Məhkəmə qərarları › İş №2(105)-918/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-918/2021

03.03.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Müqavilələrin ləğv edilməsi - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-918/2021 03.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Telman Qədir oğlundan və Abasov Şəmsəddin Rizalı oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər AR ƏMDK yanında DƏDRX-nin 4 saylı X3 və Cavabdeh2 qarşı torpaq sahəsinin özəlləşməsinin ləğv edilməsi, çıxarışın etibarsız hesab edilməsi və hasarın sökülməsi tələbinə dair mülki iş üzrə Abşeron rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-2690/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) İddiaçı cavabdehlər AR ƏMDK yanında DƏDRX-nin 4 saylı X3 və Cavabdeh2 qarşı torpaq sahəsinin özəlləşməsinin ləğv edilməsi, çıxarışın etibarsız hesab edilməsi və hasarın sökülməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apelyasiya şikayəti vermişdir. İddiaçı ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, iddia tələbindən imtinanın qəbul edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinin tələbləri ona izah edilmişdir. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1. maddəsi). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxs öz hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Əgər şəxs irəli sürdüyü iddianı müdafiə edərsə, tələbinin əsaslı olmasına dair istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə tələbin sübut ediləcəyi təqdirdə iddianı təmin edilməsi qənətinə gəlməlidir. İddia tələbi üzrə irəli sürülmüş tələblər üzrə yekun məhkəmə aktı qəbul edilmədən başa çatdırılması halları mövcuddur ki, bu hallarda da tələb üzrə qətnamə qəbul edilmədən, iş üzrə icraata qərardad qəbul edilməklə yekun nəticə verilir. Belə hallardan biri də iddiaçı tələb irəli sürdüyü şəxslərə qarşı tələbindən imtina etməsidir. Bu halda iddia tələbi üzrə icraata qətnamə qəbul edilmədən qərardad ilə xitam verilir. Bu hüququ iddiaçı bilavasitə və ya nümayəndəsi vasitəsi ilə realizə edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370.2. maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 191.1. maddəsinə əsəsən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası MPM-nin 191.2. maddəsinə əsəsən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddidan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina barədə ərizəsi iddiaçının iradə ifadəsini ehtiva etdiyindən qəbul edilməli, Abşeron rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 262.4. maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19- 20-ci fəsillərində göstərilən əsaslar olduqda, apellyasiya qaydasında icraata xitam verilməklə və ya ərizəni baxılmamış saxlamaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263-264, 391–ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ İddiaçı iddiadan imtina barədə ərizəsi təmin edilsin. Abşeron rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia tələbi üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver