Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1757/2024 06.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilədən əmələ gələn hüquqi nəticələrin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli e-2(056)-1848/2024 saylı qətnaməsindən (hakim N.Bağırov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilədən əmələ gələn hüquqi nəticələrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixli AN-İ1215768 saylı alqı-satqı müqaviləsinin və həmin müqavilədən əmələ gələn hüquqi nəticələrin ləğv edilməsi, ona məxsus Sabirabad rayonu, Şəhriyar kəndində yerləşən 0.123 ha torpaq sahəsindən ibarət olan həyətyanı torpaq sahəsindən Cavabdeh çıxarılması və cavabdeh tərəfindən ona məxsus tikililərin, qurğuların sökülməsi, həmçinin digər əşyaların çıxarılması, ödənilmiş dövlət rüsumunun əvəzi 100 manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Sabirabad regional “Asan Xidmət” Mərkəzində onunla Cavabdeh arasında AN-İ ******* saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı məxsus həyətyanı torpaq sahəsindən 0.123 ha torpaq sahəsi 5000 (beş min) manat pul müqabilində Cavabdeh satılmışdır. Tərəflər arasında olan razılaşmaya əsasən torpaq sahəsinin sərhədi dəmir şiferlə çəkilməli, həyətə ağır texnika girməməli, həyətdə sərhəd çəkilməyənədək heç bir tikinti işləri aparılmamalı, 20 gün müddət ərzində hasar çəkilməlidir. Bundan başqa hər hansı mağaza və ya ev tikilərsə arxa tərəfə pəncərə və ya havalandırma qoyulmamalıdır. Əgər narazılıq olarsa həmin vaxt alqı-satqı müqaviləsindən imtina ediləcək, yəni müqavilə ləğv ediləcəkdir. Lakin tərəflər arasında razılaşdırılmış şərtlər cavabdeh tərəfindən kobud şəkildə pozulmuş və aralarında olan şərtlərə əməl etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, İddiaçı notariusda təsdiq olunmuş rəsmi alqı-satqı yolu ilə Sabirabad rayonu, Şəhriyar kəndində yerləşən 0.123 ha həyətyanı torpaq sahəsini 5000 manat pul müqabilində almışdır. Onunla bağlanmış alqı-satqı müqaviləsinin şərtləri pozulmamışdır. Həmin alqı-satqı müqaviləsində iddia ərizəsində yanlış olaraq qeyd edilən torpaq sahəsinin sərhədi dəmir şiferlə çəkilməli, həyətə ağır texnika girməməli, həyətdə sərhəd çəkilməyənədək heç bir tikinti işləri aparılmamalı, 20 gün müddət ərzində hasar çəkilməli, hər hansı tikili inşa edilərsə arxa tərəfə pəncərə və ya havalandırma qoyulmamalı, narazılıq olarsa alqı-satqı müqaviləsindən imtina edilməli kimi şərtlər nəzərdə tutulmamışdır. Sabirabad Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli e-2(056)-1848/2024 saylı qətnaməsi ilə iddia rədd edimişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 567, 568.1 və 560.1-ci maddələrinə istinadla gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqavilədə iddiaçının tələbini əsaslandırdığı şərtlər nəzərdə tutulmadığından və bununla da cavabdehin həmin müqavilədə nəzərdə tutulmuş şərtləri əhəmiyyətli dərəcədə pozması və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi müəyyən edilmədiyindən, eyni zamanda bu halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, müqavilənin ləğv edilməsi ilə bağlı iddiaçının gətirdiyi dəlillər əsassızdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin diqqətinə çatdırır ki, torpaq sahəsinin sərhədinin dəmir şiferlə çəkilməsi, həyətə ağır texnikanın girməməsi, həyətdə sərhəd çəkilməyənədək heç bir tikinti işlərinin aparılmaması, 20 gün müddət ərzində hasarın çəkilməsi, hər hansı tikili inşa edilərsə arxa tərəfə pəncərə və ya havalandırma qoyulmaması kimi şərtlər cavabdehin və onun ailə üzvlərinin iştirakı ilə şifahi formada razılaşdırılmışdır. Lakin həmin şərtlər alqı-satqı müqaviləsində yazılmamışdır, elə hesab etmişlər ki, əgər şiafhi razılıq varsa, cavabdeh tərəf bu şərtləri heç vaxt inkar etməz. Bu səbəbdən də mübahisələndirilən müqavilədə şərtlərin yazılı qeyd eilməsində israrlı olmamışdır. Məhkəmə öz növbəsində mübahisənin nədən yarandığını və cavabdeh tərəfə təklif göndərilməsinin zəruriliyini araşdırmamışdır. İşin faktiki hallarından görünür ki, cavabdehlə mübahisəyə səbəb əvəlləcdən razılaşdığımız şərtlərə onun əməl etməməsi olmuşdur. Əgər aralarında hər hansı bir şərt olmasaydı, hazırki iddia ərizəsi ilə məhkəyə müraciət etməzdi. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdeh apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməminin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. İzahatında göstərdi ki, iddiaçının qeyd etdiyi şərtlərlə bağlı aralarında hər hansı bir razılaşma olmamışdır. Alqı-satqı müqaviləsi əsasında razılaşdırılmış dəyərini tam ödəyib aldığı torpaq sahəsi üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, bununla bağlı adına reyestrdən müvafiq çıxarış da verilmişdir. Aldığı torpaq sahəsində hər hansı bir tikili inşa etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış ididaçı məhkəmədə iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən olunur: Satıcı İddiaçı ilə alıcı Cavabdeh Adtl qızı arasında 8 fevral 2024-cü ildə bağlanmış AN-İ № ******* saylı "daşınmaz əmlakın alqı-satqı müqaviləsi"ndən görünür ki, satıcı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən 29 yanvar 2024-cü il tarixdə verilən **********89 reyestr, ********** qeydiyyat nömrəli çıxarışla tam pay üzrə xüsusi mülkiyyətində olmaqla Sabirabad rayonu, Şəhriyar kəndində yerləşən 0.41 ha torpaq sahəsinin bölgü planına əsasən 0.123 ha hissəsini 5000 manata sataraq, alıcının mülkiyyətinə vermişdir; Torpaq sahəsinin iddiaçının tələbini əsaslandırdığı şərtlər çərçivəsində alqı-satqısının razılaşdırılması müqavilədə əksini tapmamışdır; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən 18 mart 2024-cü il tarixdə verilən **********04 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən alqı-satqının obyekti olmuş 0.123 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində alıcı Cavabdeh tam pay üzrə xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 567 - alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində muəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə gütürür; Maddə 568.1 - satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur; Maddə 560.1 - mülki hüquqlar hüquqa uyğun həyata kecirilməlidir; Maddə 421.1 - müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; Maddə 421.2 - tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Belə ki, iş materialları ilə iddiaçının tələbini əsaslandırdığı şərtlərlə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanması təsdiqini tapmır. Alıcı tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması halı, bu pozuntunun müqavilənin hansı şərtindən irəli gəlməsi müəyyən olunmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli e-2(056)-1848/2024 saylı qətnaməsi dəyişdirilmədn saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-1757/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1757/2024
06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver