Məhkəmə qərarları › İş №2(105)-573/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-573/2023

11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-573/2023 11.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı Aparatı Mənzil Təsərrüfat və Mənzillərin Uçotu Şöbəsinə qarşı mülki iş üzrə (Açar sözlər:, yaşayış sahəsinə istifadə hüququnun tanınması və kirayə müqaviləsinin bağlanması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X17 və X10 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2(060)-3902/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsində yerləşən 1 saylı evin 2 saylı mənzilinə istifadə hüququnun tanınması və kirayə müqaviləsi bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt XDS İK-nın 19 avqust 1977-ci il tarixli, 20 saylı protokoluna əsasən H.Zeynalabdin qəsəbəsi, ünvan 1 ünvanında yerləşən yaşayış evinin istifadəçisi X5 və onun ailə üzvlərinin razılığı ilə 2001-ci ildən ailə üzvləri ilə birlikdə həmin mənzilə köçürülərək həmin vaxtdan orada yaşayır və mənzilin bütün kommunal xərcləri onun tərəfindən ödənilir. Qeyd olunan vaxtdan mənzilin sosial kirayə müqaviləsi üzrə sahibi və istifadəçisi özü və ailə üzvləri həmin mənzildə qeydiyyatda olsalar da həmin mənzildə yaşamırlar. Qeyd olunan mənzil üzrə sosial kirayə müqaviləsinin ləğv edilməsi (bağlanması) ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı Aparatı Mənzil Təsərrüfat və Mənzillərin uçotu şöbəsinə müraciət etmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı Aparatı Mənzil Təsərrüfat və Mənzillərin uçotu şöbəsindən sosial kirayə müqaviləsinin ləğv edilməsindən imtina edilərək məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuiiyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə biriikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Beləliklə, qeyd olunan işin hallarına və qanunvericilik normalarına əsasən, mübahisəli mənzil dövlət mənzil fonduna aid olduğundan və o, 2001-cı ildən hal-hazırkı vaxta kimi həmin mənzildə yaşadığından, göstərilən mənzilə yaşayış və istifadə hüququ tanınmalıdır. Kirayəçi və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 60-cı maddəsinin 7-ci bəndinin 4-cü abzasında qeyd olunmuşdur ki, şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 123-cü maddəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərti; göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdir. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfındən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında münasibətlər məhkəmə qaydasında həll edilir. Hazırkı işdən görünür ki, mübahisəli mənzilin icarədarının və icarədarın ailə üzvlərinin razılığı ilə həmin mənzildə yerləşməklərinə, yaşamaqlarına etiraz olunmamış, orada yaşamaqlarına və əşyalarının yerləşdirilməsinə, birgə təsərüfatın idarə edilməsinə şərait yaradılmış və 2001-ci ildən hazırki vaxta kimi Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsində yerləşən 1 saylı evin 2 saylı mənzilində yaşayırlar. İcarədar və onun ailə üzvləri isə həmin vaxtdan qeyd olunan mənzildə yaşamırlar və kommunal xərcləri ödəmirlər. Qüvvədə olmuş Mənzil Məcələsinin 60-cı maddəsinə əsasən icarədar və onun ailə üzvləri müvvəqəti başqa yerə getdikdə onların yaşayış sahəsi 6 ay saxlanılır. Yaşayış sahəsinin daha uzun müddətə saxlanılması barədə həmin maddənin digər müddaəlarında göstərilən üzrlü hallar konkret olaraq icarədarda mövcud deyildir. İcarədar və onun ailə üzvləri üzürlü səbəblərə görə 6 aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Sözügedən mənzil Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsində yerləşən 1 saylı evin 2 saylı mənzili yaşayış sahəsi 30.05 kv metr olan 2 otaqdan ibarət olmaqla Sumqayıt XDS İK-in 19 avqust 1977-ci il tarixli, 20 saylı protokoluna əsasən verilmişdir. Mənzil dövlət fonduna aid olmaqla orderi X1 adınadır və həmin orderdə 3 nəfər - X15, X5 və X18 qeyd edilmişdir. Lakin onlar həmin mənzildən istifadə etməmiş, uzun müddət başqa ünvanda yaşamaqla mübahisəli mənzildən istifadə hüququnu itirmişlər. Belə ki, mübahisəli mənzildə qeydiyyatda olan X15, X5 və X18 daimi yaşamaq üçün başqa yerə getmələrinə baxmayaraq 2001-ci ildən sonra bir gün də olsun həmin mənzildə yaşamadıqlarına və mənzildə onlara məxsus heç bir əşyanın olmadığından onların həmin mənzilə yaşayış-istifadə hüququ itirilmiş hesab edilməli və həmin mənzilin pasport qeydiyyatından çıxarılmalıdırlar. Çünki, onların həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır və bu isə öz növbəsində onun mülkiyyət hüququna əsassız müdaxilə təşkil edir, o, onlara görə adambaşına hesaba alınan kommunal xidmət haqları ödəməli olur. Bu isə onun üçün əlavə xərcdir və buna imkanı çatmır. Göründüyü kimi, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsində yerləşən 1 saylı evin 2 saylı mənzildən istifadə hüququ yaranmış, həmçinin icarədarın həmin mənzildən istifadə hüquqları itirilmişdir. Hesab edir ki, iddiası əsaslıdır və təmin edilməlidir. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı Aparatı məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı Aparatı Mənzil Təsərrüfatı və Mənzillərin uçotu şöbəsinə qarşı «mənzilə istifadə hüququnun tanınması» tələbinə dair iddia ərizəsinin təmin edilməsinə aşağıda göstərilənlərə əsasən etiraz olunur. Müəyyən edilmişdir ki, İddiaçı tərəfindən şəhər icra Hakimiyyətinə xx.xx.2020-ci il tarixdə H-294-068 saylı ərizə daxil olmuşdur. Ərizəçi müraciətində Gülnaz Rəsulova adlı şəxslə arasında həyata keçirilmiş qeyri-rəsmi alğı-satqı nəticəsində əldə etdiyi H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsi, ev 1 ünvanında yerləşən mənzil 2-də 2001-ci ildən yaşadığını bildirərək, qeydiyyata alınmasına köməklik göstərilməsini xahiş etmişdir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, mübahisə predmeti olan mənzil dövlət mənzil fonduna aiddir və həmin mənzilə dair İddiaçı adına hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyildir. Göstərilən səbəbdən xahişinin müsbət həllinin mümkün olmadığı barədə şəhər İcra Hakimiyyəti tərəfindən ona xx.xx.2021-ci il tarixli, H-294-068 saylı yazılı cavab məktubu göndərilmişdir. Qeyd edilənlər nəzərə alınaraq, İddiaçı H.Zeynalabdin qəsəbəsi, ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququnun tanınmasına dair iddia tələbi etirazla qarşılanır. Sumqayıt Şəhər Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2(060)-3902/2022 saylı qətnaməsi ilə iddia rədd edlmişdir (hakim Günel tanrıverdiyeva). Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli - Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsində yerləşən 1 saylı evin 2 saylı mənzili dövlət mənzil fonduna aid olmaqla X5 və onun ailə üzvlərinə yaşayış üçün ayrılmışdır. Mübahisəli mənzilə dair X5 (və ailə üzvləri ilə) və iddiaçının ailə üzvləri arasında məhkəmə mübahisələri olmuş və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçının ailə üzvlərinin həmin mənzildən çıxarılması qət edilmişdir. Eyni zamanda şəxsən İddiaçı Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, ünvan 1-dən çıxarılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4983/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi də qanuni qüvvəsini almışdır. Buna baxmayaraq İddiaçı mübahisəli mənzilə istifadə hüququnun tanınması barədə müxtəlif cavabdehlərə qarşı iddia qaldırmış, onun iddiaları təmin edilməmişdir. Hazırda iddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı Aparatı Mənzil Təsərrüfat və Mənzillərin Uçotu Şöbəsinə qarşı istifadə hüququnun tanınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mənzil Məcəlləsinin 3, 9,53, 54, 68.1,68.2-c maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2(060)-3902/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində qeyd etmişdir ki, 2000-2001-ci illərdə anası ilə birlikdə mənzil bazarına getmiş, ev alğı-satqısı ilə məşğul olan şəxslə tanış olmuş, daha sonra onun vasitəsi ilə hazırkı mənzili bəyənib almışdır. Mənzilin alğı-satqısı üçün əvvəlcə 500 manat beh verilmişdir. Sonra satıcı yoldaşının xəstəliyi ilə əlaqədar pula ehtiyacı olduğunu bildirmişdir və daha sonra 3000 manat pul ödəmiş və etibarnamə ilə evi almış, lakin evin alğı-satqısı rəsmi qaydada aparılmamışdır. Qarşı tərəf evi 2-3 ay ərzində özəlləşdirəcəyinə söz versə də buna əməl etməmiş, Rusiyaya çıxıb getmiş, daha sonra isə həbs olunmuşdur. Mübahisəli mənzil orderli mənzildir. Qeyd edir ki, mənzili əvvəlki ev sahibi 1977-ci ildə almışdır, alğı-satqı etdiyi şəxsin razılığı ilə həmin mənzilə köçürülmüşdür. Hal-hazırda da həmin mənzildə yaşayır, kommunal xərclərini ödəyir. Həmin şəxslər ümumiyyətlə həmin mənzildə yaşamayıblar. Birinci instansiya məhkəməsi işi tam və obyektiv araşdırmayaraq iddia tələbini təmin etməmişdir. Hesab edir ki, qətnamə ləğv edilməli və iddia tələbinin təmin olunması ilə bağlı yeni qətnamə qət edilməlidir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, mübahisəli mənzil üçün ilkin ödəniş olaraq 500 ABŞ dollarını mənzilin istifadəçisi X2 ödəyib. 500 ABŞ dolları ödəməkdə məqsədi mənzilin istifadəçisinin mənzili özəlləşdirməsinə və ona satmasına kömək etmək idi. Bundan 2 ay sonra Gülnaz Rəsulova mənzilin ödənişini bütövlükdə istədi. O, Azərbaycanda deyildi, pulu anasına göndərib, ödəniş olunub və açarları təhvil alıblar. 2001-ci ildən həmin mənzildə yaşayır. Sonra mənzili özəlləşdirmək mümkün olmadı. Razılıq ərizəsi ala bilməyib. Bu səbəbdən mənzillə bağlı 3 illik etibarnamə alıb. 2014-cü ildə mənzili ona satan şəxsin Rusiyadan qayıtdığını öyrənib. Ondan mənzili özəlləşdirməsini tələb edib, amma alınmadı. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının qəbulunda olub. Onu Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı Aparatı Mənzil Təsərrüfat və Mənzillərin Uçotu Şöbəsinə yönəltdilər. Pandemiya ilə əlaqədar gözləməli oldu. 21 ildir ki, həmin mənzildə yaşayır. Mənzili abadlaşdırıb. Mənzil İcra Hakimiyyətinin balansındadır. İcra Hakimiyyətinə müraciət edib, ona izah ediblər ki ki, məhkəməyə müraciət etməlidir. Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət edəndə bildiriblər ki, məhkəmədə ona yardım göstərəcəklər və onunla müqavilə bağlamağa razılaşacaqlar. Amma göndərdikləri məktub deyilənləri təkzib edir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2(060)-3902/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı Aparatı Mənzil Təsərrüfat və Mənzillərin Uçotu Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MülkiProsessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərinə yaşayış sahəini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birlikdə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddirlər. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsində deyilir ki, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı onun Gülnaz Rəsulova ilə aralarında həyata keçirilmiş alğı-satqı nəticəsində əldə etdiyi H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsi, ev 1 ünvanında yerləşən mənzil 2-yə dair kirayə müqaviləsi bağlanmasına köməklik göstərilməsini xahiş etmiş, göstərilən mənzilə dair İddiaçı adına hər hansı hüquqməyyənedici sənəd mövcud olmadığından onun xahişinin təmin edilməsinin mümkün olmadığı bildirilmişdir. İşdə olan 21 saylı Mənzil Kommunal Sahəsinin 170 nömrəli, xx.xx.2019-cu il tarixli ailə tərkibi haqqında arayışın surətindən görünür ki, X12 2001-ci ildən ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanında qeydiyyatsız yaşayır. İşdə olan Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2063/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, həmin qərarla İddiaçı cavabdeh Sumqayıt şəhər Polis idarəsinə qarşı iddiaçının ünvan 6, 2 saylı mənzilə pasport qeydiyyatına alınması öhdəliyinin cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulması” barədə iddiası təmin edilməmişdir. İş materiallarında olan 21 saylı Mənzil Kommunal Sahəsinin 699 nömrəli, xx.xx.2022-ci il tarixli ailə tərkibi haqqında arayışından görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatsız yaşayır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 04 iyul 2022-ci il tarixli məktubundan görünür ki, ünvan 5 ünvanında yerləşən 2 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İşdə olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 6 ünvanında yerləşən mənzil 2-yə dair verilmiş orderin surəti şöbənin və ərazi üzrə 21 saylı Mənzil Kommunal Sahəsinin arxivində aşkarlanmamışdır. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-793/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, həmin qərardadla İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı mənzilə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmamışdır. İşdə olan Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2132/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, həmin qərardadla İddiaçı cavabdeh Azərbaycan Respublikası Sumqayıt şəhər icra Hakimiyyəti Başçısı Aparatı Mənzil Təsərrüfat və Mənzillərin Uçota Şöbəsinə qarşı “cavabdeh orqan Azərbaycan Respublikası Sumqayıt şəhər Hakimiyyəti Başçısı Aparatı Mənzil Təsərrüfat və Mənzillərın Uçotu Şöbəsinin hərəkət (hərəkəlsizliyini) qanunsuz hesab edib, Zeynalabdin qəsəbəsi, ünvan 7 ünvanına dair iddiaçı ilə kirayə (sosial) müqaviləsinin bağlanması vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması" barədə iddiası mümkün sayılmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1227/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı cavabdehlər X2 və X13 qarşı təmirtikinti işlərinə çəkilmiş xərcin alınmasına dair iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli - Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsində yerləşən 1 saylı evin 2 saylı mənzili dövlət mənzil fonduna aid olmaqla X5 və onun ailə üzvlərinə yaşayış üçün ayrılmışdır. Mübahisəli mənzilə dair X5 (və ailə üzvləri ilə) və iddiaçının ailə üzvləri arasında məhkəmə mübahisələri olmuş və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçının ailə üzvlərinin həmin mənzildən çıxarılması qət edilmişdir. Eyni zamanda şəxsən İddiaçı Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, ünvan 1-dən çıxarılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4983/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi də qanuni qüvvəsini almışdır. Buna baxmayaraq İddiaçı mübahisəli mənzilə istifadə hüququnun tanınması barədə müxtəlif cavabdehlərə qarşı iddia qaldırmış, onun iddiaları təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iş materiallarına istinadən iddianın təmin edilməməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Sumqayıt Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 387 saylı, xx.xx.1977-cı tarixli qərarı ilə X2 3 nəfər ailə tərkibi ilə yaşayış sahəsi ayrılmışdır. Hazırda iddiaçı 2001-ci ildən ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşadığını bildirərək, mübahisəli mənzilə istifadə hüququnun tanınması və onunla kirayə müqaviləsi bağlanması barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırki işdən görünür ki, tərəflər arasında mübahisə xx.xx.2009-cu l tarixdən əvvəl yarandığından hazırki işə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. 8-ci maddəsində mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları müəyyən edilərək göstərilir ki, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; mənzil-tikinti kooperativində üzvlük; mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Mənzil Məcəlləsinin 9.2.1-ci maddəsində mənzil hüququnun tanınması, 9.2.2-ci maddəsində mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması müəyyən edilmişdir. Yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülməsi barədə iddialara baxılarkən, istifadə hüququnun tanınması və ya köçürülməsi tələb olunan yaşayış sahəsinin hüquqi statusu, yəni kimə məxsus olması mütləq müəyyən olunmalıdır. Çünki, mənzil fondu Məcəllədə özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fondu kimi təsnifatlaşdırılmışdır və onların hüquqi rejiminin tənzimlənməsində fərqli cəhətlər vardır. Mənzilin hüquqi statusunun müəyyən olunması bir tərəfdən mübahisə tərəflərinin düzgün müəyyənləşdirilməsi, bununla da prosessual hüquq normalarına əməl olunması baxımından əhəmiyyətlidirsə, digər tərəfdən mübahisənin həlli üçün maddi hüquq normasının düzgün seçilməsi nöqteyi-nəzərindən zəruridir. Eyni zamanda iş materiallarından görünür ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsində yerləşən 1 saylı evin 2 saylı mənzili dövlət mənzil fonduna aid olmaqla X5 və onun ailə üzvlərinə yaşayış üçün ayrılmışdır. İddiaçı tərəfindən sözügedən mənzillə bağlı müxtəlif vaxtlarda müxtəlif cavabdehlərə qarşı çoxsaylı iddia tələbləri qaldırılmışdır. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1227/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin məzmunundan görünür ki: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4983/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə cavabdeh İddiaçı Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, ünvan 1-dən çıxarılması, iddiaçılar X5 və X11 həmin mənzilə köçürülməsi qət edilmiş və qarşılıqlı iddia tələbi üzrə İddiaçı cavabdehlər X5 və X13 qarşı cavabdehlərə verilmiş orderin etibarsız hesab edilməsi və mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 354/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4983/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən qarşılıqlı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4983/2021 saylı, xx.xx.2021 -ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7314/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X13 və qeyrilərinə qarşı X7 və qeyrilərini maraqlı şəxs qismində cəlb etməklə mənzildən istfadə hüququnun tanınması tələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt Apeliyasiya Məhkəməsinin 2(105)-473/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)7314/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 7314/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4709/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)473/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-473/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-176/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə, X11 X8, X4 və X9 qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair ilkin iddia ərizəsi və X6 və X3 X13 qarşı dəymiş maddi və mənəvi ziyana görə təzminatın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri rədd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi, qanuni qüvvəsini almış Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4983/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X5 və X13 qarşı cavabdehlərə verilmiş orderin etibarsız hesab edilməsi və mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddiası təmin edilməmiş, onun həmin mənzildən çıxarılması, iddiaçılar X5 və X11 həmin mənzilə köçürülməsi qət edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7314/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı həmin mənzildən istfadə hüququnun tanınması tələbinə dair iddiası rədd edilmişdir. İş materialları ilə müəyyən edilir ki, qanuni qüvvəyə minmiş qətnamə ilə iddiaçının ailə üzvlərinin həmin mənzildən çıxarılması qət edilmişdir. Eyni zamanda şəxsən İddiaçı Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, ünvan 1-dən çıxarılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4983/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi də qanuni qüvvəsini almışdır. Buna baxmayaraq İddiaçı mübahisəli mənzilə istifadə hüququnun tanınması barədə müxtəlif cavabdehlərə qarşı iddia qaldırmış, onun iddiaları təmin edilməmişdir. Bununla da məhkəmə kollegiyası qanuni qüvvəsini almış məhkəmə aktlarının preyudisiallığını və mənzil qanunvericiliyinin tələblərini nəzərə alaraq hesab edir ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsində yerləşən 1 saylı evin 2 saylı mənzilinə iddiaçının istifadə hüququnun tanınması və onunla kirayə müqaviləsi bağlanması üçün əsaslar olmadığından iddia tələbi təmin edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qanunvericilik normalarını düzgün tətbiq edərək haqlı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, şikayətin dəlilləri iddiaçı tərəfindən sübuta yetirilməmişdir və dəlillərə məhkəmə kollegiyası tərəfindən qiymət verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair apellyasiya şikayətlərinin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, qətnamənin ləğvi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində sadalanan əsaslar yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlili formal mülahizələrdən ibarət olmuşdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2(060)- 3902/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Sumqayıt Şəhər Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2(060)-3902/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver