Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-947/2022 26.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh və Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzilin boşaldılması, mənzilin əvvəlki vəziyyətinə gətirilməsi, maddi və mənəvi zərər tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(060)-2215/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat "xxxx" Mənzil Tikinti Kooperativi iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, iddiaçı tərəfindən Sumqayıt şəhəri, 4-cü məhəllə, Heydər Əliyev prospekti, 149 ünvanında inşa olunmuş yeddimərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən 115 kvadrat metrlik 50 saylı mənzilin Cavabdeh tərəfindən boşaldılması, həmin mənzildə cavabdeh tərəfindən özbaşına aparılmış yenidənqurma işlərinin onun hesabına ləğv edilərək mənzilin cavabdehin hesabına əvvəlki vəziyyətə gətirilməsi, vurulmuş maddi ziyan məbləği olaraq 10.000 manat və işgüzar nüfuzuna xələl gətirdiyinə görə 10.000 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq "xxxx" Mənzil Tikinti Kooperativinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 1(101)-1249/2020 nömrəli hökmü ilə təqsirləndirilən şəxs X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Məhkəmə ittiham hömünü çıxararkən belə bir qənaətə gəlmişdir ki, X2 Ramil Vahid oğlundan 55.300 manat məbləğində pul vəsaitini alaraq ona qarşı dələduzluq əməlini törətmişdir. Həmin məhkəmə işinin gedişatında aparılmış araşdırmalar və iş materiallarında olan sənədlərdən də göründüyü kimi X14 cavabdehdən pul alaraq onu aldatmış, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən Sumqayıt şəhəri, 4-cü məhəllə, Heydər Əliyev prospekti, 149 ünvanında inşa olunmuş yeddimərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən 115 kvadrat metrlik 50 saylı mənzili hər hansı hüquqi əsaslar olmadan cavabdehə təhvil verərək həmin mənzildə onun tərəfindən təmir işlərinin aparılmasına şərait yaratmışdır. Halbuki, sözügedən mənzil MTK tərəfindən Cavabdeh satılmamış, onunla mənzilin alqı-satqısına dair hər hansı müqavilə bağlanmamış və ona müvafiq maliyyə arayışı verilməmişdir. X7 guya sözügedən mənzilin dəyəri qismində cavabdehdən aldığı pul vəsaiti tam şəkildə onun özü tərəfindən mənimsənilmiş və qeyd olunan məbləğin MTK-ya hər hansı aidiyyəti yoxdur. Belə ki, X14 “V.İ.V" MTK-da işlədiyi dövrdə icraçı direktor vəzifəsində çalışsa da, onun səlahiyyəti mənzili almaq üçün müştəri müraciət etdikdə onu mənzillə tanış etmək, mənzilin dəyəri hesablandıqdan və müştəri tərəfindən tam şəkildə MTK-nın xəzinəsinə ödənildikdən sonra mənzilin alqı- satqı müqaviləsini tərtib edərək imzalamaq üçün MTK-nın rəhbərliyinə təqdim etmək, eləcə də mənzillərdə yaşayan sakinlərdən kommunal ödənişlərin qəbul edilməsindən ibarət olmuşdur. Bu səbəbdən 2019-cu ilin may ayında sözügedən mənzilin qanunsuz olaraq Cavabdeh tərəfindən tutulduğu və orada təmir işlərinin aparıldığı MTK tərəfindən müəyyən olunduqdan dərhal sonra cavabdehdən təmir işlərini dayandırması, mənzilin dəyərini tam şəkildə MTK-nın xəzinəsinə ödəməsi, yaxud da mənzili boşaltması tələb olunmuşdur. Lakin cavabdeh bugünədək mənzili boşaltmamış və mənzili boşaltmaq üçün mənzilin təmirinə çəkdiyini iddia etdiyi pul məbləğini əsassız olaraq MTK-dan tələb edir. Nəticədə MTK öz mülkiyyətində olan mənzilindən qanunsuz olaraq məhrum edilməklə yanaşı, həmin mənzil üzərində sərəncam vermək hüququ da məhdudlaşdırılmışdır. Bununla da MTK həm maddi ziyana uğramış, həm də şirkətin işgüzar nüfuzuna xələl gətirmişdir. Belə ki, cavabdehin mənzili boşaltmaması səbəbindən MTK həmin yaşayış sahəsini özgəninkiləşdirmək və maddi gəlir əldə etmək imkanından məhrum olmuş və bu xoşagəlməz hal şirkətin işgüzar nüfuzuna xələl gətirmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, "xxxx" MTK, X15 və X5 müştərək qaydada maddi zərərin əvəzi qismində 55300 manat, Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində inşa edilən yaşayış binasının sahəsi 115 kvadrat metrdən ibarət 50 saylı mənzildə aparılmış təmir və yenidənqurma işlərə görə onun tərəfindən çəkilən xərclərin əvəzi qismində 37.000 manat, cəmi 92.300 manat məbləğində pul vəsaiti "xxxx" MTK, X15 və X5 müştərək qaydada tutulub ona ödənilməsi, ilk iddia mübahisəli mənzildən çıxarılma hissəsində təmin ediləcəyi təqdirdə qarşılıqlı iddia üzrə tələbi olan 92.300 manat məbləğində pul vəsaitinin ona ödənilməsi barədə tələblərin eyni vaxtda icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2018-ci ilin əvvəllərində MTKnın həmin dövrdəki icraçı direktoru olan X14 ilə bağladığı əqdə əsasən, MTK tərəfindən Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində inşa edilən yaşayış binasının sahəsi 115 kv.metrdən ibarət 50 saylı mənzilin hər kvadrat metrinin dəyəri 750 manat hesabı ilə, cəmi 86.000 manat məbləğində alması barədə razılığa gəlmiş, bununla bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək 2018 - 2019-cu illər ərzində MTK-nın icraçı direktoru Orxan Mahmudova cəmi 55000 manat məbləğində pul vəsaiti ödəsə də, Orxan Mahmudov müxtəlif bəhanələrlə müvafiq müqavilənin nüsxələrini imzalamaq üçün ona təqdim olunmasından yayınmışdır. Lakin 50 saylı mənzillə bağlı MTK və yaxud üçüncü şəxslər tərəfindən hər hansı digər narahatçılıq yaradılmadığından müqavilənin faktiki qüvvədə olduğuna əmin olub aldığı mənzilin təmir- abadlaşdırma işinə başlamış və bununla bağlı ümumilikdə təxminən 37000 manat məbləğində xərc çəkmişdir. Sonradan ona məlum olmuşdur ki, MTK-nın təsisçisi X15 mübahisəli mənzilin guya onun xəbəri olmadan satılmasına görə X9 MTK-nın direktoru vəzifəsindən azad etmiş və nəticə olaraq o bu günə qədər MTK tərəfindən mübahisəli mənzilə buraxılmır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 1(101 )-1249/2020 nömrəli hökmü ilə X14 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib, 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən göründüyü kimi aparılmış araşdırma zamanı təsdiq olunmuşdur ki, 50 saylı mənzildə hər hansı özbaşına işləri aparmamış, yenidənqurma və təmir işləri həmin dövrdə səlahiyyətli şəxs tərəfindən verilmiş icazə əsasında və mənzilin dəyərini ödənilməsi müqabilində tərəfindən aparılmışdır. Orxan Mahmudov icraçı direktor vəzifəsindən azad olunandan sonra o, həmin mənzildə hər hansı işlər görməmişdir. X14 onun ödədiyi 55.000 manat məbləğində pul vəsaitinin əhəmiyyətli hissəsini məhz MTK-nın vergi öhdəlikləri və sair tələbatları üçün xərcləmişdir. Müqavilə münasibətlərinin düzgün formada rəsmilləşdirilmədiyi halı mübahisəli mənzili məhz səlahiyyətli şəxslə bağlanılan əqd nəticəsində alınması, müqavilə münasibətlərinə daxil olmağını və məhz həmin müqavilə münasibətlərindən yaranan əsaslarla təmir və yenidənqurma işlərinin aparılması faktının inkar edilməsi üçün əsas deyildir. Həmçinin hökmdən göründüyü kimi, qarşılıqlı iddia üzrə cavabdeh X15 təsisçi olsa da, MTK-nın rəhbərliyinə icrası üçün məcburi olan göstərişlər verirdi. Göründüyü kimi X15 MTK-da faktiki rəhbərliyi bu günə qədər həyata keçirir. X8 verdiyi ifadəsinə əsasən X7 fəaliyyəti MTK-da yalnız satış üçün nəzərdə tutulan mənzillərin potensial müştərilərə təqdim olunması, alqı-satqının rəsmilləşdirilməsi, ödəniş pullarının MTK-nın sahibinə təhvil verilməsi və əsasən kommunal xidmətləri məsələləri ilə məşğul olmasından ibarət olmuşdur. Mübahisəli mənzilə cavabdeh X8 göstərişi ilə buraxılmır və ona qarşı iddia məhz onun göstərişi əsasında verilmişdir. Əks halda İlqar Nuriyev mübahisəli mənzilin cavabdehə təhvil verilməsinə heç bir problem yaratmazdı. Mümkün deyil ki, X15 MTK-da faktiki rəhbərliyi həyat keçirdiyi təqdirdə və MTK-nın tikinti və sair işlərin gedişatı haqqında, o cümlədən 5 saylı mənzilin cavabdehə satılması və bir neçə ay ərzində həmin mənzildə kənar şəxslər tərəfindən təmir və yenidənqurma işlərinin aparılmasından xəbərdar olmasın. Belə ki, mübahisəli mənziln yerləşdiyi yaşayış binası iki blokdan ibarətdir. Həmin dövrdə MTK-da çalışan, hazırda isə MTK-nın icraçı direktoru vəzifəsinə təyin olunan X16 özü də sözügedən yaşayış binasının eyni blokun üçüncü mərtəbəsində mənzi almış, mübahisəli mənzil isə beşinci mərtəbədə yerləşir. O cümlədən bu səbəblərdən də mübahisəli mənzilin satılması, həmçin orada aylarla təmir və yenidənqurma işlərinin aparılmasının gözdən qaçırılması mümkün deyildir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin ilk iddia ərizəsinə qarşı yazılı etirazı daxil olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(060)-2215/2021 nömrəli qətnaməsi ilə (hakim Emin Abdullayev) "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı mənzilin boşaldılması, mənzilin əvvəlki vəziyyətinə gətirilməsi, maddi və mənəvi zərər tələbinə dair ilk iddia qismən təmin edilib, Sumqayıt şəhəri, 4-cü məhəllə, Heydər Əliyev prospekti, 149 ünvanında inşa olunmuş yeddimərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən 115 kvadrat metrlik 50 saylı mənzilin Cavabdeh tərəfindən boşaldılması hissəsində təmin edilməsi və ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın "xxxx" Mənzil Tikinti Kooperativinə aid hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(060)-2215/2021 nömrəli qərardadı ilə Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə və digərlərinə qarşı zərərin və çəkilən xərclərin əvəzinin ödənilməsi tələbi barədə qarşılıqlı iddia ərizəsi X14 və X10 aid hissədə baxılmamış saxlanmışdır. Birinci instansiya məhkəməsi iddia tələblərinə hüquqi qiymət verərək hesab etmişdir ki, "xxxx" Mənzil Tikinti Kooperativi və Cavabdeh arasında Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində inşa edilən yaşayış binasının sahəsi 115 kv.m-dən ibarət 50 saylı mənzilin sonuncuya satılması ilə bağlı hər hansı müqavilə olmamışdır. X3 "xxxx" MTK-nın icraçı direktoru işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə edərək Cavabdeh aldatmış və onun pulunu mənimsəmiş və mübahisəli mənzili qanunsuz olaraq sonuncunun sahibliyinə vermişdir. Bu səbəbdən ilk iddia cavabdeh tərəfindən mübahisəli mənzilin boşaldılması hissəsində təmin edilməlidir. Qarşılıqlı iddia isə "xxxx" Mənzil Tikinti Kooperativi və Cavabdeh arasında mübahisəli mənzilin satılması ilə bağlı hər hansı müqavilə olmadığı üçün ilk iddiaçı qarşılıqlı iddiaya cavab verməli olan şəxs deyildir, bu səbəbdən qarşılıqlı iddia təmin edilə bilməz. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 139-1.6, 146.1, 152.1, 157.2, 385.1, 1099.1, 1099.2-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(060)-2215/2021 nömrəli qətnaməsinin ləğv edilib, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1, 1113, 1115-ci maddələri və Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Etirazda göstərilir ki, "xxxx" Mənzil Tikinti Kooperativinin üzvlərinin 10 fevral 2020-ci il tarixli, 01 saylı iclasının qərarı ilə ünvan 2 ünvanında inşa olunmuş yaşayış binasının beşinci mərtəbəsində yerləşən 115 kvadrat metr sahəsi olan 50 saylı mənzilin payçısı olaraq X1 üzv qəbul edilmiş və həmin mənizl payçı olaraq adı çəkilən şəxsə ayrılmışdır. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş 25 yanvar 2021-ci il tarixli, 34 saylı maliyyə arayışının təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 4-cü məhəllə, Heydər Əliyev prospekti, 149 ünvanında səkkizmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən 115 kvadrat metr sahəsi olan 50 saylı mənzilin pay dəyəri X11 tərəfindən tam ödənilmiş və onun kooperativə borcu qalmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsi tərəfindən verilmiş qeydiyyat nömrəsi ********** olan 12 fevral 2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən sözügedən mənzil X4 xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilmişdir. Bu hal bir daha sübuta yetirir ki, sözügedən mənzil "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada Cavabdeh ayrılmamışdır və sonuncu O.Mahmudovun cinayət əməli nəticəsində ona vurulmuş ziyanın ödənilməsini kooperativdən tələb edə bilməz. c) Apellyasiya icraatı iştirakçılarının izahatları İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1.1.6. Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 146.1 Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Maddə 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2, 217.4. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak dən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb, işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - ilk iddia aid hissəsində ləğv olunub, həmin hissədə iddia təmin olunmamalı və qətnamə qarşılıqlı iddia tələbinə dair hissəsində dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2020ci il tarixli, 1(101)-1249/2020 nömrəli hökmü ilə müəyyən olur ki, X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 22 aprel 2021-ci il tarixli, 1(105)-249/2021 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 1(101)-1249/2020 nömrəli hökmü məhkumun və müdafiəçisinin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 1(101)-1249/2020 nömrəli hökmü ilə müəyyən edilmişdir ki, Orxan Mahmudov "xxxx" MMC-nin icraçı direktoru vəzifəsinə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək özgənin əmlakını ələ keçirmə məqsədi ilə Cavabdeh etibarından sui-istifadə edib icraçı direktoru olduğu “VİV" MTK tərəfindən Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində inşa edilən yaşayış binasının 115 kv.metrdən ibarət 50-ci mənzilini hər kv.metri 750 manat olmaqla, cəmi 86.000 manata daxili kredit yolu ilə sonuncuya satacağını yalandan vəd verib, aldadaraq vahid qəsdlə 2018-ci ilin fevral ayının sonlarında Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində 1.000 manat, 2018-ci ilin mart ayının əvvəllərində Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən yeni inşa edilmiş yaşayış binasır 50-ci mənzilində 10.000 manat, 2018-ci ilin sentyabr ayının sonlarında Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən Notariat Kontorunun qarşısında X12 vasitəsilə 20.000 manat, 2018-ci ilin noyabr ayının əvvəllərində Bakı şəhəri ərazisində X13 vasitəsilə 1000 manat, 2018-ci ilin noyabr ayının sonlarında Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində 2.500 manat, 2019-cu ilin yanvar ayının sonlarında Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində Rüfət Kərimovun vasitəsilə 7.000 manat, 2019-cu ilin sonlarında Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində 2.900 manat, 2019-cu ilin əvvəllərində Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində 2.500 manat, 2019-cu ilin ortalarinda Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində 2.500 manat, 3 aprel 2019-cu ildə Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində 5.000 manat, 10 aprel 2019cu il tarixdə Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində 900 manat məbləğlərində olmaqla, ümumilikdə 55.300 manat pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxs Cavabdeh külli miqdarda zərər vurmaqla dələduzluq etmişdir. Mülki Prosessual Məcəllənin 82.4-cı maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. "xxxx" Mənzil Tikinti Kooperativinin üzvlərinin 10 fevral 2020-ci il tarixli, 01 saylı ümumi iclasının 01 saylı protokolundan çıxarışdan görünür ki, vətəndaş X11 müəssisənin üzvü qəbul olunmaqla "xxxx" MTK-nın Sumqayıt şəhəri, H.Əliyev prospektində (4-cü məhəllə) yerləşən kooperativ binasına məxsus olan 8 mərtəbəli, 147 nömrəli binanın 1-ci giriş, 5-ci mərtəbəsində, ümumi sahəsi 115 kv.m-dən olan 3 otaqlı, 50 saylı mənzilin payçısı təsdiq edilmişdir. "xxxx" Mənzil Tikinti Kooperativinin 25 yanvar 2021-ci il tarixli, 34 nömrəli maliyyə arayışdan görünür ki, "xxxx" MTK-nın Sumqayıt şəhəri, H.Əliyev prospektində (4-cü məhəllə) yerləşən kooperativ binasına məxsus olan 8 mərtəbəli, 147 nömrəli binanın 1-ci giriş, 5-ci mərtəbəsində, ümumi sahəsi 115 kv.m-dən olan 3 otaqlı, 50 saylı mənzilin pay dəyəri payçı X11 tərəfindən tam ödənilmişdir və MTK-ya borcu yoxdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12 fevral 2021-ci il qeydiyyat tarixli, ********** reyestr nömrəli çıxarışa əsasən Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 149, mənzil 50; Yeni qaydalarla: AZ 5000, Sumqayıt şəhəri, Sumqayıt ərazi vahidi, H.Əliyev prospekti, 149, M5, m5 xüsusi mülkiyyət hüququ əsasında X4 adına dövlət qeydiyyatına alınmışdır. İşin araşdırlan hallarından göründüyü kimi "xxxx" Mənzil Tikinti Kooperativinin üzvlərinin 10 fevral 2020-ci il tarixli, 01 saylı ümumi iclasının 01 saylı protokoluna əsasən Sumqayıt şəhəri, H.Əliyev prospektində (4-cü məhəllə) yerləşən kooperativ binasına məxsus olan 8 mərtəbəli, 147 nömrəli binanın 1-ci giriş, 5-ci mərtəbəsində, ümumi sahəsi 115 kv.m-dən olan 3 otaqlı, 50 saylı mənzilin pay dəyəri payçı X11 tərəfindən tam ödənilmiş və cavabdehin mənzildə olan əşyaları mənzilin yeni sahibi tərəfindən binanın blokuna yığılmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12 fevral 2021-ci il qeydiyyat tarixli, ********** reyestr nömrəli çıxarışa əsasən isə mənzil xüsusi mülkiyyət hüququ əsasında sonuncuya məxsusdur. İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi 27 yanvar 2021-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edib, mübahisəli mənzilin boşaldılması, həmin mənzildə cavabdeh tərəfindən özbaşına aparılmış yenidənqurma işlərinin onun hesabına ləğv edilərək mənzilin cavabdehin hesabına əvvəlki vəziyyətə gətirilməsi, vurulmuş maddi ziyan məbləği olaraq 10.000 manat, işgüzar nüfuzuna xələl gətirdiyinə görə də 10.000 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq "xxxx" Mənzil Tikinti Kooperativinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Halbuki "xxxx" Mənzil Tikinti Kooperativinin üzvlərinin 10 fevral 2020-ci il tarixli, 01 saylı ümumi iclasının 01 saylı protokol-qərarı ilə X11 müəssisənin üzvü qəbul olunmaqla "xxxx" MTK-nın Sumqayıt şəhəri, H.Əliyev prospektində (4-cü məhəllə) yerləşən kooperativ binasına məxsus olan 8 mərtəbəli, 147 nömrəli binanın 1-ci giriş, 5-ci mərtəbəsində, ümumi sahəsi 115 kv.m-dən olan 3 otaqlı, 50 saylı mənzilin payçısı təsdiq edilib, həmin mənzil xüsusi mülkiyyət hüququ əsasında X6 məxsus olduğu halda "xxxx" Mənzil Tikinti Kooperativinin hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən subyektiv hüquqa malik olmamışdır. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa aydın olur ki, hazırki iş üzrə iddiaçı iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. Başqa sözlə, Konstitusiya Məhkəməsinin qərarında qeyd edildiyi kimi iddiaçının hazırki hərəkətlərinə hüquqi ixtiyarı olmadığı üçün onların başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, həyata keçirilməsindən söhbət gedə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan hal birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddia tələbinə dair hissəsində ləğvi üçün əsasdır. Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativə qarşı maddi zərərin əvəzinin ödənilməsi barədə qarşılıqlı iddia tələbinə gəldikdə isə "xxxx" Mənzil Tikinti Kooperativi və Cavabdeh arasında mübahisəli mənzilin satılması ilə bağlı hər hansı müqavilə olmadığı üçün ilk iddiaçı qarşılıqlı iddiaya cavab verməli olan şəxs deyildir, bu səbəbdən qarşılıqlı iddia təmin edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qarşılıqlı iddia tələbinə dair hissəsində gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə həmin hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin qarşılıqlı iddia tələbinə dair hissəsində ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qarşılıqlı iddia tələbinə dair hissəsində qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə qarşılıqlı iddia tələbinə dair hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(060)-2215/2021 nömrəli qətnaməsi qismən- ilk iddia tələbinə dair hissəsində ləğv edilsin. "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı mənzilin boşaldılması, mənzilin əvvəlki vəziyyətinə gətirilməsi, maddi və mənəvi zərər tələbinə dair ilk iddiası təmin edilməsin. Qətnamə - «Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin» hissəsində dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-947/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-947/2022
26.05.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzil münasibətləri üzrə sair mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver