Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-957/2025 25.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: prosessual müddət) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "torpaq sahəsindən istifadə olunmasına yaradılan maneələrin aradan qaldırılması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması" tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-94/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilmə müddətinin bərpa olunması barədə Cavabdeh1 ərizəsinə əsasən çıxarılmış Abşeron Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 2(012)-94/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edərək, ona məxsus torpaq sahəsindən istifadə olunmasına yaradılan maneələrin aradan qaldırılması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********16 nömrə ilə qeyd olunan, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa və xx.xx.2017-ci il tarixdə 1450 nömrə ilə uçota alınmış torpaq sahəsinin plan və ölçüsünə əsasən xüsusi mülkiyyət hüququ ilə ona məxsus Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,0292 ha torpaq sahəsində cavabdehlər tərəfindən inşa olunmuş qanunsuz tikililərin onların hesabına sökülməsi və torpaq sahəsinin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-94/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,0292 ha torpaq sahəsinin 7 kv.metrində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa olunmuş tikililərin onların hesabına sökülməsi və həmin ölçüdə torpaq sahəsinin İddiaçı təhvil verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
4. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermiş, eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək qətnamədən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
5. Abşeron Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 2(012)-94/2024 nömrəli qərardadı ilə (hakim Məlahət Abbasova) ərizə qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-94/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti vermə müddəti ötürülməmiş hesab edilmiş və onun tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətinin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
6. İddiaçı qərardaddan şikayət verərək, onun ləğv edilməsini xahiş etmişdir.
7. Abşeron Rayon Məhkəməsinin 23 may 2025-ci il tarixli, 2(012)-94/2024 nömrəli qərardadı ilə (hakim Məlahət Abbasova) şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(012)-94/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
9. Şikayətin dəlilləri İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlər tərəfindən səbəbsiz yerə ötürülmüş müddət bərpa edilmişdir. Cavabdehlər tərəfindən bu hal bilərəkdən baş vermiş və onlar inşa etdikləri qanunsuz tikilini sökmək istəmədikləri üçün vaxt qazanmağa çalışırlar. O, ahıl yaşındadır və çətinliklə hərəkət edir. Vəkilə müraciət etmək üçün isə maddi imkanı yoxdur. Göstərilənlərə əsasən qərardad ləğv olunmalıdır.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 134.1.5. Birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. Maddə 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Apellyasiya baxışının hədləri
11. Şikayətdən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 2(012)-94/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Abşeron Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 2(012)-94/2024 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 2(012)-94/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
13. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən ərizə qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-94/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti vermə müddəti ötürülməmiş hesab edilmiş və onun tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətinin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
14. Məhkəmə mövqeyni onunla əsaslandırmışdır ki, işdə olan məhkəmə qəbzindən görünür ki, Cavabdeh1 qətnaməni xx.xx.2025-ci il tarixdə almışdır. Qətnamə onun tərəfindən xx.xx.2025-ci il tarixdə mübahisələndirilmişdir. Beləliklə, qanunla nəzərdə tutulan prosessual müddət cavabdeh tərəfindən ötürülməmişdir.
15. İddiaçı qərardaddan şikayət verərək, onun ləğv edilməsini xahiş etmişdir.
16. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə qiymətləndirmə apararaq birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşır, şikayətin dəlillərini əsassız hesab edir, kollegiyanın qənatincə birinci intansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardad prosessual hüquq normalarının tələblərinə uyğundur, qərardadın ləğv edilməsi üçün əsas yoxdur.
17. Kollegiya həmçinin aşağıda şərh olunanları qeyd edir:
18. Qeyd olunmalıdır ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Bu, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur.
19. Kollegiya qeyd edir ki, qanunla nəzərdə tutulmuş prosessual müddət daxilində məhkəmə aktından şikayət verilməsi tərəfin hüququdur. Bu müddət prosessual müddətin bütün dövrünü əhatə etməklə, həmin müddətin son günü apellyasiya şikayəti ilə şəxsin müraciət etməsi hərəkətsizlik nümayiş etdirməsi və s. hal kimi qiymətləndirilə bilməz. Prosessual müddət daxilində apelyasiya şikayəti verilməsi qanunla tanınan hüquqdur və bu hüququn hər hansı bir əsaslar məhdudlaşdırılması yolverilməzdir, məhkəmə müdafiəsi hüququnun pozulmasıdır.
20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini bildirmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər.
21. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmişdir. Odur ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 2(012)-94/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
22. Kollegiya eləcə də qeyd edir ki, apellyasiya şikayəti qanunvericiliyin tələblərinə riayət etməklə verildiyindən, Mülki Prosessual Məcəllənin 357-363-cü maddələrinin tələbləri baxımından şikayətin uyğunluğunun müəyyən edilməsi məqsədilə yenidən birinci instansiya məhkəməsinə qaytarılmasına ehtiyac yoxdur.
23. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq
q ə r a r a a l d ı:
İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 2(012)-94/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti baxılması və qeydə alınaraq icraata verilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.