Məhkəmə qərarları › İş №2(105)-962/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-962/2023

21.06.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-962/2023 21.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X13 və X1 ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil, Cavabdeh nümayəndələri X5, Nümayəndə, üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Abşeron Xızı Regional Şöbəsinin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmrin ləğv olunması, işə bərpa, məcburi işburaxma üçün əmək haqqı, müqavilənin müddətsiz hesab edilməsi və maddi-mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(060)-90/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 16 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim G.Tağızadə) İddiaçı Cavabdehnə qarşı əmrin ləğv olunması, işə bərpa, məcburi işburaxma üçün əmək haqqı, müqavilənin müddətsiz hesab edilməsi və maddi-mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia tələbinin təmin edilməməsi, ekspertiza tədqiqatlarının dəyəri 150 (bir yüz əlli) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində işdən azad olunma ilə bağlı xx.xx.2022-ci il tarixli müvafiq nömrəli əmrin ləğv edilməsi, müddətli əmək müqaviləsi və ona edilmiş əlavələrin etibarsız hesab edilməsi, əmək müqaviləsinin müddətsiz bağlanması, öz işinə bərpa olunması, xx.xx.2022-ci il tarixindən etibarən məcburi işburaxma dövrü üçün itirilmiş əmək haqqımın ştat cədvəli üzrə ödənilməsi, xəstəlik vərəqələrinə əsasən müavinətlərinin ödənilməsi, 46 günlük məzuniyyət əvəzi 1948 manat kompensasiyanın ödənilməsi, iş günləri ərzində olan 624 saat olan əlavə iş saatlarına görə ikiqat əmək haqqının olaraq 11345 manatın ödənilməsi və istirahət-bayram günlərində ezamiyyətdə olduğu və istirahətsiz işlədiyi 71 günə görə ikiqat əmək haqqının olaraq 9379 manatın ödənilməsinə, əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının bir faiz məbləğinin ödənilməsinə, eləcə də mənəvi ziyan olaraq 25000 (iyirmi beş min) manat məbləğinin ödənilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, Cavabdeh MMCnin xx.xx.2022-ci il tarixli, 229 №-li əmrinin ləğv edilməsi, əmək müqaviləsinin müddətsiz bağlanması, öz işinə bərpa olunmağı, xx.xx.2022-ci il tarixindən etibarən məcburi işburaxma dövrü üçün itirilmiş əmək haqqının faktiki ödənilmiş məbləğ üzrə ödənilməsi, xəstəlik vərəqələrinə əsasən müavinətlərinin ödənilməsi, 46 günlük məzuniyyət əvəzi 1948 manat kompensasiyanın ödənilməsi, iş günləri ərzində olan 624 saat olan əlavə iş saatlarına görə ikiqat əmək haqqı olaraq 11345 manatın ödənilməsi və istirahət-bayram günlərində ezamiyyətdə olduğu və istirahətsiz işlədiyi 71 günə görə ikiqat əmək haqqı olaraq 9379 manatın ödənilməsinə, əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının bir faiz məbləğinin ödənilməsinə, eləcə də mənəvi ziyan olaraq 25000 (iyirmi beş min) manat məbləğinin ödənilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı yenidən iddia ərizəsinə dəqiqləşmə verərək, Cavabdeh MMC-nin xx.xx.2022ci il tarixli, 229 №-li əmrinin ləğv edilməsi, əmək müqaviləsinin müddətsiz bağlanması, öz işinə bərpa olunmağı; xx.xx.2022-ci il tarixindən etibarən məcburi işburaxma dövrü üçün itirilmiş əmək haqqının hər ay üzrə faktiki ödənilmiş məbləğlə, yəni bir ay üçün 1200 (bir min iki yüz) manat məbləğində ödənilməsi, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 91.2-ci maddəsinə əsasən 205 saat artıq iş vaxtına görə 2861,25 manat ödənilməsi; xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 13 gün müddətində olan xəstəlik vərəqəsinə əsasən ödənilməli olan xəstəlik müavinətinin aylıq faktiki əmək haqqı üzrə (1200 manat) hesablanıb Cavabdeh MMC tərəfindən ödənilməsi, məzuniyyət haqqı üçün ödənilməli olan 1366,61 manat məbləğində pulun ödənilməsi, 23 gün istirahət və bayram günlərində ezamiyyətdə olduğuna görə əmək haqqının iki misli üzrə hesablama aparılmaqla 2126,77 manatın ödənilməsinə, əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının bir faiz məbləğinin ödənilməsinə; mənəvi ziyan olaraq 25000 (iyirmi beş min) manat məbləğinin ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixindən etibarən X10"nun X4 strukturunda (tabeçiliyində) olmaqla, aylıq ştat üzrə əmək haqqının 1200 (min iki yüz) manat olması müqabilində Təhlükəsizlik rəisi vəzifəsində faktiki olaraq işə başlamışdır. Qeyd olunan tarixdən də, öz vəzifə öhdəliklərini qanunamüvafıq şəkildə yerinə yetirmişdir. Hazırda isə görünən odur ki, əmək müqaviləsi 17 may 2021-ci il tarixində "xxxx" MMC ilə rəsmiləşdirilmişdir. Lakin 2 (iki) nüsxədə hazırlanmalı olan əmək müqaviləsinin 1 (bir) nüsxəsi, rəsmi şəkildə müraciət etməyinə belə baxmayaraq, bu günə kimi ona təqdim olunmamışdır. Hətta, xx.xx.2022-ci il tarixində xxxxxxx000201 nömrəli əmək müqaviləsinin dəyişdirilməsi və ya yenidən bağlanması haqqında heç bir razılıq ərizəsi və məlumatı olmamışdır. Eyni zamanda 01 yanvar 2022-ci il tarixə kimi ştat strukturu olaraq "X10"-nun X4 tərkibində (tabeçiliyində) olsada, heç bir razılıq ərizəsi alınmadan "xxxx" MMC-nin X2 ştat strukturunun tərkibinə (tabeçiliyinə) verilmişdir. Qeyd edir ki, işçilər tərəfindən məhkəmələrə olan şikayətləri və şirkətdə olan ümumi mənzərəni araşdırarkən məlum olmuşdur ki, cavabdeh orqan tərəfindən əmək müqaviləsinin 2-ci nüsxəsinin işçilərə verilməməsi kütləvi və adəti bir hala çevrilmişdir. Nəticə etibarı ilə əmək müqaviləsinin bir nüsxəsinin işçiyə verilməməsi və gizlədilməsiylə bərabər, digər qeyd olunan bütün halları işəgötürən tərəfindən yol verilən qanun pozuntusu hesab edir. "xxxx" MMC-nin rəhbərliyi əmək qabiliyyətini müvəqqəti itirməyi ilə əlaqədar olaraq (xəstəliyi ilə) 17 may 2022-ci il tarixindən 29 may 2022-ci il tarixədək bülletendə olduğu müddətdə, daha da dəqiqləşdirərək qeyd edir ki, xx.xx.2022-ci il tarixində qavunvericiliyin tələblərinə zidd olaraq, ƏM-nin 68-ci maddəsinin b-bəndinə (müqavilə müddətinin qurtarması) əsasən, üzürlü səbəbdən iş yerində olmayan işçinin əmək müqaviləsinə xitam vermişdir. O, da öz növbəsində, bülletendə olması səbəbi ilə bu xitamı, ƏM-nin 73-cü maddəsinin 2-ci bəndinə əsasən qanunsuz hesab edir. Eyni zamanda ƏM-nin 45-ci maddəsinin 1-ci bəndinə əsasən, işəgötürən tərəfindən müqavilə müddətinin 1 (bir) illik olması barəsində, heç bir razılıq ərizəsi alınmamışdır. Həmçinin bir Azərbaycan vətəndaşı kimi, işəgötürənlər üçün müddətli əmək müqavilələrinin ləğvinin daha asan və məsrəfsiz olmasını çox geniş yayılmış sui-istifadə halı kimi qiymətləndirir. Halbuki, əmək qanunvericliyinin tələblərinə əsasən "xxxx" MMC işəgötürən olaraq, sığortalı işçinin əmək qabiliyyətinin bərpa olunmasını gözləməli və üstəlikdə xəstəlik pulu olaraq bülletendə olan işçiyə müavinət ödəməyə borcludur. İşəgötürən müddətli əmək müqaviləsinə xitam verməmişdən 3 və ya daha çox gün əvvəl tabeliyində olan şəxsə müqavilənin ləğvi barədə məlumat verməyə borcludur. Burdan da görünən odur ki, işəgötürən 14 may 2022-ci ildə rəsmi şəkildə ona məlumat verməli olduğu halda, heç bir məlumat verməmişdir. Yalnız bundan sonra işdən çıxarılma ilə bağlı əmr verilə bilər. Əks halda Ali Məhkəmənin müvafiq qərarına əsasən, işəgötürən xəbərdarlıq müddətinin gözlənilmədən müqaviləyə xitam verilməsinin səbəbini öz ərizəsində göstərməyə borcludur. Bu günə qədərdə qanunvericilik ilə nəzərdə tutulmuş sənədlər, əmək müqaviləsinin bir nüsxəsi, aylıq əmək haqqı barəsində arayış, o cümlədən işdən azad olunmağı haqqında əmr və son-haqq hesaba dair qanunamüvafıq sənədlər də, rəsmi şəkildə ona təqdim olunmamışdır. 20 may 2022-ci il tarixində son haqq-hesab olaraq ona 632 manatın ödənilməsini belə, tam ədalətsiz və qanunsuz hesab edir. Çünki aylıq əmək haqqısı 1200 manat olduğu halda, may ayının maaşı, yemək pulu, iş vaxtından artıq vaxtda görülən işə görə ikiqat əmək haqqısı, 46 günlük məzuniyyət kompensasiyası və üstəlikdə iki xəstəlik vərəqəsinə əsasən müavinətlərinin ödənilməlidir ki, bu da əlbəttə 632 manat edə bilməzdi. Belə ki, son haqq-hesabının daha böyük rəqəm etməsi labüddür. Nəticə etibarı ilə son haqq-hesabın düzgün hesablanmamasını belə, qanunsuz hesab edir. Hətta, ƏƏSMN-nin E-sosial.az proqram təminatından da göründüyü kimi, "xxxx" MMC cavabdeh olaraq 2021-ci ilin sentyabr ayında ödənilməli olan xəstəlik pulunu (xəstəlik vərəqi nömrəsi 0232298) belə, 9 ay keçdikdən və 20 may 2022-ci il tarixində əmək müqaviləsinə qanunsuz şəkildə xitam verdikdən 12 gün sonra, 01 iyun 2022-ci il tarixində sistemə daxil etmişdir. Eyni zamanda Əmək Müfəttişliyinə şikayət etdikdən sonra, 2022-ci ilin fevral ayında ödənilməli olan xəstəlik vərəqəsi 02 iyun 2022-ci il tarixində "Esosial.az" sistemə daxil edilmişdir. Lakin əmək müqaviləsi ləğv edildiyi üçün, DSMF ödənişdən imtina etmişdir. Buda bir daha əmək müqaviləsinə qanunsuz xitam verilməsinin və son-haqq hesabın düzgün aparılmamasının bariz sübutlarından biridir. Qeyd edir ki, öz üzərinə düşən əmək funksiyasını layiqincə yerinə yetirdiyi, eləcədə heç bir ixtisar olmadığı və işlədiyi sahə üzrə yerinə yetirdiyi əmək funksiyasına ehtiyac olmasına baxmayaraq, 21 illik iş təcrübəsinə malik, himayəsində 2 azyaşlı uşağı, əlil ailə üzvü və eyni zamanda özü də müharibə əlili olan bir işçini formal olaraq əmək müqaviləsinin müddətinin bitməsi bəhanəsi ilə müqaviləsinə xitam vermək, ən azından xalq və dövlət qarşısında sosial təyinatlı bir şirkət kimi reklam olunan "xxxx" MMC üçün utancverici bir hal olmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 16 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən və iddianı rədd edərkən qəbul etdiyi qətnamədə işlətdiyi ifadələrə diqqət yetirsək belə müəyyən olur ki, hakimin hazırkı mübahisənin mahiyyətindən xəbəri yoxdur və ya işə baxan hakim hazırkı mübahisəni ədalətli şəkildə həll etmək iqtidarında deyil. Belə ki, 10 səhifədən ibarət məhkəmə qətnaməsinin 5 səhifə yarımı yalnız izahatlar, iddia ərizəsinin məzmunu və etirazın məzmunu təşkil etmiş, bir səhifə işdəki mövcud olan sənədlərin məhdud çərçivədə və natamam şəkildə sadalanmasından ibarət olmuş, əsaslandırıcı hissədə isə yalnız 2 (iki) abzas iddianın nəyə görə təmin edilmədiyinə həsr olunmuşdur. Yerdə qalan səhifələr isə iş üçün əhəmiyyət təşkil etməyən maddi hüquq normalarının sadalanması və qətnamənin nəticə hissələrindən ibarət olmuşdur. Bu hal özü-özlüyündə mübahisənin mahiyyətini nəzərə aldıqda işə baxan hakimin məsələyə etinasız, qeyriciddi və hakim vəzifəsinə uyğun gəlməyən tərzdə işin araşdırılmasını özündə ehtiva edir. Belə ki, məhkəmə iddianın rədd edilməsini onunla əsaslandırmışdır ki, tərəflər arasında müddətli əmək müqaviləsi bağlanmış və həmin əmək müqaviləsinin müddəti bitdiyindən cavabdeh müqavilə müddətinin uzadılması ilə bağlı iradəsini bildirməmiş, əksinə müqavilə müddəti bitdiyindən əmək müqaviləsinə xitam vermişdir. Göründüyü kimi işə baxan hakim mübahisə üzrə qərar qəbul edərkən işin faktiki hallarından xəbəri olmamışdır. Belə ki, iş materiallarında olan sənədlərdən də görünür ki, İddiaçı əmək münasibətlərində olduğu zaman, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək qabiliyyətini müvəqqəti olaraq itirmiş və buna dair ******* nömrəli xəstəlik vərəqəsi tərtib edilmişdir. Həmçinin, İddiaçı xəstə olması barədə xx.xx.2022-ci il tarixdə mobil telefon vasitəsi ilə həmin dövrdə şirkətin insan resursları direktoru olan Eldəniz Quliyevə məlumat vermiş, Eldəniz Quliyev isə öz növbəsində bu barədə onun köməkçisi olan Azər Məmmədova məlumat verilməsini İddiaçı xahiş etmişdir. Bundan başqa adıçəkilən xəstəlik vərəqəsi İddiaçı tərəfindən X7 məxsus həkimə təqdim edilmiş və həkim də öz növbəsində adıçəkilən xəstəlik vərəqəsini qəbul etməsinə dair imzalamaqla yanaşı, öz möhürü ilə təsdiq edərək qəbul etmişdir. Belə ki, OBA Market MMC-də tibb məntəqəsi mövcud olmadığına görə, həmin MMC-nin üst qurumu olan (yəni mərkəzi aparatı) X6 mövcud olmuş tibb məntəqəsinə müraciət olunur. Bundan başqa İddiaçı əmək qabiliyyətini itirməsi ilə əlaqədar 23-25 May 2022-ci il tarixlərində X12 Xidmətinə rəsmi şəkildə məlumat vermişdir. Bu fakt e-sosial.az portalında və Əmək Müfəttişliyi Xidmətinin iddiaçıya ünvanladığı cavab məktubunda öz əksini tapmışdır. Cavabdeh isə bütün bunlara baxmayaraq, iddiaçının xəstələndiyi dövrdə onun əmək müqaviləsinə xitam vermişdir. Nəticə etibarı ilə cavabdeh üzürlü səbəbdən iş yerində olmayan işçinin əmək müqaviləsinə xitam verməklə yanaşı, guya ki xx.xx.2022-ci il tarixdə xitam vermə barədə iddiaçının ünvanına məlumatverici məktubda göndərmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən faktlarla və sənədlərlə sübuta yetirilmişdir ki, həmin ləğvetmə bildirişi rəsmi olaraq İddiaçı təqdim edilməmişdir. Belə ki, həmin 274200 nömrəli poçt qaiməsindən də görünür ki, məktubu qəbul edən olaraq Süleymanova Şəbi ad-soyadlı şəxs qeyd edilmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş iddiaçının ailə üzvləri barədə sənəddən də görünür ki, Süleymanova Şəbi ad soyadlı heç bir ailə üzvü yoxdur. Bundan əlavə yuxarıda da qeyd etdiyi kimi, xitam əmri qəbul edilən zaman iddiaçı üzürlü səbəbdən işdə olmamış və qəbul edilmiş əmr Əmək Məcəlləsinin 73cü maddəsinin 2-ci hissəsinə zidd şəkildə qəbul edilmişdir. Cavabdeh MMC iddiaçı ilə əmək münasibətlərinə xitam vermək istəyirdisə bu zaman iddiaçının bülletendə olma müddəti bitdikdən sonra Əmək Məcəlləsinin 73.2-ci maddəsinin ona verdiyi üstünlüklərdən istifadə edərək bu hərəkəti edə bilərdi. Lakin cavabdeh bu cür davranış sərgiləməkdənsə hüquqazidd hərəkətlərə yol vermişdir. Bu qaldırdığı iddia tələbində əmrin ləğv edilməsi və işə bərpa hissəsi ilə bağlı mövqeyidir. İndi isə cavabdeh tərəfindən həyata keçirilmiş ikili mühasibatlıq nəticəsində rəsmi sənədlərlə faktiki olaraq iddiaçının aldığı əmək haqqına dair iddia tələbinin haqlı olduğunun sübutu olan iş materiallarından da görünür ki, onun əmək müqaviləsi bağladığı dövrdə rəsmi əmək haqqı ilk olaraq 510 manat, daha sonra isə edilmiş dəyişikliyə əsasən 899 manat məbləğində göstərilməsinə baxmayaraq, təqdim etdiyi sənədlərdən və iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən də görünür ki, bu məbləğ faktiki olaraq 1200 manat təşkil etmişdir. Həmin faktiki əmək haqqı əsasında cavabdeh tərəfindən iddiaçının iş vaxtından artıq işlədilməsi, xəstəlik vərəqəsi üzrə ödənilməli olan müavinəti, məzuniyyət əvəzi kompensasiyanın düzgün ödənilməməsi, eləcə də istirahət və bayram günlərində ezamiyyətdə olmasına görə əmək haqqının 2 misli məbləğində hesablamanın həyata keçirilməsi hissəsində cavabdeh tərəfindən kobud pozuntular həyata keçirilmişdir. Bu hallar isə ekspert rəyində və iş materiallarında bir daha öz əksini tapmışdır. Cavabdeh orqan iddiaçının sosial statusu ilə bağlı olan sənədlərini insan resursları direktorluğuna təqdim edilməməsini əsas gətirərək, iddiaçının Əmək Məcəlləsində güzəştli kateqoriyaya daxil olan işçilər üçün nəzərdə tutulmuş üstünlüklərdən faydalanmasını mümkün olmadığını bildirmişdir. Halbuki iddiaçı işə qəbul olarkən Veysəloğlu şirkətlər rupunun iddiaçıdan tələb etdiyi və sosial statusunu özündə əks etdirən bütün sənədləri onlara təqdim etməklə yanaşı, bir neçə dəfə anket məlumat doldurmuşdur. Təqdim edilmiş sənədlər əsasında iddiaçının OBA Market MMCdə boş olan vəzifəyə təyinatı təsdiqlənmiş və bununla da iddiaçı həmin müəssisədə əmək fəaliyyətinə başlamışdır. Bundan başqa qeyd edilməlidir ki, cavabdeh şirkət hazırda və iddiaçının işlədiyi dövrdə belə mövcud olan elektron hökümət portalının üstünlüklərindən istifadə etməklə, iddiaçının sosial statusuna dair sənədləri görə bilərdi və görmək öhdəliyi daşıyır. Və bunun əsasında iddiaçının iddia tələbini təşkil edən və Əmək Məcəlləsində nəzərdə tutulmuş haqlı tələblərini icra etməli idi. Bundan başqa bir məsələni də məhkəmə kollegiyasının nəzərinə çatdırmaq istərdi ki, iddiaçı ilə ilk dəfə bağlanmış əmək müqaviləsindən sonra cavabdeh iddiaçıya heç bir məlumat vermədən, yəni işçinin razılığı olmadan gizlincə əmək müqaviləsinə dəyişiklik etmişdir. Düzdür cavabdeh həmin halı iddiaçının xeyrinə edilmiş dəyişiklik kimi pərdələməyə çalışsa da, hər bir halda əmək qanunverciliyinə əsasən əmək müqaviləsində edilməsi nəzərdə tutulan istənilən dəyişiklik işçi ilə öncədən razılaşdırılmalıdır. Eyni zamanda, bir işçinin əmək haqqının dəyişdirilməsi barədə əmrin olması da məcburi sənəddir və həmin əmrdə yoxdur. Təkcə bu faktlardan görünür ki, cavabdeh əmək münasibətləri zamanı işçilərin hüquqlarına eləcə də əmək qanunverciliyinin normalarına laqeyd münasibət bəsləmişdir. Belə bir mövqe sərgiləyən işəgötürən tərəfindən heç bir qanun pozuntusunun həyata keçirilmədiyinə dair hüquqi mövqe sərgiləmək isə məhkəmə tarixi üçün gülünc doğuracaq bir haldır. Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək hüquqlarının hər hansı bir şəkildə məhdudlaşdırılması yolverilməzdir. Bununla əlaqədar Əmək Məcəlləsinin 91-ci maddəsinin 2-ci hissəsində bildirilir ki, əlillər üçün iş vaxtı həftə ərzində 36 saatdan artıq ola bilməz. Bu səbəblə də əmək müqaviləsində iş vaxtı dəqiq göstərilməlidir. Belə ki, əmək müqaviləsində və Əmək Məcəlləsində göstərilib ki, normadan artıq işlədilən işçiyə ikiqat normadan az olmamaqla əmək haqqı ödənilməlidir. İşçinin iş vaxtından artıq işlədilməsi məsələsinin rəsmiləşdirilməsi isə (əmrləşdirilməsi) işəgötürənin öhdəliyindədir. Birmənalı olaraq bildirir ki, işlədiyi bir illik müddətdə heç vaxt əmək məzuniyyətindən istifadə etməmişdir. Heç vaxtda əmək məzuniyyəti ilə bağlı ərizə yazmamışdır. Belə ki, işəgötürən tərəfindən son haqq-hesab sənədlərində 2 günlük əmək məzuniyyətindən istifadə olunmasını rəsmi sənədlər ilə göstərməsi, tamamilə məhkəmənin aldadılmasına yönəlmişdir. Belə ki, həmin 2 günlük əmək məzuniyyəti əmrinin xx.xx.2022-ci il tarixində rəsmiləşdirməyin özü belə, faktiki olaraq saxtakarlıqdır. Çünki həmin gün istirahət günü olmuşdur. Əmək Məcəlləsinin 120-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət alan və eləcədə təltif olunan işçilərə, illik məzuniyyət hüququ 46 təqvim günündən az olmayaraq verilir. Əks halda işəgötürən tərəfindən 46 təqvim günü miqdarında kompensasiya ödənilməlidir. Buda müharibə əlili olaraq onun konstitusion hüququdur ki, hər hansı bir işəgötürənin bilməməzliyi nəticəsində pozula bilməz. “Əmək Məcəlləsi haqqında” Azərbaycan Respublikası Qanununun 113-cü maddəsinə əsasən, əmək məzuniyyəti işçinin istirahət etməsi, əmək qabiliyyətini bərpa etməsi və sağlamlığını möhkəmləndirilməsi məqsədilə nəzərdə tutulan istirahət vaxtıdır. Həmin məcəllənin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilmənin səbəbindən asılı olmayaraq, işçiyə heç bir məhdudiyyət qoyulmadan istifadə etmədiyi məzuniyyət günlərinə görə, kompensasiya ödənilməlidir. “Əmək Məcəlləsi haqqında” Azərbaycan RespublikasıQanununun 174-cü maddəsinin 4 və 5-ci bəndlərinə (eləcədə ƏM 83.2) əsasən, işçi işdən çıxarkən ona veriləcək bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün ödənilməlidir. Belə ki, təqdim olunmuş sənədlərdən və məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən də göründüyü kimi, cavabdeh MMC son haqq-hesab sənədlərini belə düzgün tərtib etməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən ƏƏSMN yanında X12 Xidməti Abşeron Xızı Regional Şöbəsinin nümayəndəsi X14 apellyasiya şikayətinin təmin edilibedilməməsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçının əmək müqaviləsinə xitam verilərkən hər hansı qanun pozuntusuna yol verilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni mübahisələndirmişdir. İddiaçı xx.xx.2021-ci il tarixindən etibarən X10"nun X4 strukturunda (tabeçiliyində) olmaqla, aylıq ştat üzrə əmək haqqının 1200 (min iki yüz) manat olması müqabilində Təhlükəsizlik rəisi vəzifəsində faktiki olaraq işə başlaması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi əmrin ləğv olunması, işə bərpa, məcburi işburaxma üçün əmək haqqı, müqavilənin müddətsiz hesab edilməsi, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 91.2-ci maddəsinə əsasən 205 saat artıq iş vaxtına görə 2861,25 manat ödənilməsi; xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 13 gün müddətində olan xəstəlik vərəqəsinə əsasən ödənilməli olan xəstəlik müavinətinin aylıq faktiki əmək haqqı üzrə (1200 manat) hesablanıb Cavabdeh MMC tərəfindən ödənilməsi, məzuniyyət haqqı üçün ödənilməli olan 1366,61 manat məbləğində pulun ödənilməsi, 23 gün istirahət və bayram günlərində ezamiyyətdə olduğuna görə əmək haqqının iki misli üzrə hesablama aparılmaqla 2126,77 manatın ödənilməsinə, əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının bir faiz məbləğinin ödənilməsi və mənəvi ziyanın ödənilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Əmək Məcəlləsinin 9-cu maddəsinin “e” bəndi, 42.1, 73.2, 83.2, 135.1, 144, 165, 172.5, 300-cü maddələri təşkil edir. Əmək Məcəlləsinin 300-cü maddəsinin dispozisiya şərtlərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri nəzərdə tutulmuşdur. Bura Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilmənin əsaslarının pozulması və ya Məcəllənin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl edilməməsi, habelə 79-cu maddədə nəzərdə tutulmuş hallara əhəmiyyət verilməməsi daxildir. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İşdən göründüyü kimi iddiaçı əmək qabiliyyətini müvəqqəti itirməyi ilə əlaqədar olaraq 17 may 2022-ci il tarixindən 29 may 2022-ci il tarixədək bülletendə olmuş, lakin cavabdeh xx.xx.2022-ci il tarixində Əmək Məcəlləsinin 68-ci maddəsinin b-bəndinə (müqavilə müddətinin qurtarması) əsasən işçinin əmək müqaviləsinə xitam vermişdir. Halbuki, Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Göründüyü kimi cavabdeh qanunvericiliyin qeyd olunan tələblərinə əməl etməyərək qanunsuz olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndi ilə xitam vermişdir. Əmək Məcəlləsinin 74-cü maddəsinin qeyd hissəsində qeyd edilmişdir ki, Əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə işçiyə onun orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Əmək qabiliyyətini bir ildən çox olmayan müddətə qismən itirmiş işçilər üçün isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınır. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 229 №-li əmri ləğv edilməli, iddiaçı Cavabdeh MMC-də tutduğu vəzifəyə işə bərpa olunmalı, xx.xx.2022-ci il tarixindən etibarən məcburi işburaxma dövrü üçün itirilmiş əmək haqqının hər ay üzrə faktiki ödənilmiş məbləğlə, yəni bir ay üçün 1200 (bir min iki yüz) manat məbləğində pul ödənilməlidir. İddia tələbinin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 91.2-ci maddəsinə əsasən 205 saat artıq iş vaxtına görə 2861,25 manat; xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 13 gün müddətində olan əmək qabiliyyətini müvəqqəti itirməsinə görə ödənilməli olan müavinətin aylıq faktiki əmək haqqı üzrə (1200 manat) hesablanıb Cavabdeh MMC tərəfindən ödənilməsi, məzuniyyət haqqı üçün ödənilməli olan 1366,61 manat məbləğində pulun ödənilməsi, 23 gün istirahət və bayram günlərində ezamiyyətdə olduğuna görə əmək haqqının iki misli üzrə hesablama aparılmaqla 2126,77 manatın ödənilməsi hissəsinə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əmək Məcəlləsinin 9-cu maddəsinin “e” və 91-ci maddəsinin 2-ci bəndlərinə əsasən əmək müqaviləsi üzrə işçinin iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək hüquqları olduğu kimi, qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır. Həmin Məcəllənin 135-ci maddəsinin 2-ci bəndinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir (Əmək Məcəlləsinin 144.2. maddəsi). İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər (Əmək Məcəlləsinin 165-ci maddəsinin 1-2-ci bəndləri). Həmin Məcəllənin 74-cü maddəsinin qeyd hissəsinə görə əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/7433 saylı ekspert rəyi ilə iş materiallarında olan məlumatları nəzərə alaraq, İddiaçı əmək haqqısı 17 may 2022-ci il tarixdən 21 may 2022-ci il tarixədək faktiki 14700 manat hesablanmış, rəsmi 6213,16 manat hesablanmış və bu səbəbdən yaranmış fərq 8486,84 manat təşkil etdiyi müəyyən edilir. İş materiallarında olan cədvəldən göründüyü kimi İddiaçı 17 may 2022-ci il tarixdən 21 may 2022-ci il tarixədək Əmək Məcəlləsinin 91.2-ci maddəsinə əsasən 205 saat artıq işləmiş və bu Əmək Məcəlləsinin 91.2-ci maddəsinə əsasən 2861,25 manat təşkil etdiyi müəyyən edilir. İddiaçı xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək 13 gün müddətində olan xəstəlik vərəqsinə əsasən Cavabdeh MMC tərəfindən xəstəlik müavinətinin hesablanıb ödənilməsi halı müəyyən olunmur. İddiaçı məzuniyyət haqqı 1746.44 manat hesablanmış, ödənilmiş məbləğ 379,83 manat və yaranmış fərq 1366,61 manat təşkil etdiyi müəyyən edilir. İddiaçı 23 gün istirahət və bayram günlərində ezmiyyətdə olması və əmək haqqının iki misli miqdarında hesablanmasını nəzərə alaraq 2126,77 manat təşkil etdiyi müəyyən edilir. Göründüyü kimi iddiaçı həmin müəssisədə çalışdığı dövrdə 205 saat artıq işləmiş və əlavə işə cəlb olunduğu əlavə əmək haqqı, yəni 2861,25 manatı, eyni zamanda xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 13 günlük olan əmək qabiliyyətini müvəqqəti itirməsinə dair müavinəti, ödənilməmiş 1366,61 manat məzuniyyət pulunu və 23 gün istirahət və bayram günlərində ezamiyyətdə olması ilə əlaqədar əmək haqqının 2 misli miqdarında hesablanması nəzərə alınaraq 2126,77 manat işəgötürən tərəfindən iddiaçıya ödənilməmişdir. Yuxarıda qeyd edilən qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 91.2-ci maddəsinə əsasən 205 saat artıq iş vaxtına görə 2861,25 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 13 gün müddətində olan əmək qabiliyyətini müvəqqəti itirməsinə görə ödənilməli olan müavinətin aylıq faktiki əmək haqqı üzrə (1200 manat) hesablanmaqla Cavabdeh MMC tərəfindən ödənilməsi, məzuniyyət haqqı üzrə ödənilməli olan 1366,61 manat məbləğində pulun, 23 gün istirahət və bayram günlərində ezamiyyətdə olduğuna görə əmək haqqının iki misli üzrə hesablama aparılmaqla 2126,77 manatın ödənilməsi hissələrində iddia tələbləri əsaslı olduğundan təmin edilməli, İddiaçı Cavabdeh MMC tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 205 saat artıq iş vaxtına görə 2861,25 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 13 gün müddətində olan əmək qabiliyyətini müvəqqəti itirməsinə görə ödənilməli olan müavinətin aylıq faktiki əmək haqqı üzrə (1200 manat) hesablanaraq ödənilməli, məzuniyyət haqqı üçün 1366,61 manat, 23 gün istirahət və bayram günlərində ezamiyyətdə olduğuna görə əmək haqqının iki misli üzrə hesablama aparılmaqla 2126,77 manat pul ödənilməlidir. İddia tələbinin əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının bir faiz məbləğinin ödənilməsi hissəsinə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir (Əmək Məcəlləsinin 172-ci maddəsinin 1, 2 və 4-cü hissələri). Həmin Məcəllənin 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Göründüyü kimi işçinin əmək müqaviləsi üzrə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməlidir. Əmək müqaviləsinin şərtlərindən biri vaxtında işçiyə əmək haqqının ödənilməsidir. Bu şərt əmək müqaviləsinin əvəzli xarakterindən irəli gəlir, əmək müqaviləsi bağlanarkən tərəflər işçinin müəyyən növdən və ixtisasdan asılı olan əməyi hansı miqdarda yerinə yetirməli olduğu və işgötürənin bu əməyə görə hansı miqdarda əmək haqqını ödəməli olduğu barədə razılığa gəlirlər. Buna görə işçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə və ya layiqincə icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Həmin maddənin “Qeyd” hissəsinə görə, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Qeyd olunan normada əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndində və 54-cü maddəsində təsbit edilən əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir. Bu qayda işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə kollegiyası əmək müqaviləsinin müddətsiz bağlanması hissəsinə gəldikdə isə qeyd edir ki, Əmək Məcəlləsinin 42-ci maddəsinin 1 bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu baxımdan cavabdehi onunla əmək müqaviləsini müddətli bağlamasına məcbur edilməsi mümkünsüz olduğundan, iddia tələbi bu hissədə təmin edilə bilməz. İddia tələbinin mənəvi ziyan olaraq 25000 (iyirmi beş min) manat məbləğinin ödənilməsi hissəsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, bu hissədə iddiaçı məhkəməyə hər hansı bir tutarlı sübut təqdim etmədiyindən, iddia tələbi bu hissədə təmin edilə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 16 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsində keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat Cavabdehndən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 16 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 229 №-li əmri ləğv edilsin. İddiaçı Cavabdehndə Təhlükəsizlik rəisi vəzifəsinə bərpa edilsin və məcburi işburaxma müddəti üçün iddiaçıya əmək haqqı ödənilsin. İddiaçı Cavabdeh MMC tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 205 saat artıq iş vaxtına görə 2861,25 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 13 gün müddətində əmək qabiliyyətini müvəqqəti itirməsinə görə ödənilməli olan müavinətinin aylıq faktiki əmək haqqı üzrə (1200 manat) hesablanaraq ödənilməsi, məzuniyyət haqqı üçün 1366,61 manat, 23 gün istirahət və bayram günlərində ezamiyyətdə olduğuna görə əmək haqqının iki misli üzrə hesablama aparılmaqla 2126,77 manat, əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının bir faiz məbləğində pul hesablanaraq ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdehndən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 150 (yüz əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar