Məhkəmə qərarları › İş №2(107)-1155/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1155/2025

20.11.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzildən çıxarılma - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1155/2025 20.11.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “Evdən istifadə hüququnun itirilmiş hesab edilməsi, evin cavabdehin vəsaiti hesabına boşaldılması, kommunal xərclərin cavabdehin hesabına tam ödənilməsi şərtilə evdən çıxarılma və evə köçürülmə” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Apellayasiya şikayətinin qeyri-mümkünlüyü, apellyasiya şikayətinin hüququ olmayan şəxs tərəfindən verilməsi) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “evdən istifadə hüququnun itirilmiş hesab edilməsi, evin cavabdehin vəsaiti hesabına boşaldılması, kommunal xərclərin cavabdehin hesabına tam ödənilməsi şərtilə evdən çıxarılma və evə köçürülmə” tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 21 iyul 2025-ci il tarixli, 2(035)-545/2025 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus olan Zərdab şəhərinin “32 hektar” adlanan ərazisində salınmış yeni qəsəbədə Mübariz İbrahimov küçəsi ev 44 ünvanında, 6 sot həyətyanı torpaq sahəsində tikilmiş üç otaqlı evdən istifadə hüququnun itirilmiş hesab edilməsi, evin cavabdehin öz vəsaiti hesabına boşaldılması, kommunal xərclərin cavabdehin öz hesabına tam ödənilməsi şərtilə cavabdehin evdən çıxarılması və onun həmin evə köçürülməyi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin 21 iyul 2025-ci il tarixli, 2(035)-545/2025 nömrəli qətnaməsi ilə iddia təmin olunmuş, Cavabdeh Zərdab şəhəri “32 hektar” adlanan ərazidə salınmış yeni qəsəbədə Mübariz İbrahimov küçəsi ev 44 ünvanında, 6 sot həyətyanı torpaq sahəsində tikilmiş üç otaqlı evdən istifadə hüququ itirilmiş hesab edilməsi, evin cavabdehin öz vəsaiti hesabına boşaldılması, kommunal xərclərin cavabdehin öz hesabına tam ödənilməsi şərtilə cavabdehin evdən çıxarılması və İddiaçı Zərdab şəhəri “32 hektar” adlanan ərazidə salınmış yeni qəsəbədə Mübariz İbrahimov küçəsi ev 44 ünvanında, 6 sot həyətyanı torpaq sahəsində tikilmiş üç otaqlı evə köçürülməsi, cavabdeh X3 İddiaçı ödədiyi pulla əlaqədar olaraq məhkəmədə iddia qaldırmaq hüququnun izah olunması qət edilmişdir. Həmin qətnamədən iş üzrə mübahisə tərəfi, mübahisə tərəfinin nümayəndəsi olmayan, üçüncü şəxs qismində cəlb edilməyən Maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 366.1-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Təqdim olunmuş apellyasiya şikayəti mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edilərkən müəyyən оlunmuşdur ki, apellyasiya şikayəti verən Maraqlı şəxs iş üzrə mübahisə tərəfi deyildir. Həmçinin iş materiallarından qəbul edilmiş qətnamənin Maraqlı şəxs hüquq və vəzifələrinə toxunub-toxunmamasının öyrənilməsi müəyyən edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilənləri nəzərə alaraq, sözügedən qətnamənin Maraqlı şəxs hüquq və vəzifələrinə toxunub-toxunmamasını müəyyən etmədən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.2 maddəsinin tələblərinə əməl etmədən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətini mülki işlə bаxılmаsı üçün Şəki Аpellyаsiyа Məhkəməsinə göndərməklə yanlışlığa yol vermişdir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin; 360-cı mаddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi Zərdab Rayon Məhkəməsinin 21 iyul 2025-ci il tarixli, 2(035)-545/2025 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətini mülki işlə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərsə də qəbul edilən qətnamənin Maraqlı şəxs hüquq və vəzifələrinə toxunub-toxunmamasını yoxlamamışdır. Halbuki Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Kolegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin işdə iştirak etməyən şəxslərin hüquq və vəzifələrinə toxunmasını yoxlamaq və bu barədə qərardad çıxarmaq səlahiyyəti birinci instansiya məhkəməsinə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. Belə olan halda məhkəmə kоllegiyаsı hesаb edir ki, Zərdab Rayon Məhkəməsinin 21 iyul 2025-ci il tarixli, 2(035)-545/2025 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə hazırda аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr оlmаdığınа görə onun аpellyаsiyа şikayəti qeyri-mümkün hesаb edilməli və mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 364-cü maddəsininin tələblərinin yerinə yetirilməsi üçün Mingəçevir Şəhər Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 263-264, 366, 400, 402-403 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı Qərаrааldı: Zərdab Rayon Məhkəməsinin 21 iyul 2025-ci il tarixli, 2(035)-545/2025 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 364-cü maddəsininin tələblərinin yerinə yetirilməsi üçün Zərdab Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qərardad, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver