Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-547/2023 01.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X4 və X1 ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, iddiaçının nümayəndəsi X6, Cavabdeh iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin boşaldılaraq cavabdehin vəsaiti hesabına sökülməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Şamaxı Rayon Məhkəməsinin 2(074)-89/2022 nömrəli 27 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Şamaxı Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Hümbətov) iddianın təmin edilməsi, Şamaxı şəhəri, D.Qorqud küçəsində yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş 1 mərtəbəli fərdi yaşayış evi boşaldılması, Şamaxı şəhəri, D.Qorqud küçəsində yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş 1 mərtəbəli fərdi yaşayış evi Cavabdeh öz hesabına (əvəzi ödənilmədən) sökülməsi, mühafizə zonasının bərpa edilməsi, 10 (on) manat məbləğində ödənilmiş dövlət rüsumu dövlət rüsumu və 0,40 qəpik xidmət haqqı cavabdeh X2 alınaraq İddiaçınə ödənilməsi, Cavabdeh keçirilmiş ekspertizanın dəyəri 102 manat alınıb X3 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE******************** saylı hesaba köçürülməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı “qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin boşalıdılaraq cavabdehin vəsaiti hesabına sökülməsi tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Şamaxı şəhəri D.Qorqud küçəsində İddiaçı balansında və istismarında olan, diametri 315 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında, kəmərdən 2 metr məsafədə 1 (bir) mərtəbəli fərdi yaşayış evi inşa olunan tikilinin cavabdehin öz vəsaiti hesabına boşaldılaraq sökülməsi, kəmərin mühafizə zonasının bərpa edilməsi, ödənilmiş 10 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqının cavabdehdən alınıb İddiaçı İB-in hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı şəhəri D.Qorqud küçəsi, ərazisində Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarrnın tələbləri pozularaq İddiaçı balansında və istismarında olan, diametri 315 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında 1 mərtəbəli fərdi yaşayış evi inşa etmişdir. Tikili diametri 315 mm-lik orta təzyiqli qaz kəmərində 2 (iki) metr məsafədə yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. Kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə gətirib çıxara bilər. Tikilinin inşa olunması qeyd olunan qaz kəmərinin texniki istismarına və təmirinə ciddi maneələr törətməklə yanaşı, orada çalışan insanların həyatı və əmlakı üçün ciddi təhlükə yaradır. Bu səbəbdən tikili təxirəsalınmadan sökülməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na yeraltı qaz kəmərlərindən binalara və tikililərə qədər olan məsafəyə aid 2 nömrəli əlavədə orta təzyiqli qaz kəmərlərinin bina və qurğuların özüllərinə qədər məsafəsi 4 metr, aşağı təzyiqli qaz kəmərlərinin məsafəsi isə 2 metr müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir.. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Şamaxı Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsivə iddia tələbinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsi haqqədaləti təmin etmək əvəzinə, birtərəfli mövqe tutaraq onun təqdim etdiyi sənədlərə və sübutlara məhəl qoymayıb, əsassız və hazırki mübahisənin faktiki hallarına aidiyyəti olmayan qanun maddələrini sadalayıb iş üzrə ədalətsiz qətnamə çıxarmışdır. Belə ki, qətnamənin mətnindən aşkar görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə onun təqdim etdiyi sənəd və sübutlar haqqında bir-iki kəlmə üstörtülü cümlələr yazmaqla hüquqlarının pozulmasına səbəb olmuş qətnamə qət edilmişdir. Bu zaman maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər prosessual hüquq normaları da pozulmuş və iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır. Yaşadığı evi qeyri-qanuni tikməmişdir. Tikdiyi bu evin yerləşdiyi torpaq sahəsinin sənədləri vardır. Belə ki, Şamaxı Bələdiyyəsinin qərarı əsasında ona verilmiş torpaq sahəsində ev tikməyinə icazə verilmişdir. Bu icazədən sonra həmin yerdə yaşamaq üçün fərdi yaşayış evi tikmişdir. Buna dair çoxsaylı şahidləri var. Zərurət yaranarsa, apellyasiya məhkəməsinə həmin şahidlər dəvət ediləcəkdir. Ən əsas məsələ odur ki, özünə məxsus sözügedən mübahisəli torpaq sahəsində ev tikərkən həmin ərazidən hər hansı qaz xətti keçmirdi. O, evi tikib orada yaşayandan sonra İddiaçı onun evinin yaxınlığından qaz xətti çəkmiş və bundan sonra ona qarşı əsassız iddia tələbi irəli sürmüşdür. Əgər onun evi tikilməmişdən əvvəl həmin ərazidən qaz xətti keçmiş olsaydı, belə halda evi tikməyə başlayarkən iddiaçı dərhal məhkəməyə və digər aidiyyəti dövlət orqanlarına müraciət edərdi və bu məsələ yerindəcə həll olunardı və əlbəttə mənə heç vaxt imkan verməzdilər ki, evi tikib başa çatdıra bilim. Məhkəmə işin əsas faktiki halı kimi bu incə detalları araşdırmadı, qətnamədə ancaq nəticəni təsvir edib yazır ki, evlə qaz kəməri arasındakı məsafə 2,4 metrdir. Halbuki, iddiaçı onun özünə məxsus torpaqda ev tikib yaşamağa başlayandan sonra onun evinin yaxınlığından qaz kəməri çəkmiş və sonra ona evini sök-dağıt deyir. Ona görə də iddiaçı təşkilat qeyri-qanuni olaraq yaşayış evinin yaxınlığından keçirmiş qaz kəmərini bir neçə metr kənara çəkməlidir. Ətrafda boş yer çoxdur, odur ki, bəhanə edilən qaz kəmərini əlavə olaraq 2 metr kənara çəkmək böyük problem deyil, bundan ötəri onun min-bir əzabla, çətinliklə qanuni tikdiyi ev dağıdılmalı deyil. Qətnamə qət edilərkən maddi və prosessual hüquq normaları pozularaq qanunlar və normativ aktlar düzgün tətbiq və təfsir edilməmiş, iş üzrə mühüm əhəmiyyətli bütün faktiki hallar aydınlaşdırılmamış, o cümlədən iş üçün əhəmiyyətli olan hallar sübut edilməmiş və həmçinin qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır. Belə halda birinci instansiya məhkəməsinin qət etdiyi qətnamə tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi tam şəkildə rədd edilməlidir İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X10 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini cavabdehə məxsus fərdi yaşayış evinin iddiaçının balansında və istismarında olan 315 mm-lik aşağı təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasında inşa edilməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Baxılan iş üzrə iddia tələbi qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin boşaldılaraq cavabdehin vəsaiti hesabına sökülməsi barədədir. Şamaxı şəhəri D.Qorqud küçəsində İddiaçı balansında və istismarında olan, diametri 315 mm-lik orta təzyiqli qaz kəmərinin yerləşməsi işin mübahisəsiz halıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/2543 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Şamaxı şəhəri, Dədə Qorqud küçəsində Cavabdeh məxsus fərdi yaşayış evinin qabaq divarının qarşısından, evin divarının uzununa boyunca, divara paralel olmaqla diametri 315 mm olan yeraltı orta təzyiqli qaz kəmərinin keçdiyi müəyyən edilmiş, Şamaxı şəhəri. Dədə Qorqud küçəsində Cavabdeh məxsus fərdi yaşayış evinin divarı ilə diametri 315 mm olan yeraltı orta təzyiqli qaz kəməri arasında olan məsafənin 2,4 m olduğunu nəzərə aldıqda, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərinə əsasən qeyd olunan fərdi yaşayış evi diametri 315 mm olan yeraltı orta təzyiqli qaz kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər (Qaz təhcizatı haqqında Qanunun 19-cu maddəsinin 1-ci hissəsi). “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən bu qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”-nın 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün ayrılmış torpaq sahələrindən keçən çoxsaylı qarışıq boru kəmərləri xətti boyunca, onun kənar kəmərinin orta oxundan hər tərəfə, şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; boru kəmərlərinin sualtı keçidləri xətti boyunca su səthindən onun dibinə qədər olan məkanda, paralel müstəvilər arasında, kənar xəttin orta oxundan hər tərəfə 100 m mühafizə zonası ayrılır; kondensatın saxlanması, qazdan ayrılması üçün tutumların, neft və neft məhsullarının, kondensatlarının, sıxılmış qarışıqların qəza vəziyyətində axıdılması üçün torpaq anbarlarının əhatəsində göstərilən obyektlərin ərazisinin sərhədlərindən hər tərəfə 50 m olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır; baş və aralıq sorulub vurulma və doldurma nasos stansiyalarının, çən parklarının, kompressor və qazpaylayıcı stansiyaların, qaz məsrəflərinin ölçüldüyü qovşaqların, doldurma və qəbuletmə körpülərinin, yeraltı qazsaxlama stansiyalarının neft və neft məhsullarının qızdırılması məntəqələrinin əhatəsində göstərilən obyektlərin sərhədlərindən hər tərəfə 100 m olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır. Həmin Qaydaların 2 saylı əlavəsinə əsasən, orta təzyiqli (qazın təzyiqi 0,05 kqq.sm2 - dən 3,0 kqq/sm2 -ə qədər) yeraltı qaz kəmərlərindən binalara və tikintilərə qədər olan məsafə (mühafizə zolağı) 4,0 m təyin olunur. Məhkəmə kollegiyası qeyd edir ki, Şamaxı şəhəri D.Qorqud küçəsində İddiaçı balansında və istismarında olan, diametri 315 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında Cavabdeh məxsus fərdi yaşayış evi 2 metr məsafədə inşa edilməklə, mühafizə zonasında yerləşir və həmin fərdi yaşayış evi tikinti norma və qaydalarına uyğun olaraq inşa edilməmişdir. İnsanların, o cümlədən cavabdehin həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etməsi əsaslı hesab edilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1., 385.2., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-547/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-547/2023
01.03.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver