Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-522/2023 06.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ödənilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair iş üzrə (Açar sözlər: pul vəsaitinin geri qaytarılması, pul vəsaitinin ödənilməsi, sığorta hadisəsi, yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X1 (sədrlik edən və məruzəçi), X8 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ödənilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6806/2022 nömrəli, 11 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları AC246462 seriyalı sürücülük vəsiqəsinin məzmunundan görünür ki, X3 xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixə kimi nəqliyyat vasitəsini idarə etmək hüququ vardır. AD seriyalı, 345582 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin məzmunundan görünür ki, “Mazda CX-5” markalı, ** CA *** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin sahibi X4. İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Mazda CX-5” markalı, **-CA- *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" ASC tərəfindən sığortalanmışdır. xx.xx.2021-ci il tarixli ərizənin məzmunundan görünür ki, Cavabdeh tərəfindən ona məxsus avtomobilə vurulmuş ziyanın ödənilməsinin əvəzində sığorta ödənişinin verilməsini "xxxx" ASC-dən xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, X7 “Mazda CX-5” markalı, ** CA *** dövlət nömrə nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına və əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsinə görə Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddəsi ilə təqsirli bilənərək 100 manat məbləğində cərimə edilmişdir. xx.xx.2021-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatın məzmunundan görünür ki, BMW 525 markalı 90RD567 dövlət nömrə qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 853 manat məbləğ təşkil edir. xx.xx.2021-ci il tarixli sığorta aktının surətindən görünür ki, “BMW 525” markalı, ** RD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı sığorta ödənişi 853 manat təşkil edir. xx.xx.2021-ci il tarixli ödəniş qəbzinin məzmunundan görünür ki, Cavabdeh "xxxx" ASC tərəfindən 853 manat məbləğində ödəniş olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2404/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, X3 şikayəti təmin olunmuş, Sumqayıt şəhər polis idarəsi Dövlət X15nin TP ******* №li, 27 may 2021-ci il tarixli inzibati tənbehvermə haqqında qərarı ləğv edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-7/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 3(060)-2404/2021 nömrəli qərarı apellyasiya şikayətinə əsasən ləğv edilmiş və iş üzrə yeni qərar qəbul edilmiş, X7 barəsində Sumqayıt şəhər polis İdarəsi Dövlət X15nin TP ******* №li 27 may 2021-ci il tarixli inzibati tənbehvermə haqqında qərarı onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinin tərkib əlamətlərinin olmaması əsası ilə qismən ləğv edilmiş, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində inzibati xəta haqqında işin icraatına inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsası ilə xitam verilmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 853 manat məbləğində vəsaitin və 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixində X5 məxsus ** CA *** dövlət qeydiyyat nişanlı “Mazda CX-5” markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2021-ci il tarixində X3 idarə etdiyi ** CA *** dövlət qeydiyyat nişanlı “Mazda CX-5” markalı həmin avtonəqliyyat vasitəsi ilə Cavabdeh məxsus və onun idarə etdiyi ** RD *** dövlət qeydiyyat nişanlı “BMW 525” markalı avtonəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Sumqayıt şəhər DYPŞ Axtarış üzrə baş inspektor X9 tərəfindən X3 barəsində İnzibati Xəta haqqında Protokol tərtib olunmuşdur. Cavabdeh ** RD *** dövlət qeydiyyat nişanlı “BMW 525” markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət etmişdir. Yol-nəqliyyat hadisəsində X7 təqsirli bilindiyi üçün ** RD *** dövlət qeydiyyat nişanlı “BMW 525” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, xx.xx.2021-ci il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 853,00 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli “Sığorta aktı”na əsasən 853,00 manat məbləğində sığorta ödənişi Cavabdeh köçürülmüşdür. Sonradan məlum olmuşdur ki, sözügedən yol-nəqliyyat hadisəsinin baş verməsində ** CA *** dövlət qeydiyyat nişanlı “Mazda CX-5” markalı avtonəqliyyat vasitəsinin sürücüsü X3 təqsiri yoxdur. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Sumqayıt şəhər Polis İdarəsi Dövlət X12 TP ******* nömrəli 27 may 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6806/2022 nömrəli, 11 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, 853 manat məbləğində pul və 30 manat 40 qəpik dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət olunmuşdur. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, X7 Mazda CX-5” markalı, **-CA-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü olmaqla xx.xx.2021-ci il il tarixli yol-nəqliyyat hadisəsinin iştirakçısı kimi, cavabdehə məxsus olan “BMW 525” markalı, 90- RD-567 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmasına görə Sumqayıt şəhər DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokolla və eyni tarixli qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinmişdir. İddiaçı tərəfindən X3 mülki məsuliyyətinin sığortaçısı kimi cavabdehə 853 manat sığorta ödənişi həyata keçirilmişdir. Lakin sonradan X7 tərəfindən Sumqayıt şəhər Polis idarəsi Dövlət X12 inzibati xəta haqqında 27 may 2022-ci il tarixli qərarından məhkəməyə şikayət verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2404/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə şikayət təmin edilmiş, Sumqayıt şəhər Polis idarəsi Dövlət X12 inzibati xəta haqqında 27 may 2022-ci il tarixli qərarı ləğv edilmişdir. Qərar qanuni qüvvəyə minmişdir. Beləliklə müəyyən edilir ki, baş vermiş yol nəqliyyat hadisəsində X3 təqsiri Sumqayıt şəhər Polis idarəsi Dövlət X12 inzibati xəta haqqında 27 may 2022-ci il tarixli qərarı ilə müəyyən edildiyindən iddiaçı tərəfindən cavabdehə X3 mülki məsuliyyətinin sığortaçısı kimi 853 manat sığorta ödənişi həyata keçirilmişdir. Lakin, X3 inzibati məsuliyyətini müəyyən edən qərar məhkəmə tərəfindən ləğv edilmişdir. Yəni, onun cavabdeh qarşısında mülki məsuliyyət daşımasının əsası olan qərar ləğv edildiyindən cavabdehə vurulmuş maddi ziyanla bağlı məsuliyyəti aradan qalxmışdır. İddiaçı tərəfindən cavabdehə sığorta ödənişi isə məhz X3 mülki məsuliyyəti ilə bağlı ödənilmişdir. Məhkəmə gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı Mülki Məcəllənin 883.1 886.1 və 888.1 -ci maddələrinə, Azərbaycan Respublikası “İcbari sığortalar haqqında” Qanunun 25.1 və 63.1-ci maddələrə istinad etmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətini X6 inzibati məsuliyyətini müəyyən edən qərardan şikayət verməsi, məhkəmə faktlara video görüntülərə məhəl qoymadan X14 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında qərarı heç bir əsas olmadan ləğv etməsi, yəni onun mülki məsuliyyət daşımasının əsası olan qərar ləğv edildiyindən ona vurulmuş maddi ziyanla bağlı məsuliyyəti aradan qalxması, bu səbəbdəndə iddiaçı "xxxx" ASC həmin məbləği məhkəmə qaydasında ondan geri tələb etməsi, qərarın ləğv edilməsi barədə məhkəmə prosesindən xəbəri olmaması, ona qarşı pul tələbinə dair çıxarılmış qətnaməni alan zaman bütün bunlardan xəbər tutması,ona görə də iş üzrə çıxarılmış qərar ləğv edildiyinə görə inzibati xəta haqqında olan qərardan apellyasiya şikayət verməsi və həmin şikayətin Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olması halları ilə əsaslandırmışdır. Apellyasiya şikayətinə dair izahatlar və etirazlar Apellyasiya şikayətinə dair iddiaçı tərəfindən yazılı ərizə təqdim edilərək, apellyasiya şikayəti ilə tanış olduqlarını, şikayətin təmin edilməməli olduğunu, hazırda yol-nəqliyyat hadisəsi nəticəsində tərtib olunmuş qərarı ləğv edən məhkəmə qərarının qüvvədə olduğunu, bu səbəbdən də iddianın əsasını məhz qüvvədə olan qərar təşkil etdiyindən, apellyasiya şikayəti rədd olunmalı, məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 926 Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir.Sığorta hadisəsi nəticəsində bir neçə zərərçəkən müəyyən edildikdə, bu Məcəllənin 927.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, onlardan sığorta tələbi ilə müraciət etmiş hər hansı biri faydalanan şəxs kimi tanınır. Maddə 1108.1 Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanun Maddə 1.1.21. Sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 6.4. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Maddə 18.1. Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Maddə 50.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Maddə 52.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə apelyasiya şikayəti məhkəmə aktının ləğvinə yönədliyindən, apellyasiya baxışının həddini qətnamənin tam qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, X3 idarə etdiyi müvafiq avtomobillə cavabdehə məxsus olan avtomobilin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermişdir. X7 müvafiq 27 may 2021-ci il tarixli qərarla Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6cı maddələri ilə təqsirli bilinərək, barəsində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. X5 məxsus avtomobil "xxxx" ASC tərəfindən icbari sığorta müqaviləsi üzrə sığortalanmışdır. Həmçinin, qeyd edilən yol nəqliyyat hadisəsi nəticəsində cavabdehə məxsus əmlaka vurulmuş ziyanın məbləği 853 manat məbləğində müəyyən edilərək, iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. X2 barəsində Sumqayıt Şəhəri üzrə Polis İdarəsi tərəfindən tərtib edilmiş 27 may 2021-ci il tarixli inzibati xəta haqqında qərardan məhkəmə qaydasında şikayət vermiş, Sumqayıt Şəhər Məhkəməsinin 10 avqust 2021-ci il tarixli qərarı ilə X3 şikayəti təmin edilmiş, onun barəsində qəbul edilmiş inzibati xəta haqqında 27 may 2021-ci il tarixli qərar ləğv edilmişdir. Cavabdeh tərəfindən həmin qərardan apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 10 avqust 2021-ci il tarilxi qərarı ləğv edilmiş, X7 barəsində Sumqayıt Şəhəri üzrə Polis İdarəsi Dövlt X15 tərəfindən qəbul edilmiş 27 may 2021-ci il tarixli qərar qismən, onun əməlində Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsinin tərkib əlamətlərinin olmaması əsası ilə qismən ləğv edilməsi, X3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinməsi və barəsində inzibati xəta haqqında işin icraatına inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsası ilə xitam verilməsi qərara alınmışdır, həmin qərardan şikayət verilə bilməməsi qeyd olunmuşdur. Həmçinin, qeyd olunmalıdır ki, hazırki mülki iş üzrə iddiaçı iddia tələbinin əsası kimi məhz baş vermiş yol-nəqliyyat hadisəsində X3 təqsirli olmasını aradan qaldıran Sumqayıt Şəhər Məhkəməsinin 10 avqust 2021-ci il tarixli qərarı ilə X3 barəsində inzibati xəta haqqında 27 may 2021-ci il tarixli qərarın ləğv edilməsi, bununla da sığorta ödənişi olaraq vurulmuş zərərin əvəzi qismində cavabdehə ödənilmiş pul vəsaitinin geri qaytarılmalı olması halları ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası onu qeyd edir ki, iddiaçı həm iddia tələbinin, həm də apellyasiya şikayətinə yazılı etirazın əsası kimi X3 baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli olması halını aradan qaldıran müvafiq qərarın qanuni qüvvəyə minməsi halına istinad etsə də, qeyd edilən hal öz təsdiqini tapmamaqla, təkzib olunur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi müvafiq qərar Sumqayıt Apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli müvafiq qərarı ilə ləğv edilmiş, habelə qeyd edilən yol-nəqliyyat hadisəsində X3 təqsirli olması halı müəyyən edilmişdir. Mülki qanunvericiliyinin tələbinə əsasən yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzinin ödənilməsinə görə mülki hüquqi məsuliyyəti məhz mülki hüquq pozuntusunu törətmiş, mülkiyyət hüququ və ya digər qanuni əsasla əmlaka sahiblik edən şəxs daşıyır. İndiki halda isə baş vermiş yol nəqliyyat hadisəsində X3 təqsiri müəyyən olunduğu halda, cavabdehin əmlakına vurulmuş ziyana görə cavabdehin özünün məsuliyyət daşıması istisna olunur. Həmçinin, sığorta qanunvericiliyinin qeyd olunan normalarının tələbinə əsasən iddiaçı sığorta şirkəti tərəfindən sığorta olunmuş avtomobilin sahibinin baş vermiş yol-nəqliyyat hadisəsində təqsiri müəyyən olunduğundan, onun tərəfindən sığorta ödənişi qismində zərəçəkmiş şəxsin əmlakına vurulmuş ziyanın əvəzi ödənilməsi onun mülki hüquqi vəzifəsi qismində çıxış etmişdir. Cavabdeh tərəfindən isə ona əmlakına vurulmuş ziyanın əvəzi qismində ödənilmiş müvafiq məbləğdə pul vəsaitinin iddiaçı sığorta şirkətinə geri qaytarılmasına əsas olan heç bir hal müəyyən edilməmiş, bununla bağlı cavabdehin hər hansı öhdəliyi və bu öhdəliyə görə yaranmış mülki hüquqi məsuliyyəti mövcud olmamışdır. Ona görə də iddia tələbi qanuni və əsaslı olmamışdır. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən bütün hallar araşdırmamış, nəticə etibarilə iş üzrə düzgün olmayan və işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, hazırki mülki iş üzrə iddianın qiyməti 5000 manatdan az olduğundan (iddianın qiyməti 853 manat təşkil edir), Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinin tələbinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, hazırki mülki iş üzrə iddia tələbi təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat 40 qəpik məbləğində dövlət rüsumu və xidmət haqqı iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6806/2022 saylı 11 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ödənilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat 40 qəpik məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-522/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-522/2023
06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver