Məhkəmə qərarları › İş №2(105)-507/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-507/2025

08.05.2025 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi - Sair mülki iş - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Maneənin aradan qaldırılması - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-507/2025 08.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: maneələrin aradan qaldırılması, icarə müqaviləsinin ləğv edilməsi) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "torpaq sahəsinin qanunsuz sahiblikdən geri tələb edilməsi, torpaq sahəsinin boşaldılması, mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması, maneələrin aradan qaldırılması və icarə müqaviləsinin ləğv edilməsi" tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, e-2(067)-2708/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri tələb edilməsi, torpaq sahəsinin boşaldılması, mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması, maneələrin aradan qaldırılması və icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüquq ilə ona məxsus Xaçmaz rayonu, Qaracəlili kəndində yerləşən 5.7 ha torpaq sahəsinin, 0.61 ha torpaq sahəsinin, Xaçmaz rayonu, Əhmədoba kəndində yerləşən 1.96 ha torpaq sahəsinin, 1.35 ha torpaq sahəsinin, Xaçmaz rayonu, Xəzərli kəndi 1.7412 ha torpaq sahəsinin, 1.8071 ha torpaq sahəsi kənd təsərüfat təyinatlı torpaq sahəsinin, Xaçmaz rayonunun Əhmədoba kəndində yerləşən 0.15 ha kənd təsərüfat təyinatlı torpaq sahəsinin, Xaçmaz rayonu Qaracəlili kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinin və 3.45 ha kənd təsərüfat təyinatlı torpaq sahəsinin zəbtdən azad olunması, zəbt edilmiş torpaq sahələrinin boşaldılaraq cavabdehin qanunsuz sahibliyindən alınaraq bərpa edilməsi, cavabdeh tərəfindən mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması və onunla cavabdeh arasında bağlanmış 07 dekabr 2022-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun və hüquqi yardıma görə ödənilən 325 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, mülkiyyət hüququ ilə ona məxsus Xaçmaz rayonunun Qaracəlili kəndində yerləşən 5.7 ha torpaq sahəsi, 0.61 ha torpaq sahəsi, Xaçmaz rayonunun Əhmədoba kəndində yerləşən 1.96 ha torpaq sahəsi, 1.35 ha torpaq sahəsi, Xaçmaz rayonunun Xəzərli kəndində yerləşən 1.7412 ha torpaq sahəsi, 1.8071 ha torpaq sahəsi kənd təsərüfat təyinatlı torpaq sahələridir. Əri vəfat etdikdən sonra qaynı həmin torpaqlara dair onunla icarə müqaviləsi bağlayaraq həmin torpaq sahələrini idarə edib gəlir əldə edəcəyini və həmin gəlirlə onlara da dəstək olacağını bildirmişdir. O da bütün prosedurları aparması üçün onunla cuzi məbləğə 07 dekabr 2022ci il tarixdə icarə müqaviləsi bağlamışdır. Lakin qaynı bundan sonra nəinki icarə müqaviləsində nəzərdə tutulan cuzi məbləği ona ödəməmiş, hətta yığılan torpaq vergilərini belə ödəməkdən imtina etmişdir. Həmçinin icarə müqaviləsində nəzərdə tutulmayan mülkiyyət hüquqi ilə ona məxsus olan Xaçmaz rayonunun Əhmədoba kəndində yerləşən 0.15 ha kənd təsərüfat təyinatlı torpaq sahəsi və Xaçmaz rayonu Qaracəlili kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi və 3.45 ha kənd təsərüfat təyinatlı torpaq sahələri cavabdeh tərəfindən qanunsuz istifadə olunur. Cavabdehə dəfələrlə zəbt edilmiş torpaq sahəsini boşaltmasını və etdiyi qanunsuzluqlara son qoymalarını təklif etmişdir. Cavabdehlərin hərəkətləri, maneələri nəticəsində torpaq sahəsindən istifadə edə bilmir. Cavabdehlə arasında icarə müqaviləsi formal olaraq başlansa da o, müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Bu səbəbdən də məhkəmə müdafiəsindən yararlanmaq qərarına gəlmişdir.

3. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Xaçmaz rayonunun Qaracəlili kəndində yerləşən icarə müqaviləsində nəzərdə tutulmayan 0.25 ha, 3.45 ha və Xaçmaz rayonunun Əhmədoba kəndində yerləşən 0.15 ha torpaq sahəsinin zəbtdən azad olunması hissəsində iddia tələbini geri götürmüş və iddiaçı ilə cavabdeh arasında bağlanmış 07 dekabr 2022-ci il tarixli icarə müaviəsinin ləğv edilməsi və icarə müaviləsində qeyd olunan mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan torpaq sahələrinin, yəni Xaçmaz rayonunun Qaracəlili kəndində yerləşən 5.7ha, 0.61ha, Xaçmaz rayonunun Əhmədoba kəndində yerləşən 1.96ha və 1.35ha, Xaçmaz rayonunun Xəzərli kəndində yerləşən 1.7412ha və 1.8071ha torpaq sahələrinin cavabdehin istifadəsindən alınaraq iddiaçıya verilməsi və cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

5. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07 dekabr 2022-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, İddiaçı mülkiyyət hüquq ilə özünə məxsus Xaçmaz rayonunun Qaracəlili kəndində yerləşən 5.7 ha torpaq sahəsini, 0.61 ha torpaq sahəsini, Xaçmaz rayonunun Əhmədoba kəndində yerləşən 1.96 ha torpaq sahəsini, 1.35 ha torpaq sahəsini, Xaçmaz rayonunun Xəzərli kəndində yerləşən 1.7412 ha torpaq sahəsini, 1.8071 ha torpaq sahəsini 07 dekabr 2027-ci il tarixədək Cavabdeh icarəyə vermişdir. Müqavilənin 4-cü bəndinə əsasən icarəçi hər hektar torpaq sahəsi üçün illik 15 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 7-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir.

6. 12 iyul 2024-cü il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı, Cavabdeh 07 dekabr 2022-ci il tarixli icarə müqaviləsi üzrə öhdəliklərini pozması səbəbindən icarəyə verilən torpaq sahələrini boşaldaraq geri qaytarmasını tələb etmiş, əks halda məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir.

7. 22 avqust 2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin verilməsinə görə İddiaçı 100 manat dövlət rüsumu ödəmişdir.

8. Elektron qəbzdən görünür ki, İddiaçı tərəfindən 325 manat məbləğində hüquqi xidmət haqqı ödənilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

9. Xaçmaz Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, e-2(067)- 2708/2024 nömrəli qətnaməsi ilə (hakim Nərmin Abiyeva) iddia tələbinin təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07 dekabr 2022-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Xaçmaz rayonunun Qaracəlili kəndində yerləşən 5.7 ha və 0.61 ha, Xaçmaz rayonunun Əhmədoba kəndində yerləşən 1.96 ha və 1.35 ha, Xaçmaz rayonunun Xəzərli kəndində yerləşən 1.7412 ha və 1.8071 ha torpaq sahələrinin Cavabdeh istifadəsindən alınaraq İddiaçı verilməsi və Cavabdeh tərəfindən həmin torpaq sahlərindən İddiaçı istifadəsinə yaradılan maneələrin aradan qaldırılması, hüquqi yardıma görə ödənilmiş 325 manat məbləğində pul və 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29 və 60-cı maddələri, İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 152.1, 152.2, 152.3, 157.2, 178.1, 340.1, 340.2, 421.1, 421.2, 421.3, 700.1, 700.2, 706.1, 706.2, 706.3, 708.1, 708.2, 708.3, 709, 710.1, 710.3, 711.1, 711.2, 713, 719.1, 719.7, 719.8, 721.1, 721.2, 722.1, 722.2 və 722.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 107, 119.1, 119.4, 218.3, 217.4, 88, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

11. Xaçmaz Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, e-2(067)- 2708/2024 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmədə çıxış edərkən tərəfindən iddianın əsaslı olmadığı və obyektiv həqiqəti əks etdirmədiyi vurğulanmışdır. İzahatında göstərmişdir ki, qardaşı 2020-ci ildə vəfat etmişdir. Qardaşı vəfat edəndən sonra ailəsinin bütün xərclərini o, çəkmişdir. İddiaçının 2 uşağı vardır, bir uşaq dializ xəstəsi idi, vəfat etmişdir. İcarə müqaviləsində qeyd olunan məbləğdən daha çox pul ödəmişdir. 2020-ci ildə dövlət tərəfindən subsidiya verilməmişdir. 2020-ci ildə alınmalı olan subsidiyanı iddiaçıya o, öz hesabına ödəmişdir. Bundan başqa hər il 900 manat torpaq vergisi ödəyərək, hər il 3000 manat pulu iddiaçının özünə vermişdir. Ödədiyi pulları iddiaçıya əlbə-əl vermişdir, iddiaçının ailə üzvləri də buna şahiddir. Əlbə-əl ödədiyi pulların səbəbi odur ki, iddiaçıdan kart hesabı açmasını istəsə də, lakin iddiaçı, hesab açmamışdır. 2023-cü ildə isə o, 3660 manat pulu iddiaçının kartına köçürmüşdür. İddiaçının uşağı xəstə olanda 500 manatdan iki dəfə, cəmi 1000 manat pul vermişdir. İddiaçıya ildə 5400 manat pul vermişdir ki, illik 1000 manat pul xəstə uşaq üçün dializ köçürməsi üçün xərcləmişdir. 2021-ci ildə, 2022-ci ildə və 2023-cü ilə kimi hər ay iddiaçının bütün xərclərini, kommunal ödənişlərini o, ödəmişdir. Hər ay 200-250 manat kommunal xərclərlə birgə o, iddiaçıya illik 4000-4500 manat pul ödəmişdir. İcarə müqaviləsinin ləğv edilməsinə etiraz etmiş və icarə müqaviləsinin müddəti bitdiyi 2027-ci ilə qədər müqavilənin ləğv edilməməsini xahiş etmişdir. İcarə müqaviləsinin ləğv edilməsinə, çıxarılan məhkəmə qətnaməsinə şübhələri mövcuddur və qətnamə obyektiv həqiqəti əks etdirmir. İcarə müqaviləsi MM-nin 710.1-ci maddəsinə əsasən tərəflərin razılığı ilə bağlanır. MM-nin 719-cu maddəsinə əsasən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Hesab edir ki, qətnamənin əsaslılığı yenidən apellyasiya qaydasında yoxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən Xaçmaz rayon Məhkəməinin 2(067)-2708/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi tam şəkildə ləğv edilməli, birinci instansiyada müəyyən olunmuş sübutlarla yeni qətnamə qəbul edilməli və ona qaldırılmış iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməlidir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Hakim onun hüquq və vəzifələrini izah etməmiş, görüləcək və görülməyəcək hərəkətlərin nəticəsi barədə onu xəbərdar etməmişdir. Hesab edir ki, öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir.

15. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etitaz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh tərəfindən heç bir məbləğdə icarə haqqı ödənilmədiyini bildirdi.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 103.1. Torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kim sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Maddə 706.2. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Maddə 710.1. Torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. Maddə 710.3. İcarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir. Maddə 713. Əgər icarəçinin icarəyə götürdüyü torpaqdan istifadəsi müqavilə şərtlərinə uyğun gəlmirsə və icarəyə verənin xəbərdarlığına baxmayaraq, o, bu cür istifadəni davam etdirirsə, icarəyə verən icarəçinin öz müqavilə vəzifələrini icra etməməsi barədə iddia verə bilər, bunun nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər və (və ya) xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. Maddə 719.1. Torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Maddə 719.7. Bu Məcəllənin 677.1.4, 685.1 və 686-cı maddələrində nəzərdə tutulmuş hallarda xəbərdarlıq müddətləri gözlənilmədən müqavilənin ləğv edilməsinə yol verilir. İcarəçi icarə haqqını və ya onun mühüm hissəsini ödəməyi üç aydan çox gecikdirdikdə də, icarəyə verən müqaviləni dərhal ləğv edə bilər. Əgər icarə haqqı bir ildən az müddət üçün tutulursa, müqavilənin ləğvinə yalnız icarəçinin iki ardıcıl müddət üçün icarə haqqını və ya onun mühüm hissəsini ödəmədiyi halda yol verilir. Maddə 722.1. Müqavilə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü torpağı təyinatı üzrə lazımi istifadədən sonra qaytarılma məqamında uyğun gəlməli olduğu vəziyyətdə qaytarmağa borcludur.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

21. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.

22. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

23. Məhkəmə kollegiyası araşdırması zamanı müəyyən edildi ki, Xaçmaz rayonu, Qaracəlili kəndində yerləşən 5.7ha və 0.61ha torpaq sahəsi, Xaçmaz rayonu, Əhmədoba kəndində yerləşən 1.96 ha və 1.35 ha torpaq sahəsi, Xaçmaz rayonu, Xəzərli kəndi 1.7412 ha və 1.8071 ha torpaq sahəsi mükiyyət hüququ ilə iddiaçıya məxsus olmaqla, qeyd olunan torpaq sahələrinin icarəyə verilməsinə dair tərəflər arasında icarə müqaviləsi bağlanılmışdır. İddiaçı (icarəyə verən) cavabdeh (icarəçi) tərəfindən müqavilə öhdəliyinin pozulduğunu, icarə haqqının ödənilmədiyini iddia edərək araşdırılan tələblə məhkəməyə müraciət etmişdir.

24. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmişdir /bax bənd 9/.

25. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabadehin iddiaçıya hər hansı məbləğdə pulu icarə haqqı kimi ödəməsi məhkəmə araşdırması zamanı heç bir sübutla öz təsdiqini tapmamışdır.

26. Xaçmaz Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, e-2(067)- 2708/2024 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

29. Kollegiya hesab edir ki, hazırki mübahisə üzrə sübutetmə yükü cavabdehin üzərinə düşür. Belə ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmə vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, icarə haqqının ödənildiyini sübut etmə vəzifəsi pulu ödəyən şəxsin üzərinə düşür.

30. Cavabdeh istər birinci instansiya məhkəməsindəki araşdırma zamanı, istərsə də apellyasiya şikayətinin dəlillərində icarə haqqının ödənildiyini göstərsə də, etirazını istinad etdiyi hallara dair heç bir sübut məhkəməyə təqdim etməmişdir.

31. Beləliklə, şərh olunanları ümumiləşdirərək kollegiya bu nəticəyə gəlir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, e-2(067)-2708/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, e-2(067)-2708/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver