Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-994/2025 06.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: subroqasiya qaydasında pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X4 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, Cavabdeh nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, Qubadlı Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(028)-36/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 400 manat pul vəsaiti və 30 manat dövlət rüsumunun xeyrlərinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə saat 09:00 radələrində Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində Cavabdeh idarə etdiyi və tərəflərindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Hyundai Veracruz” markalı, **-EF- *** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz C220” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. DYP-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP4526270 №-li İnzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1-ci maddələri ilə (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib edilmiş qüsur aktında göstərilmişdir ki, “Mercedes Benz C220” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 400 manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA196940/21 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 400 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir.
3. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən sadələşdirilmiş icraat qaydasında verilmiş ərizə ümumi müddəalara uyğun olaraq iddia icraatına keçirilmişdir.
4. İddia tələbin qarışı etiraz daxil olmamışdır.
5. Qubadlı Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(028)-36/2025 nömrəli qətnaməsi ilə (hakim Ramiz Quliyev) iddia tələbi təmin edilmiş, Cavabdeh 400 manat pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Abşeron DYPŞ-si tərəfindən Cavabdeh barəsində İXM-nin 327.1-ci və 327.6-cı maddələrini pozduğuna görə inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Həmin qərardan şikayət verilməmiş və qərar qüvvəyə minmişdir. Cavabdeh Abşeron RPİ DYPŞ-də verdiyi ifadəsində “Mercedes Benz C220” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmasını etiraf etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, bu səbəbdən iddiaçının cavabdehdən sığorta ödənişi tələb etməsi əsaslıdır.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 63-cü maddəsinə, Mülki Məcəllənin 936.1, 936.2, 936.5, 1096, 1097.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayəti verərək Qubadlı Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(028)-36/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hadisənin tarixini unutsa da (3 ildən çox keçib), həmin günü Ceyranbatan qəsəbəsindəki Araz supermarketin qarşısından əsas yola çıxmaq istəyərkən, soldan gələn avtomobilləri gözləyirdi və qarşısında onunla eyni vaxtda yola çıxan başqa bir avtomobil də var idi. Əsas yoldan gələni gözləməli olduğu üçün diqqəti sol tərəfdə idi. Bunun ardınca yola çıxanda qarşısındakı avtomobil heç bir səbəb olmadan anidən tormozlama eləmiş, o, da tez əyləci basmışdır. Həmin anda avtomobilinin qabağı (nömrə nişanı) ona yüngülcə toxunmuşdur. Sürücü ilə bərabər avtomobildən bir qadın da düşüb orada hay-küy yaradaraq onu hədələməyə başladılar. Hadisə zamanı heç bir ziyan və xəsarətin olmadığı halda, onunla əsassız mübahisə yaradaraq məsələni böyüdüb dava salmağa çalışırdılar. Həmin anda onları tanıyan ətrafdakı insanlar onu sakitləşdirməyə çalışırdılar və bunların məqsədinin başqa (avtomobilinin xarici görünüşdən təmirə ehtiyacı olduğu üçün şərləmək məqsədi) olduğunu bildirdilər. Maraqlısı da odur ki, o ərəfədə yoldan keçən, xidmətdə olan YPX avtomobili də saxladı və onlara yaxınlaşdı. Baxdılar ki, onun avtomobili yaxşı vəziyyətdə olmasa da, onun avtomobilində heç bir əzik, qırıq, cızıq falan yoxdur və heç bir söz demədən, əhəmiyyət vermədən, protokol belə tərtib etmədən çıxıb getdilər. Daha sonra onlar da hadisə yerindən sürüb yollarına davam etmişlər. Qısa bir müddət (2-3 gün) keçmişdi ki, Abşeron polis bölməsindən zəng vurularaq hadisə ilə bağlı barəsində şikayətin olunması bildirildi. O, da öz növbəsində avtomobili ilə Xırdalan şəhərindəki Yol polisi bölməsinə getmişdir. Orada tədqiqatçı polis də (adını hazırda xatırlamır) avtomobilinə baxıb hadisənin ciddi əhəmiyyət kəsb etməməyini və onun narahat olmamağını bildirdi. Bugünkü günü "xxxx" şirkətinin onu hadisə yerindən qaçmış və guya qarşı tərəfə ziyan vurmuş sürücü kimi, ittiham etməyində heç bir əsası yoxdur. Həmin vaxtı ciddi bir hadisə baş vermiş olsa idi, sığortası olduğu halda şirkətə məlumat bildirəcəkdir. Yəni orada sığorta əməkdaşlarını çağıracaq hər hansı bir sığorta hadisəsi baş verməmişdi. Belə də ki, sığortaçının sonradan ona heç bir məlumat vermədən, mövqeyini öyrənmədən, avtomobilinə baxış keçirmədən həmin avtomobilə ziyan vurduğu qənaətinə gəlməsi və 3cü tərəfə qarşı sığorta ödənişi həyata keçirməsi yolverilməzdir. Əgər həmin avtomobil ilə qəza törədib ona ziyan vurmuşdusa, onun avtomobilinin də zədələnmiş şəkli ona təqdim olunsun. Həmin vaxtı o da avtomobili ilə Abşeron Polis bölməsinə dəvət olunmuşdu. Sığortaçıya sığorta hadisəsi ilə bağlı məlumat verilibsə, sığortaçının bunu sığortalı ilə dəqiqləşdirmək hüququ və imkanı var. Əlaqə nömrəsi həmişə aktiv olub və bugün də aktivdir. Nə hadisə ilə bağlı, nə də ki sonradan edilən sığorta ödənişi ilə bağlı ona heç bir rəsmi və ya şifahi məlumat verilməyib. Polisin əsassız olaraq sonradan barəsində tərtib etdiyi, hadisə yerindən yayınma ilə bağlı inzibati tənbeh tədbirindən xəbəri olmayıb. Halbuki polis bölməsində, həmin şəxsin ona qarşı şikayətində qərəzli olduğu və ona ziyan vurmaqda, haqsız olaraq günahkar hesab olunmağı bildirilmişdi. Hadisə baş verən yer Araz market və yanındakı obyektlərın təhlükəsizlik kameraları ilə müşahidə olunan ərazidir. Qəza törədərək hadisə yerindən qaçmış sürücü kimi onu təqsirləndirən polisin həmin ərazidəki kamera görüntüsü ilə bunu sübut etmək imkanı var idi. Yox əgər bunu etməyibsə, dəqiqləşdirmədən onu təqsirləndirməsinin heç bir əsası yoxdur. O, avtomobilindən düşüb onlarla orada sözlü mübahisə etmişdisə, necə hadisə yerindən qaçmış hesab olunmuşdur? "xxxx" şirkəti, subroqasiya hüququndan istifadə etməsini əsas gətirərək, zərərçəkənə qanunsuz olaraq ödədiyi sığorta ödənişini ondan tələb etməsi üçün, iddia tələbi üzrə qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürüb. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə subroqasiya hüququ bilavasitə sığortalıya və sığorta olunana qarşı yönəlir. Mövcud hüquq münasibətləri isə sığorta müqaviləsinə əsaslanır. Bu halda isə MM-in 373-cü maddəsinin tələbinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il təşkil edir. Həmçinin, İXM-in 38ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə törədilən xətanın törədildiyi gündən etibarən 1 il keçərsə, iş üzrə icraata xitam verilir. Subroqasiya hüququ konkret zərər vuran şəxsə qarşı irəli sürüldüyündən həmin şəxsin hüquqi məsuliyyətinin mövcudluğu faktı təsdiq edilməli və buna uyğun olaraq vaxtında hüquqi prosedurlar başlanmalı idi. 3 il bundan öncə baş vermiş hadisə üzrə (qarşı tərəfə ziyan vurmaqda) özünü təqsirli hesab etmir və düşünür ki, hazırda bunu sübut etməyə cavabdeh deyildir. Belə ki, göründüyü kimi yol-nəqliyyat hadisəsi 2021-ci il tarixdə baş vermişdir. İddia predmetini sığorta müqaviləsi üzrə münasibətlər təşil edir. Beləliklə, hazırki iddianı qaldıran iddiaçı 3 illik iddia müddətini ötürmüşdür.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
10. İddiaçı təşkilat apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, baş vermiş hadisə zamanı avtomobillərə zərər dəyməmişdir. Belə ki, qarşıdakı avtomobilin sərt tormozlaması zamanı atasının idarə etdiyi avtomobilin nömrəsi qarşıdakı avtomobilin buferinə toxunmuşdur. Cavabdehdən tələb edilən pu məbləği şər və böhtan nəticəsində sığorta şirkəti tərəfindən ödənilmişdir. Həmçinin iddia müddəti də ötürülmüşdür. Buna görə də ədalətli qərar çıxarılmasını xahiş edir.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
13. İnzibati tənbeh vermə haqqında TP4526270 saylı xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Ceyranbatan qəsəbəsində “Hyundai Veracruz” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh ara məsafəsi qaydalarını pozulmasına və yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.6-cı maddələri ilə məsuliyyətə cəlb olunmuşdur
14. PXA********** saylı xx.xx.2020-ci il tarixli İcbari sığorta müqaviləsinə dair məlumatlardan görünür ki, Cavabdeh məxsus “Hyundai Veracruz” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC-də sığortalanmışdır. Müqavilənin qüvvədən düşmə tarixi – xx.xx.2021-ci il.
15. "xxxx" MMC-nin 7138 saylı xx.xx.2021-ci il tarixli Qiymətləndirmə aktından görünür ki, “Mercedes Benz C220” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilə ehtiyat hissələri və görülən işlərə görə cəmi 400 manat ödənilməlidir.
16. "xxxx" ASC-nin PXA96940 saylı xx.xx.2020-ci il tarixli sığorta aktından görünür ki, xx.xx.2021-ci il tarixdə saat 9:00-da Ceyranbatan qəsəbəsində sığortalanmış “Hyundai Veracruz” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz C220” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. "xxxx" MMC tərəfindən təqdim olunan aktdan görünür ki, 400 manat maddi ziyan vurulmuşdur. Sığorta məbləği alan X2.
17. "xxxx" ASC-nin Cari hesab çıxarışı və Sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının Təhvil-təslim aktından görünür ki, X1 400 manat sığorta ödənişi edilmişdir.
18. "xxxx" ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2021-ci il tarixli xəbərdarlıqda göstərilir ki, xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisindəidarə onun idarə etdiyi etdiyi və tərəflərindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Hyundai Veracruz” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz C220” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənə dəymiş zərərə görə tərəflərindən 400 manat sığorta ödənişi edilmişdir. Ondan hadisə zamanı hadisə yerindən yayınması nəzərə alınaraq tərəflərindən ödənilmiş 400 manat pul vəsaiti subroqasiya qaydasında şirkətə ödənilməsi təklif edilir. Əks halda məhkəməyə müraciət edilməsi bildirilir.
19. Qəbzdən görünür ki, "xxxx" ASC Qubadlı Rayon Məhkəməsinə qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 30 manat ödəniş etmişdir.
20. Cavabdeh Abşeron RPİ DYPŞ-də verdiyi izahatından görünür ki, o, xx.xx.2021-ci il tarixdə saat 09:00 radələrində etibarnamə əsasında idarə etdiyi “Hyundai Veracruz” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Ceyranbatan qəsəbəsində “Araz” marketdən əsas yola çıxan zaman qarşıdan sağ dönən “Mercedes Benz C220” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərt tormoz verməsi nəticəsində ona yüngül toxunmuşdur.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir.
22. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu
6.2. Mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
23. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1 məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
24. Məhkəmə kollegiyası tərəfindən Qubadlı Rayon Məhkəməsinin 28 aprel 2025ci il tarixli, 2(028)-36/2025 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası iş üzrə tərəfi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
26. Belə ki, iş materialları ilə müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində cavabdehin istifadəsində olan “Hyundai Veracruz” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Mercedes Benz C220” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənə 400 manat zərər dəymişdir. İnzibati tənbeh vermə haqqında TP4526270 saylı xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, xx.xx.2021-ci il tarixli İXP4113072 saylı protokola əsasən Ceyranbatan qəsəbəsində “Hyundai Veracruz” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi Cavabdeh ara məsafəsi qaydalarını pozmaqla, yol hərəkəti qaydalarının pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin qərar qanuni qüvvəsini almışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənə dəymiş zərərə görə 400 manat sığorta ödənisi iddia tərəfindən zərərçəkənə ödənilmişdir. Ondan hadisə zamanı hadisə yerindən yayınması nəzərə alınaraq tərəflərindən ödənilmiş 400 manat pul vəsaiti subroqasiya qaydasında şirkətə ödənilməsi təklif edilmişdir. Cavabdeh hadisə yerindən yayındığına görə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.8 və 63.1-ci maddələrinə əsasən iddiaçının cavabdehə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır.
27. Məhkəmə kollegiyası şikayətin mövcud hüquq münasibətlərinin sığorta müqaviləsinə əsaslanması, bu halda isə, MM-in 373-cü maddəsinin tələbinə əsasən, müqavilə tələbləri üzrə iddia müddətinin 3 il təşkil etməsi, hazırki iş üzrə iddia müddətinin ötürülməsi barədə dəlillərinə qiymət verərək qeyd edir ki, subroqasiya hüququndan istifadə etməklə sığorta şirkətinin zərər vuran şəxsə qarşı verdiyi iddia üzrə tərəflər arasındakı mübahisəli hüquqi münasibətləri sığorta müqaviləsindən deyil, zərər vurmadan doğan öhdəlik münasibətləridir. Ona görə də bu növ öhdəliklərdən irəli gələn tələblərə müqavilə tələbləri üzrə münasibətlərə şamil edilən 3 illlik iddia müddəti deyil, zərər vurmadan əmələ gələn münasibətlərə aid olan ümumi iddia müddəti tətbiq edilməlidir. Avtonəqliyyat vasitələrinin könüllü sığortası növü üzrə subroqasiya hüququ həmin avtomobilə zərər vurmasına səbəb olmuş şəxslərə, onların mülki məsuliyyətini sığortalamış sığortaçıya qarşı istifadə olunur. Hazırki mübahisə sığortaçı şirkət ilə cavabdeh arasındakı münasibətlər sığorta müqaviləsindən deyil, zərər vurmadan (deliktdən) doğan öhdəlik münasibətləridir. Çünki zərərvuran şəxslə sığortaçı arasında bağlanan hər hansı müqavilə bağlanmayıb. Bu növ öhdəliklərdən irəli gələn tələblərə isə ümumi iddia müddəti şamil edilir və MM-in 373.1-ci maddəsinə görə, ümumi iddia müddəti on il təşkil edir.
28. Məhkəmə kollegiyası cavabdehin avtomobilə zərər vururlmaması ilə bağlı apellyasiya şikayətininin dəlilinə münasibətdə qeyd edir ki, işdə olan və yuxarıda istinad olunan sübutlarla avtomobilə zərər dəyməsi təsdiq olunmaqla, bunun əksini təsdiq edən hər hansı bir sübutu isə cavabdeh məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfdən cavabdeh hadisə zamanı digər avtomobilin sürücüsü ilə gərginliyin və mübahisənin yarandığını etiraf etmiş, o cümlədən cavabdehin hadisə yerindən yayınması dolayısı ilə avtomobilə zərərin dəyməsini təsdiq etmişdir. Məhkəmə kollegiyası iddia tələbi üzrə 3 illik iddia müddətinin ötürülməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münaisibətdə isə qeyd edir ki, hazırkı mübahisənin mahiyyəti vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından ibarət olmaqla, iddiaçının subroqasiya hüququ müqavilədən deyil, qanundan irəli gəlmişdir. Buna görə də hazırkı mübahisəyə Mülki Məcəllənin 373.1-ci maddəsi ilə müəyyən ediən 10 illik ümumi iddia müddəti şamil edilir.
29. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmaqla, qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlilləri isə yuxarıda qeyd olunanlara görə əsassız hesab olunur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Qubadlı Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(028)-36/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏTETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(028)-36/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.