Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-908/2023 03.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əqdin etibarlı hesab edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2-441/2007 nömrəli qərardadından Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli qərardadı ilə (hakim S.Səmədzadə) ərizənin təmin edilməsi, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-441/2007 nömrəli qətnaməsinin icrasına dönüş edilməsi, həmin qətnamə əsasında ünvan 1 ünvanda yerləşən evə dair İddiaçı adına verilmiş çıxarışın ləğv edilməsi qərara alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi qərardaddan şikayət vermişdir. Xaçmaz Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin maraqlarına toxunduğundan uyğun hesab edilməsi, Xaçmaz Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 2(067)-441/2007 nömrəli qərardadından Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin şikayətinin təmin edilməməsi, şikayət baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək faktiki istifadəsində və sahibliyindən olan ünvan 2 ünvanda yerləşən 2 mərtəbəli, 2 otaqlı, əsas yaşayış sahəsi 40,0 kv.m., qeyri-yaşayış sahəsi 22,50 kv.m. olan, 1968-ci ildə tikilmiş yaşayış evinin alqısatqısına dair evin mülkiyyətçisi Cavabdeh ilə aralarında bağlanmış yanvar 2005-ci il tarixli əqdin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 20 iyul 2007-ci il tarixli 2-441/2007 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında sonuncuya məxsus ünvan 2 ünvanda yerləşən 2 mərtəbəli, 2 otaqlı, əsas yaşayış sahəsi 40,0 kv.m., qeyri-yaşayış sahəsi 22,50 kv.m. olan, 1968-ci ildə tikilmiş yaşayış evinin alqı-satqısına dair 2005-ci ilin yanvar ayında bağlanmış əqdin etibarlı hesab edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 18 aprel 2012-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, Xaçmaz Rayon Məhkəməsinin 20 iyul 2007-ci il tarixli 2-441/2007 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı Cavabdeh qarşı əqdin etibarlı hesab edilməsi tələbinin təmin edilməməsi qət edilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 məhkəməyə ərizə ilə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin 20 iyul 2007-ci il tarixli 2-441/2007 nömrəli qətnaməsinin icrasına dönüş edilməsi, həmin qətnamə əsasında ünvan 3 ünvanda yerləşən evə dair İddiaçı adına verilmiş reyestrdən çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi Xaçmaz Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qəbul edilmiş qərardad əsassız və qanunsuzdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, məhkəmə qətnaməsi əsasında ləğv edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi 711 saylı, xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən “Aqrarkredit” SKT-nin Xaçmaz filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin ipotekanın ləğv olunub-olunmamasına məkhəmə qətnaməsində münasibət bildirilməmişdir. Bildirilir ki, dövlət reyestrindən çıxarış ləğv edilərkən həmin əmlakın yüklülüyü öz hüquqi qüvvəsini itirir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, qərardadlar ləğv edilməli, icraya dönüş edilməsi barədə ərizənin yenidən müzakirə edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməsini çıxarışın alınmasına səbəb olmuş məhkəmə qətnaməsinin ləğv edilməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (M.Hüseynovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı). İnsan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun (M.Xocalıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2014-cü il tarixli qərarı). Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1. maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Azərbaycan Respublikası MPM-nin 236-1.1-ci maddəsinə əsasən icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. Həmin Məcəllənin 236-1.2-ci maddəsinə əsasən məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir. Həmin Məcəllənin 236-1.3-cü maddəsinə əsasən məhkəmə ləğv edilmiş qətnamənin icrasında dönüş haqqındakı məsələni həll etməzsə, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin ləğv edilmiş qətnamə və ya qərardad əsasında aparılmış icra onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin icrada dönüş haqqında ərizəsi üzrə məhkəmə qərardad qəbul edir. Bu ərizəyə işdə iştirak edən şəxslər xəbərdar edilməklə, məhkəmə iclasında baxılır. Lakin həmin şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələni həll etməyə mane olmur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə Qətnaməsi haqqında'' Qərarının 11.3-cü maddəsinə əsasən (20 fevral 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı ilə 11.3-cü bənddə “Azərbaycan Respublikası MPM-nin 235.3-cü maddəsinə müvafiq olaraq hakim qətnamənin icrasının dönüşü məsələsini həll edə bilər” sözləri “məhkəmə bunun üçün zərurət yaranırsa qətnamənin icrasının dönüşü məsələsini həll etməlidir” sözləri ilə əvəz edilmişdir. 24 dekabr 2021-ci il tarixli 12 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı ilə 11.3-cü bənd yeni redaksiyada verilmişdir.) icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə çıxarıldıqda bu qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası MPM-nin 236-1-ci maddəsinə müvafiq olaraq icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. Göründüyü kimi icrada dönüş məsələsi o halda mümkündür ki, icra edilmiş məhkəmə aktı ləğv edilsin və ya işə yenidən baxılarkən iddia tamamilə və ya hissəsi şəkildə rədd edilmiş olsun, yaxud icraata xitam verilmiş və ya baxılmamış saxlanılsın. Lakin hazırkı şikayətin məzmunundan görünür ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində ipoteka ilə yüklüdür. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, qərardadlar ləğv edilməli, icraya dönüş ərizəsinin tərəflərin, o cümlədən ipoteka saxlayanın iştirakı təmin edilməklə yenidən müzakirə edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.2., 399, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli və 28 fevral 2023-cü il tarixli qərardadları ləğv edilsin. İddiaçı Cavabdeh qarşı əqdin etibarlı hesab edilməsi tələbinə dair mülki iş üzrə icraya dönüş barədə ərizənin yenidən müzakirə edilməsi üçün mülki iş Xaçmaz Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-908/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-908/2023
03.04.2023 · Müqavilələrin bağlanması - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Qeyri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver