Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-696/2024 01.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim X2, hakimlər X16 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağayeva Elnarə Nəriman qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil, işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunmuş X5 və X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, reyestrdən çıxarışın ləğv edilməsi və vərəsəlik payının müəyyən edilməsi tələbinə dair” mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, e-2(012)-4942/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, e-2(012)-4942/2023 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, reyestrdən çıxarışın ləğv edilməsi və vərəsəlik payının müəyyən edilməsi tələbinə dair” iddiası təmin edilməmişdir (hakim Məlahət Abbasova). Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, reyestrdən çıxarışın ləğv edilməsi və vərəsəlik payının müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında Abşeron rayon 2 saylı Notariat Ofisində xx.xx.2021-ci il tarixində ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 339.3 kv.metr olan qeyri-yaşayış sahəsinə dair bağlanmış bağışlama müqaviləsinin etibarsız (əhəmiyyətsiz) hesab edilməsi, həmin müqavilə əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh1 adına verilmiş **********305101-083002 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın ləğv edilməsi, sözügedən qeyri-yaşayış sahəsi üzərində İddiaçı vərəsəlik payının müəyyən edilməsi, 100 manat dövlət rüsumunun əvəzinin və 100 manat hüquqi xidmət xərcinin Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun qardaşı, Cavabdeh2 isə anasıdır. X1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. X8 və Cavabdeh2 02 oktyabr 1972-ci ildə nikaha daxil olmuşlar. Onlar birgə nikah dövründə birgə gəlirləri hesabına xx.xx.2005-ci il tarixdə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 339.3 kv.metr olan qeyri-yaşayış sahəsini əldə etmişlər. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.2005-ci il tarixli şəhadətnamədən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 339.3 kv.metr olan qeyri-yaşayış sahəsi üzərində Cavabdeh2 hüquqları rəsmiləşdirilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA ******* nömrəli, xx.xx.2007-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədəki 0.17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 7-8-ci girişinin 1-ci mərtəbəsində 339.3 kv.metr ümumi, o cümlədən 150.9 kv.metr əsas, 188.4 kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Atası vəfat edəndən sonra qardaşı - Cavabdeh1 xx.xx.2021-ci il tarixdə (yəni atasının vəfatından 45 gün sonra) anasının ağır itkisindən istifadə edərək, onu aldadaraq həmin qeyri-yaşayış sahəsinin ona bağışlanmasına nail olmuşdur. Belə ki, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 339.3 kv.metr olan qeyri-yaşayış sahəsini övladı Cavabdeh1 mülkiyyətinə vermişdir. Məlum olduğu kimi, valideynləri həmin daşınmaz əmlakı birgə nikah dövründə birgə gəlirləri hesabına əldə etmişlər, yəni həmin daşınmaz əmlak anasının adına qeydiyyata alınsa da, qanuna görə ata və anasının birgə mülkiyyəti hesab olunur. Qeyd edilən bağışlama müqaviləsi onun mülkiyyət hüququnu, başqa bir ifadə ilə qanunun imperativ normalarını pozduğu üçün etibarsız sayılmalıdır. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını xahiş edir. Birinci instansiya məhkəməsi iş üzrə yuxarıda qeyd olunan qətnaməni qəbul etmişdir. Həmin qətnamə ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, e-2(012)-4942/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi qanunvericiliyin maddi və prosessual normalarına zidd, həm də ədalətsiz və əsassızdır. Məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Hesab edir ki, məhkəmə Ailə Məcəlləsinin 32.1-ci və Mülki Məcəllənin 225.1-ci maddələrini düzgün nəzərə almamışdır. Belə ki, məhkəmə qətnaməsində deyilir ki: “Əmlak onunla (yəni Cavabdeh2 ilə) Şirinbala Xalıqovun nikahda olduqları vaxt əldə edilsə də (xx.xx.2005-ci il tarixdə), yalnız Cavabdeh2 adına qeydə alınmış, mərhum Şirinbala Xalıqovun bu əmlakın birgə nikah zamanı əldə edilmiş hesab edilməsi barədə tələbi olmamışdır. Onun ölümündən sonra övladı İddiaçı belə bir tələb irəli sürməsi mövcud qanunvericiliyə ziddir… İş materiallarında mübahisəli əmlakın Cavabdeh2 ilə Ş.Xalıqovun birgə nikahı zamanı birgə vəsait hesabına əldə edilməsi barədə hər hansı mötəbər sübut yoxdur (məhkəmə qətnaməsi, nikah kontraktı, razılaşma və s.). Hazırda isə onların övladı İddiaçı belə bir tələblə çıxış etməsi mövcud qanunvericiliyə əsasən yolverilməzdir”. Hesab edir ki, məhkəmənin bu formada yanaşması Mülki Məcəllənin 225.1-ci və Ailə Məcəlləsinin 32.1-ci maddələrinin tələblərinə ziddir. Bu normalardan məlum olduğu kimi, ər-arvadın nikah dövründə əldə etdikləri əmlak onlardan hansının adına qeydiyyata alınmasından asılı olmayaraq hər iksinin birgə mülkiyyətidir. Mülkiyyət isə istər fərdi mülkiyyət olsun, istərsə də ümumi birgə mülkiyyət, mülkiyyətçinin vəfatı ilə vərəsələrinin mülkiyyətinə keçir. Digər tərəfdən, əksi sübut edilənə qədər nikah dövründə əldə edilmiş əmlak ər-arvadın birgə gəlirləri hesabına əldə olunmuş hesab olunur. Bunu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “E.Salmanlının şikayəti üzrə…”https://constcourt.gov.az/az/decision/1409https://constcourt.gov.az/az/decision/140 9 xx.xx.2023-cü il tarixli Qərarı da açıq-aydın ifadə edir. Həmin Qərarda deyilir ki, “…tərəflərin iradəsinin dəqiq, birmənalı, aydın şəkildə ifadə olunmasına imkan verən əyani sübutların (yazılı müqavilə və s.) olmaması halında əmlakın ər-arvadın hər birinin ayrıca mülkiyyəti kimi qiymətləndirilməsi Ailə Məcəlləsi ilə müəyyən edilən ər-arvadın əmlakının qanuni rejiminin mahiyyəti və məqsədinə uyğun gəlməməklə yanaşı, ərin və ya arvadın öz hüquqlarından sui-istifadəsinə əhəmiyyətli şərait yaradaraq digər tərəfin Konstitusiya ilə təminat verilən mülkiyyət hüququnun pozulması ilə nəticələnə bilər”… Məhkəmə həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu, 60-cı maddələrinin və Mülki Məcəllənin 1159.1.1-ci, 1146-cı, 1151.1-ci, 1243.2-ci, 1255-ci, 390-cı, 389-cu, 337.4-cü, 337.3-cü, 337.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, üzərində atasının da mülkiyyət hüququ olan əmlakın onun vərəsəlik payına müvafiq gələn hissəsi atasının vəfatı tarixində (yəni xx.xx.2020-ci il tarixdə) qanun əsasında onun mülkiyyətinə keçib, çünki o, atasının mirasını qəbul edib. Bundan sonra, yəni xx.xx.2021-ci il tarixdə həmin əmlak anası Cavabdeh2 tərəfindən Cavabdeh1 bağışlanıb. Lakin bu vaxt onun razılığı alınmayıb. Yəni ona məxsus olan mülkiyyət payı da razılığı olmadan Cavabdeh2 tərəfindən Cavabdeh1 bağışlanıb. Məhz bu səbəbdən o, öz mülkiyyət hüququnu bərpa etmək və miras payını geri ala bilmək üçün həmin müqavilənin etibarsız (əhəmiyyətsiz) sayılmasını tələb edir. Məhkəmə isə qətnaməsində qeyd etmişdir ki, bundan əvvəl Cavabdeh2 bağışlama müqaviləsinin etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət etmiş və son nəticədə iddiası təmin edilməmişdir. Məhkəmənin mövqeyinə görə o, eyni iddianı yenidən qaldırmışdır, həmin iddia isə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə artıq rədd edilmişdir. Lakin o, hazırda bağışlama müqaviləsinin etibarsızlığını ona görə mübahisələndirir ki, həmin müqavilə ona pozulmuş mülkiyyət hüququnun bərpasında, atasından ona miras qalmış əmlak payını almaqda mane olur. Bu baxımdan Cavabdeh2 iddiası ilə onun iddiasının mahiyyəti və hüquqi əsasları tamamilə fərqlidir. Hesab edir ki, vərəsəlik yolu ilə onun mülkiyyətinə keçmiş əmlakın qanunvericiliyin imperativ normaları, onun mülkiyyət hüququ pozulmaqla Cavabdeh2 tərəfindən Cavabdeh1 bağışlanması bu barədə müqavilənin əhəmiyyətsiz olduğuna dəlalət edir və o həmin müqavilənin etibarsız sayılması tələbində haqlıdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2(012)-4942/2023 saylı qətnaməsinin ləğv edilməsini, yeni qətnamə qəbul edilərək onun iddia tələblərinin təmin olunmasını xahiş edir. Apellyasiya baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh1 və onun vəkili-nümayəndəsi Nümayəndə2, digər Cavabdeh2, həmçinin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Abşeron rayon 2 saylı Notariat Ofisi və DƏDKR PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onlarn iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edib şikayətin dəlillərinə uyğun izahat verdilər və apellyasiya şikayətinin təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunmuş X5 və X9 eyni məzmunlu izahatlar verərək İddiaçı iddiasını müdafiə etdilər, Cavabdeh1 onların hamısını aldatdığını və anaları Cavabdeh2 ona (Cavabdeh1) bağışladığı daşınmaz əmlakı bütünlüklə özününküləşdirərək həmin əmlakın mərhum ataları Ş.Xalıqova aid olmuş hissəsindən onların miras pay almaq hüquqlarını pozduğunu, özlərinin pozulmuş vərəsəlik hüquqlarının məhkəmə qaydasında bərpasına çalışdıqlarını bildirdilər, habelə iddiaçının apellyasiya şikayətinin və iddia tələblərinin təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş Cavabdeh1 vəkilinümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu və birinci instansiya məhkəməsinin düzgün qətnamə qəbul etdiyini bildirərək, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işin müəyyən olunmuş hallarına tətbiq edilməli hüquq normaları baxımından qiymət verib bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbləri yenidən (yeni əsasla) rədd edilməlidir. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.2005-ci il tarixli, 000010 saylı şəhadətnamənin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 339.3 kv.metr olan qeyri-yaşayış sahəsi Cavabdeh2 34201000 köhnə, 6840,20 yeni manata satılmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X8 ilə X18 xx.xx.1972-ci il tarixdə nikaha daxil olmuşlar. Nikahdan sonra arvada “Xalıqova” soyadı verilmişdir. İşdə olan MH ******* saylı, xx.xx.2007-ci il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 339.3 kv.metr olan qeyri-yaşayış sahəsi Cavabdeh2 mülkiyyətindədir. Obyektlə bağlı onun adına texniki pasport tərtib edilmişdir. İşdə olan ölüm haqqında AZ-İİ 234125 saylı şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 339.3 kv.metr olan qeyri-yaşayış sahəsini Cavabdeh1 bağışlamışdır. İşdə olan ********* qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 339.3 kv.metr olan qeyri-yaşayış sahəsi Cavabdeh1 mülkiyyətindədir. Obyektlə bağlı onun adına texniki pasport tərtib edilmişdir. İşdə olan Abşeron Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 qarşı bağışlama müqaviləsinin etibarsız sayılması və əmlakın dövlət reyestrindən çıxarışının ləğv edilməsi barədə iddia tələbinin təmin edilməməsi, iddia təmin edilmədiyindən dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 mart 2023-cü il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin olunmuş, Abşeron Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli qətnaməsi ləğv olunmuş, yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. İşdə olan Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh2 İddiaçı anası, Cavabdeh1 isə onun qardaşıdır. Cavabdeh2 xx.xx.1972-ci ildə Şirinbala Xalıqovla rəsmi nikaha daxil olmuş, bu nikahdan onların Zülfiyyə, Zaur, Sevinc, Əminə və Seymur adlı uşaqları doğulmuşdur. ünvan 2 ünvanında yerləşən, dövlət əmlakı olmuş 339,3 kv.metr ölçüdə qeyri-yaşayış sahəsi xx.xx.2005-ci il tarixdə müvafiq səlahiyyətli dövlət orqanı tərəfindən Cavabdeh2 satılmış, xx.xx.2007-ci il tarixdə Cavabdeh2 həmin əmlak üzərində mülkiyyət hüququna dair çıxarış verilmişdir. Şirinbala Xalıqov xx.xx.2020-ci ildə vəfat etmiş və bundan az müddət sonra (xx.xx.2021-ci ildə) sözügedən (iddiaçı tərəfindən mübahisələndirilən) qeyri-yaşayış sahəsi Cavabdeh2 tərəfindən notariat qaydasında Cavabdeh1 bağışlanmışdır. İddiaçı həmin qeyri-yaşayış sahəsinin valideynlərinin ümumi əmlakı olduğuna və bu əsas üzrə əmlakın ½ hissəsinin mərhum atasından miras qaldığına istinad edərək vərəsə kimi ona mübahisəli əmlakdan miras payı verilməsini tələb edir. Ona görə də İddiaçı məhkəmədə Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, reyestrdən çıxarışın ləğv edilməsi və vərəsəlik payının müəyyən edilməsi tələbinə dair” iddia qaldırmışdır. Qeyd olunduğu kimi, Abşeron Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, e- 2(012)-4942/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş, məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli əmlak xx.xx.2007-ci il tarixdən Cavabdeh2 məxsus olmuşdur. Əmlak onunla Şirinbala Xalıqovun nikahda olduqları vaxt əldə edilsə də (xx.xx.2005-ci il tarixdə), yalnız Cavabdeh2 adına qeydə alınmış, mərhum Şirinbala Xalıqovun sağ olduğu dövrdə bu əmlakın birgə nikah zamanı əldə edilmiş hesab edilməsi barədə tələbi olmamışdır. Onun ölümündən sonra övladı İddiaçı belə bir tələb irəli sürməsi mövcud qanunvericiliyə ziddir… İş materiallarında mübahisəli əmlakın Cavabdeh2 ilə Ş.Xalıqovun birgə nikahı zamanı birgə vəsait hesabına əldə edilməsi barədə hər hansı mötəbər sübut yoxdur (məhkəmə qətnaməsi, nikah kontraktı, razılaşma və s.). Hazırda isə onların övladı İddiaçı belə bir tələblə çıxış etməsi mövcud qanunvericiliyə əsasən yolverilməzdir. Başqa sözlə, Cavabdeh2 özünə məxsus əmlakı övladı Cavabdeh1 bağışlayarkən heç bir qanun pozuntusu törədilməmiş, bu zaman hər hansı şəxsin hüququ pozulmamışdır. Birinci instansiya məhkəməsi qeyd olunan mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 36 və 37-ci maddələrinə istinad etmişdir. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və hüquqi əsaslandırması ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.6-cı maddəsinə əsasən, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı əmlak daxildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli Qərarının 3-cü bölməsinin müddəalarına əsasən, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir. Qeyd edilən norma və müddəaların əksinə olaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli əmlak təkcə Cavabdeh2 məxsus olmuş, həmin əmlak onunla Şirinbala Xalıqovun birgə nikahda olduqları vaxt əldə edilsə də, yalnız Cavabdeh2 adına qeydə alınmış, mərhum Ş.Xalıqovun sağ olduğu dövrdə bu əmlakın birgə nikah zamanı əldə edilmiş hesab edilməsi barədə tələbi olmamışdır. Habelə, iş materiallarında mübahisəli əmlakın Cavabdeh2 ilə Ş.Xalıqovun birgə nikahı zamanı birgə vəsait hesabına əldə edilməsi barədə hər hansı mötəbər sübut yoxdur (məhkəmə qətnaməsi, nikah kontraktı, razılaşma və s.)... Odur ki, Ş.Xalıqovun ölümündən sonra övladı İddiaçı mübahisəli əmlakın yarısının mərhum atasının mülkiyyətinə aid olmasını iddia etməsi və həmin hissədən miras payı tələb etməsi mövcud qanunvericiliyə ziddir. Cavabdeh2 özünə məxsus əmlakı övladı Cavabdeh1 bağışlayarkən heç bir qanun pozuntusu törədilməmiş, bu zaman hər hansı şəxsin hüququ pozulmamışdır. Birinci instansiya məhkəməsi belə nəticəyə gələrkən ər-arvadın birgə mülkiyyətinin qanuni rejimini tənzimləyən qanunvericilik normalarını düzgün təfsir və tətbiq etməmişdir. Mübahisəli qeyri-yaşayış sahəsinin Cavabdeh2 adına satın alınmasına və onun mülkiyyəti kimi adına qeydə alınmasına baxmayaraq, sözügedən əmlak Cavabdeh2 ilə Şirinbala Xalıqovun birgə nikahda olduqları dövrdə əldə edildiyindən və bu əmlakın onlardan birinə məxsus olduğunu müəyyən edən məhkəmə qətnaməsi və ya əmlakı onlardan birinin bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini təsdiqləyən sübut olmadığından həmin əmlakın onların (ər-arvadın) birgə mülkiyyəti olması mübahisəsiz faktdır. Belə olduğu halda isə valideynlərinin birgə mülkiyyətində olmuş mübahisəli əmlakın mərhum atasına aid hissəsindən miras payı istəməsi İddiaçı subyektiv hüququdur. Həmin hüququ inkar edən birinci instansiya məhkəməsinin qətnaməsi qanuni sayıla bilməz. Bu baxımdan məhkəmə kollegiyası İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətinin dəlillərini qismən əsaslı kimi qiymətləndirir. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddiaçı iddia tələblərinin əsaslı olub-olmamasına münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının miras payı tələb etdiyi mübahisəli əmlak (qeyri-yaşayış sahəsi) Cavabdeh1 mülkiyyətinə digər Cavabdeh2 tərəfindən aralarında notarial qaydada bağlanmış xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi əsasında keçmişdir. İddiaçı Cavabdeh2 Cavabdeh1, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X6, X3, X7, İddiaçı, Abşeron rayon 2 saylı Dövlət Notariat Kontoruna və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin etibarsız sayılması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair” mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktlarında, o cümlədən Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2712/2023 nömrəli qərarında göstərilir ki, iddiaçı bağışlama müqaviləsini mübahisələndirərkən mövcud müqavilənin bağlanmasından xəbərdar olduğu halda, bu iddianı xx.xx.2022-ci il tarixdə, yəni 1 illik müddət ötürüldükdən sonra qaldırmışdır. Kəsici müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin müddətin tətbiqinə dair ərizə verməsi də tələb olunmur. Çünki Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən olunmuş bir illik müddət iddia müddəti olmamaqla qanunun həmin normasının qüvvəsi müddətin tətbiqi barədə ərizənin verilib-verilməməsindən asılı olmayaraq bunun üçün qanuni əsaslar olduqda tətbiq edilir. İddiaçı Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş 1 illik kəsici müddəti ötürmüşdür. Ona görə də bu əsasla müqavilənin etibarsızlığı barədə tələb təmin edilə bilməz... Qeyd olunan əsasa görə həmin mülki iş üzrə Cavabdeh2 iddiası təmin edilməmiş, mübahisələndirilən bağışlama müqaviləsi etibarlı əqd hesab edilmişdir. Həmin bağışlama müqaviləsi ilə mübahisəli əmlak bütövlükdə, yəni mərhum Şirinbala Xalıqova məxsus olmuş ½ hissə ilə birlikdə Cavabdeh1 mülkiyyətinə keçmişdir. Belə olduğu halda məhkəmə kollegiyasının qənaətincə, ilk növbədə mübahisələndirilən bağışlama müqaviləsinin mərhum Ş.Xalıqovun vərəsələrinə, o cümlədən hazırkı iş üzrə İddiaçı münasibətdə etibarlı olub-olmaması məsələsinə hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin 354.2-ci maddəsində deyilir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin müəyyən etdiyi hüquqi mövqeyə görə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə...” 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Konstitusiya Məhkəməsi 2 aprel 2021-ci il tarixli Qərarında kəsici müddətlərlə bağlı hüquqi mövqeyini daha geniş şərh edərək qeyd etmişdir ki, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir... Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Qanunvericiliyin şərh olunan müddəalarından göründüyü kimi, maraqlı şəxs iradəsinə zidd olan (iradəsini zədələyən, hüquq və qanuni mənafeyinə toxunan və ya bunları bilavasitə pozan) əqdi mübahisələndirmək niyyətindədirsə, bunu həmin əqdin mövcudluğunu (onun etibarsız sayılmasına əsas verən halları) bildiyi gündən bir il ərzində əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Hazırkı işin müəyyən olunmuş hallarından görünür ki, Şirinbala Xalıqovun xx.xx.2020-ci ildə vəfat etməsi ilə, Mülki Məcəllənin 1146-cı maddəsinə uyğun olaraq, həmin gündən miras açılmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”dən məlum olur ki, bu şəhadətnaməyə əsasən mərhum Ş.Xalıqovdan miras qalmış Abşeron rayonu Xırdalan şəhərində yerləşən fərdi yaşayış evinin 2/3 hissəsinin Cavabdeh1 miras payı kimi verilməsi, qalan 1/3 hissəsinin İddiaçı miras payı kimi açıq saxlanılması qərarlaşdırılmışdır. İşdə olan ərizələrdən görünür ki, digər vərəsələr (Əminə Səmədzadə, Zülfiyyə Kərimova, Sevinc Xalıqova və Cavabdeh2) isə həmin miras əmlakda olan öz miras paylarından imtina etmişlər. Göründüyü kimi, xx.xx.2020-ci ildə vəfat etmiş Şirinbala Xalıqovun vərəsələri xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən mərhumdan qalmış mirasa sərancam vermişlər; miras Cavabdeh1 və İddiaçı arasında bölünmüş, digər vərəsələr mirasdan pay istəməmişlər. Mübahisəli əmlak (qeyri-yaşayış sahəsi) isə daha əvvəl, xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən Cavabdeh1 bağışlanmış, bundan digər vərəsələr də məlumatlı olmuşlar. Lakin mirasın bölünməsi zamanı (2021-ci ilin martında) vərəsələrdən heç biri Cavabdeh1 mülkiyyətinə keçmiş qeyri-yaşayış sahəsinin mərhum Ş.Xalıqova məxsus olmuş hissəsinin (yarısının) miras kütləsinə daxil edilməsi, həmin hissədə miras payların müəyyən olunması və aralarında bölüşdürülməsi tələbini irəli sürməmiş, bununla əlaqədar xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsini mübahisələndirməmişdir. Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1257-ci maddəsinə əsasən, hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Həmin Məcəllənin 1268.1-ci maddəsinə əsasən isə, vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. İstinad edilən normalardan göründüyü kimi, vərəsə tərəfindən mirasın bir hissəsindən imtina edilərək digər hissəsinin qəbul (və ya tələb) edilməsinə yol verilmir. Yuxarıda qeyd edildiyi kimi, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş 1 illik kəsici müddət ötürüləndən sonra xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsini əvvəlcə Cavabdeh2 mübahisələndirmiş, İddiaçı (və digər vərəsələr) həmin iş üzrə üçüncü şəxs qismində cəlb olunsa da, lakin nə həmin vaxtdan əvvəl, nə də həmin dövrdə müstəqil olaraq məhkəməyə mübahisəli bağışlama müqaviləsinin etibarsız sayılması və bağışlanmış əmlakdan miras payı almaq hüququnun tanınması barədə tələblərlə (iddia ərizəsi ilə) müraciət etməmişdir. Eləcə də, İddiaçı, Cavabdeh2 iddiasına dair iş üzrə məhkəmə qərarlarını üçüncü şəxs qismində mübahisələndirmək hüququnun olmasına baxmayaraq, həmin qərarlardan apellyasiya, yaxud kassasiya şikayəti verməmiş, nəticə etibarilə qeyd olunan qərarlarla razılaşan şəxs kimi davranış nümayiş etdirmişdir. İddiaçı yalnız 2023-cü ilin sentyabrında (yəni 2 il yarımdan çox müddət keçəndən sonra) hazırkı iş üzrə irəli sürdüyü iddia tələbləri ilə xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsızlığını və həmin müqavilə əsasında bağışlanmış əmlakda onun miras payının müəyyən olunmasını mübahisələndirmişdir. Göründüyü kimi, hazırkı iş üzrə İddiaçı onun vərəsəlik hüququnu pozan xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsızlığını Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş 1 illik kəsici müddəti ötürəndən sonra mübahisələndirməyə başlamışdır, bu isə yolverilməzdir ona görə ki, həmin müddəti ötürdüyü vaxtdan o, sözügedən müqaviləni mübahisələndirmək hüququnu itirmiş, yəni müddətin ötürülməsi onun həmin hüququnun xitamına səbəb olmuşdur. Bu səbəbdən İddiaçı xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız sayılması barədə iddia tələbi təmin oluna bilməz. İddiaçı mübahisələndirmə müddətini ötürməklə xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsini artıq özünə münasibətdə də etibarlı əqd halına gətirmişdir. Mülki Məcəllənin 9.3-cü maddəsinə əsasən, qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz. İddiaçı mövqeyinə görə onun iddiası və hüquqi marağı vərəsəlik və mülkiyyət hüquqlarının bərpasına yönəlmişdir, buna görə də onun məhkəmədə irəli sürdüyü tələblərə həmin hüquqlarının müdafiəsi ilə bağlı qanunda nəzərdə tutulmuş müddətlər (iddia müddətləri) şamil olunmalıdır (əgər belə müddətlər nəzərdə tutulmuşdursa). Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, əgər mübahisəli əmlak Cavabdeh1 mülkiyyətinə vərəsəlik qaydasında keçsəydi, onda iddiaçının mülahizəsi (dəlili) haqlı olardı. Lakin mübahisəli əmlak Cavabdeh1 mülkiyyətinə məhz bağışlama müqaviləsi əsasında keçdiyindən, bu müqavilə etibarsız sayıldığı halda əmlakın geri alınması və onun üzərində başqa əsasla sərəncam verilməsi mümkün ola bilər. Odur ki, iddiaçıya münasibətdə mübahisələndirilən müqavilə etibarsız sayıla bilmədiyindən bundan irəli gələn digər tələblərin (çıxarışın ləğv edilməsi və vərəsəlik payının müəyyən edilməsi tələblərinin) də təmin edilməsi mümkün deyildir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçı iddiası qanuni olmadığından, yəni həmin iddia mübahisələndirməyə imkan verən qanunda nəzərdə tutulmuş müddətin ötürülməsi ilə verildiyindən təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, e-2(012)-4942/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul olunsun. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, reyestrdən çıxarışın ləğv edilməsi və vərəsəlik payının müəyyən edilməsi tələbinə dair” iddiası təmin edilməsin. Hazırkı qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-696/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-696/2024
01.07.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Vərəsəlik hüququ üzrə mübahisələr - Sair mülki iş - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver