Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-666/2024 15.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Xaçmaz rayonu, Yavər Şahbazov adına Çaykənarı kənd tam orta məktəbi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinə qarşı mülki iş üzrə (Açar sözlər: işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X7 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, cavabdehin nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-3418/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin surətindən və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişindən görünür ki, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə 29 avqust 2023-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada “Dövlət ümumi təhsil müəssisəsində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” ilə müəyyən olunmuş iştirak etməyən Xaçmaz rayonu, Çaykənarı kənd Y.Şahbazov adına tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi 27 sentyabr 2023-cü il tarixdən ləğv edilmişdir.
2. Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin təkrar sertifikatlaşdırmadan keçməyənlər barədə xx.xx.2023-cü il tarixli 3-29/3-2-537F/2023 nömrəli əmrinin 2.1-ci bəndindən görünür ki, təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin əmək müqaviləsinin 5 sentyabr 2023-cü il tarixədək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsini və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsini təmin edilməsi əmr edilmişdir.
3. ******* nömrəli Əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı XX qızı xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək əmək qabiliyyətini müvəqqəti olaraq itirmiş, xx.xx.2023-cü il tarixdən işə başlamışdır.
4. Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin təkrar sertifikatlaşdırmadan keçməyənlər barədə xx.xx.2023-cü il tarixli 62 nömrəli əmrindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək Yavər Şahbazov adına Çaykənarı kənd tam orta məktəbinə təhkim edilməklə Uşaqların Müdafiəsi İdarəsinə “sosial pedaqoq” vəzifəsinə təyin edilmişdir.
5. xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı bildirişdən görünür ki, İddiaçı ilə xx.xx.2023-cü il tarixdə müddətli əmək müqaviləsi bağlanmışdır.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Xaçmaz rayonu, Çaykənarı kənd Yavər Şahbazov adına tam orta məktəb və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinə qarşı məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu, Çaykənarı kənd Yavər Şahbazov adına tam orta məktəb ilə aralarında bağlanmış əmək müqaviləsinin xitam olunması barədə 27 sentyabr 2023-cü il tarixli, 34 saylı əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə işəgötürən tərəfindən 27 sentyabr 2023-cü il tarixindən işə bərpa olunan tarixədək olan müddət üçün orta aylıq əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 2003-cü ildə Xaçmaz rayonu, Çaykənarı kənd Yavər Şahbazov adına tam orta məktəbində əmək fəaliyyətinə başlamışdır. 2010-cu ildən həmin məktəbdə ibtidai sinif müəllimi işləmişdir. 27 sentyabr 2023-cü il tarixində Xaçmaz rayonu, Çaykənarı kənd Yavər Şahbazov adına tam orta məktəbinin 34 nömrəli əmri ilə onunla həmin məktəb arasındakı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Buna səbəb olaraq onun təkrar sertifikatlaşmadan keçməmiş hesab edilməyi göstərilir. İşdən çxarılmağı barədə əmrin surətini 28 sentyabr 2023-cü il tarixində rəsmi surətdə almışdır. Xaçmaz rayonu, Çaykənarı kənd Yavər Şahbazov adına tam orta məktəbi ilə aralarında bağlanmış əmək müqaviləsinin xitam olunması barədə 27 sentyabr 2023-cü il tarixli, 34 saylı əmri ilə razılaşmır. Hesab edir ki, həmin əmr əsassız və qanunsuzdur. Əvvəla işdən çıxmağı barədə əmr verilərkən o müalicədə olmuş və bu barədə əmək qabiliyyətinin olmaması barədə vərəqəsi vardır. Belə olan halda əmək müqaviləsinin ləğv edilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinə ziddir. Həmin maddənin tələbinə görə işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmçinin Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmrdə yalnız normativ hüquqi aktların maddələri sadalanır, qanunvericilikdə nəzərdə tutulan əmək müqaviləsinə xitam verilməsinin zəruriliyinin əsaslandılmır.
8. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-3418/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir (hakim Aynur Əliyeva).
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42, 45, 68-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 217.4 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı apellyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-3418/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərək görülən tədbirlər ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, o, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək əmək qabiliyyətini müvəqqəti olaraq itirmişdir və xx.xx.2023-cü il tarixdən işə başlamışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təkrar sertifikatlaşdırmadan keçməyənlər barədə xx.xx.2023-cü il tarixli, 3-29/3-2-537 F/2023 nömrəli əmrinin 2.1-ci bəndi əsas gətirilərək işəgötürən ilə onun arasında 14 sentyabr 2007-ci il tarixdən bağlanmış əmək müqaviləsinə 27 sentyabr 2023-cü il tarixli, 34 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Həmin əmr ilə razılaşmır. Hesab edir ki, əmr əsassız yerə verilmişdir. Ona görə də, əmr ləğv olunmalı, işə bərpa olunmalı, məcburi iş buraxdığı dövr üçün əmək haqqı ona ödənilməlidir. xx.xx.2023-cü il tarixdə keçirilən təkrar sertifikatlaşdırmada iştirak etmədiyinə səbəb ağır xəstə olduğundan əmək qabiliyyətini müvəqqəti itirməsi olmuşdur. Bu da üzrlü səbəbdir. Təkrar sertifikatlaşdırmada iştirak etməməyinin səbəbi üzrlü olduğundan hər bir halda nəzərə alınmalı və növbəti sertifikatlaşdırmada iştirak edənə kimi sözü gedən tam orta məktəbdə sinif müəllimi kimi əmək fəaliyyətini davam etməli idi. Üzrlü səbəbdən təkrar sertifikatlaşdırmada iştirak etmədiyi halda, peşəkarlıq səviyyəsinin, ixtisasının kifayət dərəcədə olmadığına görə onun tutduğu vəzifəyə uyğun gəlmədiyi aşkar edilməmişdir.
12. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq qərar qəbul edilərkən Quba-Xaçmaz Regional Təhsil İdarəsi onun tutduğu vəzifəyə uyğun gəlməməsi barədə Əmək Məcəlləsi ilə müəyyən edilmiş tədbirlər görməli idi. O, əmək fəaliyyətinə başlayandan (xəstəxanada müalicə alıb sağalandan) sonra tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə heç bir tədbir görülməmişdir. Bu Məcəllənin 70-ci maddəsinin “c” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilərdi ki, o qəsdən və ya səhlənkarlığla, etinasızlığla əmək funksiyasını, vəzifə borcunu yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin və əməyin normal ahəngini pozmuş olardı və ya işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurmuş olardı. Göründüyü kimi qeyd etdiyi hallar mövcud olmamışdır. Sözügedən Məcəllənin 70-ci maddəsinin “c” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verən şərtlər yoxdur. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. Qeyd etdiklərini nəzərə almadan ancaq və ancaq məhkəmə işəgötürənin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməsini səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərarını əsas gətirərək iddiasının rədd edilməsi ədalətsiz qətnamənin çıxarılmasına səbəb olmuşdur. Ona görə də iddiası məhkəmədə təmin edilməli, qətnamə ləğv edilib yeni qətnamə çıxarılmalıdır. Ədalətli məhkəmə araşdırılma hüququ pozulmuş və onun hüququnun bərpa olunmasına kömək etmək əvəzinə sübutları tam araşdırılmamışdır.
13. Hakim onun hüquq və vəzifələrini izah etməmiş, görüləcək və görülməyəcək hərəkətlərinin nəticəsi barədə xəbərdar etməmişdir. Hesab edir ki, öz tələbinin əsası kimi istinad etdiyi halı sübut etmişdir. Hakim işə obyektiv, qərəzsiz və birtərəfli baxmamışdır. Sübutları araşdırmamışdır. O öz faktlarını hesab edir ki, sübut etmişdir. Maddi hüquq normalarının və ya prossesual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsasdır.
14. xx.xx.2023-cü il tarixdə keçirilən təkrar sertifikatlaşdırmada əmək qabiliyyətini müvəqqəti itirməsi nəzərə alınmamışdır. Üzrlü səbəbdən təkrar sertifikatlaşdırmada iştirak etmədiyi halda, peşəkarlıq səviyyəsinin, ixtisasının kifayət dərəcədə olmadığına görə onun tutduğu vəzifəyə uyğun gəlməməsinin aşkar edilməməsi nəzərə alınmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinə əsasən səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürənin onun tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə bu Məcəllə ilə müəyyən edilmiş tədbir görülməmişdir. İşəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurmadığını nəzərə alınmamışdır. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. Məhkəmə qətnamə qəbul edərkən bu kimi faktiki halları aydınlaşdırmamışdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X4 məhkəmədən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanmasını xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X3 məhkəmədən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanmasını xahiş etdi.
18. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, bununla belə məhkəməyə teleqram ünvanlayaraq apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını və təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
19. Maddə 35. (İ, İİ və Vİİ hissələri) Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.
Azərbaycan Respublikası Əmək Məcəlləsi
20. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir.
“Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli, 155 nömrəli Qərarı
21. Bənd 5.2. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.
22. Bənd 5.3. Təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.
23. Bənd 5.4. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
32. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-3418/2023 nömrəli qətnaməsi tam mübahisələndirmişdir.
33. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır.
36. İşin mübahisəsiz hallarından görünür ki, peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə 29 avqust 2023-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada iştirak etməyən Xaçmaz rayonu, Çaykənarı kənd Y.Şahbazov adına tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi 27 sentyabr 2023-cü il tarixdən ləğv edilmişdir. Əmək müqaviləsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin təkrar sertifikatlaşdırmadan keçməyənlər barədə xx.xx.2023-cü il tarixli 3-29/3-2-537F/2023 nömrəli əmrinə əsasən ləğv edilmişdir.
37. Apellyant İddiaçı şikayətinin dəlili kimi xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək əmək qabiliyyətini müvəqqəti olaraq itirdiyindən, 29 avqust 2023-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada üzrlü səbəbdən iştirak etmədiyini bildirmişdir. Cavabdeh isə “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli, 155 nömrəli qərarına istinad etmişdir. Həmin Qərarın 5.4-cü bəndində imperativ qaydada (üzrlü səbəbin olub-olmamasından asılı olamayaraq) göstərilmişdir ki, təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.
38. İddiaçının şikayətində göstərilən “hakimin onun hüquq və vəzifələrini izah etməməsi”nə dair dəlili ilə bağlı kollegiya qeyd edir ki, mülki işin 25-26-cı səhifələrindən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixində qəbzi imzalayaraq hüquq və vəzifələrin izahına dair bildirişi almışdır.
39. Digər tərəfdən işin hallarından görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin təkrar sertifikatlaşdırmadan keçməyənlər barədə xx.xx.2023-cü il tarixli 62 nömrəli əmrinə əsasən, İddiaçı xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək Yavər Şahbazov adına Çaykənarı kənd tam orta məktəbinə təhkim edilməklə Uşaqların Müdafiəsi İdarəsinə “sosial pedaqoq” vəzifəsinə təyin edilmişdir.
40. Beləliklə, iddiaçı işdən çıxarılma ilə bağlı əmrin qanunsuz verilməsini iddia etsə də, lakin məhkəmədə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmiş, əksinə olaraq cavabdeh tərəfin etirazının əsaslarına dair təqdim etdiyi sübutlarla iddiaçının işdən çıxarılması barədə əmrin qanuna müvafiq olduğu müəyyən edilmişdir.
41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
42. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-3418/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.