Məhkəmə qərarları › İş №2(105)-58/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-58/2025

01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzil mübahisələri - Kredit müqaviləsi üzrə mübahisələr - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-58/2025 01.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı “Rabitəbank ASC”-nin Cavabdeh qarşı kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi, açıq hərracdan satılması və əmlakın boşaldılması tələbinə dair mülki iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X3 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi, açıq hərracdan satılması və əmlakın boşaldılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-289/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə

1. İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi, açıq hərracdan satılması və əmlakın boşaldılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli, 04/127/AİF saylı kredit müqaviləsi üzrə 40480,65 manat əsas, 2601,15 manat faiz olmaqla, cəmi 43081,8 manat borc, 219,25 manat dövlət rüsumu və bildirişin qeydiyyatı ilə bağlı 45 manat pul vəsaitinin tutulması, tutmanın ipoteka predmeti olan cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli, 1 bloklu binanın 1-ci blokunda, 5-ci mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 67,7 kv.m, yaşayış sahəsi 41,1 kv.m olan 18 saylı mənzilə yönəldilməsi, ilkin satış qiyməti müəyyənləşdirilməklə ipoteka predmetinin açıq hərrac vasitəsilə satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2014-cü il tarixli, 04/127/AİF saylı kredit müqaviləsi üzrə cəmi 43081,8 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 264,25 manat vəsaitin Cəmiyyətə ödənilməsi, mənzilə tutma yönəldildikdə və o, satıldıqda ipoteka qoyanın ən geci 1 ay ərzində həmin mənzildən çıxarılması və mənzilin boşaldılması, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2014-cü il tarixli, 04/127/AİF saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-289/2024 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia ərizəsi təmin edilərək, Cavabdeh xx.xx.2014cü il tarixli, 04/127/AİF saylı kredit müqaviləsi üzrə əsas borca görə 40480,65 (qırx min dörd yüz səksən manat altmış beş qəpik) manat, faiz borcuna görə 2601,15 (iki min altı yüz bir manat on beş qəpik) manat olmaqla, cəmi 43081,8 (qırx üç min səksən bir manat səksən qəpik) manat borc, məhkəmə xərclərinə görə cəmi 264,25 (iki yüz altmış dörd manat iyirmi beş qəpik) manatın və iş üzrə qiymətləndirmə ekspertizasının rəyinin alınması üçün ödənilmiş 500 (beş yüz) manat pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli, 1 bloklu binanın 1-ci blokunda, 5- ci mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 67,7 kv.m, yaşayış sahəsi 41,1 kv.m olan 18 saylı mənzilə tutma yönəldilməsi, həmin mənzilin likvid satış qiymətinin 55000 (əlli beş min) manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitdən cəmi 43081,8 (qırx üç min səksən bir manat səksən qəpik) manat pul vəsaitinin İddiaçı ASC-nin hesabına keçiriləsi, İddiaçı ASC-yə tam ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılması, ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli, 1 bloklu binanın 1-ci blokunda, 5-ci mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 67,7 kv.m, yaşayış sahəsi 41,1 kv.m olan 18 saylı mənzilə tutma yönəldikdə və o, satıldıqda Cavabdeh mənzili boşaldaraq 1 (bir) ay sonra həmin mənzildən çıxarılmaı qət edilmişdir.

3. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 317, 319, 385.1, 386, 425.1, 442, 443, 445, 448, 739-cu maddələri və İpoteka haqqında Qanunun tələbləri ilə əsaslandırmışdır.

4. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

5. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

6. Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. (...) 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

7. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (...)

8. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. (...)

9. Maddə 122. İddiaçı iddiadan imtina etdikdə və barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım üçün vəkilə ödənilən xərclərin bölüşdürülməsi 122.1. İddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. 122.2. İddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır. (...)

10. Maddə 370. İddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur.

11. Maddə 261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: (...) 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa; (...)

12. Maddə 262. İcraata xitam verilmə qaydası və nəticələri 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. (...) 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər.

13. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...) 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8 - 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir (...)

14. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadının qanuni qüvvəsi Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

15. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: (...) 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə;

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. İşə apellyasiya qaydasında baxılarkən İddiaçı ASC iddia tələbindən imtina edilməsinə dair ərizə təqdim edərək göstərmişdir ki, cavabdeh ilə İddiaçı ASC arasında razılıq əldə olunmuş və 15 avqust 2014-cü il tarixli, 04/127/AİF saylı kredit müqaviləsi üzrə borc cavabdeh tərəfindən ödənilmişdir. Buna görə də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən İddiaçı ASC Cavabdeh qarşı 15 avqust 2014-cü il tarixli, 04/127/AİF saylı krediti müqaviləsi üzrə iddiadan imtina edir. Bu səbəbdən mülki iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardad icra edilmədən, ekspert rəyi verilmədən işin məhkəməyə qaytarılmasını və iş üzrə icraatın təzələnərək icraata xitam edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.

17. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, iddiaçı iddia tələbindən imtina etdiyindən və tərəfin iddiadan imtina etməsi qanunazidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-289/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.

18. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

19. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, İddiaçı ASC iddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı tələbindən imtina etdiyindən, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh alınıb Məhkəmə Ekpertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-in 263-264, 267-268, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

İddia tələbindən imtina qəbul edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-289/2024 nömrəli qətnaməsi ləğv edilsin və İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi, açıq hərracdan satılması və əmlakın boşaldılması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver