Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-988/2025 21.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı ödənilməyən əmək haqqının və son haqq-hesabın ödənilməsi, məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi, əmək kitabçasının və şəxsi əşyalarının qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-562/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan TQS 027 saylı ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə şikayətlə TTY-yə müraciət etmişdir və həmin tarixdə iş yerinə 14 saylı TTY-nin briqadası getmişdir. Müalicə təyin edilmiş, həmin gün poliklinikaya müraciət etmişdir.
2. İş materiallarında olan SN 00008 ******* saylı əmək qabiliyyətinin olmaması barədə vərəqədən görünür ki, İddiaçı xx.xx.2023-cü ildən əmək qabiliyyətsiz hesab edilmişdir. İşə başlamalı olan tarix xx.xx.2023-cü ildir.
3. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı işəgötürən Cavabdeh MMC-nin törətdiyi hüquqpozmaların nəticələrinin aradan qaldırılması və əmələ hüquqi qiymət verilməsi üçün zəruri köməklik göstərib bu barədə məlumat verilməsi barədə X3 Xidmətinə müraciət etmişdir.
4. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, tərəflər arasındakı əmək mübahisəsi ilə bağlı İddiaçı xx.xx.2023-cü il tarixdə müvafiq mediasiya qurumuna müraciət etmişdir.
5. İş materiallarında olan ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli, 191K saylı əmrlə Cavabdeh MMC-də menecer vəzifəsinə təyin edilmiş və xx.xx.2023-cü il tarixli 096KX saylı əmrlə 68.2-ci maddənin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir.
6. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-yə risklərin idarə edilməsi şöbəsinə işə götürülmüşdür. Əmək müqaviləsi müddətli (xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək) bağlanmışdır. İddiaçı həmçinin tam maddi məsuliyyət haqqında müqavilə də imzalanmışdır.
7. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 096KX saylı əmrin surətindən görünür ki, Cavabdeh MMC-də menecer vəzifəsində işləyən İddiaçı həmin tarixdən Əmək Məcəlləsinin 68.2-ci maddənin “b” bəndinə əsasən tutuğu vəzifədən azad edilmiş, xx.xx.2022-xx.xx.2023-cü iş ili üçün 28 təqvim günü məzuniyyət günləri üçün pul əvəzinin ödənilməsi qərara alınmışdır. Əmrə əsas kimi xx.xx.2022-ci il tarixli müqavilənin bitmə vaxtı göstərilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ödənilməmiş son haqq-hesab məbləğinin, məcburi işburaxma müddətinə görə xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək müddət üçün ümumilikdə 6450 manat maddi və 30000 manat məbləğində mənəvi ziyanın ödənilməsi, əmək kitabçasının, CM, CPM, bu məcəllələrin komentariyalarının, müxtəlif qanunvericilik toplularının, bədii kitablar və bir sıra digər şəxsi əşyalarının geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə onun arasında əmək müqaviləsi bağlanmışdır. Cavabdeh MMC ilə əmək müqaviləsi bağlandıqdan sonra, o, hər zaman vəzifə öhdəliklərini vicdanla yerinə yetirərək, heç bir pozuntuya yol verməmişdir. 21 noyabr 2023-cü il tarixdə işdə olduğu zaman rəhbərliyin təzyiqi nəticəsində özünü qəfil pis hiss etməsilə əlaqədar olaraq səhər saatlarında TTX-nin 103 qaynar xəttinə zəng vurub həkim heyətinin gəlməsini xahiş etmişdir. 14 saylı TTX-nin həkim briqadası gələrək onu müayinə edib və səhhətində problemlərin olduğunu bildirdikdən sonra qeydiyyatda olduğu poliklinakaya müraciət etməsi tövsiyə olunmuşdur. Baş vermiş hadisə barəsində işdə rəhbərliyə məlumat vermiş və icazə aldıqdan sonra poliklinikaya gedərək orada müayinədən keçmişdir. Müayinə zamanı ona bildirilmişdir ki, bir neçə gün evdə ambulator şəkildə müalicə olunmasına ehtiyac vardır və bununla əlaqədar olaraq ona xx.xx.2023-cü il tarixdən əmək qabiliyyətinin olmamasına dair vərəqə açılmışdır. Bu barədə Cavabdeh MMC rəhbərliyinə məlumat vermiş və işə çıxmamışdır. xx.xx.2023-cü il tarixdə evdən distant işləmək istədikdə şirkətin rəsmi İT-ə məlumatlarına öz şifrəsi ilə daxil olmaq istəyərkən bunu edə bilmədiyi məlum olmuşdur. Bundan sonr İT-nin əməkdaşı ilə əlaqə saxlamış və həmin əməkdaş bildirmişdir ki, artıq işdən azad olunmuşdur. Bu səbəbdən də onun girişinə qadağa qoyulub. Əsassız işdən çıxarılması barədə məlumat alandan sonra hüquqşünasla məsləhətləşmiş və baş vermiş pozuntu ilə bağlı cavabdehə mediasiya təklifini göndərməsini tövsiyə etmişdir. O, xx.xx.2023-cü il tarixli mediasiya təklifini cavabdehə göndərmişdir. xx.xx.2023-cü il tairixdə işə gəldiyi zaman, mühafizəçi tərəfindən işə buraxılmamışdır. Bu barədə ona göstəriş verildiyini, artıq bu şirkətdə işləmədiyini ona bildirmişdir. Həmin vaxt işlədiyi otağa daxil olub şəxsi-əşyalarını götürmək istədiyini və ona son haqq-hesabın, işdən çıxması barədə əmrin və əmək kitabçasının verilməsini tələb etsə də, onu heç bir şəxs dinləməmiş, inzibati binadan kənarlaşdırılmışdır. Onun səhhətində olan ciddi problemlərin müalicəsi ilə əlaqədar olaraq 21 noyabr 2023-cü il tarixdə icazə alaraq həkimə getdiyi və xx.xx.2023-cü il tarixdən tibbi məzuniyyətdə olduğu zaman barəsində qanunsuz əmr verilmişdir ki, bunun nəticəsində tibbi məzuniyyətdə olduğu dövrdə Cavabdeh MMC-nin əməkdaşı Cavabdeh MMC-in İnsan Resursları və İnzibati İdarəetmə direktoru X2 tərəfindən heç bir əsas olmadan əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh MMC ilə bağlanmış əmək müqaviləsi üzrə öz üzərinə düşən öhdəliklər onun tərəfindən heç bir pozuntuya yol verilmədən icra olunmuşdur. Buna baxmayaraq tibbi məzuniyyətdə olduğu dövrdə işlədiyi müəssisənin rəhbərinin qeyriqanuni əməllərə yol verməsi və əsassız yerə müqaviləyə xitam verilməsi onu çox narahat etmişdir. Müqaviləyə xitam verildikdən sonra Cavabdeh MMC-dən əmək kitabçasını, son haqq-hesabın verilməsini, işdən çıxması barədə əmrin dəfələrlə şifahi qaydada tələb etməsinə baxmayaraq, hazırkı vaxta qədər bu tələblər təmin edilməmişdir. Nəticədə məcburiyyət qarşısında qalaraq cavabdehə rəsmi qaydada pretenziya təqdim etməklə, pozulmuş hüquqlarının bərpa edilməsini onlardan xahiş etsə də, yazılı pretenziyanın heç bir nəticəsi olmamışdır. Pozulmuş hüquqlarla bağlı eyni zamanda X3 Xidmətinə müraciət etsə də, bunun da bir nəticəsi olmamışdır. Verilmiş mediasiya təklifindən sonra o, ərizə ilə Bakı 6 saylı mediasiya təşkilatına müraciət etmiş və mediasiya prosesinin xx.xx.2024-cü il tarixinə təyin olunmasına baxmayaraq, cavabdehin əməkdaşları mediasiya prosesində iştirak etməmişlər. Buna baxmayaraq, ona Bakı 6 saylı Mediasiya Təşkilatından arayış verilmişdir. İşlədiyi dövrdə o, aylıq 2000 manat məbləğində əmək haqqı, 150 manat məbləğində benzin pulu alırdı. Eyni zamanda, o, gündəlik naharla təmin olunurdu ki, buna da hər gün üçün əlavə olaraq 10-15 manat məbləğində vəsait sərf etmirdi. İşdən çıxarıldığı vaxtdan 2024-cü ilin fevral ayının 22-dək o, işsiz qalmış, sonradan isə digər işə qəbul olunmuşdur. İşsiz qaldığı müddətdə məcburiyyət qarşısında qalaraq özünün və ailəsinin saxlanılması üçün hər ay dost və tanışlardan borc almış, eləcə də bir sıra şəxsi əyalarını satmışdır. Cavabdehin ona qarşı etdiyi bu qanunsuz əməlləri nəticəsində sarsıntılar keçirmişdir ki, bu da ona mənəvi zərərin dəyməsinə səbəb olmuşdur. Hətta işsiz qaldığı müddətdə əsəblərinin gərgin olması, eyni zamanda əmək kitabçasının verilməməsi səbəbindən daim evdə dava-dalaş baş vermişdir. Bunların hamısının səbəbkarı isə birbaşa cavabdeh və onun qanunsuz hərəkətləri olumuşdur. Göründüyü kimi cavabdeh ona işləmədiyi dövr üçün aylıq 2150 manat olmaqla xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək 6450 manat maddi ziyan vurmuşdur. Eyni zamanda, o, dostları və tanışları, ailə üzvlərinin qarşısında aciz qaldığından, dəfələrlə borc pul götürmək məcburiyyətində qaldığından, cavabdeh ona 30000 manat məbləğində mənəvi zərər vurmuşdur ki, bu məbləğ də onun tərəfindən ödənilməlidir. Onun işlədiyi xidməti otaqda Cinayət Məcəlləsi, Cinayət Prosessual Məcəlləsi və bu Məcəllələrin komentariyaları, müxtəlif qanunvericilik toplusu, bədii kitablar və bir sıra digər şəxsi-əşyaları qalmışdır ki, onların da geri qaytarılmasının təmin olunması zəruridir.
10. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-562/2025 saylı qətnaməsin ilə (hakim Məlahət Abbasova) iddia tələbi təmin olunmamışdır.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh MMC-də menecer vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinin bitməsi müəyyən edilmiş və o, bu əsasla işdən azad edilmişdir. İş materialları ilə İddiaçı işəgötürən tərəfindən əmək kitabçasının, son haqq hesabın verilməməsini (əmək haqqı və məzuniyyət haqqı) təsdiq edən mötəbər sübutlar mövcud deyildir. İşdən görünür ki, tərəflər arasındakı əmək müqaviləsinə xitam verildikdən sonra işəgötürən tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş vəzifələr tam yerinə yetirilmişdir. Eyni zamanda iddia tələbi cavabdehdən maddi və ya mənəvi zərərin əvəzinin tutulması, şəxsi əşyaların qaytarılması hissəsində də sübuta yetmədiyi üçün təmin edilməməlidir, çünki İddiaçı əmək münasibətlərinin pozulması nəticəsində cavabdeh tərəfindən ona hər hansı məbləğdə zərərin vurulması, şəxsi əşyalarının cavabdehə məxsus inzibati binada qalması ilə bağlı vermiş olduğu iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.
12. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin, Əmək Məcəlləsinin 12, 83, 110.1, 110.2, 110.3-cü maddəsinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli qərarının və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə dispozitivlik, çəkişmə, hüquqi həqiqət kimi prinsip və şərtləri pozmaqla hazırkı iş üzrə qanunsuz və əsassız bir qətnamə qəbul etmişdir. İşin faktiki halları tam araşdırılmamış, tərəfindən təqdim edilmiş sübutlar məhkəmə qətnaməsində göstərilməmiş, hansı hallar və sübutlarla iddia tələbinin təmin edilməməsi, məhkəmə qətnaməsinin əsaslı olmasının hansı hallarla təsdiq edilməsi qətnamədə əks edilməmişdir. Belə ki, verilmiş iddia həm mənəvi zərər hissəsində, həmdə digər hissələrdə əsaslı olmuşdur. Çünki tərəfindən məhkəməyə təqdim edilmiş whatsapp yazışmalarının məzmunundan görünür ki, cavabdeh şirkətin nümayəndələri onun əmək kitabçasını və digər sənədlərini özlərində saxladıqlarını etiraf etmişlər. Hesab edir ki, həmin şəxslərin şahid qismində dindirilmələri nəticəsində bu hallar tam şəkildə öztəsdiqini tapmış olar. Mesajların məzmunundan da onunla Whatsappda əlaqədə olan şəxs həqiqətən də cavabdeh şirkətin nümayəndəsi olması öz əksini tapır. Qeyd etdiyi digər bir məqam isə cavabdeh şirkətin nümayəndəsinin məhkəmə iclasında çıxış etmək hüququnun olmaması ilə bağlıdır. Belə ki, məhkəmə araşdırılması aparılan zaman Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Vəkil öz səlahiyyətlərini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmiş, məhkəmə isə bu hala diqqət etməmişdir. Təsadüfü deyildir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmə əsasları mülki prosessual məcəllədə maddi və prosessual olaraq iki yerə bölünmüşdür. Hazırkı işdə həm maddi, həm də prosessual baxımından qanun pozuntuları kifayət qədərdir. Cavabdeh şirkət tərəfindən edilmiş qanunsuz hərəkətlər ciddi mənəvi iztirab keçirməsinə və maddi zərər vurulmasına səbəb olmuşdur. Hələ də onun əmək kitabçası və digər sənədləri cavabdeh müəssisədədir. Əmək kitabçasının işçiyə çatdırılmasının iki yolu mövcuddur. Bunun birincisi poçt vasitəsilə göndərilən, digəri isə rəsmi qaydada aktla təqdim etməkdir. Bu üsulların heç biri hazırkı işdə tətbiq edilməmişdir. Belə olduğu təqdirdə məhkəmənin qanunsuz qərar qəbul etməsini izah etmək mümkün deyil. Həmçinin tərəfindən iddia müddəti ötürülməmiş, iddia qanunamüvafiq qaydada verilmişdir. Tələblərinə diqqətlə baxdıqda müəyyən olunur ki, o həm mənəvi və maddi zərər, həm də digər tələblərlə bağlı məhkəməyə müraciət etmişdir. Bu tələblərlə bağlı isə 1 aylıq iddia müddəti tətbiq edilə bilməz. Məhkəmə isə bu əsasa da diqqət etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinə qarşı yazılı etirazında qeyd etmişdir ki, iddiaçının pozulduğunu iddia etdiyi hüquqları ilə bağlı iddia müddətinin axımı xx.xx.2023-cü il tarixindən, yəni iddiaçı ilə cavabdeh arasında bağlanılan əmək müqaviləsinin xitam olunması ilə başlamışdır. İddiaçıya bununla bağlı xəbərdarlıq edilmiş, son haqq-hesabı ödənilmişdir. O, əmək müqaviləsinin xitam olunması faktından xəbərdar olmuşdur. İddiaçının məsələ ilə bağlı xx.xx.2023-cü il tarixində 6 saylı Mediasiya Təşkilatına müraciət etməsi də faktdan məlumatlı olduğunu sübut etmişdir. İddiaçı mediasiyaya müraciət etməsi ilə ilkin mediasiya sessiyası xx.xx.2024-cü il tarixinə təyin edilmişdir. Tərəfindən sessiyada iştirak edilmiş, lakin barışıq əldə olunmamışdır. Daha sonra xx.xx.2024-cü ildə iddiaçıya Mediasiya Təşkilatı tərəfindən arayış verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 379.1.6-cı maddəsinə əsasən, tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə, iddia müddətinin axımı dayandırılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən, həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, əgər şəxs qanunsuz olaraq işdən çıxarıldığını düşünürdüsə, hüquqlarının bərpası üçün 1 ay müddətində məhkəməyə müraciət etməli idi. Lakin onun tərəfindən iddia xx.xx.2024-cü il tarixində verilib və hətta mediasiya prosesi tətbiq olunduğu müddətdə iddia müddətinin axımı dayandırılsa da, iddia müddəti ötürülmüşdür. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Digər tərəfdən, iddiaçının onun məhkəmə iclasında çıxış etmək hüququmun olmaması barəsində iddiası da tamamilə əsassızdır. Belə ki, Cavabdeh MMC və onun arasında vəkillik xidmətlərinin göstərilməsi ilə bağlı müqavilə bağlanmış və vəkil orderi birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 367-ci maddəsini rəhbər tutaraq, iddiaçının Abşeron Rayon Məhkəməsinin e-2(012)-562/2025 nömrəli, xx.xx.2025ci il tarixli qətnaməsindən verdiyi şikayətin təmin edilməməsi xahiş edilir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı və üçüncü şəxs X3 Xidmətinin X1 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi
18. Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası
1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
2. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir.
3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
20. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
21. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı (...) 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (...)
23. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
25. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
26. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Hazırki iddia tələbinin mahiyyətindən görünür ki, İddiaçı Cavabdeh MMC tərəfindən ödənilməmiş son haqq-hesab məbləğinin, məcburi işburaxma müddətinə görə xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək müddət üçün ümumilikdə 6450 manat maddi və 30000 manat məbləğində mənəvi ziyanın ödənilməsi, əmək kitabçasının, CM, CPM, bu məcəllələrin komentariyalarının, müxtəlif qanunvericilik toplularının, bədii kitablar və bir sıra digər şəxsi əşyalarının geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
29. İş materiallarından müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli 096KX saylı əmrlə Cavabdeh MMC-də menecer vəzifəsində işləyən İddiaçı həmin tarixdən Əmək Məcəlləsinin 68.2-ci maddənin “b” bəndinə əsasən tutuğu vəzifədən azad edilmiş, xx.xx.2022-xx.xx.2023-cü iş ili üçün 28 təqvim günü məzuniyyət günləri üçün pul əvəzinin ödənilməsi qərara alınmışdır. Əmrə əsas kimi xx.xx.2022-ci il tarixli müqavilənin bitmə vaxtı göstərilmişdir. Həmin əmr qüvvədədir və məhkəmə qaydasında mübahisələndirməmişdir. Belə olan halda iddiaçının məcburi işburaxma müddətinə görə xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək müddət üçün ümumilikdə 6450 manat maddi zərər tələb etməsi üçün hüquqi əsas yoxdur.
30. Kollegiya apellyasiya şikayətinin son haqq-hesab məbləğinin ödənilməməsi barədə dəlilinə qiymət verərək qeyd edir ki, Cavabdeh MMC tərəfindən təqdim olunmuş İddiaçı “Paşa Bank” hesab çıxarışlarından görünür ki, iddiaçının hesabına xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC tərəfindən ödənilməmiş son haqq-hesab məbləği olaraq 3021.81 manat pul köçürülmüşdür.
31. Məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirdi ki, iddiaçının əmək kitabçası ona qaytarılmışdır. Hətta iddiaçı yeni işə də qəbul olunmuşdur.
32. İddiaçının təqdim etdiyi sosial şəbəkə üzərindən yazışmalardan görünür ki, o, əmək kitabçasının ona başqa şəxslər vasitəsilə də göndərilməsini xahiş etmiş, iddia ərizəsində isə qeyd etmişdir ki, işdən çıxarıldığı vaxtdan 2024-cü ilin fevral ayının 22-dək o, işsiz qalmış, sonradan isə digər işə qəbul olunmuşdur.
33. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsinə görə, bu Məcəllənin 48-ci maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir.
34. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).
35. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, iddiaçı son haqq-hesab məbləğinin ödənilmədiyinə, əmək kitabçasının verilməməsinə, cavabdehin hərəkəti (hərəkətsizliyi) nəticəsində mənəvi sarsıntı və iztirablar keçirməsinə, CM, CPM, bu məcəllələrin komentariyalarının, müxtəlif qanunvericilik toplularının, bədii kitablar və bir sıra digər şəxsi əşyalarının cavabdehdə qalmasına dair mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.
36. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mövcud tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübut təqdim etmədiyindən, birinci instansiya məhkəməsinin iddianı təmin etməməklə gəldiyi nəticə əsaslı olmuşdur.
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia müddətinin tətbiqinə dair hissəsi ilə bağlı qeyd edir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulan iddia müddəti iddia tələbinin fərdi əmək mübahisəsinə aid hissəsinə tətbiq edilə bilər, digər tələblərə həmin maddədə nəzərdə tutulan 1 aylıq iddia müddəti tətbiq edilmir. Birinci instansiya məhkəməsi iddia tələblərinə qiymət vermiş, həmçinin, cavabdeh tərəfin iddia müddətinin tətbiqinə dair verdiyi ərizəyə də qiymət vermişdir.
38. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
40. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı).
41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-562/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-562/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.