Məhkəmə qərarları › İş №2(105)-866/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-866/2025

02.07.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-866/2025 02.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1122/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 46 saylı mənzilin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi, həmçinin iddia qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq İddiaçı ASC-yə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən sonucuya 48 ay müddətinə, illik faiz dərəcəsi 22% olmaq şərti ilə 38200 manat kredit verilmişdir. xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 46 saylı mənzili banka ipotekaya qoymuşdur. Cavabdeh öhdəliklərini yerinə yetirmədiyinə görə iddiaçı “kredit müqaviləsinin ləğv edilməsi, kredit borcunun tutulması, ipoteka predmetinə tutmanın yönəldilməsi, onun açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi, mənzil satıldıqdan sonra boşaldılması, satışdan əldə olunan məbləğ qətanmənin icrasına yetərli olmadığı təqdirdə tutmanın başqa əmlaklara yönəldilməsi” tələbinə dair iddia ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)- 11837/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi ləğv edilmiş, Cavabdeh1 bankın xeyrinə cəmi 42319.87 ABŞ dolları və 30 manat dövlət rüsumu tutulmuş, tutma ünvan 1 ünvanında yerləşən 46 saylı mənzilə yönəldilmiş, mənzil 56000 manat qiymətləndirilmiş, mənzilin açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsait hesabına borcun, faizlərin, penyanın və dövlət rüsumunun ödənilməsi, satışdan əldə olunan vəsait qətanmənin icrasına yetərli olmadığı halda tutmanın Hüseynov X3 məxsus başqa əmlaklara yönəldilməsi qət edilmiş, qalan hissədə iddia rədd edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(105)-437/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-11837/2017 saylı qətnaməsi isə dəyişdirilmiş, ünvan 1 ünvanında yerləşən 46 saylı mənzilin ilkin satış qiyməti 58000 manat müəyyən edilmiş, iddia tələbi “satışdan əldə olunan vəsait qətanmənin icrasına yetərli olmadığı halda tutmanın Cavabdeh1 məxsus başqa əmlaklara yönəldilməsi” hissəsində təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermiş, Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(102)-5359 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini alımış, daha sonra icra üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə yönəldilmişdir. İpoteka predmeti olmuş ünvan 1 ünvanında yerləşən 46 saylı mənzil açıq hərraca çıxarılmış, sonda “İpoteka haqqında” qanunun müvafiq maddəsinə əsasən 36975 manat ipoteka saxlayan İddiaçı ASC-yə təklif edilmiş və sonuncu tərəfindən əldə edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş elektron çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 46 saylı mənzilin İddiaçı ASCnin xüsusi mülkiyyətindədir. Sonuncunun mülkiyyət hüquqlarına dair müvafiq qeydiyyatı reyestrdə xx.xx.2021-ci il tarixdə aparılmışdır. Daha sonra İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən İddiaçı ASC mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 46 saylı mənzilini alıcı Cavabdeh1 mülkiyyətinə verməyi, sonuncu isə alqı-satqı müqaviləsi (əsas müqavilə) bağlamağı öhdəsinə götürmüşdür. Müqavilənin 2 və 3-cü bəndlərinə əsasən əmlakın alqı-satqı qiyməti 36975 manat müəyyən edilmiş, Alıcı bu müqavilənin bağlanması anında alqı-satqı qiymətinin 27000 manat hissəsini satıcı–banka notariusun depozit hesabı vasitəsi ilə ödəməyi və qalan 9975 manat hissəsini isə hər ay 415.63 manat olmaqla 24 ay müddətində Satıcıya tam ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 6-cı bəndinə görə alıcının daşınmaz əmlak üzərində sərəncam vermək hüququ bu müqavilənin 3-cü bəndinə uyğun olaraq onun tərəfindən bütün ödənişlər həyata keçirildikdən və əsas müqavilə bağlandıqdan sonra müvafiq qaydada dövlət qeydiyyatına alındıqdan sonra əmələ gəlir. Həmin müqavilənin 7-ci bəndinə görə Alıcı bu müqavilənin 3-cü bəndində qeyd edilmiş ödənişlər vaxtında və tam şəkildə həyata keçirilmirsə Satıcı müqaviləni birtərəfli qaydada xitam verə bilər və müqavilənin xitam verilməsi anınadək həyata keçrilmiş ödənişlər əmlaka dair icarə haqqı kimi nəzərə alınacaq, geri qaytarılmayacaqdır. Müqavilə bağlandıqdan sonra 9975 manat pul vəsaiti hissə-hissə ödənilməsi ilə bağlı öhdəlik ümumiyyətlə icra edilməmişdir. Dəfələrlə pul vəsaitinin ödənilməsi tələb edilsə də bunun heç bir müsbət nəticəsi olmamışdır. Arayışdan görünür ki, hazırda Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 46 saylı mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır. Cavabdehlər hazırda bankın mülkiyyətində olan sözügedən mənzili boşaltmayaraq mülkiyyətçi olan banka təhvil vermirlər. Nəticədə mülkiyyətçi İddiaçı ASC-nin mülkiyyət hüquqları pozulmuşdur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

3. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1122/2025 nömrəli qətnaməsi (hakim Günel Tanrıverdiyeva) iddia təmin edilmiş, ünvan 2 ünvanında yerləşən 46 saylı mənzilin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq, İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında kredit müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi ipoteka müqaviləsi imzalanmış, cavabdeh sonradan kredit müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirmədiyi üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)-437/2018 saylı qətnaməsi ilə mənzilin ilkin satış qiyməti müəyyən olunmaqla tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzilin açıq hərracdan satılması qət olunmuşdur. Sözügedən qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunmuş və Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 46 saylı mənzil açıq hərracdan İddiaçı ASC tərəfindən alınmış və iddiaçının hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə qeydiyyata alınaraq ona çıxarış verilmişdir. Lakin hazırkı vaxta qədər cavabdehlər mübahisəli mənzili boşaldaraq iddiaçıya təhvil verməmişdir. Eyni zamanda tərəflər arasında ilkin alqı-satqı müqaviləsi bağlansa da həmin müqavilənin şərtləri də cavabdeh tərəfindən icra edilməmişdir. Cavabdehlərin mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan mübahisəli mənzili ona təhvil verməməsi iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, mübahisəli mənzil cavabdehlər tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməlidir.

6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 33, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1, 152.5, 157.2, MPM-nin 119.1-ci maddələrinə istinad edərək iddianı təmin etməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayəti üzrə tələb və dəlillər

7. Cavabdeh1 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1122/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin 7-ci bəndinə əsasən, ikinci tərəf ("Alıcı") tərəfindən bu müqavilənin 3-cü bəndində qeyd edilmiş ödənişlər vaxtında və tam şəkildə həyata keçirilməsə "Birinci tərəf ("Satıcı") müqaviləyə birtərəfli qaydada xitam verə bilər və müqaviləyə xitam verilməsi anınadək həyata keçinimiş ödənişlər əmlaka dair icarə haqqı kimi nəzərə alınaraq "İkinci tərəfə ("Alıcı") geri qaytarılmayacaq. İş materiallarında göründüyü kimi iddiaçı "xxxx" ASC birtərəfli qaydada müqavilənin ləğv edilməsi barədə cavabdehə rəsmi məlumat verməmiş həmçinin, iddia tələbində həmin müqaviləyə xitam verilməsini tələb etməmişdir. Belə olan halda tərəflər arasında bağlanmış müqavilə qüvvədə olduğu halda iddiaçıı "xxxx" ASC-nin hazırki iddia tələbi üzrə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmamışdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, iddia birinci instansiya məhkəməsində təmin olunub, qətnamə əsaslıdır, alqı-satqı müqaviləsi xx.xx.2022-ci il tarixdə 24 ay müddətinə bağlanmış, artıq xx.xx.2024-cü ildə müqavilənin müddəti bitmişdir. Bununla yanaşı cavabdeh apellyasiya şikayətində bildirir ki, ona xəbərdarlıq məktubu göndərilməyib. Halbuki iş materiallarında da mövcud olan xx.xx.2024-cü il tarixli məktubla cavabdehə xəbərdarlıq edilmiş, lakin cavabdeh öhdəliyindən yayınmışdır. Buna görə də apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.

11. Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, apellyasiya şikayətini müdafiə edir və xx.xx.2025-ci il, saat 10:20 təyin edilmiş apellyasiya icraatının iştirakı olmadan keçirilməsini xahiş edir.

12. Məhkəmə iclasının yeri və vaxtı bardə məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

13. İş materiallarında olan çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 46 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı ASC -nin adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-5359/2018 saylı qərarından görünür ki, həmin qərar ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)-437/2018 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-11837/2017 saylı 10 avqust 2017-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, hərraca çıxarılarkən ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 46 nömrəli mənzilin ilkin satış qiymətinin 58.000 manat müəyyən edilməsi, iddia tələbinin satışdan əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda tutmanın Cavabdeh1 məxsus başqa əmlaklarına yönəidilməsi hissəsində təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir.

16. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)-11837/2017 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli,016CASA143300001 saylı kredit müqaviləsi ləğv edilmiş, Cavabdeh1 Bank Respublika” ASC-nn xeyrinə 342191.32 ABŞ dolları əsas, 7928.55 ABŞ dollaraı faiz , 100 ABŞ dolları cərimə borcu olmaqla cəmi 42319.87 ABŞ dolları və 30 manat dövlət rüsumu tutulmuş, tutma Cavabdeh1 məxsus və banka ipotekaya qoyulmuş Sumqayıt şəhəri 5-cimikrorayon,ev 138/24 ünvanında yerləşən 46 saylımənzilə yönəldilmiş, mənzil 56000 manat qiymətləndirilmiş, mənzilin açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsait hesabına borcun, faizlərin, penyanın və dövlət rüsumunun ödənilməsi, satışdan əldə olunan vəsait qətanmənin icrasına yetərli olmadığı halda tutmanın Cavabdeh1 məxsus başqa əmlaklara yönəldilməsi qət edilmiş, qalan hissədə iddia rədd edilmişdir.

17. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi barədə bildiriş ünvanlanaraq, cavabdehə xx.xx.2022-ci il tarixli müqavilənin 7-ci bəndinin şərti xatırladılmışdır.

18. xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı ASC mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 46 saylı mənzilini alıcı Hüseynov X2 mülkiyyətinə verməyi, sonuncu isə alqı-satqı müqaviləsi (əsas müqavilə) bağlamağı öhdəsinə götürmüşdür. Müqavilənin 2 və 3-cü bəndlərinə əsasən əmlakın alqısatqı qiyməti 36975 manat müəyyən edilmiş, Alıcı bu müqavilənin bağlanması anında alqı-satqı qiymətinin 27000 manat hissəsini satıcı – banka notariusun depozit hesabı vasitəsi ilə ödəməyi və qalan 9975 manat hissəsini isə hər ay 415.63 manat olmaqla 24 ay müddətində Satıcıya tam ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 6-cı bəndinə görə alıcının daşınmaz əmlak üzərində sərəncam vermək hüququ bu müqavilənin 3-cü bəndinə uyğun olaraq onun tərəfindən bütün ödənişlər həyata keçirildikdən və əsas müqavilə bağlandıqdan sonra müvafiq qaydada dövlət qeydiyyatına alındıqdan sonra əmələ gəlir. Həmin müqavilənin 7-ci bəndinə görə Alıcı bu müqavilənin 3-cü bəndində qeyd edilmiş ödənişlər vaxtında və tam şəkildə həyata keçirilmirsə Satıcı müqaviləni birtərəfli qaydada xitam verə bilər və müqavilənin xitam verilməsi anınadək həyata keçirilmiş ödənişlər əmlaka dair icraə haqqı kimi nəzərə alınacaq, geri qaytarılmayacaqdır.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Konstitusiyası

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

33. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsi

152.1. Mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.[406] 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2023-cü il tarixli qərarı

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

22. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

23. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1122/2025 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı Cavabdeh1 apellyasiya şikayətinə aid hissədə yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)- 1122/2025 nömrəli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Belə ki, iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında kredit müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi ipoteka müqaviləsi bağlanmış, cavabdeh sonradan kredit müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirmədiyi üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)- 437/2018 saylı qətnaməsi ilə mənzilin ilkin satış qiyməti müəyyən olunmaqla tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzilin açıq hərracdan satılması qət olunmuşdur. Sözügedən qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunmuş və Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 46 saylı mənzil açıq hərracdan İddiaçı ASC tərəfindən 36975 manata alınmış və iddiaçının hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə qeydiyyata alınaraq ona çıxarış verilmişdir. Bundan sonra isə tərəflər arasında xx.xx.2022-ci il tarixli nisiyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı ASC mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 46 saylı mənzili hərracdan aldığı qiymətə, yəni 36975 manatın ona ödənilməsi şərti ilə alıcı Hüseynov X2 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri olan 36975 manatın 27000 manat hissəsi müqavilənin bağlanması anında, qalan 9975 manat hissəsinin isə hər ay 415.63 manat olmaqla 24 ay müddətində ödənilməsi, o cümlədən alıcının daşınmaz əmlak üzərində sərəncam vermək hüququnun müqaviləyə uyğun olaraq onun tərəfindən bütün ödənişlər həyata keçirildikdən sonra əmələ gəlməsi razılaşdırılmışdır. Lakin, cavabdeh alıcı Hüseynov X4 müqavilə şərtlərini pozmuş, 24 ay müddətində ödəməli olduğu 9975 manatı ödəməmişdir. İddiaçı müqaviləni ləğv edərək, müqavilə predmetinin geri qaytarılmasını tələb etmişdir.

26. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi tələbi irəli sürülmədiyi və müqavilənin qüvvədə olduğu halda iddiaçının hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olmaması ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlilini əsasız hesab edərək qeyd edir ki, yuxarıda istinad olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2023-cü il tarixli qərarının nəticə hissəsində qeyd olunduğu kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən göründüyü kimi iddiaçı Cavabdeh1 müqavilə üzrə öhdəliklərin yerinə yetirmədiyini, buna görə də müqaviləyə xitam veriləcəyi ilə bağlı xəbərdarlıq etmişdir ki, bununla da iddiaçının müqavilənin ləğvinə dair məhkəmə qaydasında iddia qaldırmasına zərurət də olmamışdır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh müqavilənin ləğv edilməsi nəticəsində ona zərər dəydiyini iddia etdiyi halda həmin zərərin ödənilməsi ilə bağlı məhkəmə müdafiəsində istifadə etmək hüququna malkidir.

27. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1122/2025 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏTETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1122/2025 nömrəli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver