Məhkəmə qərarları › İş №2(105)-953/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-953/2024

30.05.2024 · Sair mülki iş - Digər - Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-953/2024 30.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli, e-2(067)-1192/2024 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi 3 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 98,81 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 11930,41 manat, işsizlikdən sığorta fonduna olan 15,74 manat məbləğində borcun ödənilməsini təmin ətmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix - xx xxx 1976-cı il, Doğulduğu yer Azərbaycan, Xaçmaz; Qaraqaşlı Kəndi, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan "Həyat" X2 birliyinin (VÖEN: **********) işsizlikdən sığorta fonduna 15,74 manat, dövlət büdcəsinə 98,81 manat məbləğində (o cümlədən, maliyyə sanksiyası üzrə 98,81 manat), Dövlət Sosial Müdafiə Fonduna 11930,41 manat olmaqla, ümumilikdə 12044,96 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixli **********546600, xx.xx.2020-ci il tarixli **********297300, xx.xx.2024-cü il tarixli **********298100 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Xaçmaz Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2(067)-1192/2024 nömrəli qətnaməsi ilə ərizənin təmin edilməsi, hüquqi şəxsin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri ((Doğulduğu tarix - xx xxx 1976-cı il, Doğulduğu yer Azərbaycan, Xaçmaz; Qaraqaşlı Kəndi, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi -xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir (hakim Vüsalə Qasımova). Qətnamədən narazı qalan Maraqlı şəxs apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2(067)-1192/2024 nömrəli qətnaməsinin ləğv edilərək, ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, məhkəmə iclasında izahatında göstərmişdir ki, “Həyat” X2 Birliyinin İdarə heyətinin sədri vəzifəsinə idarə heyətinin 13 noyabr 2023-cü il tarixdə keçirilmiş ümumi iclasında səsvermə yolu ilə seçilmişdir. Həmin vəzifədə cəmi dörd aydır ki, çalışır. 3 saylı Vergilər İdarəsi hazırki iş üzrə ərizə ilə məhkəməyə müraciət edən vaxt o, bu vəzifədə təzə çalışmağa başlamışdı. Ərizədə göstərilən məbləğdə dövlət ödənişlərinə görə borc onun “Həyat” SİB idarə heyətinin sədr vəzifəsinə seçilməsidən qabaq yaranmışdır. Yəni həmin borcun ona heç bir aidiyyatı yoxdur. Bilsəydi ki,“Həyat” SİB-nin dövlət ödənişlərdə borcu vardır və buna görə onu, yəni yeni seçilmiş sədri məsuliyyətə cəlb edəcəklər, o, sədr seçilməyinə razılıq verməzdi. Məhkəmədən xahiş etmişdir ki, ərizədə göstərilən dövlət ödənişlərinə görə borcun yaranması müddəti barədə 3 saylı Vergilər İdarəsindən müvafiq arayış alınsın. Lakin məhkəmə bu vəsatətinə məhəl qoymamış, qətnaməsində onun izahatı təhrif olunaraq qeyd olunmuşdur ki, o, qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Hesab edir ki, məhkəmə hazırki ərizəyə baxıb qətnamə qəbul edərkən həmçinin Azərbaycan Respublikası MPM-nin İİİ fəslində göstərilmiş məhkəmə aidiyyəti prinsiplərini pozmuşdur. Çünki hüquqi şəxsin rəhbərinin vergi borclarına görə ölkədən getməsinə məhdudiyyət məsələsinə ərazi məhkəmələrdə deyil, kommersiya məhkəməsində baxılmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, rəhbəri olduğu “Həyat” SİB-nin vergi öhdəlikləri üzrə vergi borcu onun həmin hüquqi şəxsi idarə heyətinin sədri seçilməmişdən əvvəl yaranmışdır. Həmin hüquqi şəxsin əsas fəaliyyəti üzrə gəliri abonentlərə torpağın suvarılması üzrə su satışından ibarətdir, torpağın suvarılan hər hektarına görə abonent tərəfindən həmin hüquqi şəxsə 5 manat pul ödənilir. Hal-hazırda abonentlərin sayı çoxalmışdır. Yaxın vaxtlarda borcun ödənilməsi təşkil olunacaqdır.Buna görə hazırki borcun yaranmasında onun təqsiri olmadığından apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq işlərin çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, mübahisənin mahiyyətinə qiymət verilmədən, məhkəmə aidiyyəti qaydalarının pozuntusu ilə qəbul edildiyi nəzərə alınmaqla Xaçmaz Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli, e-2(067)-1192/2024 nömrəli qətnaməsi ləğv edilərək, iş aidiyyatı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə isə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı qərarının 11-ci bəndində qeyd olunur ki, nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu həmin qərarda eyni zamanda məhkəmələrə izah edilir ki, MPM-in 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özüözlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, çoğrafı göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər) üzrə işlərə də aid edilməlidir. İşin 20-ci vərəqində olan VÖEN-i ********** göstərilməklə “Həyat” X2 Birliyinə ünvanlanmış **********4 №-li bildiriş məktubda aşağıdakılar qeyd olunmuşdur: “Bildiririk ki, Sizin 22 yanvar 2024-cü il tarixinə ümumilikdə 12.123,90 manat o cümlədən: Muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 8.983,82 manat, məcburi dövlət sosial sığorta haqqı üzrə malliyyə sansiyaları üzrə 0.00 manat, fazilər üzrə 3.140,08 manat, inzibati cərimələr üzrə 0.00 manat, digər üzrə 0.00 manat borcunuz vardır.”. İş materialları ilə də müəyyən olunur ki, dövlət büdcəsinə olan ümumilikdə 98,81 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 11930,41 manat, işsizlikdən sığorta fonduna olan 15,74 manat məbləğ “Həyat” X2 Birliyinin hüquqi fəaliyyəti ilə əlaqədar yaranan borcdur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə maraqlı şəxsin deyil, onun direktoru olduğu "Həyat" X2 birliyinin fəaliyyətindən irəli gəlməklə kommersiya xarakterlidir; Bundan əlavə hazırki iddia ərizəsinin özü də işə kommersiya məhkəməsində baxılmalı olması ilə əsaslandırılmış, lakin buna baxmayaraq hüquqi şəxsin icra orqanının rəhbərinin qeydiyyat ünvanı üzrə səhvən Xaçmaz Rayon Məhkəməsinə verilmişdir.Birinci instansiya məhkəməsi isə bunu nəzərə almayaraq iddia ərizəsini məhkəmə aidiyyəti qaydalarını pozmaqla icraatına götürmüş və işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Halbuki, iddia ərizəsi işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsinə aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində isə təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Nəzərə alınmalıdır ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarana, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi qeyri-mümkün ola bilər. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır, eyni zamanda, məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.9-cu maddəsinə əsasən işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, mülki iş aidiyyət qaydalarının pozulması ilə icraata götürülməklə baxılmışdır ki, bu da iş üzrə tərəflərin, eləcə də işdə iştirak edən digər şəxslərin hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi qanuni sayıla bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia ərizəsi məhkəmə aidiyyəti üzrə düzgün verilmədiyindən, birinci instansiya məhkəməsi tərəfindən iş məhkəmə aidiyyəti qaydaları pozulmaqla icraata qəbul edildiyindən və baxıldığından, apellyasiya şikayəti qismən təmin edilməklə, iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli və işə aidiyyəti üzrə baxılması üçün iş məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 387, 402.2.5 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs tərəfindən tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Xaçmaz Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli, e-2(067)-1192/2024 nömrəli qətnaməsi ləğv edilsin. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver