Məhkəmə qərarları › İş №2(106)-1456/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1456/2024

21.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Atalığın etiraf olunması faktı - Vətəndaşlıq vəziyyəti aktlarını
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1456/2024 21.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X1 ibarət məhkəmə tərkibində, Ərizəçi (maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1) doğum qeydində doğum tarixinin düzgün olması, doğum haqqında şəhadətnamənin ona məxsus olması, ad, soyadın və atalıq faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli 2(048)-609/2024 saylı qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Ərizəçi “doğum qeydində doğum tarixinin düzgün olması, doğum haqqında şəhadətnamənin ona məxsus olması, ad, soyadın və atalıq faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Lerik rayonu Vizəzəmin kənd İcra Nümayəndəliyində barəsində aparılmış doğum akt qeydində doğum tarixinin xx.xx.1951-ci il yazılmasının düzgün olması və həmin doğum haqqında şəhadətnamənin ona (X2) məxsus olması faktının, soyadının “Həbibova”, adının “Sahirə”, ata adının “Davud” olması faktının və 19 mart 1990-cı il tarixdə vəfat etmiş X3 atası olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli 2(048)-609/2024 saylı qərardadı ilə Ərizəçi “doğum qeydində doğum tarixinin düzgün olması, doğum haqqında şəhadətnamənin ona məxsus olması, ad, soyadın və atalıq faktının müəyyən edilməsi” barədə ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməsi, ərizə və ona əlavə edilmiş sənədlərin Ərizəçi qaytarılması və ərizəçiyə onun müvafiq (səlahiyyətli) icra hakimiyyəti orqanına (Maraqlı şəxs1nə) müraciət etmək, mübahisənin həllindən narazı qaldığı halda isə həmin inzibati orqanın hərəkətlərindən Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. Ərizəçi qərardaddan şikayət verərək onun ləğv edilməsi və ərizənin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquq müəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquq müəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Qərarın 6.1-ci bəndində göstərilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquq müəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquq müəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Həmin Qərarın 6.2-ci bəndində göstərilmişdir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Lakin məhkəmə həmin halları araşdırmadan və tərəfindən hələ 5 il əvvəl müvafiq iddia ilə aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə müraciət etdiyimi və orada da iddia tələbinin rədd edilməsi və iddianın rədd edilməsinə əsas olaraq isə mənim doğum faktımın müəyyən edilməməsi olmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi olaraq Lerik Rayon Məhkəməsi ərizəni icraata qəbul etməklə ərizəçinin doğum faktını müəyyən etdikdən sonra inzibati icraat qaydasında iddia qaldırmaq hüququnun yaranması müəyyən olunmalı idi. Lakin Lerik rayon məhkəməsi qanunsuz və əsassız olan 2(048)-609/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı qəbul etmiş və onun hüququnun həyata keçirilməsini bir növ məhdudlaşdırmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməməli, Lerik Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli 2(048)-609/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquq müəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquq müəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Adıçəkilən qərarın 6.1-ci və 6.2-ci bəndlərinə əsasən qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquq müəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquq müəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər; Yəni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyaları tərəfindən həyata keçirilir. İPM-in 2.2-ci maddəsinə görə isə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair (öhdəliyin icrası haqqında iddia), inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia), inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ərizəçinin hazırkı ərizəsi ilə xüsusi icraat qaydasında deyil, həmin sənədləri vermiş orqana müraciət etməsi, müraciətinə veriləcək cavabdan narazı qaldığı halda həmin inzibati orqanın hərəkətləri (hərəkətsizliyi) ilə bağlı müvafiq inzibati məhkəməyə müraciət etməsi barədə gəldiyi nəticəni qanunauyğun hesab edir. Beləliklə, yuxarıda sadalanan qanunvericilik normalarından da göründüyü kimi hazırkı halda birinci instansiya məhkəməsi sözügedən ərizənin qəbul edilməsindən imtina edilməsində haqlı nəticəyə gəlmişdir. MPM-in 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmçinin Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 5.1-ci maddəsinə görə hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Nəzərə alınmaldır ki, Konstitusiyanın yuxarıda qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici MPMdə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Məhkəmə kollegiyası, eyni zamanda diqqətə çatdırır ki, hər bir şəxs qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Şəxsin məhkəməyə müraciət etdiyi andan məhkəmə müdafiəsi hüququ başlanır. Ədalətli məhkəmə araşdırılması, şəxsin sonradan əsassız məhkəmə çəkişməsinə cəlb edilməsinin qarşısının alınmasından ötrü iddia ərizəsinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılmasını, hüquqi müəyyənlik prinsipi baxımından qaçılmaz edir. MPM-in 402-ci maddəsinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlardan kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 397.2, 398.0.1, 400, 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Lerik Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli 2(048)-609/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar