Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-703/2021 24.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X7 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçının nümayəndəsi: X5, Cavabdeh: Cavabdeh1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin ləğv edilməsi, kreditin, faizlərin, cərimənin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.M.Kazımov) iddianın qismən təmin edilməsi, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 08.11.2013-cü il tarixli, 040HOME395750 saylı kredit müqaviləsinə əsasən 61075 (altmış bir min yetmiş beş) manat 51 (əlli bir) qəpik manat məbləğində əsas, 15487 (on beş min dörd yüz səksən yeddi) manat 41( qırx bir) qəpik məbləğində faiz borcu, cərimə borcu üzrə tələb azaldılaraq 20 (iyirmi) manat olmaqla, cəmi 76582 (yetmiş altı min beş yüz səksən iki) manat 92 (doxsan iki) qəpik, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan cəmi 10 (on) manat və xidmət haqqının əvəzi olan 20 (iyirmi) manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0277 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 İddiaçı ASC-yə olan borcunun ödənilməsi, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0277 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi, iddia tələbinin cərimə borcu üzrə qalan hissədə təmin edilməməsi, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 08.11.2013-cü il tarixli, 040HOME395750 saylı kredit müqaviləsinin ləğv edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 08.11.2013cü il tarixli, 040HOME395750 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 iddiaçının xeyrinə əsas kredit borcu üzrə 61075,51 manat, faiz borcu üzrə 15487,41 manat, cərimə borcu üzrə 2446,56 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmiş 10 manat, xidmət haqqı kimi ödənilmiş 20 manat olmaqla, cəmi 79069,47 manat pulun tutulması, tələbin ipoteka predmeti olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0277 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 79069,47 manat pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0277 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin fərdi yaşayış evindən boşaldılması və ipoteka predmetinin hərracda satışından əldə edilmiş pul borcun ödənilməsi üçün kifayət etmədikdə borcun qalıq məbləğinin Cavabdeh1 ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış 040HOME395750 saylı, 08.11.2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 torpaq sahəsinin və üzərində tikilməkdə olan yaşayış evinin alınması üçün 84 ay müddətinə, illik 9 % ödəmək şərti ilə 88388 ABŞ dolları məbləğində kredit verilmişdir. Abşeron rayon 1 saylı Notariat Kontorunda 08.11.2013-cü ildə bağlanmış torpaq sahəsinin alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh1 satın aldığı Abşeron rayonu Masazır kəndində yerləşən 0,0277 ha torpaq sahəsini kreditin təminatı kimi bank qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka qoyanın arvadı – Cavabdeh2 həmin əmlakın ipoteka qoyulmasına notarial qaydada təsdiq edilmiş razılıq vermişdir. Bankın ipoteka hüququ 27.11.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Borcalanın ərizəsinə əsasən onunla bank arasında bağlanmış kredit müqaviləsinin restrukturizasiyasına dair 08.04.2015-ci il tarixli razılaşmaya əsasən borcalanın bu tarixə olan 75 749,21 ABŞ dolları məbləğində borc qalığı həmin günə olan valyuta kursuna (1 ABŞ dolları =1,0517 AZN) uyğun olaraq manata konvertasiya edilərək borc qalığı 799 660 manat, kreditin qaytarılması üçün son müddət 08.01.2024-cü il müəyyən edilmişdir. 07.05.2015-ci il tarixdə Abşeron rayon 1 saylı Notariat Kontorunda alqı-satqı və ipoteka müqaviləsinə müvafiq dəyişikliklər olunmuşdur (həmin müqaviləyə Əlavə № 1). Kredit müqaviləsinin şərtlərinə görə borcalan hər təqvim ayının müvafiq günündə kredit və kreditdən istifadəyə görə faiz məbləğini hissə-hissə Banka ödəməlidir. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borcalan kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə 23.04.2020-ci il tarixə ödənilməsi gecikdirilən borcun məbləği əsas borc üzrə 61075,51 manat, faizlər üzrə 15487,56 manat,cərimə üzrə 2446,56 manat təşkil edir. Belə olan halda ipoteka predmeti kimi həm torpaq sahəsinə, həm də onun üzərindəki tikilən fərdi yaşayış evinə yönəldilməlidir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi F.Manafov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə ilkin satış qiyməti müəyyən olunmadığı üçün həmin hissəsində ləğv edilməli və ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti müəyyən edilməlidir. İpoteka müqaviləsindən görünür ki, kredit öhdəliyinin təminatı olaraq banka girov qoyulmuş Abşeron rayon Masazır kəndində yerləşən 0.0277 ha torpaq sahəsinin satış qiyməti 10.500 manat müəyyən edilmişdir. Məhkəmə prosesi zamanı hər iki tərəf məhkəməyə bildirmişdir ki, ipoteka predmeti olan torpaq sahəsi üzərində yaşayış sahəsi tikilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının qanunun 52-ci maddəsinin tələbinə əsasən, ipoteka qoyan ipoteka müqaviləsi üzrə girov qoyulmuş üzərində tikinti olmayan torpaq sahəsində ipoteka saxlayanın razılıgı olmadan qanunvericiliklə müəyyən edilmiş qaydada bina, tikili və ya qurguları tikdirmək hüququna malikdir. Abşeron Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli 2(012)-2870/2020 saylı qətnaməsini qismən ləğv edərək, əmlakın ilkin satış qiymətinin müəyyən olunması məqsədi ilə müvafiq ekspertiza keçirilməklə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi əsassızdır. Qətnamədən aydın görünür ki, onlara 08 noyabr 2013-cü il tarixdə iddiaçı tərəfindən 88.388 ABŞ dolları ayrılmışdır. Kredit ayrılan vaxtlarda 2017-ci ilin sentyabr ayına qədər qrafikə uygun olaraq hər ay gecikməsi olmadan ödənişləri etmişdir. Son illər dünyada gedən devalivasiya ilə əlaqədar olaraq onun ailəsində geriləmə baş vermişdir. Bu səbəblərdən də ödənişlərlə ləngimələr baş vermişdir. Buna baxmayaraq İddiaçı ASC-nə tərəfindən ümumilikdə 55.000 manat pul ödəmişdir. Bu günə qədər imkanı daxilində hər ay ödənişlər edir. Lakin iddiaçı tərəf ödədiyi pulları nəzərə almadan bununla bərabər dünyada baş verən devalivasiya əlaqədar olaraq onlara heç bir güzəşt etmədən tərəflərindən ödənilən pulları nəzərə almadan öz iddialarını müdafiə edir. Abşeron Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli 2(012)-2870/2020 saylı qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi A.E.Mikayılov apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi, təmin olunmasını, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi, təmin olunmasını, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iddiaçının apellyasiya şikayəti təmin olunmalı, cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, tərəflər arasında kredit, ipoteka müqaviləsinin olmasına və cavabdehlər tərəfindən müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ekspertiza rəylərinə əsasən dəyişdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, tərəflərin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdə olan “Kreditor” İddiaçı ASC-nin Badamdar filialı ilə “Borcalan” Cavabdeh1 arasında bağlanmış 08.11.2013-cü il tarixli, 040HOME395750 saylı kredit müqaviləsinə əsasən “Kreditor” “Borcalan”a 84 (səksən dörd) ay müddətinə 88388 (səksən səkkiz min üç yüz səksən səkkiz) ABŞ dolları məbləğində kredit vermişdir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən kredit məbləğinin 10500 (on min beş yüz) manat hissəsi “Borcalan”a Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0277 ha torpaq sahəsinin alınması üçün, 58689 (əlli səkiz min altı yüz səksən doqquz) manat hissəsi isə həmin torpaq sahəsi üzərində yaşayış evinin tikintisi (yarımçıq evin tikilib başa çatdırılması) üçün verilmişdir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən “Borcalan” bu müqavilənin 2.4-cü bəndinə uyğun olaraq tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödənişləri vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kreditin və faizin ödənilməmiş hissəsinə görə kredit üzrə faiz dərəcəsinin ikiqat miqdarında dəbbə pulu ödəməlidir. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən “Borcalan”ın bu müqavilədən irəli gələn öhdəliyinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 və E.Ə.Həsənov ilə 08.11.2013-cü il tarixli, 040HOME395750/ASİ saylı alqı-satqı və ipoteka müqaviləsi, Cavabdeh1 ilə 08.11.2013-cü il tarixli, 040HOME395750/G saylı girov müqaviləsi bağlanılır. İşdə olan 08.11.2013-cü il tarixli, 040HOME395750 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən aydın olur ki, Cavabdeh1 88388 ABŞ dolları əsas borc və bu məbləğ üzrə 31066,9 ABŞ dolları faiz məbləği olmaqla, cəmi 119454,9 ABŞ dolları məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Kreditor-İpoteka saxlayan İddiaçı ASC-nin Badamdar filialı ilə Alıcı-İpoteka qoyan Cavabdeh1, ikinci tərəfdən irəlidə satıcı adlandırılacaq E.Ə.Həsənovun adından Abşeron rayon 1 saylı Notariat Kontorunun 29 oktyabr 2013-cü il tarixli, 7E/16665 nömrəli etibarnaməyə əsasən hərəkət edən X3 tərəfdən 08.11.2013-cü il tarixli, 040HOME395750/ASİ saylı alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı və ipoteka müqaviləsinin 1.1-ci bəndinə əsasən Satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 06 noyabr 2013-cü il tarixli 10569 nömrəli arayışa əsasən, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0277 ha torpaq sahəsini (bundan sonra əmlak adlandırılacaq) Alıcı-İpoteka qoyana satır. Həmin alqı-satqı və ipoteka müqaviləsinin 1.4-cü bəndinə əsasən əmlakın satış qiyməti 10500 (on min beş yüz) manat tam olaraq Kreditor-İpoteka saxlayan tərəfindən 08.11.2013-cü il tarixli, 040HOME395750 saylı kredit müqaviləsinə əsasən Alıcı-İpoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Həmin alqı-satqı və ipoteka müqaviləsinin 1.6.1 və 1.6.2-ci bəndlərinə əsasən kreditin məbləği 88388 ABŞ dolları, kreditin qaytarılma tarixi -kredit müqaviləsinə uyğun olaraq Alıcı-İpoteka qoyana faktiki təqdim edildiyi tarixdən 7 il müddətinə 08 noyabr 2020ci il tarixidir. Həmin alqı-satqı və ipoteka müqaviləsinin 3.1.2 və 3.2-ci bəndlərinə əsasən Alıcı- İpoteka qoyan tərəfindən ipoteka il təmin olunmuş öhdəlik üzrə aylıq ödənişlər 12 ay ərzində 3 və ya ardıcıl olaraq 2 dəfədən çox gecikdirildikdə ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka tutma yönəldilməsi və onun satılması qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0277 ha torpaq sahəsi 08.11.2013-cü il tarixli, 040HOME395750 saylı kredit müqaviləsi üzrə 08.11.2013-cü il tarixdən 08.11.2020-ci il tarixədək öhdəliklərin icrası məqsədi ilə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşə əlavə olan 08.11.2013-cü il tarixli, 040HOME395750 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair 08.04.2015-ci il tarixli Razılaşmaya əsasən borcalanın 75 749,21 ABŞ dolları məbləğində borc qalığı həmin günə (08.04.2015-ci il tarixinə) olan valyuta kursuna (1 ABŞ dolları =1,0517 AZN) uyğun olaraq manata konvertasiya edilərək borc qalığı 799 660 manat, illik 9 faiz, kreditin qaytarılması üçün son müddət 08.01.2024-cü il müəyyən edilmişdir. İşdə olan 08.11.2013-cü il tarixli, 040HOME395750 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən aydın olur ki, Cavabdeh1 79660 manat əsas borc və bu məbləğ üzrə 36008,91 manat faiz məbləği olmaqla, cəmi 115668,91manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 08.11.2013-cü il tarixli, 040HOME395750/ASİ saylı alqı-satqı və ipoteka müqaviləsinə (Əlavə №1) dair 08.04.2015-ci il tarixli razılaşmaya əsasən alqısatqı və ipoteka müqaviləsinin təminatı olduğu 040HOME395750 saylı kredit müqaviləsinin son icra müddəti 08.01.2024-cü il tarixədək uzadılmışdır. İşdə olan İddiaçı ASC tərəfindən verilmiş 23.04.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 08.11.2013-cü il tarixli, 040HOME395750 saylı kredit müqaviləsinə əsasən 61075,51 manat əsas kredit borcu, 15487,41 manat məbləğində faiz borcu, 2446,56 manat məbləğində cərimə borcu, ümumilikdə 79009,47 manat məbləğində borcu vardır. İşə əlavə olan İddiaçı ASC tərəfindən Cavabdeh1 ünvanlanmış 23 aprel 2020-ci il tarixli pretenziya məktubuna əsasən cavabdeh bank qarşısında olan borcu barədə xəbərdar olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən İddiaçı ASC-yə ünvanlanmış **********7 saylı, 31.05.2020-ci il tarixli məktubdan görünür ki, Cavabdeh1 məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən **********86 reyestr nömrəli torpaq sahəsi üzərində tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından da göründüyü kimi borclu bankdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1, 445.2, 445.2.1 və 445.2.2-ci maddələrinin ümumi məzmununa əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, Cavabdeh1 bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyi icra etmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası cavabdehin iş üzrə əsas və faiz borcun düzgün hesablanmaması barədə gətirdiyi dəlilə qiymət verərək, hesab edir ki, faiz borcu hissəsində qətnamə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 26 aprel 2021-ci il tarixli 9/784 saylı rəyindən görünür ki, Cavabdeh1 ilə «İddiaçısı» ASC arasında bağlanmış 08 noyabr 2013-cü il tarixli 040HOME395750 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu 07 iyul 2020-ci il tarixə əsas borc üzrə 66.005,61 manat, faiz borcu üzrə 11.055.86 manat təşkil edir. Beləliklə, məhkəmə cavabdeh tərəfindən götürülmüş öhdəliyin lazımınca yerinə yetirilməməsini və müqavilənin şərtlərini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borclarının Cavabdeh1 iddiaçı bankın xeyrinə tutulması hissəsində əsaslı olduğu üçün təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Məhkəmə kollegiyası cərimə borclarının cavabdehdən tutulması ilə əlaqədar tələb üzrə qeyd edir ki, bu hissədə də tələbin qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsnin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, cavabdeh tərəfindən götürülmüş kredit məbləğinin miqdarını və hesablanmış cərimənin götürülmüş kreditə münasibətdə kifayət qədər yüksək olmasını, həmçinin kreditorun əmlak mənafelərini, habelə tərəflərin digər əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimələrin miqdarı azaldılaraq əsas və faiz borcuna uyğun həcmdə müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eyni zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.3-cü maddəsinə əsasən girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılması, 269.4cü maddəsinə əsasən isə ipoteka daşınmaz əşyalara, habelə rəsmi qaydada reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Eyni zamanda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Buna görə də məhkəmə hesab edir ki, hazırkı halda ipoteka saxlayanın tələbinin ödənilməsi üçün Cavabdeh1 mülkiyyətində olan və iddiaçı banka ipotekaya qoyulmuş Abşeron rayonu Masazır kəndində yerləşən 0,0277 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldilməli, əmlak açıq hərracda satılmalıdır. Eyni zamanda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Buna görə də məhkəmə hesab edir ki, hazırki halda ipoteka saxlayanın tələbinin ödənilməsi üçün Cavabdeh1 mülkiyyətində olan və iddiaçıya ipoteka qoyulmuş Abşeron rayonu Masazır kəndində yerləşən 0,0277 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldilməli, ev açıq hərracda satılmalıdır. Məhkəmə kollegiyası iddiaçı tərəfindən ipoteka ilə yüklü edilmiş əmlakın qiymətləndirilməməsi barədə apellyasiya şikayətində göstərdiyi dəlili qəbul edir və hesab edir ki, həmin hissədə qətnamə dəyişdirilməlidir. Belə ki, iş üzrə xxxxnin 29 mart 2021-ci il tarixli rəyindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0277 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 272.000 (iki yüz yetmiş iki min) manat (ev 221.000+51.000) manat təlkiş edir. Məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş 19 may 2021-ci il tarixli UNİ/M 21- 193/21 mütəxəssis rəyindən görünür ki, Abşeron rayonunun Masazır kəndində yerləşən Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonunun Masazır kəndində yerləşən 0,0277 ha torpaq sahəsinin likvid dəyəri 9000 (doqquz min) manat, üzərində yerləşən fərdi yaşayış evi və digər xərclər 61.000 (altmış bir min) manat, ümumilikdə 70.000 (yetmiş min) manat təşkil edir. Məhkəmə kollegiyası hazırkı iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş mütəxəssis rəyini sübut növü kimi qəbul edir və ipoteka ilə yüklü edilmiş torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin likvid qiyməti 70.000 manat müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə iddia tələbinin iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 08.11.2013-cü il tarixli, 040HOME395750 saylı kredit müqaviləsinin ləğv edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Eyni Məcəllənin 423.2-ci maddəsində isə qeyd edilir ki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göründüyü kimi, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməyərək ona göndərilmiş xəbərdarlıq məktubunda göstərilmiş müddət ərzində heç bir zəruri addım atmamış və bununla da müqaviləni əhəmiyyətli dərəcədə pozaraq iddiaçını müqavilə bağlayarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Buna görə də iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 08.11.2013-cü il tarixli, 040HOME395750 saylı kredit müqaviləsi ləğv edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İş materiallarından da göründüyü kimi, ipoteka predmeti olan ev məhz kreditin qaytarılması üçün ipotekaya qoyulmuşdur. Belə olan halda ipoteka predmeti olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0277 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin açıq hərracda satılmasından 1 ay sonra cavabdehlər evdən çıxarılmalıdır. Məhkəmə hesab edir ki, ipoteka predmeti olan daşınmaz əmlaklar kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi yüklü edildiyi üçün qanunvericiliyin yuxarıda qeyd olunan normasına əsasən həmin ev satıldıqdan sonra 1 ay ərzində cavabdehlər tərəfindən boşaldılmalıdır. Məhkəmə iddia tələbinin hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq həyata keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Həmin Məcəllənin 298.2-ci maddəsinə əsasən əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası tərəflərin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir, iddiaçının apellyasiya şikayəti təmin olunmalı, cavabdehlərin apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçının nümayəndəsi X4 apellyasiya şikayəti təmin olunsun, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 20 oktyabr 2020-ci il tarixli 2(012)- 2870/2020 saylı qətnaməsi dəyişdirilsin. İddia qismən təmin edilsin, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 08.11.2013-cü il tarixli, 040HOME395750 saylı kredit müqaviləsinə əsasən 61075 (altmış bir min yetmiş beş) manat 51 (əlli bir) qəpik manat məbləğində əsas, 11.055 (on bir min əlli beş) manat 86 (səksən altı) qəpik məbləğində faiz borcu, cərimə borcu üzrə 20 (iyirmi) manat olmaqla, cəmi 72.131 (yetmiş iki min yüz otuz bir) manat 37 (otuz yeddi) qəpik, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan cəmi 10 (on) manat və xidmət haqqının əvəzi olan 20 (iyirmi) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilsin, tələb ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində və likvid dəyəri 70.000 (yetmiş min) (0,0277 ha torpaq sahəsi likvid dəyəri 9000, üzərində yerləşən fərdi yaşayış evi 61.000) manat olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0277 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə yönəldilsin, əmlak hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 İddiaçı ASC-yə olan borcu ödənilsin, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0277 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldilsin və o, satıldıqdan 1 ay sonra fərdi yaşayış evi boşaldılsın və alıcıya təhvil verilsin, iddia tələbi cərimə borcu üzrə qalan hissədə təmin edilməsin, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 08.11.2013-cü il tarixli, 040HOME395750 saylı kredit müqaviləsi ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 ( əlli) manat məbləğində pul Cavabdeh1 alınaraq SAP (XİİS) hesabı X1 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin və iş üzrə aparılmış məhkəmə əmttəşünaslıq ekspertizasının dəyəri 800 (səkkiz yüz) AZN manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınıb «xxxx» MMC-nin h/hesabı AZ06Aİİ**********0399113125 VÖEN: **********, «xxxx» ASC Sumqayıt şəhər filialı Bank kodu: 200253, Müxbir hesabı: AZ37NABZ013501**********1944 Bank VÖEN: ********** S.VV.İ.F.Tkod AİİAZ2X hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-703/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-703/2021
24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Müqavilələrin ləğv edilməsi - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver