Məhkəmə qərarları › İş №2(105)-942/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-942/2024

20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-942/2024 20.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Sumqayıt şəhəri 4 saylı Notariat Ofisi və AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi) iş üzrə (Açar sözlər: ümumi paylı mülkiyyətdə olan daşınmaz əmlakda payı almaq üçün üstünlük hüququnun tanınması tələbi ) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X11 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə və AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə) qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və çıxarışın ləğv edilməsi, paya satın almaqda üstünlük hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-68/2023 nömrəli, 25 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-115/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə X3 adından Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 26 yanvar 2006-cı il tarixli, 4Ə/1-34 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən ünvan 1 ünvanda yerləşən mənzilin alqı-satqısı üçün ödənilmiş 14137,20 manat pulun Cavabdeh1 Cavabdeh2 xeyrinə tutulması, həmin mənzilin yaxşılaşdırılmasına çəkilmiş 26000 manat məbləğində vəsaitin Cavabdeh1 və İddiaçı bərabər hissədə alınaraq, Cavabdeh2 ödənilməsi, müqavilə üzrə tərəflərin əvvəlki vəziyyətə qaytarılması, göstərilən məbləğdə pulun Cavabdeh2 xeyrinə tutulması ilə qeyriyaşayış sahəsinin Cavabdeh1 və İddiaçı qaytarılmasının eyni vaxtda icra olunması qət edilmişdir.

2. ünvan 1 mənzil xüsusi mülkiyyət hüququ üzrə 1/2 hissədə İddiaçı adına 222 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2013-cü il tarixdə, 1/2 hissədə Cavabdeh1 adına 222 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır.

3. Cavabdeh2 ilə Cavabdeh1 (etibarnamə ilə X7) arasında bağlanmış 03 iyul 2019cu il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 ünvan 1 mənzilin ½ hissəsini 51500 (əlli bir min beş yüz) manata Cavabdeh1 almışdır.

4. Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Cavabdeh1 ünvan 2 ünvanında xx.xx.1974-cü ildən xx.xx.2006-cı ilədək qeydiyyatda olmuşdur.

5. Sumqayıt şəhəri 4 saylı Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 17 may 2019-cu il tarixli, 1181 nömrəli məktubdan görünür ki, Cavabdeh1 ilə onun paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzildə Cavabdeh1 ona məxsus olan 1/2 hissəni 51500 (əlli bir min beş yüz) manata satmaq istədiyi bildirilmiş, bununla əlaqədar olaraq həmin hissəni almaqda üstünlük hüququ olduğundan ona həmin hissənin alınması təklif olunmuş, daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina etdiyi və ya bildirişin verildiyi gündən 45 gün ərzində hər hansı bir məlumat vermədiyi təqdirdə satıcının öz payını istədiyi şəxsə satacağı bildirilmişdir.

6. SS589655558AZ saylı xəbərnamədən görünür ki, Sumqayıt şəhəri 4 saylı Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 17 may 2019-cu il tarixli, 1181 nömrəli məktub “Ağabalayev” adlı şəxs tərəfindən imza etməklə qəbul edilmişdir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/1685 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş mülki işin 7-ci vərəqində olan xx.xx.2021-ci il tarixli AR-İİ 549793 saylı etibarnamədə “İmza” qrafasındakı imzanın, “Aгaбaлajeв” yazısının və SS589655558AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnamədə (i.v.138) “Şəxsən verildi” qrafasındakı imzanın və “Agabalayev” yazısının - tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə eyni şəxs tərəfindən icra olunub olunmaması haqqında rəy vermək mümkün olmamışdır

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Qeybulla oğluna və üçüncü şəxslər Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə və AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı ümumi paylı mülkiyyətdə olan daşınmaz əmlakda payı almaq üçün üstünlük hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X4 ilə Cavabdeh2 arasında Sumqayıt şəhər 4 saylı notariat ofisində bağlanmış 4Ə-1072 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli, ********** saylı qeydin və çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanda yerləşən 36,4 kv.m. olan 1 otaqlı mənzildə Cavabdeh1 məxsus ½ hissədə olan paya satın almaqda üstünlük hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 4 ünvanda yerləşən bir otaqlı 17 saylı mənzil 1993-cü ilin oktyabr ayının 7-dən 2006-cı ilin yanvar ayının 15-dək mərhum anası X3 xüsusi mülkiyyətində olmuşdur. Qardaşı Cavabdeh1 anasının yaşlı və xəstə olduğundan istifadə edərək 11 mart 2003-cü il tarixdə anası tərəfindən verilmiş ümumi etibarnamə əldə etmişdir. Anası 15 yanvar 2006-cı il tarixdə vəfat etmişdir. Buna baxmayaraq qardaşı Cavabdeh1 anasının ölümü ilə bağlı qanuni qüvvəsini itirmiş etibarnamədən istifadə edərək 2006-cı ilin yanvar ayının 26-da mərhum anasına məxsus olan yuxarıda göstərilən bir otaqlı mənzili alqı-satqı müqaviləsi əsasında tələm-tələsik Cavabdeh2 14137,2 manata satmış və satışdan əldə etdiyi pulu mənimsəmişdir. Satılan mənzil miras əmlak hesab olunduğuna görə həmin mənzil 2008-ci ilin may ayından 2016-cı ilin yanvar ayınadək müxtəlif məhkəmə instansiyalarında gedən məhkəmə çəkişmələrinin predmeti olmuşdur. Nəhayət, anasının ölümündən 10 il keçdikdən sonra ədalət bərpa olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(105)-115/2016 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, ünvan 1 mənzilə dair X3 adından Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 26 yanvar 2006-cı il tarixli, 4Ə/1- 34 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və həmin mənzilin alqı-satqısı üçün ödənilmiş 14137,20 manat məbləğində pul Cavabdeh1 Cavabdeh2 xeyrinə ödənilməlidir. Həmin mənzilin yaxşılaşdırılmasına çəkilmiş 26000 manat məbləğində vəsait Cavabdeh1 və ondan bərabər hissədə tutularaq Cavabdeh2 verilməlidir. Müqavilə üzrə tərəflər əvvəlki vəziyyətə qaytarılmalı, göstərilən məbləğdə pulun Cavabdeh2 xeyrinə tutulması ilə daşınmaz əmlak Cavabdeh1 və ona eyni vaxtda icra olunmalıdır. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. Məhkəmə qətnaməsi icra olunan zaman cavabdehlər qətnamənin icrasına müxtəlif vasitələrə əl atmaqla maneələr yaradırlar. X1 onun xaricdə olmağından istifadə edərək Cavabdeh2 ilə sövdələşərək notariat ofisinə onun rəsmi qeydiyyatda olduğunu yaşayış yeri barədə yanlış məlumat verməklə və xəbərnamədə onun imzasını saxtalaşdırmaqla ümumi paylı mülkiyyətdə olan ½ payını həmin payın satın almaqda üstünlük hüququnu pozmaqla qanunsuz olaraq Cavabdeh2 satmışdır. Bu cür qanunazidd hərəkətləri ilə hər iki cavabdeh qanuni qüvvəyə minmiş qətnamənin icrasına aşkar şəkildə əngəllər törətmişlər. Hesab edir ki, cavabdehlər arasında daşınmaz əmlakla bağlı bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və onun bağlanması ilə yaranmış nəticələr ləğv olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci və 2-ci hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Qeyd olunan maddənin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşmar və daşmmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təlcbaşma və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Yuxarıda göstərilən maddənin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

10. Cavabdeh1 məhkəməyə etiraz ünvanlayaraq bidirmişdir ki, İddiaçı qarşı “ümumi paylı mülkiyyətdə olan daşınmaz əmlakda payı olmaq üçün üstünlük hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsinə dair mülki iş məhkəmənin icraatındadır. Məhkəmənin nəzərinə çatdırır ki, iddia tələbi tamamilə əsassız və qanunsuzdur. İddiaçının irəli sürdüyü dəlillər həqiqətə uyğun deyildir. Belə ki, X5 ilə onun arasında Cavabdeh2 Qeybulla oğlu ilə yanlış məlumat əsasında imza çəkilməsi zamanı hər hansı saxtakarlığa yol verilməmişdir. Əlavə olaraq qeyd edir ki, İddiaçı qarşı "ümumi paylı mülkiyyətdə olan daşınmaz əmlakda payı olmaq üçün üstünlük hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət mümkün sayılmamalıdır. Çünki iddiaçı tərəfindən mübahisə olunan məsələ ilə bağlı iddia tələb etmək hüququ ötmüşdür. Qeyd edilən səbəblərdən dolayı iddianı qəbul etmir və hesab edir ki, iddianın rədd olunması barədə qətnamə qəbul edilməlidir. Cavabdeh1 daha sonra bildirmişdir ki, o mənzilini 2006-cı ildə Cavabdeh2 Qeybulla oğluna satmışdır. Artıq 13 ildən çoxdur ki, məhkəmə mübahisələri gedir. O, 2019-cu ildə Temurazla belə razılaşmışdır ki, o ona pul verməyəcək, o da ondan ev istəməyəcək. O, alqı-satqı prosesində şəxsən iştirak etməmişdir, yalnız etibarnamə vermişdir. Həmin alqı-satqıdan ona hər hansı pul məbləği çatmamışdır.

11. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-68/2023 nömrəli, 25 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Sumqayıt şəhər 4 saylı notariat ofisində bağlanmış 4Ə-1072 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin mənzillə əlaqədar daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli, ********** saylı qeyd və çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanda yerləşən mənzilin Cavabdeh2 məxsus ½ hissəsinin Cavabdeh1 mülkiyyətinə qaytarılması, Cavabdeh1 51500 (əlli bir min beş yüz) manat pul vəsaitinin tutularaq Cavabdeh2 Qeybulla oğluna ödənilməsi, İddiaçı ünvan 1 ünvanda yerləşən mənzildə Cavabdeh1 məxsus ½ hissədə olan payı satın almaqda üstünlük hüququnun tanınması, iş üzrə təyin edilmiş məhkəmə xəttşünaslıq ekspertizasının xərci olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qeybulla oğlundan 124 (bir yüz iyirmi dörd) manat məbləğində pul vəsaitinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı bank hesabına köçürülməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qeybulla oğlundan ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər X4 ilə Cavabdeh2 arasında Sumqayıt şəhər 4 saylı notariat ofisində bağlanmış 4Ə1072 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi qanunvericiliyin qeyd edilən tələbləri pozulmaqla bağlanmışdır. Belə ki, iş materiallarından görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh1 ilə İddiaçı paylı mülkiyyətində olmuşdur. Cavabdeh1 mənzilin ona məxsus olan 1/2 hissəsini xx.xx.2019-cu ildə Cavabdeh2 satmış, bu zaman İddiaçı həmin payı satın almaqda üstünlük hüququ pozulmuşdur. İş materiallarından görünür ki, Sumqayıt şəhəri 4 saylı Notariat Ofisi İddiaçı 17 may 2019-cu il tarixdə 1181 nömrəli məktub ünvanlamışdır. Həmin məktubda İddiaçı Cavabdeh1 ona məxsus olan ½ hissəni 51500 (əlli bir min beş yüz) manata satmaq istədiyi bildirilmiş, bununla əlaqədar olaraq həmin hissəni almaqda üstünlük hüququ olduğundan ona həmin hissənin alınması təklif olunmuş, daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina etdiyi və ya bildirişin verildiyi gündən 45 gün ərzində hər hansı bir məlumat vermədiyi təqdirdə satıcının öz payını istədiyi şəxsə satacağı bildirilmişdir. İşdə olan SS589655558AZ saylı xəbərnamədən görünür ki, həmin məktub xx.xx.2019-cu il tarixdə “Ağabalayev” adlı şəxs tərəfindən imza etməklə qəbul edilmişdir. Məhkəmə hesab etmişdir ki, iş materiallarında olan SS589655558AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnamə ünvan 2 ünvanında yerləşən mənzilin satılması barədə paylı mülkiyyətçi İddiaçı mülki qanunvericilikdə nəzərdə tutulan qaydada məlumatlandırılmasını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. İş materiallarında olan notariat işinin məlumatlarından görünür ki, Sumqayıt şəhəri 4 saylı Notariat Ofisi mübahisəli mənzilin paylı mülkiyyətçisi İddiaçı müvafiq məktubu xx.xx.2019-cu il tarixdə ünvan 2 ünvanına göndərmişdir. İşdə olan şəxsin sərhədkeçmə məlumatları barədə elektron sistemdən edilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı sonuncu dəfə dövlət sərhədindən kənara çıxışı xx.xx.2018-ci il tarixdə, dövlət sərhədindən girişi isə xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. Beləliklə, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikasında olmamışdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, həmin məktubun iddiaçı tərəfindən şəxsən imza etməklə qəbul edilməsi mümkün ola bilməzdi. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçının şəxsən həmin məktubu qəbul etmək imkanı olmasa da, məktubun iddiaçı ilə birlikdə yaşayan və ya digər yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə) təqdim edilməsi də mümkün deyildi. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ünvan 5 ünvanında qeydiyyatdadır. Eyni zamanda tərəflərin məhkəmə iclasında verdiyi izahatlarından və işdə olan məhkəmə aktlarından da görünür ki, mübahisəli mənzil artıq uzun illərdir ki, Cavabdeh2 Qeybulla oğlunun istifadəsindədir və həmin mənzil qeyri-yaşayış sahəsi kimi istifadə olunur.Bu səbəbdən İddiaçı və ya onun ailə üzvlərinin yaşamadığı, Cavabdeh2 Qeybulla oğlunun istifadəsində olan ünvana göndərilən sözügedən məktub paylı mülkiyyətçi olan iddiaçının qanunla müəyyən edilmiş qaydada məlumatlandırılması kimi qəbul edilə bilməz.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13,29cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6, 213.1, 213.2, 215.1, 215.3, 215.4, 215.5, 218.1, 218.2, 329.1, 337.1, 337.3, 337.4, 337.5, 354.1, 390.1, 394, 567-ci, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Apellyasiya şikayətinin dəlilləri

14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1572/2023 nömrəli, 09 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh2 Qeybulla oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir

c) Kassasiya instansiyası məhkəməsində icraat

15. Cavabdeh2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini və ya mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 fevral 2024cü il tarixli, 2(102)-781/2024 nömrəli qərarı ilə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 9 oktyabr 2023-cü il tarixli, 2(105)-1572/2023 nömrəli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılmışdır.

a) Apellyasiya şikayətinin dəlilləri

17. Cavabdeh2 Qeybulla oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, tərəflər arasında mübahisəli əmlaka dair alqı-satqı prosesi tam qanunauyğun həyata keçirilib. Mülki Məcəlləyə əsasən tərəf özü və ya etibarnamə verdiyi şəxs alqı-satqı prosesində iştirak edə bilər. Bu, onun hüququdur. Cavabdeh2 da tam qanunauyğun hərəkət etmişdir. Eyni zamanda notarial qaydada alqı-satqı prosesində iddiaçının üstünlük hüququ tanınmış, qanunla tələb edilən müddət gözlənilmişdir. Sənədlər, notariusun bildirişi iddiaçının ünvanına göndərilmiş və ünvan üzrə bildiriş qəbul edilmişdir. Göründüyü kimi, bütün addımlar qanunvericiliyin tələblərinə əsasən həyata keçirilib. Həmçinin, iddiaçı 2013-cü ildə çıxarış almışdır. Hansı əsasla çıxarış verildiyini aydınlaşdırmaq lazımdır. Eyni zamanda qardaşlar - tərəflər Cavabdeh2 14000 manat verdikdən sonra onların mübahisəli əmlakda ½ hissədə payı müəyyən oluna bilərdi. Bildirilir ki, Cavabdeh2 2006-cı ildə 36-cı məhəllədə bir otaqlı mənzili Tofiqdən almışdır. Sonradan maddi vəziyyəti yaxşı olmadığına görə yerli strukturun razılığı ilə mənzilin təyinatını dəyişərək qeyri-yaşayış sahəsinə çevirmişdir. Bir müddət sonra Tofiqin qardaşı məsələni mübahisələndirməyə başlamışdır. Bununla əlaqədar 2016-cı ildə məhkəmə prosesləri olmuşdur. Bu proseslər 2006-cı ildən 2016-cı ilə kimi davam etmişdir. Mübahisəyə Ali Məhkəmədə, hətta Konstitusiya Məhkəməsində də baxılmışdır. Daha sonra Tofiq mənzilin ½ hissəsini öz adına keçirmiş və məhz həmin hissəni ona satmışdır. Həmin vaxt iddiaçı tərəf burada deyildi, o, Amerikada idi. İddiaçıya məsələ ilə bağlı notariusdan məktub göndərilmişdi, iki ay, ya 51 gün müddət gözlənilməli idi. Bu müddətə də əməl edildikdən sonra mübahisəli mənzilin həmin ½ hissəsi ona satılmışdır. Alqı-satqıdan 3 il keçdikdən sonra iddiaçı məhkəməyə müraciət edib. Belə ki, 2019-cu ildə iş artıq İcra İdarəsində olanda Oktay Azərbaycanda idi və bu məsələdən məlumatlı idi. Məhz 3 ildən sonra iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etməsinin səbəbi ona aydın deyil. Məhkəmənin nəzərinə çatdırır ki, o, mübahisəli mənzili 2006-cı ildə almış və həmin hissəni müvafiq qurumların sənədi əsasında qeyri-yaşayış sahəsinə çevirmişdir. Həmin vaxtdan hal-hazıradək həmin qeyri-yaşayış sahəsi faktiki olaraq onun istifadəsindədir. Onu da məhkəmənin nəzərinə çatdırır ki, iddiaçının ümumiyyətlə belə bir iddia ilə məhkəməyə müraciət etmək hüququ yoxdur. Belə ki, iddiaçı heç bir qanuni əsas olmadan məhkəmə mübahisəsi getdiyi dövrdə, 2013-cü ildə adına çıxarış almışdır. Onlar həmin çıxarışı hələ ki, mübahisələndirməyiblər. 2019-cu ildə ½ hissə ilə bağlı ona da çıxarış təqdim olunmuşdur. Qarşı tərəf isə ona 14000 manat məbləğində pul ödədikdən sonra ½ hissə onlara verilə bilərdi və onlar bu barədə çıxarış ala bilərdi. Məhkəmə işin faktiki hallarını nəzərə almamış, Cavabdeh2 Qeybulla oğlunun mülkiyyət hüququnu pozaraq qətnamə çıxarmışdır. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayətin heç bir əsası yoxdur. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və işin hallarına uyğundur. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(105)115/2016 saylı qətnaməsinə əsasən ünvan 1 mənzilə dair X3 adından Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 26 yanvar 2006-cı il tarixli, 4Ə/1-34 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və həmin mənzilin alqı-satqısı üçün ödənilmiş 14137,20 manat məbləğində pul Cavabdeh1 Cavabdeh2 xeyrinə ödənilməlidir. Həmin mənzilin yaxşılaşdırılmasına çəkilmiş 26000 manat məbləğində vəsait Cavabdeh1 və hazırkı iş üzrə iddiaçıdan bərabər hissədə tutularaq Cavabdeh2 verilməlidir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. Məhz bu qətnamənin icrasını əngəlləmək üçün hazırkı cavabdehlər arasında mübahisələndirilən mənzilin ½ hissəsinin alqı-satqısına dair müqavilə imzalanmışdır. Həmin müqavilə bağlanarkən iddiaçının paylı mülkiyyətçi kimi hüquqları pozulmuşdur. Bu səbəbdən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilmiş, cavabdehlər X4 ilə Cavabdeh2 arasında Sumqayıt şəhər 4 saylı notariat ofisində bağlanmış 4Ə-1072 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mübahisəli mənzildə Cavabdeh1 məxsus ½ hissədə olan paya satın almaqda iddiaçının üstünlük hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin hüquqi əsası kimi məhz iş üzrə Ali Məhkəmənin qərarında qeyd edildiyi kimi Mülki Məcəllənin paylı mülkiyyətlə bağlı münasibətləri tənzimləyən normalara istinad edilmişdir. Göstərilənlərə əsasən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 sonda apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

21. Cavabdeh2 Qeybulla oğlunun nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq, hazırkı məhkəmə iclasının başqa məhkəmə iclası ilə eyni vaxta təsadüf etməsi səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir.

22. Sumqayıt şəhəri 4 saylı notariat ofisinin notariusu Cəmaləddin Rüstəmov məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. 23 İş üzrə digər Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, nümayəndələrini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

24. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd olunan şəxslərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə 213.1 İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Maddə 215.1 Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Maddə 215.2 Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Maddə 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: Maddə 215.3.1. əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; Maddə 215.3.2. əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Maddə 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Maddə 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Maddə 218.1. Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. Maddə 218.2. Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. Maddə 218.3. Pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. və 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya şikayətindən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-68/2023 nömrəli, 25 may 2023-cü il tarixli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

28. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iddiaçı tərəfin izahatı və iş üzrə təqdim olunmuş sənədlərlə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iş üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə iddia tələbi təmin edilməməlidir.

30. İddia tələbinin mahiyyətindən görünür ki, tələb əqdin (alqı-satqı müqaviləsinin) etibarsızlığı barədədir.

31. Apellyasiya instansiyası məhkəməsi ikinci icraat zamanı apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma apararkən, Ali Məhkəmənin Mülki Kollegiyasının 29 fevral 2024-cü il tarixli, 2(102)-781/2024 nömrəli qərarında qeyd olunmuş göstəriş və tövsiyyələrə də xüsusi önəm vermiş və mövqeyini aşağıdakı təhlillərlə əsaslandırmağa çalışmışdır.

32. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də hazırki vəziyyətdə işə baxılarkən apellyasiya şikayətinin dəlilləri ilə yanaşı, yuxarı instansiya məhkəməsinin ləğv edib, yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilən hissəsində də araşdırma aparılmalı və həmin qərarda qeyd olunan tövsiyyə və göstərişlərə xüsusi diqqət yetirilməlidir.

33. Araşdırılan işin mübahisəsiz halından görünür ki, ünvan 1 mənzil xüsusi mülkiyyət hüququ üzrə 1/2 hissədə İddiaçı adına 222 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2013-cü il tarixdə, 1/2 hissədə Cavabdeh1 adına 222 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydə alınmış, Cavabdeh1 öz payını notariat kontorunda təsdiqlənmiş 03 iyul 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satmışdır

34. Mübahisəli mənzilin digər ½ hissəsinin mülkiyyətçisi İddiaçı qeyd olunan tələblə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən də yuxarıda göstərilmiş qətnamə qəbul edilmişdir.

35. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya bildirir ki, verilmiş tələb üzrə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qeyri-müəyyənliyə səbəb olur. Belə ki, mənzilin ½ hissəsinin mülkiyyətçisi olan İddiaçı Cavabdeh1 payının dəyəri kimi təklif edəcəyi pul məbləği ilə razılaşacağını və cavabdehə verərək ondan payını alacağını əminliklə demək mümkün deyil. Bu isə Cavabdeh1 mülkiyyətinə mütənasib olmayan müdaxilə ehtimalını yaradır.

36. Məhkəmə kollegiyası həmçinin belə qənaətə gəlir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaçının yuxarıda göstərilən predmetli iddianı qaldırmağa subyektiv hüququnun olması kifayət qədər araşdırılıb əsaslandırılmamışdır.

37. Məhkəmə tərəfindən iddiaçının satın almaqda üstünlük hüququnun pozulması müəyyən edilərək iddia təmin edilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 218.3-cü maddəsinə əsasən pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin. Göründüyü kimi, pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda hüququnun pozulduğunu iddia edən şəxsin qaldıracağı iddiasının predmeti Mülki Məcəllənin göstərilən norması ilə müəyyənləşdirilmişdir.

38. Qeyd edilməlidir ki, mübahisələrə lazımi şəkildə hüquqi qiymət vermədən, aidiyyəti maddi hüquq normalarını yoxlamadan, sadəcə bəzi qanunvericilik normalarını sadalayaraq, səthi və formal mülahizələrlə iddianın həlli barədə qənaəti əks etdirən qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.

39. Nəzərə alınmalıdır ki, maddi hüquq normalarının düzgün təfsir olunmaqla məhkəmə aktlarının əsaslandırılması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.

40. O da nəzərə alınmalıdır ki, əsaslandırma tələblərinin pozulması maddi hüququn pozulması kimi deyil, prosessual hüququn qətnaməyə münasibətdə müəyyən etdiyi forma tələbinin pozulması kimi qəbul edilir. Məhkəmə qərarının əsaslandırılması o dərəcədə aydın və ətraflı olmalıdır ki, ədalət mühakiməsinə çıxış prinsipinin təmin edilməsi aydın olsun.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

42. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

43. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

44. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda qeyd edilən maddi və prossesual hüquq normalarının tələblərinə cavab vermir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, yeni qətnamə ilə iddia təmin edilməməlidir.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir

46. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 124 manat təşkil edir.

47. Kollegiya belə hesab edir ki, iddia təmin olunmadığından ödənilmiş dövlət rüsumu və ekspertiza xərci iddiaçıya aid edilməlidir.

48. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.2, 385.1.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi

Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-68/2023 nömrəli, 25 may 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə və AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə) qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və çıxarışın ləğv edilməsi, paya satın almaqda üstünlük hüququnun tanınması” tələbi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 124 (yüz iyirmi dörd) manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ******************** SFİFT BİK CTREAZ22 saylı hesabına köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver