Məhkəmə qərarları › İş №2(105)-675/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-675/2025

26.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil mübahisələri - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Mənzilə köçürmə - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-675/2025 26.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: fərdi yaşayış evindən çıxarılma və evə köçürülmə-subyektiv hüquq) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X13 (sədrlik edən və məruzəçi), X14 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, iddiaçı Həsənli (Quliyeva) Ramilə Qurban qızı, onun nümayəndəsi və vəkili Vəkil1, (sonuncu məhkəmə iclasında iştirak etmir) Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə (sonuncu məhkəmə iclasında iştirak etmir) Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-311/2025 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları:

1. Azərbaycan Respublikası ƏMDK yanında DƏDKR PHŞ hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1ində 0,02 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsi X2 mülkiyyətindədir. Onun adına xx.xx.2023-cü il tarixli B 158227 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur.

2. Bakı şəhəri 50 saylı Notariat Ofisində təsdiq edilmiş daşınmaz əmlakın ANİ ******* saylı, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 1ində yerləşən ümumi sahəsi 0.02 ha torpaq sahəsini X5 59000 manata satmışdır. Razılaşmaya əsasən alıcı 29000 (iyirmi doqquz min) manat məbləğində pul vəsaitini satıcıya notariusun depozit hesabı vasitəsi ilə, satış qiymətinin qalan 30000 (otuz min) manat təşkil edən hissəsini isə xx.xx.2022-ci il tarixədək satıcıya tam ödəməyi öhdəsinə göturmüşdür.

3. Sabunçu rayon Polis İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə 27 aprel 2024-cü il tarixli qəraraından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən vətəndaş X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır.

4. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2112/2025 nömrəli, 23 oktyabr 2025-ci il tarixli qətnaməsindən görünür ki, ilk iddia tələbi təmin edilərək, Abşeron Rayon Məmmədli kəndi ərazisində yerləşən ümumi sahəsi 0.02 ha olan torpaq sahəsinin satılması barədə cavabdeh Həsənli (Quliyeva) Ramilə Qurban qızı ilə Cavabdeh1 arasında Bakı şəhəri 50 saylı notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və Bakı şəhəri 50 saylı notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında reyestr nömrəsi **********95 olan ünvan 1i ünvanında yerləşən 0.02 ha torpaq sahəsinə dair Həsənli (Quliyeva) Ramilə Qurban qızının adına verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilmiş, qarşılıqlı iddia üzrə İddiaçı qarşılıqlı iddia üzrə Cavabdeh1 qarşı ”maddi və mənəvi ziyan” tələbinə dair iddiası təmin edilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı X8 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia (sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə) ərizəsi ilə müraciət edərək, cavabdehlərin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik şəxsinin tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş **********95 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan ünvan 1ində yerləşən 0,02 ha torpaq sahəsi və torpaq sahəsində yerləşən fərdi yaşayış evinə girişinə qadağa qoyulması, torpaq sahəsi və fərdi yaşayış evinin Cavabdeh2 və ailə üzvlərinin qanunsuz sahibliyindən alınması, onların əşyaları ilə birlikdə torpaq sahəsi və fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, iddiaçı və uşaqları xx.xx.2009cu il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X7 torpaq sahəsi və fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia bununla əsaslandırılmışdır ki, hal-hazırda özgənin qanunsuz sahibliyində olan və köçmək istədiyi ünvan 1inə yerləşən 0,12 ha (200 kv.metr) torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evini xx.xx.2022-ci il tarixdə Cavabdeh1 ilə aralarında bağlanmış və Bakı şəhəri 50 saylı notariat ofisinin xüsusi notariusu X11 tərəfindən təsdiq edilmiş ANİ№1040602 nömrəli alqı-satqı müqaviləsi əsasında müqavilənin 5-ci bəndində nəzərdə tutulmuş qaydada, yəni əmlakın ümumi qiymətinin 29000 manatını notariusun depozit hesabı vasitəsi ilə, 1000 manatını əl-bə-əl, qalan 30000 manatı isə xx.xx.2022-ci il tarixədək ödəmək şərti ilə almışdır və 2022-ci ilin oktyabr ayına kimi ailəsilə birlikdə həmin evdə yaşamışdır. Evdə yaşadığı müddətdə evə 3000 manat xərc çəkmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik şəxsinin tərəfindın xx.xx.2023-cü il tarixdə verilmiş **********95 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsi mülkiyyətindədir. Maddi imkanı olmadığı üçün evin qalıq dəyəri kimi 30000 manatı ödəyə bilmədiyinə görə Cavabdeh1 Rüben oğlu onu və uşaqları, xx.xx.2009-cu il tarixdə X9 və xx.xx.2018-ci il tarixdə X10 2022-ci ilin oktyabr ayına kimi zorla fərdi yaşayış evi və torpaq sahəsindən çıxardıb, 1 ay müdətində evi satıb ilkin ödəniş kimi ödədiyi 30000 min manatı, evin təmiri və yenidən bərpası üçün çəkdiyi 3000 manat xərci qaytaracağını vəd versə də onu aldadıb evini ondan xəbərsiz tanımadığı və halhazırda orada yaşayan Cavabdeh2 68000 manata satmışdır. Bu fakt 2024-cü ilin aprel ayında ona məlum olandan sonra Cavabdeh1 və onun bacısı oğlu, onunla birlikdə bu evi ona satmış X3 əməlləri barədə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Sabunçu RPİnin 15-ci PB-nə müraciət etmişdir. Araşdırma zamanı yuxarıda qeyd etdikləri öz təsdqini tapıb. Cavabdeh2 da mülkiyyətində olan əmlaka qanunsuz sahiblik edərək ordan çıxmaq istəmir. O isə 2022-ci ilin dekabr ayından bu günə kimi kirayədə qalıb hər ay 450 manat ödəməklə 9000 manat ziyana düşmüşdür, ödədiyi 9000 manat kirayə haqqını, 30000 manat ilkin ödənişi və 3000 manat təmir üçün çəkdiyi xərci cavabdehdən Cavabdeh1 Rüben oğlundan ala bilməməklə yanaşı mülkiyyətində olan torpaq sahəsində və fərdi yaşayış evində yaşaya bilmir. Bu səbəbdən də hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.

7. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-311/2025 nömrəli qətnaməsi ilə (hakim M.Mirhəsənli) iddia tələbi qismən təmin edilmiş, X5 məxsus ünvan 1ində yerləşən 0,2 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən Cavabdeh2 əşyaları ilə birlikdə çıxarılmaları, X2 uşaqları xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X12 ilə birlikdə ünvan 1ində yerləşən 0,2 ha torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət olunmuş, qətnamə qalan hissədə təmin olunmamışdır.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırma zamanı bəlli oldu ki, Cavabdeh1 öz mülkiyyətində olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evini 59000 manata R.Q.Həsənliyə satmış, həmin məbləğin 29000 manatı R.Q.Həsənli tərəfindən ödənilsə də, 30000 manat borc ödənilmədiyi üçün R.Q.Həsənli mübahisəli evdən çıxmışdır. Bundan sonra Cavabdeh1 mülkiyyət hüququ R.Q.Həsənliyə məxsus mübahisəli torpaq sahəsini digər Cavabdeh2 satmışdır. Hazırda cavabdehlər iddiaçıya məxsus torpaq sahəsində və orada inşa edilmiş fərdi yaşayış evində heç bir hüquqi əsas olmadan yaşayırlar. İşdəki hüquq müəyyənedici sənədlərdən görünür ki, mübahisəli daşınmaz əmlakın (torpaq sahəsinin) mülkiyyətçisi X6r. Fərdi yaşayış sahəsi onun adına qeydiyyatdan keçməsə də, ona məxsus 0,02 ha torpaq sahəsinin hüdudları daxilindədir. Bu hal gələcəkdə bu evin də iddiaçının adına qeydə alınmasını istisna etmir, yəni yaşayış evinin mülkiyyətinə dair onun “gözlənti hüququ” mövcuddur. Həmçinin mübahisəli torpaq sahəsi ilə bağlı müqavilə və onun əsasında verilmiş çıxarış mübahisələndirilməmiş və hazırda qüvvədədir. İddiaçı cavabdehlərdən mülkiyyətçisi olduğu əmlakdan çıxmalarını tələb etsə də, nəticəsi olmamışdır. Bu səbəbdən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İşin hallarına əsasən cavabdehlərin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə daşınmaz əmlak üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. Cavabdehlərin bu cür qanunsuz müdaxiləsi iş materialları, habelə özlərinin izahatları ilə tamamilə təsdiq olunur.

9. Məhkəmənin xx.xx.2024-cü il tarixli yerli baxış iclasında mübahisəli torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, fərdi yaşayış evinin kürsülü, 3 otaqdan ibarət olması və həmin fərdi yaşayış evində Cavabdeh2 yaşaması müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edib ki, iddia təmin qismən təmin edilməli, Cavabdeh2 əşyaları ilə birlikdə mülkiyyət hüququ ilə iddiaçıya məxsus ünvan 1ində yerləşən 0,2 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmalı, iddiaçı və uşaqları xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X12 həmin torpaq sahəsi və fərdi yaşayış evinə köçürülməlidir. İddiaçı iddia ərizəsində Cavabdeh2 ailə üzvlərinin kimlərdən ibarət olması barədə mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən həmin hissədə iddia tələbi rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 60-cı maddələri, İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 157.4-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun V.Q. Teryoxinin şikayəti üzrə 2010-cu il 15 yanvar tarixli Qərarına, və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri

11. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-311/2025 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.

12. Cavabdeh1 apellyasiya şikayəti onunla əsaslanıb ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. İddia ərizəsində qeyd edilənlər həqiqətə uygun deyildir. İddiaçı ilə 16 may 2022-ci il tarixində Abşeron Rayon Məmmədli kəndi ərazisində yerləşən onun mülkiyyətində olan ümumi sahəsi 0.02 ha olan torpaq sahəsinin 59000 manata satılması barədə Bakı şəhəri notariat ofisində nisyə alqı-satqı müqaviləsi bağlamışlar. Alqı-satqı müqaviləsinin şərtlərinə görə razılaşdırılmış qiymətdən 29000 manat məbləğində pul vəsaitini notariusun depozit hesabı vəsaiti ilə ödəmiş, satış qiymətinin qalan 30000 manat təşkil edən hissəsini isə xx.xx.2022-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Tərəflərə daşınmaz əmlakın alıcıya təhvil verilməsi, akt tərtib edilməklə rəsmiləşdiirlməsinin mümkünlüyü t izah olunmuşdur. Lakin alqısatqı müqaviləsi üzrə torpağın ödənilməmiş 30000 manat məbləğ X8 tərəfindən ona ödənilmədən, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə öz adına çıxarış alınması ilə bağlı müraciət etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfinizdən qanunsuz olaraq onun adına çıxarış verilmişdir. Bu Çıxarış tamamilə qanunsuz və əsassızdır. Hesab edir ki, bu hal onun mülkiyyət hüquqlarını kobud surətdə pozmuşdur. Həmin çıxarışın ləğv olunması barədə 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Lakin 35 gün müddətində müraciətə 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən cavab verilməmişdir. Bu səbəbdən Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Abşeron rayonu Məmmədli kəndində 0.02 ha torpaq sahəsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş-Qeydiyyat nömrəsi 1623034B33, qeydiyyat tarixi xx.xx.2023 çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi hal-hazırda Sumqayıt İnzibati Məhkəməsinin hakimi Aynur Axundovanın icraatındadır. Göstərilənlərə əsasən hesab edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-311/2025 saylı qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır.

13. Cavabdeh2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilənlər həqiqətə uygun deyildir. 2024-cü il tarixində xeyli müddətdir ki, tanıdığı Cavabdeh1 Rüben oğlundan ona məxsus ünvan 1inə yerləşən 0,12 ha torpaq sahəsi və və üzərində yerləşən fərdi yaşayış evini 68000 manatı almağa razılaşmışlar. Evin 39000 min manatını Əlibəyə nəğd şəklində verərək, qalan məbləği 1- 2 il müddət ərzində ona verəcəyi barədə razılığa gəlmişlər. Beləliklə o, həmin evə ailəsi ilə birlikdə köçüb. İl yarım olar ki, ailəsi ilə birlikdə həmin evdə yaşayır. Başqa yaşayış yeri yoxdur. Göründüyü kimi bu məsələdə vicdanlı alıcıdır. Mənzilin dəyərinin xeyli hissəsini ödəyib. Qalan hissənidə aralarındakı razılığa əsasən ödəyəcək. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-311/2025 saylı qətnaməsi onun mülkiyyət hüquqlarını kobud surətdə pozur. 4 nəfərin yaşadığı evdən (1 yaşlı ahıl anamsı və 1 yaşlı azyaşlı övladının yaşadığı) ailənin küçədə qoyan qətnamə ədalətli ola bilməz. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-311/2025 saylı qətnaməsi ləğv edilməklə, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətlərinə qarşı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında iddiaçı Həsənli (Quliyeva) Ramilə Qurban qızı və onun nümayəndəsi, vəkili Vəkil1 apellyasiya şikayətlərinə etiraz edərək hər iki apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişlər.

17. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə elektron kabinet vasitəsilə yazılı ərizə ünvanlayaraq, göstərmişdir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2112/2025 nömrəli, 23 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə mübahisə predmeti olan alqı-satqı müqaviləsi ləğv edilmişdir. Həmin müqavilə üzrə pul iddiaçıya qaytarılmışdır. Hazırkı halda iddia tələbinin təmin edilməsi üçüb heç bir əsas qalmamışdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 sonda hazırkı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin edilməsi, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. İş üzrə iddiaçı Həsənli (Quliyeva) Ramilə Qurban qızına və digər Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, qeyd olunan şəxslər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

19. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

20. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13 (hissə İ). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29 (hissə İ). Hər kəsin mülkiyyət hüququ vardır. Maddə 29 (hissə İİ). Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan stifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. 384.0. Apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayətlərindən görünür ki, hər iki apellyator Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-311/2025 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişlər.

24. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, əvvəlki və sonradan tədqiq olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir.

26. İddia tələbinin mahiyyətindən görünür ki, tələb iki hissədən: cavabdehlərin mübahisəli evdən çıxarılması və iddiaçının yetkinlik yaşına çatmayan övladları ilə birlikdə həmin evə köçürülməsi barədədir.

27. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin hallarına uyğun hesab etməyən məhkəmə kollegiyası mübahisənin həllinə dair aşağıdakıları qeyd edir.

28. Belə ki, araşdırılan işin mübahisəsiz halları ilə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 arasında mübahisəli əmlaka dair xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış və müqavilə şərtinə görə Cavabdeh1 mülkiyyətində olan ünvan 1ində yerləşən ümumi sahəsi 0.02 ha torpaq sahəsini X5 59000 manata satmışdır.

29. Razılaşmaya əsasən iddiaçı (alıcı) 29000 manat məbləğində pul vəsaitini satıcıya notariusun depozit hesabı vasitəsi ilə, satış qiymətinin qalan 30000 (otuz min) manat təşkil edən hissəsini isə xx.xx.2022-ci il tarixədək satıcıya tam ödəməyi öhdəsinə göturmüşdür.

30. İşin faktiki halları ilə müəyyən edilir ki, sözügedən alqı-satqı müqaviləsindən sonra, iddiaçı (alıcı) öz adına mübahisəli əmlaka dair hüquq müəyyənedici almışdır.

31. Lakin yuxarıda qeyd olunan müqavilə üzrə qalıq 30000 manat borc ödənilmədiyi üçün iddiaçı Ramilə Həsənli mübahisəli evdən çıxmışdır. Bundan sonra Cavabdeh1 mülkiyyət hüququ R.Q.Həsənliyə məxsus mübahisəli torpaq sahəsini digər Cavabdeh2 satmışdır.

32. Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, iş üzrə Cavabdeh1 tərəflər arasında Bakı şəhəri 50 saylı notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsini iddia icraatı qaydasında məhkəmədə mübahisələndirmişdir.

33. İş materiallarına əlavə edilmiş qanuni qüvvəsini almış Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2112/2025 nömrəli, 23 oktyabr 2025-ci il tarixli qətnaməsindən görünür ki, ilk iddia tələbi təmin edilərək, Abşeron Rayon Məmmədli kəndi ərazisində yerləşən ümumi sahəsi 0.02 ha olan torpaq sahəsinin satılması barədə cavabdeh Həsənli (Quliyeva) Ramilə Qurban qızı ilə Cavabdeh1 arasında Bakı şəhəri 50 saylı notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və Bakı şəhəri 50 saylı notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında reyestr nömrəsi **********95 olan ünvan 1i ünvanında yerləşən 0.02 ha torpaq sahəsinə dair Həsənli (Quliyeva) Ramilə Qurban qızının adına verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilmiş, qarşılıqlı iddia üzrə İddiaçı qarşılıqlı iddia üzrə Cavabdeh1 qarşı ”maddi və mənəvi ziyan” tələbinə dair iddiası təmin edilməmişdir.

34. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

35. Məhkəmə müdafiəsi hüququ konstitusion hüquq olsa da, bu hüquq mütləq hüquq deyil, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsi müəyyən şərtlər daxilində mümkündür və prosessual qanunvericiliyin qeyd edilən normalarından da göründüyü kimi bu şərtlər ondan ibarətdir ki, hər hansı fiziki şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət edə bilər və yalnız bu hallarda məhkəmədə iş başlanılır.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında vurğulamışdır ki, “apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”.

37. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

38. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə İddiaçı (Həsənlinin) tələbinin əsası olan müqavilə məhkəmə qaydasında ləğv edildiyindən, başqa sözlə iddiaçının mübahisəli daşınmaz əmlaka dair mülkiyyət hüququ aradan qalxdığından, onun həmin əmlaka münasibətdə hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur.

39. Kollegiya bu məqamda onu da nəzərə çatdırmağı vacib hesab edərək bildirir ki, MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

40. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

41. Yəni hazırkı işlə birbaşa əlaqəli olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2112/2025 nömrəli, 23 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə Həsənli (Quliyeva) Ramilə Qurban qızı ilə Cavabdeh1 arasında Bakı şəhəri 50 saylı notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsi və Bakı şəhəri 50 saylı notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edildiyindən və bu barədə qətnamə qanuni qüvvəsini aldığından həmin hallara yenidən məhkəmə müstəvisində qiymət verilməsi qeyri-mümkündür.

42. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməməlidir.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-311/2025 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evindən çıxarılma və iddiaçının azyaşlı uşaqları ilə birlikdə fərdi yaşayış evinə köçürülməsi barədə iddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver