Məhkəmə qərarları › İş №2(105)-3098/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3098/2021

08.09.2021 · Əmr icraatı - Kreditorun tələbləri üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3098/2021 08.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, Borclu iştirakı ilə, Kreditor "xxxx" KB ASC-nin Borclu qarşı borc tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(034)-936/2016 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında yoxlayıb məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Zəngilan Rayon Məhkəməsinin 29 iyul 2016-cı il tarixli məhkəmə əmri ilə (hakim S.Əhmədova) kreditorun tələbinin təmin edilməsi əmr edilmişdir. Zəngilan Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli qərardadı ilə Zəgilan Rayon Məhkəməsinin 29 iyul 2016-cı il tarixli 2(034)-936/2016 saylı məhkəmə əmrinə dair Borclu verdiyi etirazın təmin edilməməsi qərara alınmışdır. Zəngilan Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli qərardadı ilə Zəgilan Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli 2(034)-936/2016 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə kollegiyası Zəngilan Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli qərardadından Borclu şikayəti üzrə işə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1. maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Mülki Prosessual Məcəllənin 268.2. maddəsinə əsasən qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Göründüyü kimi qanunverici qərardaddan şikayət verilməsi üçün müddət 10 gün müəyyən etsə də, lakin şikayət vermə qaydasını isə fərqləndirmişdir. Bunlar birinci halda qərardad rəsmi qaydada verildiyi vaxtdan, ikinci halda isə şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edildiyi andan hesablanır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş zərfə əsasən Zəngilan Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli qərardadı Borclu tərəfindən 17 iyul 2021-ci il tarixdə qəbul edilsə də, məhkəmə aktından şikayət 30 iyul 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Lakin işin bu halına birinci instansiya məhkəməsi tərəfindən əhəmiyyət verilməmiş, prosessual müddətin ötürülməsi məsələsini müzakirə etmək əvəzinə şikayətə baxaraq məhkəmə aktı qəbul etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Zəngilan Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli qərardadından borclu tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilməli, MPM-nin 268, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması və qərardadın təsviri hissəsində göstərilənlər nəzərə alınmaqla əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Zəngilan Rayon Məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 366, 400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Zəngilan Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və şikayət Azərbaycan Respublikası MPM-nin 268, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver