Məhkəmə qərarları › İş №2(106)-1884/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1884/2024

14.11.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Torpaq sahəsinin boşaldılması - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1884/2024 14.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Ağcabədi Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2(017)-108/2024 saylı qərardadından iş üzrə Cavabdeh1 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı torpaq sahəsindən çıxarılma və maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(017)-108/2024 qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iddiaçıya məxsus Ağcabədi rayonunun Arasbar kəndi ərazisində yerləşən 5,5981 ha torpaq sahəsinin 1,02 ha hissəsindən çıxarılmaları, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 maddi zərərə görə 1644,24 manat məbləğində pul və ödənilmiş 36,44 manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi, aparılmış tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində ekspertiza xərci Cavabdeh1 və Cavabdeh2 alınaraq, Az. MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 nömrəli hesaba köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. 10 sentyabr 2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(017)-108/2024 qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti (prosessual müddətin bərpa edilməsi barədə vəsatət ilə birlikdə) daxil olmuşdur. Ağcabədi Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2(017)-108/2024 saylı qərardadı ilə Ağcabədi Rayon Məhkəməsinin 2(017)-108/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi ilə əlaqədar Cavabdeh1 tərəfindən verilmiş vəsatətin əsassız olduğundan rədd edilməsi qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh1 şikayət verərək, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(017)-108/2024 nömrəli qərardadının ləğv edilməsini, apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi ilə əlaqədar ərizənin təmin edilərək apellyasiya şikayətinin baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən onun iştirakını təmin etməmişdir. Məhkəmənin qətnaməsi xx.xx.2024-cü il tarixdə Ağcabədi rayon Arasbar kənd poçt şöbəsinə daxil olsa da, ailə üzvlərinə 2024-cü ilin avqust ayının ortalarında təqdim edilmişdir. Onun xəbəri olmamış və heç bir sənədə də imza etməmişdir. Poçt sənədini oğlu Anar qəbul etmiş və dediyinə görə o imzalamışdır. Yəni qətnamə qanunla müəyyən edilmiş qaydada ona təqdim edilməmişdir. Qeyd edir ki, o, təzyiq və ağır şəkər xəstəsidir. Daima müalicə olunur. Bu ilin iyul avqust aylarında da yataq vəziyyətində müalicə olmuş və bu səbəbdən də, qətnamədən məlumatsız olmuşdur. Yəni ailə üzvləri də ona qətnamə barədə heç bir məlumat verməmişlər. O, həmin qətnamənin qəbul edilməsindən Ağcabədi rayon icra və probasiya şöbəsindən göndərilmiş xəbərdarlıq məktubunu aldıqdan sonra bilmişdir. Bu səbəbdən də, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(017)- 108/2024 saylı qətnaməsindən qanunla müəyyən edilmiş müddət ərzində apelyasiya şikayəti verə bilməmişdir. Ağcabədi Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, 2(017)-108/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şikayətin dəlillərinə əsasən cavabdeh sözügedən qətnamədən icra mərhələsi zamanı məlumatlı olmuş, həmin qətnamə onun ailə üzvləri tərəfindən 2024-cü ilin avqust ayında qəbul edilmişdir. Digər tərəfdən, iş materiallarından müəyyən edilir ki, cavabdehin qətnamədən verdiyi apellyasiya şikayəti (prosessual müddətin bərpası barədə ərizə ilə birlikdə) 10 sentyabr 2024-cü il tarixdə məhkəməyə elektron kabinet vasitəsi ilə daxil olmuşdur. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Ağcabədi Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2(017)-108/2024 saylı qərardadı ləğv edilməlidir. Belə ki, mülki iş materiallarında olan 16 iyul 2024-cü il tarixli reyestr məlumatlarından müəyyən edilir ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(017)-108/2024 qətnaməsi həmin tarixdə tərəflərə rəsmi qaydada göndərilmişdir. Lakin mülki iş materiallarında qətnamənin surətinin cavabdehə təqdim edilməsini təsdiq edən müvafiq sənəd (xəbərnamə, poçt göndərişlərindən çıxarışlar vəs.) yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 129.3-cü maddəsində göstərilmişdir ki, edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün hüquqi əsaslar mövcuddur. Belə ki, cavabdeh qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayətini verdiyi üçün prosessual müddət ötürülməmişdir. Bunun əksini təsdiq edən sənədlər iş materiallarda mövcud deyildir. Ona görə də kollegiya hesab edir ki, müddətin bərpası barədə ərizə təmin edilməməli, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması ilə əlaqədar sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Azərbaycan Respublikasının MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. "X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin 13 fevral 2007-ci il tarixli qərarında göstərilir ki, qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. “O.Hüseynovun şikаyəti üzrə məhkəməyə mürаciət hüququnun pozulmаsınа dаir” iş üzrə 29 iyun 2007-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsinin Plenumunu göstərmişdir ki, mülki prosessuаl qаnunvericilik məhkəmə qətnаməsindən verilən şikаyətlər üçün müddətin məhz məhkəmə аktının tərəfə təqdim olunduğu gündən hesаblаndığını nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, məhz tərəflərin məhkəmə qarşısında hüquq bərabərliyinin, Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasının və ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməsi nöteyinəzərindən şəxsin öz işinə yuxarı məhkəmə insansiyasında baxılmasına çatımlılığı hüququnun reallaşdırılması üçün şərait yaradılmalı və bununla bağlı gətirilən səbəblər ağlabatanlıq prinsipi əsasında qiymətləndirilməlidir. Belə ki, şəxsin maraqlarına toxunan məhkəmə qərarını yuxarı instansiya məhkəməsində mübahisələndirmək hüququ ədalətli məhkəmə araşdırması hüququndan irəli gəlir və Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq müqavilələrdə öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın; hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır; hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələr həyata keçirirlər. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsi hər bir şəxsin özü haqqında çıxarılmış məhkəmə qərarına yuxarı məhkəmədə yenidən baxılması hüququnu tanıyır. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Eyni hüquq Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 14-cü maddəsində də müəyyən olunmuşdur. Onun barəsinə çıxarılmış məhkəmə qərarına yuxarı məhkəmə tərəfindən yenidən baxılması hüququnu Azərbaycan Respublikasının tərəfdar çıxdığı Avropa Konvensiyasına 7 saylı Protokolun 2-ci maddəsinin 1-ci bəndi də təsbit edir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, yuxarıda göstərilən normativ-hüquqi aktların tələbinə görə maraqlarına toxunulan məhkəmə qərarı çıxarılmış şəxsin həmin qərardan yuxarı məhkəməyə şikayət vermək hüququ məhkəmə səhvlərinin qarşısının alınması, həqiqətin müəyyən edilməsi və son nəticədə ədalətin təntənəsinə nail olunması məqsədini güdür. Həqiqət və ədalət isə insan toplumu üçün ali dəyərlərdir. Bu dəyərlər də ictimai münasibətlərin kvintessensiyasını təşkil etməlidir. Bu kontekstdə məhkəmə kollegiyası hesab edir ki, yalnız formala əsaslara istinad etməklə ərizəçinin şikayətinin icraata götürülməsindən imtina edilməsi tərəfin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 14-cü, İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 7, 8, 10-cu və Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş səmərəli və ədalətli məhkəmə araşdırması hüququnu pozmuş olardı. Avropa İnsan Hüquqları Məhkəməsi «Sovtransavto Holdinq» Ukraynaya qarşı (şikayət №48553/93, xx.xx.2002) şikayəti üzrə işdə X6 Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı ilə ərizəçinin şikayət verilməsi üçün müəyyən edilmiş bir aylıq müddətin bitməsi əsasına görə şikayətin qəbul edilməsindən imtina olunmasını artıq formalizmin mövcud olduğu kimi qiymətləndirmişdir. Avropa Məhkəməsi həmin işdə həmçinin qeyd etmişdir ki, ərizəçinin kassasiya şikayəti qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməmişdir. Bu da belə bir nəticəyə gətirib çıxara bilər ki, ərizəçi daxili müdafiə vasitələrini tükətməmişdir. Avropa Məhkəməsi xatırlatmışdır ki, onun daxili müdafiə vasitələrinin tükədilməsi üzrə presedent təcrübəsinə müvafiq olaraq bu qayda kifayət qədər çevik və artıq formalizmdən azad şəkildə tətbiq olunmalıdır. Həmin qayda avtomatik tətbiq olunmamalı və mütləq xarakter daşımamalıdır; hər bir konkret işdə onun halları nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi, «X3rşı» iş üzrə qərarında (1985-ci il) qeyd etmişdir ki, vaxt məhdudiyyətləri ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və vaxtı keçmiş iddiaların qarşısının alınması məqsədilə qoyula bilər. Presessual hüquq qabiliyyəti üzrə məhdudiyyətlər, məsələn, müvafiq hüquqa malik olmayan iddiaçıları məhkəmənin dəyərli vaxtını almaqdan çəkindirmək üçün qoyula bilər. Digər məhdudiyyətlərə hökümət nazirlərinin, parlament üzvlərinin, mülki dövlət qulluqçularının və digər şəxslərin immunitet və imtiyazları aid edilə bilər. Lakin tətbiq edilən məhdudiyyətlər məhkəməyə müraciət hüququnun mahiyyətinə xələl gətirən dərəcədə olmamalıdır. Bundan başqa, məhkəməyə müraciət hüququna qoyulan məhdudiyyətlər qanuni məqsəd daşımalı və tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan əlaqə mövcud olmalıdır. (Bax.Avropa İnsan Hüquqları Məhkəməsi Şərhlər və normativ Aktlar. Bakı, «GİSO Enterprise» KRİNB,2006-cı il, 257 səh.). İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin «Ryabıx Rusiyaya qarşı» 24 iyul 2003cü il tarixli işi üzrə qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik, «res judicata» prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. “Bezrukovlar Rusiya Federasiyasına qarşı” 10 may 2012-ci il tarixli işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə şübhə etmir ki, prosessual müddətlərin uzadılması ağlabatan dərəcədə nəzərə alınmalıdır və iştirakçı dövlətin hüquq sistemi bunun üçün xüsusi qaydalar müəyyən edir. Kassasiya şikayətinin verilmə müddətinin uzadılması, əsasən yerli məhkəmələrin səlahiyyəti çərcivəsində olduğundan, Avropa Məhkəməsinin fikrincə belə uzadılmanın “res judicata” prinsipinə müdaxiləsinin əsaslarının olması, xüsusilə yerli məhkəmələrin daxili qanunvericiliyə uyğun olaraq nə müddətin uzadılmasının, nə də ki, müddətin bərpasının əsaslarında məhdudiyyət mövcud deyil. Bundan başqa Avropa Məhkəməsi hesab edir ki, nəzarət qaydasında işlərin ləğv edilməsi kimi, tələbi təmin edilmiş tərəfin “res judicata” prinsipinə əsaslanmaqla qanuna inamlılığı kassasiya şikayətinin verilmə müddətinə laqeyd yanaşma ilə aradan qalxa bilər. Ancaq əhəmiyyətli və həddiaşılmaz xarakter daşıyan hallarda bu prinsipdən kənara çıxmağa haqq qazandırmaq olar. Xüsusilə hüquqi müəyyənlik prinsipindən kənara çıxma hüquqi purizm maraqları üçün deyil, ancaq məhkəmə sistemi üçün əhəmiyyətli səhvlərin aradan qaldırılması məqsədi daşıyır. Məhkəmə Kollegiyası mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərlə bağlı bir daha qeyd edir ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti təmin edilməli, iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2(017)-108/2024 saylı qərardadı ləğv edilməli, Cavabdeh1 Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(017)-108/2024 qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair ərizəsi təmin edilməməli, apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət ötürülməmiş hesab edilməli və Cavabdeh1 tərəfindən Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(017)-108/2024 qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılması ilə əlaqədar sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin MPM-in 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 130, 133, 263-264, 360 və 397-400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı

qərara aldı:

Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2(017)-108/2024 saylı qərardadı ləğv edilsin. Cavabdeh1 Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(017)-108/2024 qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair ərizəsi təmin edilməsin və apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət ötürülməmiş hesab edilsin. Cavabdeh1 tərəfindən Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(017)-108/2024 qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılması ilə əlaqədar sonrakı prosessual hərəkətlər yerinə yetirilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver