Məhkəmə qərarları › İş №2(105)-7/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-7/2025

29.04.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-7/2025 29.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X9 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(012)-216/2021 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddia tələbinin təmin edilməsi, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 5.000 manat və Cavabdeh2 5.000 manat pul kompensasiyası verilməklə onların Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 9 saylı ev, 7 nömrəli mənzilə olan istifadə hüquqlarına xitam verilməsi, bu qətnamə Cavabdeh1 və Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 9 saylı ev, 7 nömrəli mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır, qətnamə Cavabdeh1 və Cavabdeh2 pul kompensasiyasının verilməsi ilə onların həmin mənzildən pasport qeydiyyatından çıxarılması eyni vaxtda icra olunması, Cavabdeh1 və Cavabdeh2 özlərinə məxsus əşyaları ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 9 saylı ev, 7 nömrəli mənzildən çıxarılmaları və mənzil boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Cavabdehlər Orxan və Səkinə İsmayılovlar qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 6.000 manat pul kompensasiya verilməklə iki azyaşlı uşaqları ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 9 saylı ev, 7 nömrəli mənzilə olan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, pasport qeydiyyatından çıxarılmasına əsas olması, cavabdehlərin özlərinə məxsus əşyaları ilə birlikdə evdən çıxarılması, mənzilin boşaldılması və mənzilin İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışında iddiaçı iddia tələbini dəqiqləşdirərək cavabdehlər Cavabdeh1 5000 manat və Cavabdeh2 5000 manat pul kompensasiyası verilməklə iki azyaşlı uşaqları ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 9 saylı ev, 7 nömrəli mənzilə olan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, pasport qeydiyyatından çıxarılmasına əsas olması, cavabdehlərin özlərinə məxsus əşyaları ilə birlikdə evdən çıxarılması, mənzilin boşaldılması və mənzilin İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 9 saylı evin, 7 nömrəli mənzili vaxtı ilə dövlət tərəfindən verilmiş, mənzil qeydiyyatda olanların razılığına əsasən onun adına Seriya RX №1283616 saylı, xx.xx.2018-ci il tarixli, **********76-05101-093069 reyestr nömrəli çıxarışla onun mülkiyyətinə verilmişdir. Hal-hazırda mübahisəli mənzil onun xüsusi mülkiyyətindədir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vaxtı ilə qeyri-qanuni yolla sözügedən mübahisəli mənzilə qeydiyyata alınmışlar. Onun iddia tələbi ilə Abşeron Rayon Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli qətnaməsinə əsasən X1, X3 və X2 istifadə hüquqları itirilmiş, Cavabdeh2 və Cavabdeh1 ilə 24 ildə həmin mübahisəli evdə yaşadıqlarından, sözügedən mübahisəli evə dair yaşamaq hüququ əldə etdiklərinə görə onlara aid olan hissədə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamə yuxarı məhkəmə instansiyaları tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Məlum olmuşdur ki, yalnız 3 (üç) illik həmin ərazi üzrə 1 (bir) otaqlı, həmin şəraitlə olan mənzilin kirayə pulunu kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilə bilər və bu üsulla cavabdehlər mübahisəli mənzildən çıxarıla bilərlər. O, məcbur olaraq, 12 mart 2019-cu il tarixdə rəsmi ərizə ilə Azərbaycan Respublikası "xxxx" MMC-yə müraciət edərək, təmirsiz 1 (bir) otaqlı Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 9 saylı binada evin bazar dəyərini və həmin ərazidə 1 (bir) otaqlı həmin sözügedən mübahisəli mənzilə oxşar 3 (üç) illik kirayə pulunun nə qədər təşkil edilməsi barədə rəy verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası "xxxx" MMC 16 mart 2019-cu tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 9 saylı binada təmirsiz 1 (bir) otaqlı mənzilin bazar qiyməti 30.000-32.000 min manat, həmin ərazidə 1 (bir) otaqlı təmirsiz mənzilin 1 (bir) aylıq kirayə pulu isə 150-160 manat təşkil edir. Belə ki, həmin ərazidə oxşar 1 (bir) otaqlı təmirsiz mənzilin 1 (bir) ayı 160 (yüz altmış) manat ödəməklə ümumilikdə, 36 (otuz altı) ay hesablamaqla, 5760 (beş min yeddi yüz altmış) manat təşkil etsə belə, artıqlaması ilə 10000 manat kompensasiya ödəyərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iki azyaşlı uşaqlarla birlikdə, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 9 saylı evin, 7 nömrəli mənzilə dair yaşayış sahəsindən istifadə hüququna xitam verilməli və eyni zamanda cavabdehlər iki azyaşlı uşaqlarla birlikdə pasport qeydiyyatından çıxarılmaqlarına əsas olması, özünə məxsus əmlak əşyaları ilə birlikdə evdən çıxardılması, mənzilin boşaltdırılması, mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Abşeron Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddianı təmin etməsinin hüquqi əsası kimi həmin maddi hüquq normasına istinad etməsi qanunsuz və əsassızdır. Qeyd edilən maddi hüquq norması hazırkı iş üzrə tətbiq oluna bilməz. Belə ki, işin yuxarıda qeyd olunan faktiki hallarından göründüyü kimi, cavabdehlərin mənzilə istifadə hüquqları 1990-cı və 1994-cü ildən yaranmışdır və bu gün də orada yaşayırlar. Cavabdehlərin qeyd edilən mənzilə istifadə hüquqlarının olmasının təsbit edildiyi Abşeron Rayon Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli, 2(012)-4616/2018 nömrəli qətnaməsində bu faktiki hallar artıq müəyyən olunmuşdur. Mübahisəli hüquq münasibətinin yarandığı zaman Azərbaycan Respublikası Mülki Məcəlləsi qüvvədə olmamışdır, həmin Məcəllə Azərbaycan Respublikasının 26 may 2000-ci il tarixli, 886-İQ saylı Qanununa əsasən, 2000-ci il sentyabr ayının 01-də qüvvəyə minmişdir. Bu səbəbdən də maddi hüquq nomarı qismində həmin normaya istinad edilməsi pozuntudur. Mübahisəyə maddi hüquq norması qismində 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməli olduğu halda edilməmişdir. Göründüyü kimi, mübahisəli hüquq münasibəti 2000-ci il sentyabr ayının 01-dən əvvəl yaranmışdır. Belə olan halda, mübahisəyə Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Qeyd edilməlidir ki, iddiaçı xüsusi mülkiyyətçi kimi hüquqa 2018-ci il tarixdə malik olmuşdur. Nə Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan köhnə, nə də həmin tarixdən qüvvədə olan yeni Mənzil Məcəlləsində yaşayış sahəsinə istifadə hüququna kompensasiya verməklə xitam verilməsi üsulu nəzərdə tutulmamışdır. Həmin Məcəllənin 87 və 123-cü maddələrində yaşayış sahəsinə xitam verilməsinin əsasları göstərilmişdir ki, buna əsas verən xüsusatlar hazırkı iş üzrə mövcud deyildir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdehlərin nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni iddiaçının təklif etdiyi məbləğdə kompensasiya müqabilində cavabdehlərin istifadə hüququna xitam verilməsini məqsədəmüvafiq hesab etməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə cavabdehlər tərəfindən mübahisələndirilərək, apellyasiya şikayəti vermiş və qətnamənin ləğv olunaraq iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. İşdən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 9 saylı evin, 7 nömrəli mənzilin seriya RX №1283616 saylı, xx.xx.2018-ci il tarixli, **********76-05101- 093069 reyestr nömrəli çıxarışla iddiaçının mülkiyyətinə verilməsi işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma və boşaldılaraq iddiaçıya təhvil verilməsi barədədir. İşin müəyyən edilmiş hallarına əsasən Cavabdeh2 1990-cı ildən, Cavabdeh1 1994cü ildən mübahisəli mənzildə istifadə hüquqları yaranmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti təşkil edən mənzil ilə bağlı tərəflər arasında hüquq münasibətinə, mübahisənin yarandığı vaxt qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun olaraq baxılaraq hüquqi qiymət verilməlidir. Mülki Prosessual Məcəllənin 217.2. maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1. və 228.2.-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı). Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci bəndinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarı). Həmin qərarda həmçinin göstərilmişdir ki, yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin və digər şəxslərin yaşayış sahəsindən istifadə qaydası, o cümlədən belə istifadəyə xitam verilməsi Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsində müəyyən olunmamışdır. Nəticədə həmin məsələlərlə bağlı mülkiyyətçi ilə bu şəxslər arasında münasibətlər tənzimlənməmış və hər iki tərəfin hüquqları üçün qeyri-müəyyənlik yaranmışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Mənzil Məcəlləsinin 123-cü maddəsi bir tərəfdən mülkiyyətçiyə, ona məxsus olan yaşayış sahəsindən ailə üzvlərinin və başqa şəxslərin istifadə etmək hüquqlarına xitam verməyə qadağa qoymur, digər tərəfdən isə yaşayış sahəsindən istifadə etmək hüquqlarının kompensasiya verilməklə xitamını da istisna etmir. Həmin maddə qeyrimüəyyən olsa da, yaşayış sahəsindən istifadə etmək hüququna kompensasiya verilməklə xitam verilməsi mülkiyyətçinin könüllü iradəsi əsasında mümkündür. Bu baxımdan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, yaşayış sahəsindən istifadəyə xitam verilməsi məsələsi məhz yaşayış sahəsindən istifadə qaydasına aid olunan məsələlərdən biri olduğundan, hazırkı iddianı qaldırmaqda iddiaçı haqlı olmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2. maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Apellyasiya baxışında İddiaçı yazılı ərizə ilə məhkəməyə müraciət edərək, əvvəlki təklif etdiyi kompensasiyanın məbləğini artıraraq hər cavabdehə 7000 (yeddi min) manat olmaqla ümumilikdə 14.000 (on dörd min) manat məbləğində kompensasiya verdiyini bildirmiş və təklif olunan məbləğin bazar qiymətlərinə uyğun ağlabatan hesab etmişdir. Hazırki iş üzrə iddiaçı tərəfindən təklif olunan kompensasiya məbləği ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu məbləği bazar qiymətlərinə uyğun olmaqla, hər iki tərəfin mənafeyinə, o cümlədən, mənzildən istifadə hüququna xitam verilən cavabdehlərin sonrakı vəziyyəti, yəni onların başqa yaşayış sahəsi ilə təmin olunması üçün yetərli olmaqla kompensasiyanın məbləği istifadə hüququna mütənasibdir. Nəzərə alınmalıdır ki, kompensasiyanın da verilməsində məqsəd cavabdehlərin özlərinə yaşayış sahəsi qurmaqdan ötrü iddiaçının hesabına müəyyən müddətə başqa ərazidə yaşayışının təmin edilməsi mümkün olsun. Bu mənada məhkəmə kollegiyası iddiaçı tərəfindən hər bir cavabdehə təklif edilən 7000 (yeddi min) manat kompensasiyanın məbləğini hazırkı bazar qiymətlərinə uyğun hesab edir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birinə 7000 (yeddi min) manat kompensasiya verilməklə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 9 saylı ev, 7 nömrəli mənzilə dair istifadə hüquqlarına xitam verilməklə cavabdehlər həmin evdən əmlakları ilə birlikdə çıxarılmalı və qətnamə kompensasiyanın cavabdehlərə verilməklə çıxarılması hissəsində eyni vaxtda icra edilməli, mənzil boşaldılaraq İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 9 saylı ev, 7 nömrəli mənzilə cavabdehlərin hər birinə 7000 (yeddi min) manat, ümumilikdə 14000 (on dörd min) manat kompensasiya verilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüququna xitam verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 9 saylı ev, 7 nömrəli mənzildən əşyaları ilə birlikdə çıxarılsınlar. Qətnamə kompensasiya məbləğinin cavabdehlərə verilməklə onların həmin mənzildən çıxarılması hissəsində eyni vaxtda icra edilsin, mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar