Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-721/2024 13.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X9 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Sumqayıt şəhər 1 saylı notariat ofisini cəlb etməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Etiqat qızı, Cavabdeh4, Cavabdeh5, Muradova (Nüsrətova) Bəsti Etiqat qızı, Cavabdeh7 və Cavabdeh8 qarşı miras əmlakda vərəsələrin paylarının müəyyən edilməsi, ləyaqətsiz vərəsə hesab edilmə və pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e- 2(060)-3214/2023 nömrəli, 09 fevral 2024-cü il tarixli qərardadlarından cavabdehlər Cavabdeh4 və Cavabdeh5 tərəfindən verilmiş şikayətlərə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ş.Həxiyeva) iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2019-cu ildə vəfat etmiş X2 miras qalmış Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dəmir yol yaşayış massivi, ev 2 , mənzil 17-yə və Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, 0,003 ha torpaq sahəsinə İddiaçı 1/9 hissədə, Cavabdeh2 1/9 hissədə, Cavabdeh3 1/9 hissədə, Cavabdeh6 1/9 hissədə, Cavabdeh4 1/9 hissədə, Cavabdeh5 1/9 hissədə, Cavabdeh1 1/9 hissədə, X3 övladları - Cavabdeh7 və Cavabdeh8 1/9 hissədə vərəsəlik paylarının müəyyən edilməsi, qalan 1/9 hissə X6 münasibətdə açıq saxlanılması, xx.xx.2019-cu ildə vəfat etmiş X2 miras qalmış 50-CM437 dövlət qeydiyyat nişanlı, “QAZ -33021” yük markalı avtomaşının birgə nikah dövründə əldə olunan daşınar əmlak kimi bərabər paylarla bölünməsi və həmin əmlak üzərində X4 ½ və Cavabdeh2 ½ pay üzrə mülkiyyət hüquqlarının tanınması, **-CM-*** dövlət qeydiyyat nişanlı, “QAZ -33021” yük markalı avtomaşının X5 məxsus ½ hissəsinə - İddiaçı 1/9 hissədə, Cavabdeh2 1/9 hissədə, Cavabdeh3 1/9 hissədə, Cavabdeh6 1/9 hissədə, Cavabdeh4 1/9 hissədə, Cavabdeh5 1/9 hissədə, Cavabdeh1 1/9 hissədə, X3 övladları - Cavabdeh7 və Cavabdeh8 1/9 hissədə vərəsəlik paylarının müəyyən edilməsi, qalan 1/9 hissənin X6 münasibətdə açıq saxlanılması, qətnamənin miras əmlaklar üzərində mülkiyyət hüquqlarının qeydə alınması və miras əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin verilməsi üçün əsas olması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdehlər Nərminə və Cavabdeh5lar ayrı-ayrılıqda qətnamədən apellyasiya şikayətləri vermişlər. Sumqayıt Şəhər Məhkəməsinin 09 fevral 2024-cü il tarixli qərardadları ilə cavabdehlər Cavabdeh5 və Cavabdeh4 qətnamədən verilmiş apellyasiya şikayətlərinin geri qaytarılması qərara alınmışdır. Cavabdehlər Nərminə və Cavabdeh5lar ayrı-ayrılıqda həmin qərardadlardan şikayət vermişlər. Sumqayıt Şəhər Məhkəməsinin 20 və 26 fevral 2024-cü il tarixli qərardadları ilə 09 fevral 2024-cü il tarixli qərardadlarından cavabdehlər Nərminə və Cavabdeh5lar tərəfindən verilmiş şikayətlərin təmin edilməməsi, şikayətlər işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Etiqat qızı, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı miras əmlakda vərəsələrin paylarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh4 Sumqayıt Şəhər Məhkəməsinin 09 fevral 2024-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, çıxarılmış qərardad düzgün və ədalətli deyildir. İddiaçı məhkəməyə müraciət edən zaman Elektron Məhkəmə Sisteminə sənədləri əlavə etmiş, lakin orada onun dövlət rüsumunu ödənilməsi barədə heç bir qəbz əlavə etməmişdir. Elektron Məhkəmə Sisteminə əlavə etmiş olduğu sənədlərin arasında dövlət rüsumunun ödənilməsi barədə qəbz yoxdur. İddia ərizəsinə heç bir qəbz əlavə edilməmişdir. Əgər orada rüsumun ödənilməsi haqqında qəbz olmamışdırsa, o nə qədər rüsum ödənildiyini bilməmişdir. Buna əsaslanaraq, onun 100 manat ödədiyini və 100 manatın 50 %-nin 50 manat etdiyini əsas götürərək apellyasiya şikayəti verilməsi üçün 50 manat məhkəmənin hesabına ödəniş etmişdir. Məhkəmə qətnamənin nəticəvi hissəsində bir çox məsələyə aydınlıq gətirilsə də, ödənilmiş dövlət rüsumunun kimə aid edilməsinə, rüsumun məbləğinə aid heç bir qeyd yoxdur. Məhkəmə qətnaməsinin “nəticəvi” hissəsində ümumiyyətlə rüsumla bağlı heç bir qeyd yoxdur. Halbuki qətnamədə rüsum məbləği və rüsumun kimə aid edilməsi mütləq qeyd edilməli idi. Bununla bağlı isə heç nə qeyd edilməmişdir. Məhkəmənin qəbul etmiş olduğu qətnamədə, nəticə hissəsində rüsumla bağlı, rüsumun məbləği haqqında qeyd olunsa idi, iddiaçı tərəfindən 180,40 manat məbləğində rüsum ödənişinin edildiyini bilib, həmin məbləğin 50 % həcmində apellyasiya şikayəti üçün rüsum ödəyərdi. Ancaq qətnamədə ümumiyyətlə rüsumla bağlı məsələyə toxunulmamış və ona münasibət bildirilməmişdir. Cavabdeh5 Sumqayıt Şəhər Məhkəməsinin 09 fevral 2024-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinə qətnamə aktı imzalamazdan qabaq xx.xx.2023-ildə məhkəmə elektron portral vasitəsiylə bildirmişdir ki, azadlığı məhdudlaşdırıldığından iş fəaliyəti məşğulluqda birdəfəlik dayandırıldığından heç bir yerdə işləmir, ola bilsin ki məhkəmə elektron portala girə bilməsin, buna dair məlumatı olmasın qətnamə Azərpoçt vasitəsi ilə ona göndərilsin. Habelə ona xx.xx.2023-ci ildə göndərilən məhkəmə qətnaməsi apellyasiya şikayəti geri qaytarmasına dair qərardadda qeyd edilən qanunvericilik müddəalarını maddələrini qeyd edilməmiş, ona bildirilməmiş, həmçinin də mobil telefon SMS vasitəsiylə mövcud olan email internet poçt vasitəsiylə ona bildiriş məlumat verməmişlər. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayətlər təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi Cavabdeh5 apellyasiya şikayətinin geri qaytarılmasını onun tərəfindən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilməsi, Cavabdeh4 apellyasiya şikayətinin geri qaytarılmasını isə qanunla nəzərdə tutulmuş məbləğdə dövlət rüsumunun ödənilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası Cavabdeh5 şikayəti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, mübahisələndirilən məhkəmə qətnaməsi Cavabdeh5 rəsmi qaydada xx.xx.2023-cü il tarixdə verilmiş, bununla müddətin axımı başlamış, apellyasiya şikayəti isə məhkəməyə xx.xx.2024-cü il tarixdə, yəni qanunla nəzərdə tutulan bir aylıq müddət bitdikdən 08 gün sonra elektron kabinet vasitəsilə daxil olmuşdur. Qanunun tələbinə görə cavabdeh tərəfindən məhkəmə qətnaməsindən apellyasiya şikayəti həmin vaxtdan hesablanmaqla bir ay müddətində verilə bilər. Lakin sonuncu bu hüquqi imkandan istifadə etməyərək qanunla nəzərdə tutulmuş apellyasiya şikayəti verilmə müddətini ötürmüşdür. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər. Mülki Prosessual Məcəllənin 128.1. maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur (Mülki Prosessual Məcəllənin 129.1., 129.3. maddələri). “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 13 fevral 2007-ci il tarixli qərarında hüquqi mövqeyini qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Qanuni qüvvəyə minmiş və barəsində şikayət vermə imkanları tükənmiş yekun məhkəmə qərarının istənilən anda ləğv edilməsi mümkünlüyü qanunun aliliyi və hüquq müəyyənlik prinsipləri ilə ziddiyyət təşkil edir ("xxxx" ASC-nin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 14 dekabr 2006-cı il tarixli qərarı). Bu mənada məhkəmə kollegiyası Cavabdeh5 prosessual müddətin ötürülməsi ilə bağlı birinci instansiya məhkəməsinin müəyyən etdiyi nəticə ilə razılaşır və hesab edir ki, sonuncu tərəfindən 11 dekabr 2023-cü il tarixli məhkəmə qətnaməsindən apellyasiya şikayəti prosessual müddət buraxıldığından, birinci instansiya məhkəməsi haqlı olaraq apellyasiya şikayətinin geri qaytarılması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası Cavabdeh4 şikayətinə gəldikdə isə aşağıdakıları qeyd edir. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar göstərilməlidir (Mülki Prosessual Məcəllənin 361.1., 361.1.1., 361.1.2., 361.1.3., 361.1.4. və 361.1.5. maddələri). Mülki Prosessual Məcəllənin 361.3. maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.4.1. maddəsinin məzmununa görə apellyasiya və kassasiya şikayətləri verilməsi üçün həmin qanunun 8.1ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Mülki Prosessual Məcəllənin 363.1.2. maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İşdən göründüyü kimi Cavabdeh4 tərəfindən qanunla nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu ödənilmədiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq apellyasiya şikayətinin geri qaytarılması barədə nəticəyə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayətlər təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehlər Cavabdeh4 və Cavabdeh5 şikayətləri təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, onunla bağlı 20 və 26 fevral 2024-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-721/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-721/2024
13.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver