Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-545/2025 17.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 2 saylı Sumqayıt Ərazi İdarəsi və Cavabdeh2 ASC-ə qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi və bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması, ərazi və məhkəmə aidiyyəti) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1553/2025 nömrəli, 28 yanvar 2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 2 saylı Sumqayıt Ərazi İdarəsi və Cavabdeh2 ASC-ə qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi və bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Sumqayıt şəhəri, 2-ci məhəllə, S.Vurğun küçəsi, 102/64 saylı evin qarşısında yerləşən sahəsi 144 kv.metr olan qeyriyaşayış sahəsinin altında yerləşən torpaq sahəsinin Cavabdeh2 ASC-yə icarəyə verilməsinə dair xx.xx.2024-cü il tarixli, 7105 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsi və bunun əsasında verilmiş xx.xx.2024-cü il tarixli, **********50 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1553/2025 nömrəli, 28 yanvar 2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. (hakim A.Behbudova)
3. İddiaçı bu qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsi, iddia ərizəsinin icraata qəbul edilərək baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
4. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1553/2025 nömrəli, 21 fevral 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir
5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsinin forma və məzmun tələblərinə iddiaçı tərəfindən əməl olunmamışdır. İcarə müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə, çıxarışın ləğv edilməsi tələbi bir icraatda birləşdirilməklə ümumi məhkəməyə müraciət edilməsi qanunvericiliyin tələbinə uyğun deyil. İddiaçı tərəfindən ərizə və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, cavabdehlər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Cavabdeh2 ASC-nin ünvanı Bakı şəhəri olmasına baxmayaraq İddiaçı tərəfindən aidiyyət qaydalarına əməl olunmayaraq iddia ərizəsi Sumqayıt Şəhər Məhkəməsinə təqdim olunmuşdur. Bu isə aidiyyət qaydalarının pozulması ilə bərabər, qətnamənin gələcəkdə icrasını mümkünsüz edir. Tələbə cavab verən cavabdehlərin rəsmi qaydada qeydiyyatda olduqları ünvan Sumqayıt şəhəri olmamaqla, formal cavabdehin qeyd olunması, bundan əlavə çıxarışın ləğvi ilə bağlı tələb hissəsinə məhkəmə qaydasında (inzibati qaydada) baxılmalı olması iddiaçının diqqətinə çatdırılmalıdır. Məhkəmə hesab edib ki, tələbə cavab verən şəxslərə münasibətdə, onların rəsmi qaydada qeydiyyatda olduqları ünvan Bakı şəhəri, olmasına baxmayaraq, yalnız sonuncu tələb üzrə cavabdəhə qarşı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 2 saylı Sumqayıt Ərazi İdarəsi “yerləşdiyi yer” üzrə formal olaraq Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunması qanunvericiliyin tələbinə zidd olmaqla bərabər, əsassızdır. Məhkəmə göstərib ki, iddia cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə verilməli olmasını nəzərə alıb, işin ərazi üzrə aidiyyətinə əməl olunmasını iddiaçının diqqətinə çatdırmalıdır.
6. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki-Prosessual Məcələsinin 31.1, 35.1, 149.2.3, 152.1.1, 152.1.3, 152.2.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli Qərarına və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri
7. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin iddia ərizəsinin geri qaytarılması barədə gəldiyi nəticə qanunsuz və əsassızdır. Məhkəmə aidiyyat qaydalarının pozulmasını əsas gətirərək ərizəni geri qaytarmışdr. Məhkəmənin ilk dəlili ondan ibarətdir ki, guya müqavilənin etibarsız hesab edilməsi və bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə iki iddianı bir icraatda, bir iddia ərizəsində verməklə səhvə yol verilmişdir. Bu hissədə məhkəmənin mövqeyi yanlışdır. Çünki icarə müqaviləsinin etibarsız hesab edilməsi ilə eyni icraatda bu icarə müqaviləsindən doğmuş hüquqi nəticələrin ləğv edilməsini tələb etmək mümkündür. Bu gün məhkəmə təcrübəsində bu qayda bərqərar olmuşdur və əqdin etibarsız hesab edilməsi ilə əqdin əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə minlərlə işə baxılmışdır. Ona görə də məhkəmənin bu dəlillə iddia ərizəsinin forma və məzmunca səhv tərtib edilməsi barədə gətirdiyi dəlil əsassızdır. Məhkəmənin digər dəlili də odur ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Cavabdeh2 ASC-nin ünvanı Bakı şəhəri olduğundan iddia ərizəsi Bakı şəhərində müvafiq məhkəməyə verilməli idi. Guya iddiaçı ərizəsində Reyestr Xidmətinin Sumqayıt 2 saylı Ərazi İdarəsini formal cavabdeh qoymaqla iddianı Sumqayıt Şəhər Məhkəməsinə vermişdir. Məhkəmənin bu dəlili də əsassız və qanunsuzdur. Belə ki, Reystr Xidməti formal olaraq cavabdeh göstərilməmiş, etibarsız hesab etdiyi icarə müqaviləsinə əsasən Reyetsr Xidmətinin vermiş olduğu çıxarışın ləğvi tələb edildiyindən Reystr Xidməti formal deyil, birbaşa cavabdehdir. Bundan əlavə ,AR MPM-nin tələblərinə görə torpağa dair mübahisələr torpağın yerləşdiyi ərazi üzrə ümumi məhkəmələrdə baxılmalıdır. Bu iddiada hətta reyestr xidməti cavabdeh olmasaydı da,torpaq Sumqayıtda yerləşdıyi üçün işə Sumqayıt Şəhər Məhkəməsində baxılmalıdır. Reyestr Xidmətinin verdiyi çıxarışın ləğvinə dair iddianın ümumi məhkəməyə aid olmaması barədə məhkəmənin gəldiyi nəticəyə gəldikdə isə bu da yanlış nəticədir. Çünki Reyster Xidməti inzibati orqan olsa da, o, inzibati qərar qəbul etməmiş, sadəcə olaraq icarə müqaviləsini qeydə almışdır. Bu zaman onun verdiyi çıxarış inzibati akt olmamaqla, çıxarışın ləğvi ümumi məhkəmədə baxılmalı iddialar sırasındadır. Hazırda mübahisələndirilən icarə müqaviləsi mülki müqavilədir və bu müqavilə inzibati orqan tərəfindən bağlansa da, müqavilə inzibati akt deyildir. Belə olan halda həmin icarə müqaviləsinin ləğvi ümumi məhkəməyə aiddir. Onu da qeyd edir ki, ilk olaraq hazırkı iddia ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdi. Məhkəmə hüquqi yardım göstərərək izah etdi ki, iddia mülki müqavilənin ləğvindən ibarət olduğu üçün bu iddiaya ümumi məhkəmədə baxılmalıdır. Göründüyü kimi məhkəmə işin əsl hallarını müəyyən edə bilməmiş, iddianın bir-biri ilə bağlılığını, torpağın Sumqayıt şəhərində yerləşməsini, icarə müqaviləsinin inzibati akt olmayıb, mülki əqd olmasını araşdıra bilməmişdir.Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.
b) Şikayətə qarşı etirazın dəlilləri
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 44.2 və 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır 45.2. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.2.Qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır.
399. Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir
Apellyasiya baxışının hədləri
12. Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1553/2025 nömrəli, 28 yanvar 2025-ci il tarixli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.
13. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1553/2025 nömrəli, 28 yanvar 2025-ci il tarixli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1553/2025 nömrəli, 28 yanvar 2025-ci il tarixli qərardadı ləğv edilərək, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır
15. Hazırki iddia ərizəsinin mahiyyətindən və ifadə tərzindən müəyyən edilir ki, tələb bir neçə hissədən-1) icarə müqaviləsinin etibarsız hesab edilməsi və 2) bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədədir.
16. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytaran birinci instansiya məhkəməsi mövqeyini iki müxtəlif əsasla - tələbə cavab verməli olan cavabdehlərin hüquqi ünvanlarının Sumqayıt Şəhər Məhkəməsinin ərazisinin olmaması və tələbin ikinci hissəsinin (çıxarışın ləğvinin) ümumi məhkəmədə baxıla bilməməsi ilə əsaslandırmış, prosessual norma kimi də həm MPM-in 152-ci (iddia ərizəsinin qaytarılması) və 153-cü (iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina) maddələrinə istinad etmişdir.
17. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu mövqe ilə razılaşmır və verilmiş iddia tələbinin aidiyyət məsələsi üzrə hüquqi dəyərləndirmə apararaq aşağıdakıları qeyd etməsi zəruri hesab edir.
18. İlk olaraq qeyd olunmalıdır ki, şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur və bu hüquq da qanunvericilikdə təsbit olunmuşdur.
19. Lakin o da nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər də müəyyən olunmuşdur.
20. Apellyasiya instansiyası bildirir ki, iddia tələbinə mahiyyəti üzrə baxmazdan əvvəl məhkəmələr iddianın mümkünlüyünü mülki prosessual qanunvericiliyin tələbləri baxımından tam və ətraflı yoxlamalı, mümkünlük barədə əsasların olmasını müəyyən etdikdən sonra işə mahiyyəti üzrə baxmalıdır.
21. Birinci instansiya məhkəməsinin yuxarıda göstərilən əsaslarla iddia ərizəsinin geri qaytarılması barədə mövqeyi ilə razılaşmayan kollegiya bildirir ki, əgər məhkəmənin gəlmiş olduğu nəticə ilə yanaşmalı olsa, onda ərizə birinci halda geri qaytarılma, ikinci halda isə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina üçün əsasdır.
22. Bundan əlavə nəzərə alınmalıdır ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisə tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir.
23. Qərarın 5.2-ci bəndində göstərilir ki, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır.
24. 6.1. Torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
25. 6.2. Eyni faktiki və hüquqi hallara əsaslanmaqla torpağın ayrılmasına dair inzibati akt və müqavilə bir iddiada mübahisələndirildikdə, həm inzibati aktın, həm də müqavilənin ləğvinə və ya etibarsızlığına dair işə bir icraat daxilində inzibati məhkəmələrdə baxılmalıdır. Bundan fərqli olaraq, torpağın ayrılmasına dair inzibati akt deyil, inzibati aktın özünün qanuniliyi ilə bağlı olmayan əsaslarla yalnız müqavilə mübahisələndirildikdə, işə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmələr icraatlarında olan işlərə baxarkən inzibati aktın və onunla əlaqəli olan müqavilənin birlikdə və ya ayrılıqda mübahisələndirilməsi məsələsini irəli sürülən dəlilləri nəzərə almaqla tərəflərlə müzakirə etməli və prosessual qənaətə nail olmaq üçün müvafiq hüquqi yardım göstərməlidirlər
26. Məhkəmə kollegiyası iş materialları əsasında belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin yuxarıda göstərilən əsaslarla geri qaytarması barədə mövqeyi düzgün olmamışdır.
27. Kollegiya əlavə olaraq bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkünlüyü məsələsinə qiymət verilərkən, mübahisələndirilən icarə müqaviləsi üzrə tərəflərin subyektiv tərkibinə, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinə xüsusi diqqət yetirilməlidir.
28. Belə ki, MPM-in 24.2-ci maddəsinin tələbinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
29. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır.
30. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
31. Qeyd edildiyi kimi kommersiya məhkəmələrinin baxmalı olduğu mübahisələr – sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrdir. Bu mübahisələr həm işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir.
32. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlüyü ilə bağlı digər halların araşdırılaraq, iddianın icraata qəbul edilməsi məsələsinin müəyyən edilməsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi də öz növbəsində iddianın mümkünlüyü ilə bağlı çəkişmə prinsipinə riayət edilməklə iddianın icraata qəbul edilməsini istisna edən başqa halların olub-olmamasını araşdırmalı, bu hallar müəyyən edildikdən sonra müvafiq qərar (icraata götürmək, ərizənin geri qaytarılması və imtina olunması barədə) qəbul etməlidir.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1553/2025 nömrəli, 28 yanvar 2025-ci il tarixli qərardadı tam, həmin qərardadla bağlı məhkəmənin 21 fevral 2025-ci il tarixli, 2(060)-1553/2025 nömrəli qərardadı qismən - “şikayətin təmin edilməməsi” hissəsində ləğv edilsin. İddia ərizəsinin mümkünlüyü məsələsinə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin edilməsi üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.