Məhkəmə qərarları › İş №2(105)-650/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-650/2025

10.06.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Ailə münasibətləri üzrə mübahisələr - Mənzil mübahisələri - Ər-arvad arasında əmlak mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-650/2025 10.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X6 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e-2(012)-3578/2024 nömrəli, 17 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim M.Abbasova) İddiaçı Cavabdeh qarşı evə köçürülmə barədə iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tərəflər arasında bölünərək 2/3 hissədə payın ona, 1/3 hissədə payın isə cavabdehə verilməsi, dövlət rüsumu kimi ödədiyi 100 manat pulun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, onun 08 avqust 2008-ci il təvəllüdlü X2 və 13 iyun 2014-cü il təvəllüdlü X3 adlı iki uşağı ilə birlikdə Cavabdeh sahiblik və istifadəsində olan Abşeron rayonu, Xırdalan şəhəri, "Quşçuluq” yaşayış massivi, Zimistan Qurbanov küçəsi, 8/5 saylı fərdi yaşayış evinə istifadə hüququnun tanınması və həmin evə köçürülmələri, o cümlədən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 11 oktyabr 2007-ci ildə ailə qurub evlənmişdir. Nikah həmin tarixdə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1021 nömrəsi ilə qeydə alınmışdır. Cavabdehla birgə nikahdan 08 avqust 2008-ci il təvəllüdlü X2 və 13 iyun 2014-cü il təvəllüdlü X3 adlı iki uşaq doğulmuşdur. Abşeron Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, e2(012)-885/2024 nömrəli qətnaməsi ilə tərəflər arasında xx.xx.2007-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat Şöbəsində bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 nikah pozulduqdan sonra ananın himayəsində saxlanılması, onların xx.xx.2023-cü il tarixdən başlayaraq yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit məbləğdə alimentin tutularaq ona verilməsi qət edilmişdir. Onlar birgə nikah dövründə təxminən 2022-ci ilin dekabr ayında ünvan 1 ünvanında özbaşına tikili olan 4 otaqdan və 2 mərtəbədən ibarət fərdi yaşayış evini 55000 manata almış, evə istilik-kombi sistemi quraşdırıb, yüngül təmir etdikdən sonra oraya köçərək 2023-cü ilin sentyabr ayına kimi həmin evdə birlikdə yaşamışlar. Lakin nəzərə alınmalıdır ki, həmin evin bu günə dəyəri 70000 manatdan artıqdır. O, 2023-cü ilin sentyabr ayında faktiki nikah münasibətlərinə son qoyulması ilə bağlı iki övladı ilə birlikdə göstərilən fərdi yaşayış evini tərk etdiyindən evsiz qalmışdır. Cavabdeh onları həmin evə buraxmır və həmin evdən onlara düşən payı verməkdən imtina edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Abşeron Rayon Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan hakim mübahisəli evin özbaşına tikili olması, onların mübahisəli evdə cavabdehin razılığı ilə onun ailə üzvü kimi yaşamağı faktını aydınlaşdırmamışdır. İşə baxan hakim tərəfindən gəldiyi nəticəni təsdiq edən sübutlar ziddiyyətlidir, tərəflər arasında mövcud olmuş faktlar nəzərə alınmamışdır. Onların mübahisəli evə istifadə hüququnun olması və həmin evdə cavabdehlə birlikdə yaşamağı barədə iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. İşə baxan hakim mübahisə üzrə düzgün nəticəyə gəlməmiş, qanunvericiliyin tələblərinə uyğun mübahisəli evdən istifadə hüququ əldə etməyi iddianın qanuni olduğunu sübut edir, işə baxan hakimin mübahisə üzrə gəldiyi nəticə işin hallarına uyğun deyildir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini iddiaçı tərəfindən qeyd olunan halların mövcudluğunu təkzib edən mötəbər sübutlar təqdim olunmaması, iddia tələbinin əsasını təşkil edən halların öz təsdiqini tapmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin 11 oktyabr 2007-ci ildə rəsmi nikaha daxil olmaları və bu nikahdan iki qız övladının olması, Abşeron Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bu nikahlarının pozulması, uşaqların ananın himayəsində saxlanılmaqla, Cavabdeh hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit məbləğdə alimentin tutularaq İddiaçı verilməsi işin mübahisəsiz halıdır. İşin digər mübahisəsiz halına görə Cavabdeh ona nənəsi Ofelya Cəfərova tərəfindən 2021-ci ildə bağışlanmış mənzilin xx.xx.2022-ci ildə satışından əldə etdiyi 51700 manat vəsaitin hesabına xx.xx.2022-ci il tarixdə mübahisəli mənzili 50500 manata əldə etmişdir. İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, "Quşçuluq” yaşayış massivi, Zimistan Qurbanov küçəsi, 8/5 saylı fərdi yaşayış evinin onların sahiblik və istifadəsində olduğunu əsas gətirərək həmin evə istifadə hüququnun tanınması və köçürülmələrni xahiş etmiş, cavabdehsə bu evin onların birgə vəsaitləri hesabına deyil, məhz nənəsi Ofelya Cəfərova ona bağışladığı mənzilin satışından əldə etdiyi vəsaitin hesabına alındığını və hazırdada iddiaçı ilə ailə münasibətlərinə xitam verildiyini bildirərək iddiaya etiraz edir. Baxılan iş üzrə iddia tələbi evə istifadə hüququnun tanınması və köçürülmə barədədir. İddia tələbinin qanuni əsası kimi Mənzil Məcəlləsinin 30-cu və Mülki Məcəllənin 180ci maddələri nəzərdən keçirilə bilər. Göründüyü kimi fərdi yaşayış evi ilə bağlı tərəflər arasında hüquq münasibəti 2022-ci ildə yarandığından, eləcə də Azərbaycan Respublikası qanunvericiliyində özbaşına inşa edilmiş fərdi yaşayış evlərinə istifadə və köçürülməsi ilə bağlı hüquq normaları mövcud olmadığından, məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə mübahisəyə qanunun analogiyası tətbiq edilməklə bu dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından araşdırılmaqla hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin 11-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanuvericilikdə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analagiyası). Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır (Mənzil Məcəlləsinin 30.1., 30.4. maddələri). İddiaçının istifadə hüququnun tanınmaqla köçürülməsini arzuladığı fərdi yaşayış evi isə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməməklə özbaşına tikilidir. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. (Mülki Məcəllənin 180.1. maddəsi). Bu maddəyə görə özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının, o cümlədən istifadə hüququnun əldə edilməsi, yaxud belə tikilinin yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi mümkün deyildir. Lakin özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadəni də qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir. Bununla yanaşı, Mülki Məcəllənin 180-ci maddəsinin mənasına görə özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadəni qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir. Hazırkı işdə mübahisə predmeti olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər - yaşayış ehtiyacını qarşılayan tikili kimi mövcud olmaqla ona vəsait qoyan şəxsin (cavabdehin) əmlak hüquqlarının bir hissəsidir. Başqa sözlə, həmin şəxsin ev üzərində mülkiyyət haqqı yaranmasa da, onun həmin evlə bağlı sahib olduğu əmlak hüquqları mülkiyyət kimi qiymətləndirilə bilər. İlk növbədə nəzərə almaq lazımdır ki, iddiaçının istifadə hüququnun tanınmaqla fərdi yaşayış evinə köçürülmə tələbinin təmin olunması üçün sonuncu həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəməyə belə sübutlar təqdim etməmişdir. Belə ki, mübahisəli ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyadan istifadə etmək, onu sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən digər şəxsin (iddiaçının) hüquqları ilə yüklü edilə bilməz. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, iddianı təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğvinə dair apellyasiya şikayətinin dəlilləri formal mülahizə kimi dəyərləndirilməli, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver