Məhkəmə qərarları › İş №2(105)-813/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-813/2023

17.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Mənzildən çıxarılma - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-813/2023 17.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: ərazi aidiyyatı) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X2 Qafari və X1 ibarət tərkibdə, Ramilə Camaləddin qızı Məmmədovanın katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya ödəmək yolu ilə mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli e- 2(028)-118/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 9-da yerləşən 61 nömrəli mənzilinə 6000 (altı min) manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi, cavabdehə məxsus əşyaların mənzilindən çıxarılması və mənzilinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.

2. Qubadlı Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli e-2(028)-118/2023 nömrəli qərardadı ilə /hakim Hüseynov Elmir/ İddiaçı Cavabdeh qarşı kompensasiya ödəmək yolu ilə mənzildən çıxarılma tələbinə dair mülki işin baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

3. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mübahisəli mənzil (Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 9, 61 nömrəli mənzil) Bakı şəhəri Nizami rayonunda yerləşir və mübahisə mülkiyyətçinin hüquqlarının pozulmasını ehtiva edir.

4. Həmin qərardaddan Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Qubadlı Rayon Məhkəməsinin e-2(028)-118/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi və bəhs edilən mülki işin Qubadlı Rayon Məhkəməsində baxılmasının davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Qubadlı Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli e-2(028)-118/2023 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, Qubadlı Rayon Məhkəməsinin e-2(028)- 118/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməməsi və Cavabdeh vəkili Vəkil2 verdiyi şikayətin 7 gün müddətində mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

6. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1, 44-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

a) Şikayətin dəlilləri

8. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 şikayəti onunla əsaslandırmışdır ki, Qubadlı Rayon Məhkəməsinin e-2(028)-118/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərardadının qəbul edilməsi nəticəsində maddi hüquq normalarının tələbləri kobud surətdə pozulmuşdur. Bəhs edilən mülki iş üzrə tərəflər arasındakı mübahisə nə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması (tərəflər arasında mülkiyyət hüququnun kimə məxsus olması ilıə bağlı mübahisə yoxdur); nə daşınmaz əşyanın başqasının qeyri qanuni sahibliyindən götürülməsi (qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə cavabdehin istifadə hüququ tanındığına və müəyyən edildiyinə görə daşınmaz əmlaka qeyri-qanuni sahiblikdən söhbət gedə bilməz); nə də bəhs edilən daşınmaz əmlak üzərində mülkiyyətçinin hər hansı bir hüququ cavabdeh tərəfindən pozulmadığına görə mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar ilə bağlı mübahisələrə aiddir. Əgər olsa idi məhkəmə konkret olaraq AR MPM-nin 39.1-ci maddəsində nəzərdə tutulan qeyd edilən 3 əsasdan birinə və həmin pozuntunun nədən ibarət olmasına istinad etməli idi. Məhkəmənin gəldiyi nəticədən belə məlum olur ki, tərəflər arasındakı daşınmaz əmlakla bağlı istənilən mübahisə AR MPM-nin 39.1-ci maddəsinin təsiri altına düşür. Bu mövqe tamamilə qanunsuz və əsassızdır. Məhkəmənin yol verdiyi ən kobud pozuntulardan digəri ondan ibarət olmuşdur ki, məhkəmə eyni tərəflər arasında eyni mənzillə bağlı ilk və qarşılıqlı iddialarla bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən müəyyən edilmiş ərazi aidiyyətinin müəyyən edilməsinə düzgün hüquqi qiymət verilməmişdir. Eyni tərəflər arasında eyni daşınmaz əmlakla bağlı ilk və qarşılıqlı iddia ərazi aidiyyəti üzrə daşınmaz əmlakın olduğun yeri məhkəməsinə (Bakı Şəhəri Nizami RayonMəhkəməsinə) deyil, cavabdehin qeydiyyatda olduğu yer üzrə Qubadlı Rayon Məhkəməsinə verilmişdir və apellyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən müstəsna aidiyyatın pozulması halı müəyyən edilməmişdir. Halbuki, bütün instansiya məhkəmələri tərəfindən məhkəmələrə verilən bütün iddia tələbləri üzrə bütün müraciətlərin və şikayətlərin mümkünlüyünün yoxlanılması zaman ilk növbədə diqqət yetirilməli olduğu ən əsas, ən vacib və ən mühüm xüsusatlardan biri aidiyyata, xüsusilə də müstəsna aidiyyata məhkəmələr tərəfindən əməl edilibedilməməsinin yoxlanılması və düzgün müəyyən edilməsidir. Birinci instansiya məhkəməsi tərəfindən aidiyyat, xüsusilə də müstəsna aidiyyat düzgün müəyyən edilməmiş, yəni ərazi aidiyyəti pozulmuş olsa idi birinci instansiya məhkəməsinin qətnaməsi ərazi aidiyyətinə görə apellyasiya və ya kassasiya instansiya məhkəmələri tərəfindən ləğv edilmiş olardı. Digər tərəfdən, Azərbaycan Respublikasında kompensasiya verilməklə istifadə hüququna xitam verilməsinə dair irəli sürülən iddia tələbləri üzrə ərazi məhkəmə aidiyyəti ilə bağlı formalaşan məhkəmə təcrübəsinə əsasən, belə iddialara istisnasız olaraq MPM-nin 35.1ci maddəsinə əsasən,cavabdehin qeydə alıdığı ərazi üzrə məhkəmələrdə baxılır.

b) Şikayətə qarşı etirazın dəlilləri

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya baxışının hədləri

9. Şikayətdən görünür ki, apellyator Qubadlı Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli e-2(028)-118/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.

10. Odur ki, kollegiya Qubadlı Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli e- 2(028)-118/2023 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Maddə 44.2.2. İş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Maddə 357.1 Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 402.2 və 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Qubadlı Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli e-2(028)-118/2023 nömrəli və bununla bağlı 27 fevral 2023-cü il tarixli e-2(028)-118/2023 nömrəli qərardadları dəyişdirilmədən saxlanılmalıdır.

13. Konstitusiya Məhkəməsinin Plenumunun qərarlardan formalaşmış hüquqi mövqeyə görə məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməməsi məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyə səbəb olmaqla yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər.

14. İddia ərizəsindən görünür ki, iddiaçının tələbi mənzilə istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsindən ibarətdir.

15. İş materialları ilə müəyyən olunur ki, mübahisəli mənzil (Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 9, 61 nömrəli mənzil) Bakı şəhəri Nizami rayonunda yerləşir.

16. Birinci instansiya məhkəməsi mübahisənin mülkiyyətçinin hüquqlarının pozulmasını ehtiva etdiyi qənaətinə gələrək MPM-nin 39.1-ci maddəsinə əsasən müstəsna aidiyyat qaydalarına uyğun olaraq mülki işin daşınmaz əmlakın yerləşdiyi yer üzrə müvafiq məhkəmədə baxılmalı olmasını qanuna uyğun hesab etmişdir.

17. Cavabdeh məhkəmənin bu mövqeyi ilə razılaşmamış və iddia tələbinin müstəsna aiddiyatlı bağlı olmadığını, mübahisənin MPM-nin 39.1-ci maddəsinin təsiri altına düşməsi ilə bağlı məhkəmənin mövqeyinin tamamilə qanunsuz və əsassız olduğunu göstərmişdir.

18. Azərbaycan Respublikası MPM-nin 39-cu maddəsin əsasən Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir.

19. Maddənin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; -sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan).

20. Göründüyü kimi, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir ki, hazırki iddia tələbi də məhkəmə kollegiyasının qənaitincə həmin maddənin təsiri dairəsinə düşür.

21. Belə ki, mənzildən çıxarılma və mənzilin boşaldılması ilə bağlı hissədə tələb sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddiaları ehtiva etdiyindən həmin mübahisəyə müstəsna aidiyyət qaydalarını tənzimləyən normalar tətbiq edilməklə baxılmasını tələb edir.

22. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosesual normaların tətbiqində pozuntuya yol verilməmişdir.

23. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda sadalanan müəyyən edilmiş hallarını nəzərə alaraq bu nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərardadını qəbul edərkən birinci instansiya məhkəməsi hər hansı bir yanlışlığa yol verməmiş, prosessual normanı düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Odur ki, şikayət təmin edilməməlidir.

24. Azərbaycan Respublikasının MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 şikayəti təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli e-2(028)-118/2023 nömrəli və bununla bağlı 27 fevral 2023-cü il tarixli e-2(028)-118/2023 nömrəli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver