Məhkəmə qərarları › İş №2(105)-532/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-532/2024

05.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzilə köçürmə - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-532/2024 05.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X4 və X1 ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı yaşayış sahəsinin təhvil verilməsi və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e-2(012)-4068/2023 nömrəli, 25 dekabr 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli qərardadı ilə (hakim E.Məmmədov) İddiaçı Cavabdeh MMC-yə qarşı yaşayış sahəsinin təhvil verilməsi və mənzilə köçürülmə tələbinə dair ərizəsi üzrə mülki iş baxılmamış saxlanılması, İddiaçı Cavabdeh MMC-yə qarşı yaşayış sahəsinin təhvil verilməsi və mənzilə köçürülmə tələbi barədə ərizəsi 2(012)-4068/2023 nömrəli mülki iş üzrə "xxxx" ASC Abşeron filialı vasitəsilə xx.xx.2023-cü il tarixli, 16403 nömrəli qəbzdən ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılması, qərardadın dövlət rüsumunun qaytarılması hissəsinin icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron Rayon Maliyyə Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 07 yanvar 2024-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-4068/2023 nömrəli mülki iş üzrə xx.xx.2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, İddiaçı Abşeron Rayon Məhkəməsinin 2(012)-4068/2023 nömrəli mülki iş üzrə xx.xx.2023-cü il tarixli qərardadından xx.xx.2024-cü il tarixində verdiyi şikayət ərizəsi baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Cavabdeh MMC-yə qarşı yaşayış sahəsinin təhvil verilməsi və mənzilə köçürülmə tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Quliyev X3 Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh MMC-yə qarşı yaşayış sahəsinin təhvil verilməsi və mənzilə köçürülmə tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin e2(012)-4068/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh MMC-yə qarşı yaşayış sahəsinin təhvil verilməsi və mənzilə köçürülmə tələbinə dair ərizəsi üzrə mülki iş baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəməyə məlumdur ki, cavabdehin direktorunun və digər vəzifəli şəxslərinin hal-hazırda yerini müəyyən etmək mümkün olmadığından mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll etmək mümkün olmadığından və bu qaydanı tətbiq etmək imkanı itirildiyindən məhkəmənin iddia ərizəsini baxılmamış saxlaması tamamilə qanunsuz və əsassızdır. Bundan başqa Azərbaycan Respublikası MPM-nin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdeh ilə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarından da göründüyü kimi məhkəmə iddia ərizəsini qərardadda göstərilən əsaslarla hazırlıq iclasında qaytarmalı olduğu halda bunu etməmiş, iş üzrə 2 dəfə hazırlıq iclası, 4 dəfə isə şifahi baxış iclası keçirdikdən sonra qərardad qəbul etmişdir. Buna görə də hesab edirlər ki, məhkəmə həmin qərardadı qanunsuz və əsassız olmuşdur. Yəni məhkəmə həmin pozuntunu iddia məhkəməyə verildiyi andan görmüşdür. Lakin buna baxmayaraq işin baxışa hazır olması qənaətinə gələrək baxış iclası təyin etmişdir. MPMnin 171-ci maddəsinə əsasən hakim işi kifayət qədər hazırlanmış hesab etdikdə, işdə iştirak edən şəxslərə prosesin vaxtı və yeri haqqında məlumat verməklə, onun məhkəmə iclasında baxılmağa təyin edilməsi haqqında qərardad çıxarır. Beləliklə işin baxılmağa kifayət qədər hazırlanmış hesab edildiyi halda altıncı məhkəmə iclasında işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsi əsassızdır. Tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl edilmədiyinə istinad edilsə də həmin qaydanın tətbiq etmək imkanının itirildiyi nəzərə alınmamışdır. Belə ki, cavabdehin direktorunun axtarışda olduğunu və hal-hazırda cavabdehin heç bir məsul şəxsinin olmadığı nəzərə alınmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. İş materiallarını araşdıraraq, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli və onunla bağlı 07 yanvar 2024-cü il tarixli qərardadları ləğv edilməli, mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi iddianın baxılmamış saxlanılmasını tərəflər arasında mübahisənin məhkəmədən kənar həll edilməsinə nail olunmadığı ilə bağlı hər hansı sübut mövcud olmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab etmir. İlk öncə qeyd olunmalıdır ki, ərizənin baxılmamış saxlanması mülki işin mahiyyəti üzrə qətnamə qəbul etmədən məhkəmə baxışının başa çatdırılmasının formalarından biridir. Ərizənin baxılmamış saxlanılmasını tənzimləyən Mülki Prosessual Məcəllənin XİX fəslində bu əsaslar nəzərdə tutulmuş və bunlardan biri də Mülki Prosessual Məcəllənin 259.0.1-ci maddəsində göstərilən hallardır. Məhkəmə kollegiyası xüsusi ilə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 259-cu maddəsində ərizənin baxılmamış saxlanılmasının əsasları dəqiq müəyyən olunmuş və digər əsaslarla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Ərizənin məzmunundan görünür ki, mənzilin ona təhvil verilməsi barədə cavabdehlə danışıqlar aparmış, lakin bu heç bir nəticə vermədiyindən mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli və onunla bağlı 07 yanvar 2024-cü il tarixli qərardadları ləğv edilməli, işə mahiyyəti üzrə baxılması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli və onunla bağlı 07 yanvar 2024-cü il tarixli qərardadları ləğv edilsin. Mülki işə mahiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar