Məhkəmə qərarları › İş №2(105)-703/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-703/2025

28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-703/2025 28.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alqı-satqı əqdinin bağlanmış hesab edilməsi və torpağa mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə (apellyasiya şikayətinin geri qaytarılması) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə Quba Rayon Məhkəməsinin 2(027)-1283/2011 nömrəli, 18 fevral 2025-ci il tarixli qərardadından Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 5 Saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Quba Rayon Məhkəməsinin 2-1283/2011 saylı, 28 oktyabr 2011-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı alqı-satqı əqdinin bağlanmış hesab edilməsi və torpağa mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası təmin edilmişdir.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 Saylı Xaçmaz Ərazi İdarəsi Quba Rayon Məhkəməsinin 2-1283/2011 saylı, 28 oktyabr 2011-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir.

3. Quba Rayon Məhkəməsinin 2(027)-1283/2011 nömrəli, 18 fevral 2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 Saylı Xaçmaz Ərazi İdarəsinin Quba Rayon Məhkəməsinin 2-1283/2011 saylı, 28 oktyabr 2011- ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır.

4. Qərardaddan narazı qalan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 Saylı Xaçmaz Ərazi şikayət verərək, Quba Rayon Məhkəməsinin 2(027)-1283/2011 nömrəli, 18 fevral 2025-ci il tarixli qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

5. Quba Rayon Məhkəməsinin 2(027)-1283/2011 nömrəli, 14 mart 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki işdən də görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 Saylı Xaçmaz Ərazi İdarəsi ümimiyyətlə tərəf kimi işə cəlb edilməmişdir. Onun tələb etdiyi xüsusatlar işdə cavabdeh olan, maraqlarına toxuna bilən şəxslər tərəfindən tələb edilə bilər və onların səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 Saylı Xaçmaz Ərazi İdarəsi isə çıxarılmış qətnaməni icra etməli olduğu halda, Quba Rayon Məhkəməsinin 2-1283/2011 saylı, 28 oktyabr 2011-ci il tarixli qətnaməsindən məhkəməyə apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 Saylı Xaçmaz Ərazi İdarəsinin mülki işlə əlaqədar apellyasiya şikayət vermək hüququ olmadığından və şikayət Azərbaycan Respublikasının MPM-nin 361-ci maddəsinin tələblərinə uyğun gəlmədiyindən geri qaytarılmalıdır.

7. Birinci instansiya məhkəməsi öz mövqeyini “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanununun 2.4, 8, 11.1, 15-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 361, 364-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri

8. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin apellyasiya şikayətinin geri qaytarılması barədə mövqeyi əsassızdır. İşə baxan məhkəmə hesab edib ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mübahisələndirilən qətnamədən şikayət vermə hüququ və səlahiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan apellyasiya şikayəti vermək hüququna, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Quba Rayon Məhkəməsinin xx.xx.2011-cü il tarixli, 2(027)-1283/2011 tarixli qətnaməsi ilə iddia təmin edilərək, X2 ilə İddiaçı arasında xx.xx.2002-ci il tarixdə bağlanmış Quba şəhəri, 2-ci kvartalda yerləşən 150 kv.metr torpaq sahəsinin alqı-satqısı haqqında əqd etibarlı hesab edilmiş, həmin torpaq sahəsinin İddiaçı adına Dövlət qeydiyyatına alınıb Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz rayon Ərazi İdarəsinə həvalə edilmişdir. Bildirilir ki, daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Ərazi İdarələri tərəfindən aparılır. Belə halda təbii ki, qəbul olunmuş məhkəmə qətnaməsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin hüquq və vəzifələrinə toxunur. Bu əsasla da qətnamədən apellyasiya şikayəti verilmişdir. İşə baxan məhkəmə bu halı nəzərə almamış və nəticədə əsassız qərardad qəbul etmişdir. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.

b) Şikayəti qarşı etirazın dəlilləri

9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

11. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci, 306-cı və 355-1.1-ci maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Maddə 363.1.1 Apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Maddə 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Maddə 399. Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir

12. K.Maraevin şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli Qərarı Qərarda göstərilmişdir ki, şəxsi işdə iştirak etməyə cəlb etmədən onun hüquqlarının pozulması ilə nəticələnmiş qərarın qəbul edilməsi ədalət mühakiməsinin mahiyyətinə və əsas prinsiplərinə xələl gətirir. Bu baxımdan, işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələnin məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Belə halda, işdə iştirak etməyə cəlb olunmamış və barəsində hüquq və azadlıqlarını pozan və yaxud üzərinə əlavə öhdəliklər qoyan qərar çıxarılmış şəxs, hər bir halda pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin olunmalıdır. İşdə iştirak etməyə cəlb olunmamış və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun səciyyəvi əlamətləri aşağıdakılardır: onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi; iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması; öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması.

Apellyasiya baxışının hədləri

13. Şikayətdən görünür ki, apellyator Quba Rayon Məhkəməsinin 2(027)-1283/2011 nömrəli, 18 fevral 2025-ci il tarixli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.

14. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, şikayət qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 2(027)-1283/2011 nömrəli, 18 fevral 2025-ci il tarixli qərardadı ləğv edilərək, verilmiş apellyasiya şikayətinin uyğunluğu məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır

16. Öyrənilən işin faktiki hallarından müəyyən edilir ki, iddia tələbi dövlət qeydiyyatına alınmamış və sərhəd nöqtələri dəqiqləşdirilməmiş torpaq sahəsi ilə bağlı əqdin bağlanmış hesab edilməsi barədə olmuşdur.

17. Quba Rayon Məhkəməsinin 2-1283/2011 saylı, 28 oktyabr 2011-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

18. Araşdırılan işdən həm də müəyyən olunur ki, məhkəmə çəkişməsi iki fiziki şəxs arasında olsa da, hazırki apellyator iş üzrə 3-cü şəxs (hüquq və vəzifələrinə toxunan şəxs) qismində işə cəlb olunmamışdır.

19. Bu səbəbdən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 Saylı Xaçmaz Ərazi İdarəsi sözügedən qətnamədən apellyasiya şikayəti vermiş, lakin Quba Rayon Məhkəməsinin 2(027)-1283/2011 nömrəli, 18 fevral 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır.

20. Həmin qərardaddan verilmiş şikayət təmin edilmədən, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

21. Şikayətin dəlilləri üzrə araşdırma aparan kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq, mövqeyini aşağıdakı qaydada əsaslandırır.

22. Mülki Prosessual Məcəllədə məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran şikayətin mümkünlüyü, prosessual müddətlər, məhkəmə qərarlarından şikayət verə biləcək konkret şəxslərin dairəsi və s. amillər nəzərdə tutulmuşdur. Belə məhdudlaşdırıcı tədbirlərdən biri də birinci və apellyasiya instansiyası məhkəmələrinin aktlarından şikayət vermək hüququ olan şəxslərin dairəsinin müəyyən edilməsidir. Bir qayda olaraq, məhkəmə aktlarından işdə iştirak edən şəxslər şikayət vermək hüququna malikdir. Lakin qanunverici qəbul edilmiş məhkəmə aktı ilə işdə iştirak etməyə cəlb edilməyən şəxslərin hüquqlarının pozulma ehtimalının olduğunu və şikayətə baxan məhkəmə instansiyasının spesifik xüsusiyyətlərini nəzərə alaraq onların işə cəlb edilməsinin fərqli qaydalarını müəyyən etmişdir.

23. Nəzərə alınmalıdır ki, o şəxlər qəbul edilmiş məhkəmə qətnaməsi ilə hüquq vəzifələrinə toxunulan şəxs kimi tanına bilər ki, işə məhkəmədə baxılarkən iş üzrə tərəf kimi cəlb edilməmişdir, qəbul edilmiş qətnamə həmin şəxsin hüquq və vəzifələrinə birbaşa aiddir, məhkəmənin iş üzrə tədqiq olunmuş sübutlar əsasında həmin şəxsi müəyyən etmək və həmin şəxsin onun hüquq və vəzifələrinə dair məhkəmədə hansısa işə baxıldığı barədə məlumatlanmaq imkanı olmamışdır.

24. Qeyd edilir ki, hüquq sistemində şəxsə birbaşa tərəfi olmadığı (iddiaçı və ya cavabdeh qismində çıxış etmədiyi), lakin qanunla qorunan maraqlarına təsir göstərən bir məhkəmə işində özünün iddia və etirazlarını bildirməsinə imkan verən səmərəli işlək mexanizmin mövcudluğu ədalətli məhkəmə araşdırması hüququnun vacib təminatlarından biri kimi qəbul edilir. Çünki məhz bu mexanizm vasitəsilə baxılmaqda olan işdə mübahisənin tərəfi olmayan şəxslərin öz hüquqi maraqlarını qorumaq üçün işə qoşulmalarına şərait yaradılır və bununla da, onlar ədalət mühakiməsinin həyata keçirilməsi nəticəsində veriləcək qərarın özlərinə münasibətdə neqativ təsirlərini önləmək üçün prosessual imkana malik olurlar. Bu, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipinin tələblərindən irəli gəlir. Buna görə, məhkəmə qərarının üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunma ehtimalı mövcud olduqda, həmin şəxslərə də məhkəmə qarşısında bərabər hüquqlar verilməli, öz hüquqlarının müdafiəsini səmərəli şəkildə həyata keçirə bilmələri üçün onlara bərabər imkanlar yaradılmalıdır.

25. Hüquqi maraq bir qayda olaraq qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının şəxslərin qanunla qorunan maraqlarına toxunması halını yarada bildikdə mövcud olur. Bu, məhkəmə qərarının prosesdə tərəf olmayan digər şəxslərin hüquqi vəziyyətlərinə göstərə biləcəyi mümkün təsirlə bağlı məsələdir. Bir qayda olaraq, qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. Digər halda isə hüquqi statusa bu qaydada birbaşa təsirlə bağlı olmayan maraqlara toxunma halı mövcud olur.

26. Lakin baxılan işdən görünür ki, tələbə baxılan ərəfədə hazırki apellyator iş üzrə 3cü şəxs qismində işə cəlb olunmamaqla, qəbul edilmiş qətnamədən məlumatsız olmuş, apellyasiya şikayətini geri qaytaran birinci instansiya məhkəməsi də baxılmış iddianın spesifikliyini nəzərə almadan apellyasiya şikayətini geri qaytarmışdır.

27. Məhkəmə kollegiyası sonda vurğulayır ki, bu kimi halda birinci instansiya məhkəməsi çəkişmə prinsipinə riayət etməklə, MPM-in 364-cü maddəsinin tələbi baxımından apellyasiya şikayəti vermiş şəxsin (o cümlədən hüquqi şəxsin) qəbul edilmiş qətnamənin onların hansı hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamalı və bunun nəticəsinə dair qərardad qəbul etməlidir.

28. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 2(027)-1283/2011 nömrəli, 18 fevral 2025-ci il tarixli qərardadı tam, bununla bağlı xx.xx.2025-ci il tarixli qərardadı isə qismən-“şikayətin təmin edilməməsi” hissəsində ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

29. Prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.2, 399, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 2(027)-1283/2011 nömrəli, 18 fevral 2025-ci il tarixli qərardadı tam, bununla bağlı xx.xx.2025-ci il tarixli qərardadı isə qismən-“şikayətin təmin edilməməsi” hissəsində ləğv edilsin, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Quba Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver