Məhkəmə qərarları › İş №2(105)-856/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-856/2025

06.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Sair mülki iş - Torpaq mübahisələri - Maneənin aradan qaldırılması - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-856/2025 06.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə (Açar söz: mülkiyyət hüququna müdaxilənin, tikilinin mühafizə zonasından uzaqlaşdırılması, tikilinin sökülməsi, tikintiyə maneçiliyin və sair hərəkətlərin cavabdehə qadağan edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X9 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, digər nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-16/2025 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh ASC-yə qarşı mülkiyyət hüququna müdaxilənin, tikilinin mühafizə zonasından uzaqlaşdırılması, tikilinin sökülməsi, tikintiyə maneçiliyin və sair hərəkətlərin cavabdehə qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1ində yerləşən ölçüsü 0.06 ha olan torpaq sahəsindən Cavabdeh ASC-nin 220 kVluq “Zabrat” yarımstansiyasının həmin tikilinin mühafizə zolağının ölçüsü hüdudlarında kənarlaşdırılması, həmin hissədə cavabdehin hesabına yarımstansiyanın sökülməsi və mülkiyyət hüququna müdaxilənin tikintiyə maneçiliyin və sair hərəkətlərin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2011-ci il tarixdə notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi ilə X2 ünvan 1ində yerləşən ölçüsü 0.06 ha olan torpaq sahəsi almışdır. Alqı-satqı müqaviləsi Abşeron rayon notariusu Ramiz Hümmətov tərəfindən təsdiq olunmuşdur. Həmin alqı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən iddiaçıya torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən xx.xx.2012-ci il tarixli, MA seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı yaşayış məntəqələrinin torpaqlarına aid olduğuna görə həmin torpaqda tikinti normalarına uyğun olaraq yaşayış sahəsi tikmək istəmişdir. Lakin bir müddətdən sonra Cavabdeh ASC tərəfindən torpaq sahəsinin yaxınlığında “Zabrat” yarımstansiyası elektrik verilişi xətləri tikilmişdir. Buna görə də torpaq sahəsində yaşayış sahəsi tikmək mümkün olmamışdır. Bu fakt Cavabdeh ASC tərəfindən də təsdiq olunmuşdur. Belə ki, Cavabdeh ASC-dən göndərilən xx.xx.2014-cü il tarixli məktubla bildirilmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 635 saylı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqram” çərçivəsində 220 kV-luq “Zabrat” yarımstansiyasının və 220 kV-luq ikidövrəli “Şimal ES-Zabrat YS-Sənaye Qovşağı YS, Sumqayıt ES” elektrik verilişi xətlərinin layihə əsasında tikintisi işləri planlaşdırılmışdır. 220 kV-luq “Zabrat” yarımstansiyasının tikintisi üçün Abşeron rayonu, Məmmədli bələdiyyəsi ərazisində 5.15 ha torpaq sahəsinin Cavabdeh ASC-nin mülkiyyətinə ayrılması barədə 2004-cü ildə JN-0716 nömrəli Dövlət Aktı alınmış, 220 kV-luq hava xətlərinin trassası rayon icra hakimiyyətləri, respublikanın digər müvafiq orqanları ilə razılaşdırılmışdır. Həmin dövrdə yarımstansiyanın tikintisi üçün ayrılmış ərazinin ətrafında hava xəttinin tikintisi üçün müəyyənləşdirilmiş trassada heç bir tikili olmamışdır. Lakin sonradan qeyri-qanuni, normativ sənədlərin tələblərinə zidd olaraq, 220 kV-luq “Zabrat” yarımstansiyasının tikintisi üçün ayrılmış sahəyə bitişik ərazilərin, yarımstansiyaya birləşdirilən 220-110 kV-luq hava xətləri üçün nəzərdə tutulmuş koridorun vətəndaşların xüsusi mülkiyyətinə ayrılmasına başlanılmışdır. “Sorğunuzla bağlı bildiririk ki, torpaq sahəniz yarımstansiyanın hasarına bitişik ərazidə, 220 kV-luq çıxış hava xəttinin altında yerləşir. Torpaq sahəsindən yaşayış evinin tikintisi və göstərilən məqsədlər üçün istifadə edilməsi mövcud texniki normativ sənədlərin tələblərinə ziddir.” Cavabdeh ASC xx.xx.2020-ci il tarixli və xx.xx.2019-cu il tarixli məktubları ilə mübahisəli torpaq sahəsinin 220 kV-luq “Zabrat” yarımstansiyasının divarına yaxın məsafədə 220 kV-luq 1.2-ci “Zabrat” elektrik verilişi xəttinin mühafizə zonasında yerləşməsi qeyd olunmuşdur. Qüvvədə olan qanunvericiliyə əsasən elektrik şəbəkələrinin mühafizəsi zolağında tikinti işləri aparılması qadağandır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.5-ci bəndinə əsasən istehlakçı "Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları"na və "Gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na əsasən ona məxsus elektrik qurğularının qorunmasını, onlara sərbəst keçməyi və yanaşmağı təmin etməli, həmçinin kabel və hava elektrik verilişi xətlərinin mühafizə zonalarında hər hansı bir obyektin tikintisinə, materialların yığılmasına, kabel və hava elektrik verilişi xətləri mənsub olan təşkilatın icazəsi olmadan torpaq və tikinti işlərinin aparılmasına yol verməməlidir. O cümlədən elektrik şəbəkələrinin mühafizə zonalarında tikinti aparılarkən “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları” və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na əməl olunmalıdır. Göründüyü kimi hazırda çıxarışla iddiaçının qanuni mülkiyyətində olan torpaq sahəsi Abşeron rayonu, Məmmədli bələdiyyəsinin ərazisindən 2004-cü ildə JN-0716 nömrəli Dövlət Aktı ilə Cavabdeh ASC-nin mülkiyyətinə ayrılmış ərazidə tikilmiş yarımstansiyanın hasarına bitişik ərazidə, 220 kV-luq çıxış hava xəttinin altında yerləşir. Abşeron Rayon Məhkəməsinin e- 2(012)-2734/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, İddiaçı iddia tələbinin təmin olunmasının hüquqi əsası kimi “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələrinə, Mülki Məcəllənin 157.9-cu maddəsinə və Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun iddia ərizəsində göstərdiyi müvafiq maddələrinə istinad etmiş, lakin məhkəmə sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçının göstərdiyi hallar işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən hazırki vəziyyətdə iddia təmin oluna bilməz. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı işin mübahisə edilməyən hallarından müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı, ******* №-li, xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla İddiaçı adına qeydiyyata alınmış ünvan 1i ünvanda yerləşən 0.06 ha ölçülü torpaq sahəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ayrılmış torpaq sahəsinin perimetri boyunca xəttin mühafizə zolağında yeləşməsinə baxmayaraq, 0.06 ha torpaq sahəsi tam olaraq iddiaçının faktiki istifadəsindədir. Qeyd olunan 0.06 ha torpaq sahəsi üzərində iddiaçı özünün mülkiyyət hüququnu saxlamaqla kompensasiya tələb etməsini məhkəmə iddiaçının istinad etdiyi hüquq normaları ilə uzlaşmadığı qənaətinə gəldiyindən iddianın təmin olunmasını mümkün hesab etmir. Göründüyü kimi, iddiaçının mülkiyyət hüququna müdaxilə vardır. O, cavabdehin qanunsuz hərəkətləri ucbatından tikinti apara bilmədiyi, sərbəst surətdə mülkiyyətindən istifadə edə bilmədiyi üçün mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur. Odur ki, təcili surətdə onun mülkiyyət hüququna müdaxilə aradan qaldırılmalıdır. Bununla da iddiaçının mülkiyyət hüququ Cavabdeh ASC və digər cavabdehlər tərəfindən pozulmuşdur. İddiaçı torpaq sahəsini müqavilə ilə alan zaman torpaq sahəsi elektrik verilişi xətlərinin mühafizə zonalarında yerləşmirdi. İkincisi, qeyri-qanuni, normativ sənədlərin tələblərinə zidd olaraq torpaq sahəsi ayrılmışdırsa, bu zaman cavabdeh buna yol verməməli idi. Çünki həmin ərazinin cavabdeh "Azərenerji” ASC-nin mülkiyyətinə ayrılması barədə 2004-cü ildə JN- 0716 nömrəli Dövlət Aktı var idisə, cavabdeh iddiaçının mülkiyyət hüququnu qeydiyyata alnmasına mane olmalı idi. Digər tərəfdən isə "Azərenerji” ASC də həmin ərazi üzərində yüklülüyün qoyulması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməli idi.

3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

4. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-16/2025 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia tələbi qismən təmin edilmiş, İddiaçı məxsus olan ünvan 1ində yerləşən ölçüsü 0.06 ha olan torpaq sahəsində iddiaçının mülkiyyət hüququna müdaxilə, tikintiyə maneçiliyin Cavabdeh ASC-yə qadağan edilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatına görə 100 (yüz) manat pul vəsaitinin Cavabdeh ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ41NABZ********************) ödənilməsi qət edilmişdir.

5. Məhkəmə müəyyən etmişdir ki, xx.xx.2011-ci il tarixli torpaq alqı-satqısı müqaviləsi ilə ünvan 1ində yerləşən sahəsi 0.06 ha olan torpaq sahəsini alıcı İddiaçı satılmış, alıcı alqı-satqı müqaviləsi əsasında mülkiyyətə dair xx.xx.2012-ci il tarixdə çıxarış əldə etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli texniki pasportdan göründüyü kimi Abşeron rayonu Məmmədli kəndində yerləşən Zabrat-Pirşağı yolunun sağ hissəsi Cavabdeh ASC “X6 Şəbəkəsi” MMC-nin mülkiyyətinə verilmiş və həmin ərazidə obyektin tikintisinə başlanılmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2- 10/9569 saylı rəyi ilə iddiaçıya məxsus torpaq sahəsinin ölçüsünün yerində (naturada) üstüstə düşdüyü, eyni zamanda, həmin torpaq sahəsinin bütövlükdə Cavabdeh ASC tərəfindən çəkilmiş 220 kV-luq elektrik xətlərinin mühafizə zonasına düşdüyü müəyyən olunmuşdur. İddiaçı tərəfindən sahibliyində olan torpaq sahəsinə mülkiyyət hüququ əldə edildikdən sonra xx.xx.2015-ci il tarixli texniki pasporta əsasən Cavabdeh ASC 2015-ci ildə həmin ərazidə “Zabrat” yarımstansiyasının tikintisinə başlamışdır. Göründüyü kimi iddiaçı tərəfindən sözügedən torpaq sahəsinə mülkiyyət hüququ əldə edildikdən sonra cavabdeh şirkət tərəfindən həmin ərazidə yarımstansiyanın tikintisinə başlanılmış, iddiaçıya məxsus əmlak ilə yarımstansiya arasında qanunla nəzərdə tutulmuş ara məsafəsini gözləmək cavabdehin üzərinə düşmüş, lakin cavabdeh buna əməl etməyərək iddiaçının qanun ilə qorunan mülkiyyət hüquqlarını pozmuşdur. Belə ki, strateji əhəmiyyətli, geniş əhalini elektrik enerjisi ilə təmin edən yarımstansiyanın tikintisi üçün təhlükəsizlik qaydalarının müəyyən edilməsi, mülkiyyətdə olan torpaqlarla mühafizə zonasına düşən ara məsafəsinin müəyyən edilməsi cavabdehin vəzifəsidir, lakin bunlara cavabdeh tərəfindən əməl etməmişdir. İddiaçının mülkiyyət hüququ toxunulmazdır, həmin hüquq məhdudlaşdırıla bilməz. İddiaçı mülkiyyət hüququ ilə ona məxsus torpaq ərazisində qanunla nəzərdə tutulmuş tikililər inşa etmək hüququnda sərbəsdir, ona hər hansı maneə yaratmaq yolverilməzdir. Cavabdeh tərəfindən iddiaçının torpaq sahəsində inşa edilmiş obytekt dövlət mənafeləri üçün strateji əhəmiyyətli obyekt hesab olunduğundan, həmin obyektin sökülməsi dövlət büdcəsinə külli miqdarda ziyan dəyməsi ilə nəticələnə bilər. Bundan əlavə cavabdeh tərəfindən iddiaçının torpaq sahəsində inşa edilmiş obyekt söküləcəyi təqdirdə dövlət büdcəsinə külli miqdarda dəyə biləcək zərərin məbləği, mülkiyyət hüquqlarının pozulması nəticəsində iddiaçıya dəyəcək zərərdən daha ağır nəticələrə səbəb olacağı qənaətinə gəlinir. Cavabdeh kompensasiya verilməsi yolu ilə qarşılıqlı razılıq əsasında mühafizə zonasına düşən torpaq sahəsini mülkiyyətçidən almaq hüququ vardır və o bu hüquqdan istifadə edə bilər. Cavabdeh tərəfindən iddiaçının torpaq sahəsində inşa edilmiş obytekt dövlət mənafeləri üçün strateji əhəmiyyətli yarımstansiya hesab olunduğundan, həmin yarımstansiyanın sökülməsi dövlət büdcəsinə külli miqdarda ziyan dəyməsi ilə nəticələnə bilər.

6. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49, 56, 88, Mülki Məcəlləsinin 146, 152, 152.5, 157.4-cü maddələrinə, Mühafizə zonaları “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 103 nömrəli Qərarına, “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 5,6, 9-cu maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-16/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən apellyasiya şikayəti verilərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-16/2025 nömrəli qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

9. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən sözügedən torpaq əldə edildikdən sonra cavabdeh şirkət tərəfindən həmin ərazidə yarımstansiyanın tikintisinə başlanılmış, tutulmuş ara məsafəsini gözləmək cavabdehin üzərinə düşmüş, lakin cavabdeh buna əməl etməyərək iddiaçının qanun ilə qorunan mülkiyyət hüquqlarını pozmuşdur. Belə ki, strateji əhəmiyyətli, geniş əhalini elektrik enerjisi ilə təmin edən yarımstansiyanın tikintisi üçün təhlükəsizlik qaydalarının müəyyən edilməsi, mülkiyyətdə olan torpaqlarla mühafizə zonasına düşən ara məsafəsinin müəyyən edilməsi cavabdehin vəzifəsidir, lakin bunlara cavabdeh tərəfindən əməl etməmişdir. İddiaçının mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndi, 29-cu maddəsinin İİİ bəndi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinin İ hissəsi, 56-cı maddənin İİ hissəsi, 86-cı maddənin V hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı, 152ci, 157.4-cü maddələri ilə qorunur. Buna baxmayaraq hakim iddiaçının torpaq sahəsindən yarımstansiyasının həmin tikilinin mühafizə zolağının ölçüsü hüdudlarında kənarlaşdırılması, həmin hissədə cavabdehin hesabına yarımstansiyanın sökülməsi tələbini təmin etməmiş və hesab etmişdir ki, “cavabdeh tərəfindən iddiaçının torpaq sahəsində inşa edilmiş obytekt dövlət mənafeləri üçün strateji əhəmiyyətli obyekt hesab olunduğundan, həmin obyektin sökülməsi dövlət büdcəsinə külli miqdarda ziyan dəyməsi ilə nəticələnə bilər. Bundan əlavə cavabdeh tərəfindən iddiaçının torpaq sahəsində inşa edilmiş obyekt söküləcəyi təqdirdə dövlət büdcəsinə külli miqdarda dəyə biləcək zərərin məbləği, mülkiyyət hüquqlarının pozulması nəticəsində iddiaçıya dəyəcək zərərdən daha ağır nəticələrə səbəb olacağı qənaətinə gəlinir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbinin xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan ünvan 1ində yerləşən ölçüsü 0.06 ha olan torpaq sahəsindən Cavabdeh ASC-nin 220 kV-luq “Zabrat” yarımstansiyasının həmin tikilinin mühafizə zolağının ölçüsü hüdudlarında kənarlaşdırılması, həmin hissədə cavabdehin hesabına yarımstansiyanın sökülməsi hissəsində təmin edilməməlidir”. Lakin məhkəmə konstitusiya ilə təminat altına alınmış mülkiyyət hüququnun pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Mülkiyyət hüququ dövlətə külli miqdarda ziyanın dəyməməsi üçün pozula bilməz. İkincisi, hakim dövlətə külli miqdarda ziyanın dəyməsini müəyyən etməmişdir. Üçüncüsü, belə hallarda yüksək gərginlikli elektrik xətlərinin çəkilməsi ilə əlaqədar olaraq zərurət yarandığı halda dövlət ehtiyacları üçün iddiaçının torpaq sahəsi alına bilərdi. Hakim də qətnamədə bu zərurəti göstərmişdir. İddiaçı torpaq sahəsi aldıqda və orada işlər görülən zaman Cavabdeh ASC tərəfindən yüksək gərginlikli elektrik xətləri quraşdırılmamışdır. Bu işin mübahisəsiz halıdır. İkincisi, iddiaçının mülkiyyət hüququnun dövlət tərəfindən təminat altına düşməsi də işin mübahisəsiz halıdır. Üçüncüsü, ekspert rəyi ilə təsdiq olunur ki, iddiaçının torpağı cavabdehin istismarında olan elektrik xəttinin mühafizəsi zonasına düşür. Abşeron rayonu Məmmədli kəndi ərazisində ümumilikdə 5,15 hektar torpaq sahəsi Abşeron rayonu Məmmədli Bələdiyyəsinin 12 avqust 2004-cü il tarixli 04 saylı qərarı ilə yarımstansiya tikilməsi məqsədilə Cavabdeh ASC-yə satılmışdır. Bələdiyyənin qeyd olunan qərarı əsasında 2004-cü ildə JN-0716, KOD 30800108 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” verilmiş və Cavabdeh ASC-nin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Daha sonra həmin torpaq sahəsində 220 KV-luq Zabrat yarımstansiyasının tikintisinə başlanılmış və 2015-ci ildə tikinti başa çatdırılmışdır. Yarımstansiyanın layihələndirilməsi və tikintisi davam edən zaman Cavabdeh ASC tərəfindən 2004-cü ildə ASC-yə satılan torpaq sahəsi və həmin torpaq sahəsində tikilən yarımstansiyanın giriş və çıxış elektrik xətlərinin keçəcəyi torpaq sahələrinin mülkiyyətçilərinin hüquqları təmin edilməli idi. Bununla bağlı Cavabdeh ASC öz öhdəliklərini gec yerinə yetirməyə başlamışdır. Belə ki, cavabdeh tərəfindən qeyd edilən öhdəliyin yerinə yetirilməsinə 2004cü ildən başlanılmalı idi. Cavabdeh uzun müddət sonra xx.xx.2018-ci il tarixli məktubla Azərbaycan Respublikası Baş Nazirinə müraciət etmiş və məktubda qeyd edilmişdir ki, yarımstansiyanın perimetrində fərdi yaşayış evlərinin tikintisi üçün vətəndaşlara torpaq sahələrinin ayrılmasının Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli Qərarına əsasən qanunsuz olması barədə Cavabdeh ASC dəfələrlə aidiyyəti dövlət qurumlarına müraciətlər etmiş və insanların sağlamlığının qorunması üçün torpaq sahəsinin koordinatları dövlət aktı əsasında müəyyən edilərək yarımstansiyanın ərazisi hasara alınmışdır. Yarımstansiya tikilərək 30 mart 2015-ci il tarixdə istismara verilmişdir. Yarımstansiyanın perimetrində torpaq sahələri ayrılmış vətəndaşlara dövlət reyestri xidməti tərəfindən çıxarışlar verilmişdir. Bu vətəndaşlardan 12 nəfərinə ayrılmış torpaq sahələri çıxarış əsasında yarımstansiyanın torpaq sahəsi ilə üstüstə düşür və bir çox digər evlər də yarımstansiyaya daxil olan və çıxan yüksək gərginlikli elektrik verilişi xətlərinin mühafizə zonasına düşür. Göstərilənləri nəzərə alaraq 220 Kv-luq Zabrat yarımstansiyasının perimetrində və yarımstansiyaya daxil olan və çıxan elektrik xətlərinin mühafizə zonasında yerləşən torpaq sahələrinin Abşeron Rayon İcra Hakimiyyətivə Məmmədli bələdiyyəsi tərəfindən əvəzləşdirilməsinin aparılması, satın alınması və ya kompensasiyaların ödənilməsi məsələsinin həll edilməsi üçün tədbirlər görülməsi xahiş olunmuşdur. Həmin məktub Baş Nazirin birinci müavini tərəfindən xx.xx.2018-ci il tarixli məktubla icra olunması üçün Abşeron rayon İcra Hakimiyyətinə göndərilmişdir. Baş Nazirin birinci müavini tərəfindən göndərilmiş xx.xx.2018-ci il tarixli məktuba Abşeron rayon İcra Hakimiyyəti xx.xx.2018- ci il tarixli məktubla cavab vermiş və bildirmişdir ki, 220 KV-luq Zabrat yarımstansiyasının yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşən vətəndaşların həyətyanı torpaq sahələri Bələdiyyə mülkiyyətində olan digər torpaq sahələri ilə əvəz olunmuşdur. Həmin məktuba həyətyanı torpaq sahələri əvəz olunmuş vətəndaşların adlı siyahısı da əlavə edilmişdir. Lakin nədənsə cavabdeh və əlaqədar dövlət orqanları yarımstansiyaya daxil olan və çıxan elektrik xətlərinin mühafizə zonasında yerləşən iddiaçının torpaq sahəsi ilə bağlı cavabdeh hər hansı bir tədbir görməmişdir. 2004-cü ildə yuxarıda qeyd olunan torpaq sahəsi Cavabdeh ASC-nin istifadəsinə verilkdikdən sonra ASC tərəfindən aşağıda qanunvericilik normaları pozularaq həmin torpaq sahəsində inşa ediləcək yarımstansiyanın layihəsi aidiyyəti qurumlara təqdim edilərkən onun mühafizəsi zonasında olan torpaq sahələri və fərdi yaşayış evlərinin mülkiyyətçisi olan şəxslər, o cümlədən iddiaçı müəyyən edilməli, cavabdeh yarımstansiya inşa edildikdən sonra ora daxil olacaq və çıxacaq elektrik xətlərinin keçəcəyi ərazilərin mülkiyyətçilərindən torpaq sahələrini dövlət ehtiyacları üçün satın almalı idi. Cavabdeh iddiaçının mülkiyyət hüququnu pozan hərəkətlərə yol verməməli və yüksək gərginlikli elektrik xətlərini elə layihələndirməli idi ki, onların mühafizə zonaları iddiaçının öz torpaq sahəsindən istifadə etməsinə maneə yaratmasın. Əgər layihələndirməyə görə yüksək gərginlikli elektrik xətlərinin mühadifizəsi zonası iddiaçının torpaq sahəsini əhatə etməlidirsə, bu zaman həmin torpaq sahəsi dövlət ehtiyacları üçün alınmalıdır.

10. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Məmmədli kəndi ərazisində ümumilikdə 5.15 hektar torpaq sahəsi Abşeron rayonu Məmmədli bələdiyyəsinin 12 avqust 2004-cü il tarixli 04 saylı qərarı ilə yarımstansiya tikilməsi məqsədilə Cavabdeh ASC-yə satılmışdır. Bələdiyyənin qeyd olunan qərarı əsasında 27 oktyabr 2004-cü ildə JN-0716, KOD 30800108 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” alınmışdır. Bundan sonra həmin ərazidə tikilicək yarımstansiyanın eskizi 2005-ci ildə Məmmədli Bələdiyyəsinə təqdim edilmişdir. Daha sonra həmin torpaq sahəsində 220 kv-luq “Zabrat” yarımstansiyasının tikintisinə başlanılmış və 2013-cü ildə tikintisi başa çatdırılaraq yarımstansiya istismara qəbul olunmuşdur. 2015-ci ildə ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən həmin yarımmstansiya ilə bağlı Cavabdeh ASC-yə texniki passport verilmişdir. Yəni artıq 2005-ci ildə gələcəkdə tikiləcək yarımstansiyanın həmçinin yarımstansiyaya daxil olan və çıxan yüksək gərginlikli hava xətlərinin keçdiyi ərazinin eskiz layihəsi Məmmədli Bələdiyyəsinə təqdim edilmiş, lakin Məmmədli Bələdiyyəsi bu barədə xəbərdar olmasına baxmayaraq ASC-yə satılan torpaq sahəsi və həmin torpaq sahəsinin ətrafındakı əraziləri ayrı-ayrı vətəndaşlara satmışdır. Başqa sözlə desək Cavabdeh ASC tərəfindən hər hansı şəxsin mülkiyyətinə müdaxilə olunmamış, 2005-ci ildə yüksək gərginlikli hava xətlərinin keçdiyi ərazi, həmçinin hava xətlərinin mühafizə zonası müəyyən olunmasına baxmayaraq sonradan aidiyyəti qurumlar tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla mühafizə zonasında olan torpaqlar iddiaçıya satılmışdır. Belə olan halda həmin qurumların təqsiri nəticəsində yaranmış hazırki vəziyyətinə görə Cavabdeh ASC məsuliyyət daşıya bilməz. Məhkəmə iddiaçının mülkiyyət hüququ ilə ona məxsus torpaq ərazisində qanunla nəzərdə tutulmuş tikililər inşa etmək hüququnda sərbəst olduğunu və ona hər hansı maneə yaratmağın yolverilməz olduğunu qeyd etsə də həmin maneənin konkret olaraq nədən ibarət olmasını iş üzrə sübutlarla əsaslandırmamışdır. Belə ki, fərdi yaşayış evlərinin tikintisinə icazəni Cavabdeh ASC deyil, müvafiq icra hakimiyyəti orqanı verir. Belə olan halda Cavabdeh ASC tərəfindən iddiaçıya mülkiyyət hüququnu həyata keçirilməsinə hər hansı maneçilik yaradılmasından söhbət gedə bilməz. Əksinə ASC-yə məxsus torpaq sahəsində tikilmiş yarımstansiya daxil olan və çıxan yüksək gərginlikli hava xətlərinin mühafizə zonasına sonradan daxil olmaqla iddiaçı tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Bununla bağlı Cavabdeh ASC tərəfindən xx.xx.2018-ci il tarixli məktubla Azərbaycan Respublikası Baş Nazirinə müraciət olunmuş və məktubda qeyd edilmişdir ki, yarımstansiyanın perimetrində fərdi yaşayış evlərinin tikintisi üçün vətəndaşlara torpaq sahələrinin ayrılmasının Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli Qərarına əsasən, qanunsuz olması barədə Cavabdeh ASC dəfələrlə aidiyyəti dövlət qurumlarına müraciətlər etmiş və ərazinin zəbt olunmasının qarşısını almaq üçün torpaq sahəsinin koordinatları dövlət aktı əsasında müəyyən edilərək yarımstansiyanın ərazisi hasara alınmışdır. Yarımstansiya tikilərək 30 mart 2013-cü il tarixdə istismara verilmişdir. Yarımstansiyanın perimetrində torpaq sahələri ayrılmış vətəndaşlara dövlət reyestri xidməti tərəfindən çıxarışlar verilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara düzgün qiymət verməmiş, cavabdehin etirazının əsasını təşkil edən hallarla (xüsusilə də Cavabdeh ASC-yə torpaq sahəsinin daha öncə satılmasını, inşa ediləcək yarımstansiyanın layihəsinin aidiyyəti qurumlara göndərilməsinə baxmayaraq yarımstansiya inşa edildikdən sonra ora daxil olacaq və çıxacaq elektrik xətlərin mühafizə zonasında yerləşən torpaq sahələrinin aidiyyəti qurumlar tərəfindən qanunsuz olaraq vətəndaşlara satılması) bağlı hər hansı bir araşdırma aparmamışdır. Bununla da birinci instansiya məhkəməsi qətnaməsini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış və prosessual pozuntuya yol vermişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

11. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, məhkəməyə dörd vəsatət və cavabdeh qurumlardan cavab ala bilməməyi ilə bağlı məhkəməyə müraciət ünvanlamışdır. İddiaçıya məxsus torpaq sahəsi və mühafizə zonaları üst-üstə düşdüyü üçün cavabdeh təşkilat Nazirlər Kabinetinə müraciət etmiş, müvafiq cavab əldə olunmuş, cavab məktubu iş materiallarında mövcuddur. Cavab məktubundan görünür ki, torpaq sahələrinin təyinatının dəyişdirilərək yaşayış sahələrinə çevrilmişdir. Burada iki sənəddən söhbət gedir 1) cavabdehə məxsus dövlət aktı, 2) iddaçıya məxsus çıxarış. Sənədlərin hər ikisi qüvvədədir, heç biri ləğv olunmayıb. Hesab edir ki, Nazirlər Kabineti torpaqların təyinatını dəyişdiridiyi zaman vətəndaşların mövqeyi üstün tutulmuşdur. Nazirlər Kabineti Abşeron RİH-ə müraicət etmiş, o isə bələdiyyə vasitəsilə 12 nəfərə torpaq sahəsi vermişdir. Lakin iddiaçının torpaq sahəsi nəzərə alınmamışdır. Ona görə də hesab edir ki, Nazirlər Kabineti və Abşeron RİH-ə ərazidə yerləşən torpaq sahələrinin kateqoriyalarının dəyişdirilməsi və dəyişdirildiyi halda mühafizə zonası ilə üst-üstə düşməsi barədə məlumat almaq məqsədilə sorğu verilməlidir. Normalda mühafizə zonaları barədə reyestrdə məlumatlar olur və mühafizə zonasına düşən torpaq sahələrinə çıxarış verilmir, cavabdeh zamanında torpaq sahəsinin mühafizə zonasına düşən hissəsini reyestrdə qeydə aldırmalı idi ki, gələcəkdə alqı-satqı zamanı problem yaranmasın. Cavabdeh bunu etməyib, ona görə də hazırda təmsil etdiyi şəxsin əmlak hüquqları pozulur. İddiaçı cavabdehin qanunsuz hərəkəti nəticəsində özünə məxsus olan torpaq sahəsindən istifadə edə bilmir, cavabdeh həmin sahədə mühafizə zonası yaratmışdır, bununla əlaqədar müvafiq sorğularla birgə məhkəmə kompleks ekspertizası təyin edilməlidir. Cavabdeh mühafizə zonasını qurarkən digər vətəndaşların hüquqlarını pozmuş, onların mənafeyini nəzərə almamışdır. Hazırki mübahisənin inzibati mübahisə olub-olmaması məsələsinə gəldikdə isə, cavabdeh bu barədə birinci instansiya məhkəməsində vəsatət vermiş, vəsatət təmin edilməmiş, işə baxan apellyasiya instansiya məhkəməsi bu barədə qərardadı qüvvədə saxlamışdır. Hazırda qüvvədə olan çıxarış var və torpaq sahəsidən istifadəyə maneə törədən cavabdehdir, iddiaçı torpaq sahəsini hasara almaq istəyəndə cavabdehin əməkdaşları onlara imkan verməyib, ona görə də ilk olaraq kompensasiya verilməsi barədə iddia qaldırmışdır. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qüvvəyə olan çıxarış var, iddia təmin olunmamalıdır. Mühafizə zonasının sahəsinin nə qədər olduğunu bilmir. Cavabdeh tərəfindən inşa olunmuş 220 kV-luq elektrik xətləri iddiaçının mülkiyyət hüququnu faktiki olaraq məhdudlaşdırır. Bu vəziyyətin alternativ texniki həll yolları ilə aradan qaldırılması imkanları araşdırılmalıdır. Cavabdeh kompensasiya versə razılaşma əldə oluna bilər. Torpaq sahəsində tikinti işləri aparmaq istədikləri zaman cavabdeh təşkilatın əməkdaşları onlara maneə törədir, tikintiyə icazə vermirlər, qısası onlara məxsus torpaq sahəsindən istifadə etmələrinə imkan vermirlər. Cavabdeh layihələndirməni düzgün həyata keçirməyib deyə hazırda vətəndaş əziyyət çəkir. Cavabdehin vəkilinin izahatından da göründüyü kimi cavabdeh həm vətəndaşa tikinti işlərinin aparılmasına mane olmadığını, həm də tikinti işləri aparılacağı təqdirdə sökülməsi barədə iddia qaldıracaqlarını bildirir. Vətəndaş çətin vəziyyətdə qalıb. Normalda mühafizə zonaları barədə reyestrdə məlumatlar olur və mühafizə zonasına düşən torpaq sahələrinə çıxarış verilmir, cavabdeh zamanında torpaq sahəsinin mühafizə zonasına düşən hissəsini reyestrdə qeydə aldırmalı idi ki, gələcəkdə alqı-satqı zamanı problem yaranmasın. Cavabdeh bunu etməyib, layihələndirməni düzgün həyata keçirməyib, ona görə də hazırda təmsil etdiyi şəxsin hüquqları pozulur. Nazirlər Kabinetinə cavabdeh tərəfindən təqdim edilən siyahıda iddiaçının adı yoxdur. Torpaq sahəsi çıxarışla təmsil etdiyi şəxsə məxsusdur. Mülkiyyətçi öz torpaq sahəsindən istifadə edə bilmir, cavabdeh tərəfindən ona maneə yaradılır. Cavabdehin layihələndirməni düzgün həyata keçirməməsi səbəbindən iddiaçının hüquqları pozulub. Odur ki iddia əsaslıdır. İddiaçının təqsiri yoxdur. Mülkiyyətçinin öz mülkiyyətini qorumaq borcu olduğu kimi, müəyyən müddət istifadəsiz qoymaq hüququ da vardır, lakin bu o demək deyildir ki, cavabdeh gəlib həmin ərazidə ara məsafəsini saxlamayaq yarımstansiya inşa etdirsin. Cavabdeh lazımi prosedur qaydalarını yerinə yetirməyib, sonradan bələdiyyənin torpaq sahələrini mülkiyyətçilərə verdiyini öyrənəndə Nazirlər Kabinetinə məktub ünvanlayıb. Burada iddiaçının heç bir təqsiri yoxdur. Hesab edir ki, məhkəmə mühafizə zonasının köçürüməsi barədə qərar qəbul etməli, cavabdeh onlara kompensasiya ödəməlidir. Cavabdeh iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının pozmuş, yarımstansiyanın tikintisi zamanı iddiaçıya məxsus torpaq sahəsi ilə yarımstansya arasında ara məsafəsi saxlanılmamışdır. Yarımstansiyanın tikintisi zamanı mühafizə zonası ilə vətəndaşlara məxsus torpaq sahələri arasında ara məsafəsinin saxlanılması, təhlükəsizlik qaydalarına əməl edilməsi cavabdehin vəzifəsidir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmasını, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.

13. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 cavabdehin apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, 2011-ci ildə torpaq sahəsini alanda torpaqlar boş idi, yarımstansiya yox idi, hasara almaq istəyəndə böyük bir yarımstansiyanın tikildiyini görmüşlər. Həmin ərazidə yarımstansiyadan biraz aralıda yaşayış evləri var.

14. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, cavabdeh təşkilat iddiaçıya hər hansı maneə yaratmır, ASC-yə daha əvvəl dövlət aktı verilib, onun əsasında tikinti işləri aparılıb, sonradan torpaq sahəsi satılıb, iddiaçı mühafizə zonasından istifadə etmək istəyir, cavabdeh öz torpağında yarımstansiya inşa edib. Qarşı tərəf orada hər hansı tikili inşa etdirdiyi təqdirdə tikilinin sökülməsi barədə iddia qaldıracaqlar. Onların tikintiyə icazə vermək səlahiyyəti yoxdur, bunun üçün müvafiq orqana müraciət edilməlidir. Orada həm yarımstansiya, həm də elektrik xətləri var. Torpaq sahəsi əvvəldən cavabdehə məxsus olub, sonradan bələdiyyə tərəfindən satılıb. Vətəndaş sonradan onlara məxsus olan torpaq sahəsinə çıxarış alıb. Tikintiyə hər hansı maneə törətmirlər, lakin tikintiyə icazə verən orqan tərəfindən orada tikinti aparılmasına icazə verilmir, çünkü həmin ərazi mühafizə zonasına düşür. Qarşı tərəf torpaq sahəsində tikintiyə mane olduqlarını bildirsə də buna əsas göstərmir, sübut təqdim edə bilmir. Onlar vətəndaşa həmin ərazinin mühafizə zonasına düşdüyü üçün tikinti işlərinin aparılması təhlükəli olduğundan ona icazə verilmədiyini bildirmişlər. Tikinti işləri aparıldığı halda isə məhkəmədə tikilinin sökülməsi ilə əlaqədar iddia qaldıracaqlar. Prosedur qaydası belədir. Vətəndaşa məxsus torpaq sahəsi zəbt olunsa idi, kompensasiya verməyə razı olardılar. Lakin belə bir hal mövcud deyil, bununla belə, Nazirlər Kabinetinə müraciət olub. Dövlət aktı qüvvədədir, vətəndaşa çıxarış daha sonra verilib, ona görə də çıxarışı mübahisələndirməyə ehtiyac olmadığını düşünmüşlər. Cavabdeh təşkilat tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını, qarşı tərəfin apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.

İşdə olan sübutlar

15. xx.xx.2011-ci il tarixli torpaq alqı-satqısı müqaviləsindən görünür ki, satıcı X5 adından çıxış edən X1 rayonu, Məmmədli kəndində yerləşən sahəsi 0.06 ha olan torpaq sahəsini alıcı İddiaçı satmağı, alıcı isə bunun müqabilində satıcıya 11775 manat məbləğində pulu ödəməyi öz öhdəsinə götürmüşdür.

16. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012-ci il tarixli, MA seriyalı, ******* saylı çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 228 saylı reyestr kitabının 70 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********58 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.

17. Torpağa mülkiyyət hüququna dair Kod: 30800108 JN-716 saylı dövlət aktından görünür ki, Cavabdeh ASC-yə Abşeron Rayon Məmmədli Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 04 saylı qərarı ilə satılmış 5.15 ha torpaq sahəsi “Bakı-İİİ” yarımstansiyasının tikintisi üçün ayrılmışdır.

18. 4 saylı Abşeron ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli **********88- 12101 reyestr nömrəli, 1729 inventar nömrəli texniki pasportun surətindən görünür ki, ünvan 1ində yerləşən Zabrat-Pirşağı yolunun sağ hissəsi "xxxx" ASC “X6 Şəbəkəsi” MMCnin mülkiyyətinə verilmişdir.

19. Cavabdeh ASC-nin Azərbaycan Respublikasının Baş Nazirinə ünvanladığı xx.xx.2018-ci il tarixli, xx/xx/1322 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 635 nömrəli Sərəncamı ilə qəbul edilmiş “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı”na uyğun olaraq “Şimal elektrik stansiyasında istehsal ediləcək elektrik enerjisinin ötürülməsi üçün “Zabrat 220 kV-luq yarımstansiyasının tikintisi üçün Abşeron rayonu, Məmmədli Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 14 nömrəli qərarı ilə kəndin örüş sahəsindən 5.15 ha torpaq sahəsi ayrılmış və 21 oktyabr 2004-cü il tarixdə torpaq sahəsinə dair JN-716 nömrəli dövlət aktı alınmışdır. Yarımstansiyanın tikintisi üçün büdcədən vəsaitlərin ayrılması mərhələləri üzrə yarımstansiya tikilmiş və torpağın xx.xx.2015-ci il tarixdə yerdə vəziyyətinə görə 0.06 ha az torpaq sahəsi olmaqla, faktiki 5.0921.3 ha torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən "xxxx" MMC-nin adına texniki pasport verilmişdir. Cavabdeh ASCyə torpaq sahəsinin örüş sahəsindən ayrılmasına baxmayaraq, sonradan həmin ərazidəki torpaq sahəsinin təyinatı perspektiv inkişaf üçün yararlı torpaq kateqoriyasına dəyişdirilmiş və Məmmədli bələdiyyəsi tərəfindən fərdi yaşayış evlərinin tikintisi üçün vətəndaşlara satılmışdır. Cavabdeh ASC yarımstansiyanın perimetrində fərdi yaşayış evlərinin tikintisi üçün vətəndaşlara torpaq sahələrinin ayrılmasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 103 nömrəli Qərarına əsasən, qanunsuz olması barədə dəfələrlə aidiyyəti dövlət qurumlarına müraciətlər etmiş və ərazinin zəbt olunmasının qarşısını almaq üçün torpaq sahəsinin koordinatları dövlət aktı əsasında müəyyən edilərək yarımstansiyanın ərazisi hasara alınmışdır. Yarımstansiya tikilərək xx.xx.2013-cü il tarixdə istismara verilmişdir. Yarımstansiyanın perimetrində torpaq sahələri ayrılmış vətəndaşlara dövlət reyestri xidməti tərəfindən çıxarışlar verilmişdir. Bu vətəndaşlardan 12 nəfərinə ayrılmış torpaq sahələri çıxarış əsasında yarımstansiyanın torpaq sahəsi ilə üst-üstə düşür və bir çox digər evlər də yarımstansiyaya daxil olan və çıxan yüksək gərginlikli elektrik verilişi xətlərinin mühafizə zonasına düşür. Vətəndaşlar yarımstansiyanın torpaq sahəsi ilə üstüstə düşən torpaq sahələrinin boşaldılması, torpaq sahələrinin əvvəlki vəziyyətinə geri qaytarılması və vurulmuş ziyanın ödənilməsi tələbi ilə məhkəmələrə müraciət edirlər. Məhkəmələrdə yarımstansiyanın tikintisi üçün torpaq sahəsinin Cavabdeh ASC-yə 2004cü ildə kəndin örüş sahəsindən ayrılması, vətəndaşlara isə sonradan istinad nöqtəsi düzgün seçilmədən torpaqların ayrılması bildirilərək hüquqi müdafiənin təşkili təmin edilir, lakin vətəndaşlarda mülkiyyət əsasında onlara ayrılmış torpaq sahələrinə dair reyestrdən çıxarışlar mövcuddur. Bu da məhkəmənin müxtəlif nəticəli qərarlar qəbul etməsi ilə nəticələnir və hazırda ərazinin boşaldılması barədə icraya yönəldilmiş məhkəmənin qanuni qüvvəyə minmiş qərarları mövcuddur. Yuxarıda göstərilənləri nəzərə çatdıraraq, 220 kVluq “Zabrat” yarımstansiyasının perimetrində torpaq sahələri yarımstansiyanın yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşən vətəndaşların torpaq sahələrinin Abşeron Rayon İcra Hakimiyyəti və Məmmədli Bələdiyyəsi tərəfindən əvəzləşdirilməsinin aparılması, satın alınması və ya kompensasiyaların ödənilməsi məsələsinin həll edilməsi üçün tədbirlər görülməsi xahiş olunmuşdur.

20. Abşeron Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikası Baş Nazirinə ünvanladığı xx.xx.2018-ci il tarixli, X/694 saylı məktubdan görünür ki, 220 kV-İuq Zabrat yarımstansiyasının perimetrində torpaq sahələri yarımstansiyanın yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşən vətəndaşların həyətyanı torpaq sahələri Bələdiyyə mülkiyyətində olan digər torpaq sahələri ilə əvəz olunmuşdur.

21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/9569 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 02.11,2024cü il tarixli, 3-21-3-32/2-16436/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Cavabdeh ASC-yə ayrılmış 220 kV-luq “Bakı-lll” (Zabrat) yarımstansiyası “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” “Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanunun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 04.09.012-ci il tarixli, 695 nömrəli Fərmanının 1.6.21 -ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 531 nömrəli qərarı ilə təstiq edilmiş təhlükə potensiallı yüksək gərginlikli elektrik xətləri və qurğularının yerləşdiyi ərazidə yerləşir. Həmin ərazinin mühafizə zonası ilə bağlı Cavabdeh ASC-yə müraciət olunması məqsədəmüvafiqdir. Mütəxəssis rəyinə əsasən, **********458 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin 0.0506 ha hissəsi 220 kV-luq elektrik xəttinin mühafizə zolağında yerləşdiyi müəyyən olunmuşdur.

22. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Konstitusiyası

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

24. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 22.

1. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır.

2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir.

3. Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.

4. Təsərrüfat dövriyyəsindən çıxarılan torpaq sahələri xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılacaq müəssisələrə verilir və ya ehtiyat fondu torpaqlarına aid edilir.

5. Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Maddə 62. Elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariyamühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər.

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

26. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi

Maddə 80. Məlumatlandırma icraatı 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır.

27. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 37. 37.1. Mühafizəsi təmin edilən mühüm əhəmiyyətli elektroenergetika obyektlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 37.2. Elektrik şəbəkələrinin mühafizəsinin təmin olunması, istismarı üçün normal şəraitin yaradılması və zədələnməsinin qarşısının alınması, həmçinin insanların həyat və sağlamlığının, təhlükəsizliyinin təmin edilməsi məqsədilə elektrik şəbəkələri ətrafında mühafizə zonaları müəyyənləşdirilir. 37.3. Mühafizə zonalarında Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan təsərrüfat işləri aparıla bilər. 37.4. Mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

28.”Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu

6.4. Elektrik, rabitə, neft-qaz və nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. 14.2. Elektrik, rabitə, neft-qaz və nəqliyyat xətləri, habelə sənaye obyektlərinin sanitariya-mühafizə zonalarının altındakı bələdiyyə torpaqları, bu torpaqların və obyektlərin mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız qanunvericilikdə nəzərdə tutulmuş qaydada kənd təsərrüfatı məqsədləri üçün istifadə edilə bilər.

29.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

30. Məhkəmə kollegiaysı tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-16/2025 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti isə təmin edilərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-16/2025 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılaraq, iddia tələbi rədd edilməlidir.

32. İşin müəyyən edilmiş hallarına əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə cavabdehin mülkiyyətində olan torpaq sahəsi qonşu torpaq sahələri olmaqla, cavabdehin mülkiyyətində olan torpaq sahəsi onun mülkiyyətinə Abşeron Rayon Məmmədli Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 04 saylı qərarı əsasında verilmiş və mülkiyyət hüququ xx.xx.2004-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, Torpağa mülkiyyət hüququna dair Kod: 30800108 JN-716 saylı dövlət aktı verilmişdir. İddiaçı isə torpaq sahəsini xx.xx.2011-ci il tarixli alqı-satqısı müqaviləsi əsasında X7 adlı şəxsdən almışdır ki, iş materiallarında olan hüquqmüəyyənedici sənədlərə əsasən qeyd olunan torpaq sahəsi X5 mülkiyyətinə Abşeron Rayon Məmmədli Bələdiyyəsi ilə bağlanmış xx.xx.2011-ci il tarixli alqı-satqıya dair akt əsasında verilmişdir. Abşeron Rayon Məmmədli Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 04 saylı qərarından da göründüyü kimi həmin torpaq sahəsi məhz qeyd olunan ərazidə “Bakı-İİİ” yarımstansiyasının tikintisi üçün cavabdehə ayrılmışdır. Yəni, torpaq sahəsini satan bələdiyyə orqanının həmin torpaq sahəsinin qonşuluğunda elelktrik stansiyasının inşa ediləcəyindən və yüksək gərginlikli elektrik xətlərinin keçəcəyindən məlumatı olmuş, elelktrik stansiyasının eskiz layihəsi də bələdiyyəyə təqdim olunmuşdur. Cavabdehin mülkiyyət hüququ iddiaçının mülkiyyət hüququndan daha əvvəl yaranması, iddiaçının mülkiyyətindəki torpaq sahəsinin çox hissəsinin Cavabdeh ASC tərəfindən çəkilmiş 220 kv-luq elektrik xətlərinin mühafizə zonasına düşməsi nəzərə alındıqda, iddiaçının tələbi onun qanuni əsasını təşkil edən Mülki Məcəllənin 157.4. maddəsinin dispozitiv şərtlərinə uyğun olmadığından, iddia tələbi əsassız olmuşdur. Buna görə də birinci instanasiya məhkəməsinin iddiaçının Cavabdeh ASC-nin 220 kV-luq “Zabrat” yarımstansiyasının həmin tikilinin mühafizə zolağının ölçüsü hüdudlarında kənarlaşdırılması və həmin hissədə cavabdehin hesabına yarımstansiyanın sökülməsi ilə bağlı tələblərini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, yuxarıda istinad olunan Mülki Məcəllənin 6.1.1 və 153.4-cü maddələrinə əsasən mülki hüquq subyektlərinin bərabərliyi prinsipi baxımından bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Qanunun mənasına görə mülki qanunvericilikdə müəyyən olunan hüquqlar, təminatlar və müdafiə vasitələri mülkiyyət hüququnun bütün subyektlərinə eyni tətbiq edilir.

33. Məhkəmə kollegiyası birinci instnaiya məhkəməsinin iddiaçı tərəfindən torpaq sahəsinə mülkiyyət hüququ əldə edildikdən sonra cavabdeh şirkət tərəfindən həmin ərazidə yarımstansiyanın tikintisinə başlanılması, iddiaçıya məxsus əmlak ilə elelktrik yarımstansiya arasında qanunla nəzərdə tutulmuş ara məsafəsini gözləmək vəzifəsinin cavabdehin üzərinə düşməsi səbəbindən iddiaçının mülkiyyətindəki torpaq sahəsində tikinti işlərinin aparılmasında dair maneçiliyin Cavabdeh ASC-yə qadağan edilməsi tələbinin əsaslı olması ilə bağlı gəldiyi nəticə ilə razılşamayaraq qeyd edir ki, əvvəla cavabdeh tərəfindən elektrik yarımstansiyasının inşası ilə bağlı müvafiq sənədlər, o cümlədən eskiz layihə torpaq sahəsini ayıran orqana və digər orqanlara təqdim edilmiş, həmin eskiz layihədə torpaq sahəsində inşa ediləcək elelktrik qurğu və avadanlıqlarının yeləşmə yeri öz əksini tapmış və həmin layihəyə uyğun olaraq da torpaq sahəsi ayrılmaqla, elektrik stansiyası inşa edilmişdir. Belə olduğu təqdirdə cavabdeh təşkilatın ona ayrılmış torpaq sahəsinin daxilində mühafizə zolağını gözləmək vəzifəsinin olması ilə bağlı birinci instaniya məhkəməsinin gəldiyi nəticə əsassız hesab olunur. Bu halda mühafizə zolağını gözləmək vəzifəsi yuxarıda istinad olunan ”Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu 6.4-cü maddəsinin tələbinə müvafiq olaraq, torpaq sahəsini başqa şəxsin mülkiyyətinə verən bələdiyyənin üzərinə düşür. Yuxarıda istinad olunan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə görə isə şəxsin mülkiyyətindəki torpaq sahəsində tikili inşa etməsi müvafiq icra hakimiyyəti orqanından məlumatlandırma icraatı və ya tikintiyə icazə alması yolu ilə həyata keçirilir. İddiaçı isə mülkiyyətində olan torpaq sahəsində tikinti işləri aparmaq niyyətində olması, yəni tikintiyə icazə və ya məlumatlandırma icraatı çərçivəsində tikinti işləri aparmaq istəməsinə dair məhkəməyə hər hansı bir rəsmi sənəd təqdim etməmişdir. Həmçinin, məhkəmə kollegiyası nəzərə almışdır ki, cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsində tikintiyə icazə verən və ya məlumatlandırma icraatı çərçivəsində məlumatlandırılmalı olan orqan olmamışdır. Digər tərəfdən isə iddiaçı cavabdehin onun torpaq sahəsində tikinti inşa etməsinə hansı qaydada maneə olmasını, ümumiyyətlə müdaxilənin konkret olaraq nədən ibarət olmasını göstərə bilməmişdir. Cavabdehin də apellyasiya şikayətinin dəlili məhz bundan ibarət olmuşdur ki, belə olduğu təqdridə cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsində tikili inşa etməsinə hər hansı bir qanuna uyğun olmayan müdaxilə etməsi təsdiq olunmamışdır. Birinci instansiya məhkəməsi isə işin qeyd edilən halını araşdırmadan qətnamə çıxarmışdır. Cavabdeh təşkilatın nümayəndəsinin məhkəmə kollegiyasının iclasındakı mühafizə zonasında iddiaçı tərəfindən tikili inşa edildiyi təqdirdə həmin tikilinin sökülməsi ilə bağlı məhkəməyə müraciət edəcəklərinə dair izahatı isə iddiaçının iddia etdiyi formada mülkiyyət hüququna müdaxilə hesab olunmamaqla, cavabdeh təşkilatın qanundan irəli gələn hüquqlarını həyata keçirməsi hesab olunur. Həmçinin, nəzərə alınmalıdır ki, ekspert rəyinə əsasən, **********458 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsinin 0.0506 ha hissəsi 220 kV-luq elektrik xəttinin mühafizə zolağında yerləşmişdir ki, mühafizə zolağına düşməyən hissədə tikinti işlərinin aparılıb-aparılmamasının mümkünlüyü məhz iddiaçının məlumatlandıma icratı və ya tikintiyə icazə əsasında müvafiq icra hakimiyyətinə təqdim edəcəyi tikinti layihəsindən və müvafiq icra hakimiyyətinin buna münasibətindən asılı olan haldır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddianı qeyd olunan hissədə təmin edən birinci instaniya məhkəməsinin gəldiyi nəticə əsassız olmuşdur.

34. Məhkəmə kollegiyası iddiaçının mülkiyyətindən istədiyi kimi istifadə edə bilməməsi ilə bağlı zərərə düşməsi, Abşeron Rayon Məhkəməsinin e-2(012)-2734/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin mövcudluğu halında isə artıq kompensasiya almaq hüququndan da məhrum olunması ilə bağlı dəlili ilə razılşamayaraq qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin e-2(012)-2734/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının iddiası mülkiyyətində olan 0,06 ha torpaq sahəsini öz mülkiyyətində saxlanılmaqla kompensasiya verilməsinin mümkünsüzlüyü əsasında rədd edilmişdir. Yəni, iddiaçı torpaq sahəsini başqa torpaq sahəsi ilə əvəzləşdirməklə və ya torpaq sahəsini bələdiyyəyə geri qaytarmaqla ona dəymiş zərərin əvəzini tələb etmək hüququna malik olmuşdur.

35. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti isə təmin edilərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-16/2025 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılaraq, iddia tələbi rədd edilməlidir.

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 384.0.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-16/2025 nömrəli qətnaməsi iddianın təmin edilmiş - İddiaçı məxsus olan ünvan 1ində yerləşən ölçüsü 0.06 ha olan torpaq sahəsində iddiaçının mülkiyyət hüququna müdaxilə, tikintiyə maneçiliyin Cavabdeh ASC-yə qadağan edilməsi - hissəsində ləğv edilsin. İddia həmin hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver