Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-590/2025 20.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5028/2024 nömrəli, 17 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim V.Şirəliyeva) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024cü il tarixli, 128117-NEDVİJ-2899 nömrəli daşınmaz əmlakın ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia qaldıraraq Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 1715Q saylı bağ evinə dair Cavabdeh1 ilə "xxxx" ASC arasında xx.xx.2014-cü ildə bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və həmin bağa dair həmin müqavilə əsasında verilmiş hüquq müəyyənedici sənədlərin ləğvi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onun həyat yoldaşıdır. Belə ki, xx.xx.1986-cı ildə rəsmi nikahla ailə həyatı qurmuş və birgə nikahda olduqları vaxt faktiki yaşadıqları Sumqayıt şəhəri, Novxanı bağlar massivi, bağ evi 1715Q ünvanını əldə etmiş, burada bağ evi tikmiş və həmin evin tikintisinə böyük məbləğdə vəsait sərf etmişdirlər. Bu bağ evi onların birgə əmlakıdır. O, hazırda da bu bağ evində yaşayır. Lakin yaşadığı ünvana Sumqayıt şəhər üzrə İcra şöbəsindən xx.xx.2024-cü il tarixli bildiriş gələrkən bilmişdir ki, yaşadığı evi həyat yoldaşı onun xəbəri və razılığı olmadan banka girov qoymuş, pul götürmüşdür. Halbuki bu evi onlar birgə nikah dövründə əldə etmiş və bu ev onların əmlakıdır. Hazırda bilmişdir ki, Cavabdeh1 bankla xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi bağlamaqla bankdan 51000 ABŞ dolları məbləğində kredit ayrılmış, yaşadıqları və mülkiyyətində olan bu bağ evini həmin kredit müqabilində ipoteka ilə yüklü etmişdir. Ona o da məlum olmuşdur ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-139/2019 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin ona qarşı kredit müqaviləsi üzrə borcun tələbinə və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilməklə ondan 55636,75 manat əsas borcun, 11639,81 manat faiz borcu və 10 manat cərimə olmaqla, ümumilikdə 67286,56 manat pulun, ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manatın və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun bankın xeyrinə tutulması, tutmanın Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1715Q ünvanında yerləşən 0,18 ha torpaq sahəsi üzərində olan 122,10 km.m. ümumi sahəsi olan 4 otaqlı evə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 140 manat müəyyən edilməsi, evin açıq hərracdan satılaraq satış pulundan banka olan bütün borcların ödənilməsi və qalan pulun ona qaytarılması qət edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5028/2024 nömrəli xx.xx.2024-ci il tarixli qətnaməsinin tam ləğv edərək iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin müvafiq qətnaməsi əsassızdır, mülki və mülki prossesual qanunvericiliyin tələblərinə cavab vermir. Belə ki, Sumqayıt şəhəri, Novxanı bağlar massivi, bağ evi 1715Q ünvanınında yerləşən bağ evi onların birgə nikah dövründə əldə etmiş və bu ev onların birgə vəsait hesabına əladə edilmş əmlakıdır. Belə olan halda həmin yaşayış sahəsinə paylı mülkiyyət hüququ müəyyən olunmadan Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsi əsasında götümüş olduğu öhdəliyə əsasən tələbin mülkiyyətində olan əmlaka yönəldilməsi mülki qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə işin faktiki hallarını araşdırmamış və sübutlara qiymət verməmişdir. Məhkəmə işin bütün faktiki hallarını aydınlaşdırmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini məhkəmə araşdırması zamanı iddiaçının sözügedən ipoteka predmetinin ipoteka ilə yüklü edilməsinə dair razılığının olmamasına dair dəlili öz təsdiqini tapmaması ilə əsaslandırmış və gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 5.3, 14.1, 225.1, 225.2, 225.5, 225.6, 337.1, 337.2, 337.4, 390.1, Ailə Məcəlləsinin 31.1, 31.2, 32.2.2, 33.3, 33.4-cü maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnaməni apellyasiya qaydasında mübahisələndirmişdir. Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında sonuncunun bank qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1715Q ünvanında yerləşən 122.10 kv.m ümumi, 68.82 kv.m yaşayış, 53.28 kv.m yardımçı sahədən ibarət 4 otaqlı mənzilin bankın xeyrinə ipoteka ilə yüklü edilməsi və ipoteka ilə təmin olunmuş öhdəliklər ipoteka qoyan tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, habelə bu müqavilə ilə müəyyən edilən digər hallarda bankın ipoteka qoyana qarşı olan pul tələblərinin üstün qaydada ipoteka predmeti hesabına ödənilməsi ilə bağlı öhdəlik götürməsi barədə xx.xx.2024-cü il tarixli, 128117- NEDVİJ-2899 nömrəli daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanması işin mübahisəsiz halıdır. İddiaçı ipoteka müqaviləsi bağlanarkən onun razılığının alınmaması və məlumatının olmaması əsas gətirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, lakin iddia ərizəsində əsaslandığı hallar öz təsdiqini tapmamışdır. Əksinə iş materialları ilə onun sözügedən müqavilə bağlanarkən müqaviləyə etiraz etməməsi sübut olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən notariat kontoruna ünvanlanmış ərizədən görünür ki, sonuncu Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1715Q ünvanının banka girov qoyulmasına etiraz etməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekpertlərin rəyləri ilə, yeində müayinə keçirməklə, səs və video yazıları il, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən olunur. (Azərbaycan Respublikası MPM-nin 76.1, 76.2-ci maddələri) Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qeyd etdiyi hallar öz təsdiqini tapmadığından, iddia tələbini rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də qətnamə maddi və prosessual düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-590/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-590/2025
20.05.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver