Məhkəmə qərarları › İş №2(105)-946/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-946/2024

15.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzil mübahisələri - Maddi ziyanın ödənilməsi - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-946/2024 15.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı mülki iş üzrə (Açar sözlər: yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya verməsi yolu ilə xitam verilməsi, evdən çıxarılma və evə köçürülmə evə çəkilmiş xərclərin əvəzinin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X6 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 nümayəndəsi Vəkil2 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 2(060)-585/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumilikdə 7500 manat kompensasiya verilməklə onların Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 59/23-də yerləşən 1 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi, ailə üzvləri Cavabdeh5, azyaşlı X2, Xanəlizadə Arif Səxavət oğlu ilə birlikdə mənzildən çıxarılmaları, onların bu mənzilə köçürülmələri və ödədikləri 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq qaytarılması barədə qətnamə qəbul etməyi xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin həcminin artıraraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumilikdə 15000 manat kompensasiya verilməklə onların Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 59/23-də yerləşən 1 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi, ailə üzvləri Cavabdeh5, azyaşlı X2, Xanəlizadə Arif Səxavət oğlu ilə birlikdə bu mənzildən çıxarılmaları, onun həmin mənzilə köçürülməsi və ödədiyi 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq qaytarılması barədə qətnamə qəbul etməyi xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil ünvan 1-də yerləşməklə bu mənzil üzərində onun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və adına xx.xx.2013-cü ildə adına çıxarış verilmişdir. Cavabdehlərdən Cavabdeh1 onun keçmiş həyat yoldaşı, Bəhrəm, Səxavət və Murad onun oğlu, Cavabdeh5 isə oğlu Səxavətin həyat yoldaşıdır. Cavabdeh iddiaçının keçmiş həyat yoldaşı Cavabdeh1 onu və anasını mənzildən çıxarmış və onları bu mənzilə buraxmır. Cavabdeh uşaqları da onun əleyhinə öyrətməklə onu yeganə yaşayış yeri olan bu mənzildən məhrum etmişdir. Onun isə yaşamağa başqa bir yaşayış yeri yoxdur. Özü də 2ci qrup əlil olmaqla, əmək qabiliyyətsizdir. Bu halda mənzilin aylıq kirayə haqqının 200 manat olmasını nəzərə almaqla, bir ailənin üzvləri olan cavabdehlərə 15000 manat kompensasiya təklif edir və bu məbləğ ailənin oxşar şəraitli bir mənzildə 3 ildən artıq bir müddətdə kirayədə yaşamalarına imkan verər. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Cavabdeh1 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə yaşadıqları - ünvan 1 ünvanında yerləşən şəxsi vəsaitləri hesabına evin əsaslı təmiri və yenidən quraşdırılması üçün çəkilmiş 25000 manat dəyərində xərcin və ödənilmiş olan 165 manat dövlət rüsumunun ilkin iddia üzrə İddiaçı Aqil oğlundan tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə 27 aprel 1993-cü ildə 12 saylı rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, birgə nikahdan Səxavət, Bəhram və Murad adlı uşaqlar doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(060)-2780/2023 saylı qətnaməsi ilə iddiaçı ilə bağlanmış nikah pozulmuşdur. Birgə nikah dövründə onun şəxsi vəsaitləri hesabına yaşadıqları - ünvan 1 ünvanında yerləşən evin əsaslı təmiri və yenidən quraşdırılması üçün 25000 manat dəyərində xərc çəkilmişdir. Həmin təmir və xərclər onunla digər cavabdehlərin hesabına edilmişdir. Həmin xərclərin iddiaçıya heç bir aiddiyəti yoxdur. Buna görə də iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

6. Sumqayıt Şəhər Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 2(060)-585/2024 nömrəli qətnaməsi ilə (hakim Gülnarə Tağızadə) ilk iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ümumilikdə 15000 (on beş min) manat kompensasiya verilməklə Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 59/23də yerləşən 1 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi, ailə üzvləri Cavabdeh5 azyaşlı X2, Xanəlizadə Arif Səxavət oğlu ilə birlikdə həmin mənzildən çıxarılması, İddiaçı Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 59/23-də yerləşən 1 saylı mənzilə köçürülməsi, iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X1 müştərək qaydada tutularaq, İddiaçı ödənilməsi, cavabdeh-iddiaçı Cavabdeh1 iddiaçı-cavabdeh İddiaçı qarşı “evə çəkilmiş xərclərin əvəzinin ödənilməsi tələbi” barədə qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun cavabdeh-iddiaçı Cavabdeh1 özünə aid edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, işin mübahisələndirilməyən hallarından müəyyən olunur ki, mübahisəli mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur və cavabdehlərin isə həmin mənzilə istifadə hüquqları vardır. İddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləği Konstitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarında göstərilən “əvəzləşdirilmə”yə uyğundur. Məhkəmə iclası zamanı tərəflərin izahatlarından və şahid ifadəsindən məlum oldu ki, mübahisəli mənzildə tam təmir işləri 2011-ci ildə, cuzi kosmetik işləri isə 2018-ci ildə aparılmışdır. Həmin təmir işlər aparılarkən tərəflər birgə nikahda olmuş və təmir işləri mülkiyyətçinin öz təşəbbüsi ilə edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157, 228.2, 228.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarına, R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh1, Cavabdeh2,, Cavabdeh3 və Cavabdeh5 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 2(060)- 585/2024 nömrəli qətnaməsinin tamamilə ilə ləğv edilməsi, qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.

10. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnqa xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə həyata keçirilir. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, "...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququnaxitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. ...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Kompensasiya istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ verməsə də, o yaşayış sahəsindən istifadə hüququnun adi xitamını deyil, onun əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyərçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün imtiyazlı hüqüq reyimi yaradır. Buna görə də cavabdehə tərəfindən yeddi min manat məbləğində kompensasiya təklif ediməklə onların mənzilə istifadə hüququna xitam verilməsi barədə iddianın məhkəmə tərəfindən təmin edilməsi absurddur. Yeddi min manatla onlar əvvəlki mənzilə xas şəraitdə müəyyən müddət ərzində yaşaya bilməzlər. Ana və xəstə uşağı yeddi min manata çölə atırlar. Məhkəmə cavabdehin - mülkiyyətçinin hesabına onlara və xəstə uşağa əvvəlki şəraitə oxşar yaşamalarını hansı sübutlarla müəyyən edir. Ən ağır xəstə, xərçəng xəstəsi, bu sayda ailə üzvləri on beş min manata Bakı şəhərində yaşaya bilməz. Məhkəmə onları çölə atır. Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun Mülki Məcəllənin 228.2-ci maddəsinin MPM-in 53,149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsi qərarında göstərilmişdir ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən iddia ərizəsində kompensasiya məbləğinin göstərilib–göstərilməməsindən asılı olmayaraq kompensasiya məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Məhkəmə kompensasiya məbləğini bazar qiyməyinə uyğun olaraq müəyyən etməmişdir. Göründüyü kimi qətnamə iş üzrə həqiqi hallara uyğun deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6-ci maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə hesab etmişdir ki, mübahisəli mənzildə tam təmir işləri 2011-ci ildə, cuzi kosmetik işləri isə 2018-ci ildə aparılmışdır. Həmin təmir işlər aparılarkən tərəflər birgə nikahda olmuş və təmir işləri mülkiyyətçinin öz təşəbbüsi ilə edilmişdir. Odur ki, məhkəmə Cavabdeh1 qarşılıqlı iddianı əsassız hesab edir.” Məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarında uyğun olmamışdır. Buna görə də apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

11. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsini qətnaməsi qanunsuz və əsassızdır. Təmsil etdiyi şəxs iddiaçının arvadı olmuşdur. Həmçinin iddiaçı təmsil etdiyi şəxslə məhkəmə qaydasında nikahını pozmuşdur. Hazırda hüquqlarını müdafiə etdiyi şəxs ağır xəstəlikdən əziyyət çəkir və özünü saxlamaq iqtidarında deyil. Ona görə də 15.000 manat məbləğində kompensasiya ödənişinin həyata keçirilməsiylə cavabdehlərin evdən çıxarılması əsassız hesab olunur. Ümumilikdə 25.000 manat kompensasiya ödənişi tələb edirlər. Həmçinin, hesab edir ki, mübahisəli mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak olması da yoxlanılmalıdır. Qeyd olunanlara əsasən şikayətinin təmin olunması barədə qərar qəbul etməyinizi xahiş edir. Məhkəmənin sualına cavabında isə bildirmişdir ki, mübahisə predmeti olan evin dəyərinin 70000 manat olmasını mübahisələndirmir.

13. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-585/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin sualına cavabında isə bildirmişdir ki, mübahisə predmeti olan evin dəyərinin 70000 manat olmasını mübahisələndirmir.

14. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-585/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin sualına cavabında isə bildirmişdir ki, mübahisə predmeti olan evin dəyərinin 70000 manat olmasını mübahisələndirmir.

15. Məhkəmə kollegiyasının iclasında Cavabdeh5 apellyasiya şikayətini müdafiə edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-585/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətlərinənə etiraz edərək bildimişdir ki, 30 ildən çoxdur ki ailəlidir, təxminən 1990-cı illərdə nikaha girmişdir. Ev əvvəllər atasına məxsus olmuş, atası öləndən sonra mülkiyyətçi özü olmuşdur. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, ev 2 otaqlıdır, dəyəri təxminən 70.000 manatdır. Kompensasiya məbləğini maksimum 5000 manat artıra bilər. Buna görə də 20000 manat kompensasiya verilməklə, cavabdehlərin mənzilə olan istifadə hüquqlarına xitam verilməsinə etiraz etmir.

17. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh4 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

18. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 bildirmişdir ki, 2011-ci ildə sözügedən mənzil əsaslı təmir edilib. Mənzil ikinci dəfə 2018-ci ildə su basdığı üçün təmir olunmuşdur. Təmir işlərini evdə usta kimi o aparmışdır. Mənzilin təmir xərcləri Teymur, Bəhrəm və Gülnar tərəfindən ödənilmişdir. Evdə təmir işləri aparılan zaman Teymur mənzildə yaşayırdı.

19. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, ərazi idarəsində mövcud olan arxiv materiallarına əsasən Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə komitəsi mənzillərin qeydiyyatı və bölüşüdürlməsi şöbəsinin 24 may 1978-ci il tarixli, 10/404 nömrəli orderinə, Azərbaycan Respublikasının Milli Raxiv İdarəsinin 25 noyabr 2013-cü il tarixli 715 nömrəli arxiv çıxarışına, Mənzil İstismar Sahəsinin 4362 nömrəli 14 noyabr 2013-cü il tarixli 2 nömrəli forma arayışına, Sumqayıt şəhər 4 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 26 noyabr 2013-cü il tarixli 7E47707, 7E-47708, 13 noyabr 2013cü il tarixli 7E-45419, 7E-45418 reyestr nömrəli razılıq ərizələrinə əsasən ünvan 2 ünvanında yerləşən 1 nömrəli mənzil üzərində 5 dekabr 2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh1 Əliməhəmməd qızının adına respublika ərazisində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.

20. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, azyaşlı xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü Xanəlizadə Arif Səxavət oğlu Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 59/23-də yerləşən 1 saylı mənzildə qeydiyyatdadırlar.

21. AZ-İ № 467624 saylı, xx.xx.2023-cü il tarixli “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında olan nikah Sumqayıt Şəhər Məhkəməsinin 25 avqust 2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur.

22. “AECS” Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidmətinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilin orta aylıq kirayə dəyəri 220 (iki yüz iyirmi) manat təşkil edir.

Tətbiq edilən hüquq

23. Azərbacyan Respublikası Mülki Məcəlləsinin 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır.

25. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna-xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. ...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.”

26. Azərbaycan Respublikası Mənzil Məcəlləsi

30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

27.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarı

1.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin “Ailənin başqa üzvlərinin aliment öhdəlikləri” adlı 15-ci fəslinə uyğun olaraq isə yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər qismində qardaş və bacılar, nənə və babalar, nəvələr, ögey oğul və ögey qızlar və faktiki tərbiyyəçilər çıxış edir.

28. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

29. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 2(060)-585/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ümumilikdə 15000 (on beş min) manat kompensasiya verilməklə Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 59/23-də yerləşən 1 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi hissəsində ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 hər birinə 5000 (beş min) manat olmaqla, ümumilikdə 20000 (iyirmi min) manat kompensasiya verilməklə Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 59/23-də yerləşən 1 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri qalan hissədə təmin edilməməlidir.

31. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, işin mübahisələndirilməyən hallarından müəyyən olunur ki, mübahisəli mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur və cavabdehlərin isə həmin mənzilə istifadə hüquqları vardır. İddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləği Konstitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarında göstərilən “əvəzləşdirilmə”yə uyğundur. Məhkəmə iclası zamanı tərəflərin izahatlarından və şahid ifadəsindən məlum oldu ki, mübahisəli mənzildə tam təmir işləri 2011-ci ildə, cuzi kosmetik işləri isə 2018-ci ildə aparılmışdır. Həmin təmir işlər aparılarkən tərəflər birgə nikahda olmuş və təmir işləri mülkiyyətçinin öz təşəbbüsi ilə edilmişdir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Buna görə də iddiaçı cavabdehlərə qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malik olmaqla, iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Bundan başqa, cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır.

33. Məhkəmə kollegiyası tərəfindən iddiaçının cavabdehlərə verə biləcəyi maksimum kompensasiya məbləği müəyyənləşdirildikdən sonra, iddiaçı cavabdehlərin hər birinə 5000 (beş min) manat olmaqla, ümumilikdə 20000 (iyirmi min) manat kompensasiya verilməsi məbləği təklif edilmiş, cavabdehlər isə ümumilikdə 25000 manat kompensasiya məbləği tələb etmişlər ki, məhkəmə kollegiyası 20000 manat kompensasiya verilməklə cavabdehlərin mübahisəli mənzilə istifadə hüququna xitam verilməsini ədalətli və qanunauyğun hesab etmişdir. 34.Məhkəmə kollegiyası təklif edilmiş kompensasiya məbləğinə münasibətdə qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında məhkəmə vurğulamışdır ki, kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. 35.Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiyanın məbləği mübahisəli mənzilin bazar qiymətindən asılı deyildir. Məhkəmə bu qənaətə gələrkən Mülki Məcəllənin 228-ci maddəsini və həmin maddənin şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair" 27 may 2008-ci il tarixli və "R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 26 sentyabr 2007-ci il tarixli qərarlardakı hüquqi mövqeləri rəhbər tutmuşdur. Həmin qərarlardakı hüquqi mövqelər isə ondan ibarət olmuşdur ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır, yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusu müəyyən edilərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasındakı fərq daim diqqətdə saxlanılmalıdır və nəzərə almaq lazımdır ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ vermir.

36. Məhkəmə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsinə dair yuxarıda göstərilən qanunvericilik müddəalarını və onların şərhinə dair Konstitusiya Məhkəməsinin qərarlarını rəhbər tutmaqla, ödəniləcək kompensasiyanın məbləği ilə bağlı həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Konstitusiya Məhkəməsi 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bu isə o deməkdir ki, kompensasiya istifadəçiyə mənsub olmayan mülkiyyət hüququnun əvəzi kimi çıxış etmədiyindən, onun ədalətliliyi mülkiyyətə mənzil əldə etmək üçün kifayət edib-etməməsinə görə deyil, yaşayış sahəsindən istifadə etmək hüququnu ağlabatan müddət ərzində təmin edə bilməsinə kifayət etməlidir. Kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir. İş materiallarına əlavə edilmiş mütəxəssisin rəyinə görə həmin mənzilə oxşar mənzilin orta aylıq kirayə haqqı 220 manat təşkil edir. Məhkəmə həmçinin nəzərə alır ki, cavabdehlərin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində o, heç gözləmədiyi bir halda yaşayış sahəsi ilə təminatsız qalmır. Belə ki, iddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləği cavabdehlərə Sumqayıt şəhərində ağlabatan müddət ərzində əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməklə yanaşı, hətta özlərinə məxsus ev əldə etməsi üçün əhəmiyyətli maddi dəstəkdir. Digər tərəfdən məhkəmə kollegiyası nəzərə almışdır ki, 20000 manat kompensasiya məbləği mənzilin dəyərinin (işin mübahisə edilməyən halına əsasən mənzilin bazar dəyəri təxminən 70000 manat təşkil edir) təxminən üçdə bir hissəsini təşkil edir ki, bu da kompensasiya məbləğinin kifayət qədər ədalətli və ağlabatan məbləğdə olmasını təsdiq edir.

37. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh mübahisəli mənzildən çıxarılması müvafiq kompensasiya məbləği verilməklə icra olunmalı olduğundan, qətnamənin icrası qaydası kimi, kompensasiyanın ödənilməsi ilə cavabdehlərin evə olan istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılması eyni vaxtda icra edilməli olması müəyyən edilməlidir.

38. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinə münasibətdə isə qeyd edir ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qarşılıqlı iddianı rədd etməsi ilə bağlı gəldiyi nəticənin əsassızlığına dair hər hansı bir dəlil irəli sürməmişlər. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddiaçı tələbində mübahisəli mənzilin iddiaçı ilə birgə nikah dövründə onun şəxsi vəsaitləri hesabına əsaslı təmiri və yenidən quraşdırılması üçün 25000 manat dəyərində xərc çəkilməsini qeyd etsə də, buna dair hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə həmin sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərində olmuşdur. Eyni zamanda qarşılıqlı iddiaçının ilk iddia üzrə iddiaçı ilə nikahda olduqları vaxt mənzilin təmirinin öz vəsaiti hesabına aparması, həmin təmir işlərində iddiaçının iştirak etməməsi inadırıcı və ağlabatan da hesab edilmir.

39. Məhkəmə kollegiyası Cavabdeh5 şikayətinə münasibətdə isə qeyd edir ki, o, yuxarıda istinad edilən Mənzil Məcəlləsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyə əsasən iddiaçının ailə üzvü hesab edilməməklə, mübahisəli evə istifadə hüququ mövcud olmamışdır. Buna görə də ona münasibətdə iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı və qanuni olmuşdur.

40. Məhkəmə kollegiyası qarşılıqlı iddiaçının nümayəndəsinin mübahisəli əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilə bilməsi ehtimalı ilə bağlı izahatına münasibətdə isə qeyd edir ki, nümayəndənin kompensasiya məbləğinin 25000 manat müəyyən edilməli olması ilə bağlı izahatı, həmin izahatla ziddiyyət təşkil etmişdir. Digər tərəfdən qarşılıqlı iddiaçının iddiasının mahiyyəti onun mübahisəli əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak olmasını iddia etməsini istisna etməklə, apellyasiya şikayətinin dəlilləri də bununla bağlı olmamışdır. Digər tərəfdən isə iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli arayışından göründüyü kimi, mübahisəli əmlak Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə komitəsi mənzillərin qeydiyyatı və bölüşüdürlməsi şöbəsinin 24 may 1978-ci il tarixli, 10/404 nömrəli orderinə əsasən verilmişdir ki, iddiaçının 1972-ci il təvəllüdlü olması nəzərə alındıqda həmin mənzilin atasına verilməsi ilə bağlı iddiaçının izahatının əsaslı olması müəyyən olunmaqla, qarşılıqlı iddiaçı da bunu mübahisələndirməmişdir. Tərəflər arasında nikahın isə 1993-cü il tarixdə bağlanması nəzərə alındıqda, həmin mənzilin iddiaçının atasının xidmətlərinə görə dövlət tərəfindən verilməsi müəyyən olunur ki, işdə olan sübutlarla əmlakın birgə nikah dövründə əldə edilmiş əmak olması sübut olunmamaqla, qarşılıqlı iddiaçı tərəfindən də buna dair məhkəməyə hər hansı bir mötbər sübut təqdim olunmamışdır.

41. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qəismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ümumilikdə 15000 (on beş min) manat kompensasiya verilməklə Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 59/23də yerləşən 1 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarlaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hər birinə 5000 (beş min) manat olmaqla, ümumilikdə 20000 (iyirmi min) manat kompensasiya verilməklə Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 59/23də yerləşən 1 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməli, kompensasiyanın ödənilməsi ilə cavabdehlərin evə olan istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılması eyni vaxtda icra edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri qalan hissədə təmin edilməməlidir.

42. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 2(060)-585/2024 nömrəli qətnaməsi qismən, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hər birinə 5000 ümumilikdə 15000 (on beş min) manat kompensasiya verilməklə Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 59/23-də yerləşən 1 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hər birinə 5000 (beş min) manat olmaqla, ümumilikdə 20000 (iyirmi min) manat kompensasiya verilməklə Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 59/23-də yerləşən 1 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilsin. Kompensasiyanın ödənilməsi ilə cavabdehlərin evə olan istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılması eyni vaxtda icra edilməli, Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətləri qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver