Məhkəmə qərarları › İş №2(105)-78/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-78/2025

04.02.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Sair mülki iş - Torpaq sahəsinin boşaldılması - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-78/2025 04.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X6 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-147/2024 saylı qətnaməsindən cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə

1. İddiaçı cavabdeh X2 qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsində X3 tərəfindən qanunsuz tikilmiş yaşayış evinin öz şəxsi vəsaiti hesabına sökülməsi, tikinti materiallarının çıxarılması, zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-147/2024 nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia təmin edilmiş, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndindəki 0,02 ha torpaq sahəsinin 0,0095 ha hissəsində Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikili onun hesabına sökülməsi, tikinti materiallarının torpaq sahəsindən çıxarılması, zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi və mütəxəssis rəyinə görə ödənilmiş 326 manat pulun cavabdehdən tutularaq İddiaçı qaytarılması, ekspertiza tədqiqatı üçün tələb olunan 50 manat pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

3. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 30-cı maddələri, Mülki Məcəllənin 140, 152.1, 152.1, 157.1, 157.4, 164.1, 165.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

4. Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir.

5. Apellyasiya icraatı zamanı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 xx.xx.2025ci il tarixdə məhkəmə kollegiyasına ərizə təqdim edərək iddia tələbindən imtina etdiklərini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

6. Apellyasiya icraatı zamanı cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 xx.xx.2025-ci il tarixdə məhkəmə kollegiyasına ərizə təqdim edərək artıq iddiaçı iddiasından imtina etdiyi üçün apellyasiya şikayəti üzrə icraatın davam etdirilməsinə zərurət qalmadığını, bu baxımdan apellyasiya şikayəti üzrə iddiaçının iddiadan imtinasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

8. Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. (...) 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

9. Maddə 122. İddiaçı iddiadan imtina etdikdə və barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım üçün vəkilə ödənilən xərclərin bölüşdürülməsi 122.1. İddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. 122.2. İddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır. (...)

10. Maddə 370. İddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur.

11. Maddə 261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: (...) 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa; (...)

12. Maddə 262. İcraata xitam verilmə qaydası və nəticələri 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. (...)

13. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...) 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8 - 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir (...)

14. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadının qanuni qüvvəsi Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

15. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: (...) 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə;

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. İşə apellyasiya qaydasında baxılarkən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbindən imtina edilməsinə dair ərizə təqdim edərək iddia tələbindən imtina etdiklərini və bunu nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

19. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçının nümayəndəsi Nümayəndə1 xx.xx.2024-cü il tarixli etibarnamədə onun iddia tələbindən tam və ya qismən imtina edilməsi üçün səlahiyyəti olduğundan, iddiadan imtina qanuni və əsaslı olduğundan qəbul edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və apellyasiya qaydasında iş üzrə icraata xitam verilməlidir.

20. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, iddiaçı iddia tələbindən imtina etdiyindən və tərəfin iddiadan imtina etməsi qanunazidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-147/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.

21. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumilikdə dəyəri olan 100 (bir yüz) manat Cavabdeh alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

22. Azərbaycan Respublikası MPM-in 263-264, 267-268, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

İddia tələbindən imtina qəbul edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-147/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat Cavabdeh alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar