə 3-cü şəxs qismində cəlb olunmuş, lakin müəyyən olunmuşdur ki, o, xx.xx.2017-ci ildə ölmüşdür.

36. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun hesab edərək qeyd edir ki, məhkəmə iddianı qismən təmin etməkdə haqlı olmuşdur.

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək qeyd edir ki, apellyant şikayətin dəlillərini əsaslandıra bilməmişdir.

38. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(012)-163/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

39. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(012)-163/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərci cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, HesabAZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ********************, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver