Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-131/2024 17.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar Tartaraşvili Zaira Vasilovnanın və Tartaraşvili Zauri Vasiloviçin cavabdeh Paçxataşvili Manana Jorjikoyeviçə qarşı cavabdehin Qax rayonu Qaxingiloy kəndində yerləşən onlara məxsus fərdi yaşayış evindən və 0.14 ha həyətyanı sahədən məcburi qaydada çıxarılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mehdiyev Elçin Məhəmməd oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, cavabdeh Paçxataşvili Manana Jorjikoyevnanın və onun nümayəndəsi və vəkili Şamxalov Tahir Camal oğlunun iştirakları ilə, İddiaçılar Tartaraşvili Zaira Vasilovnanın və Tartaraşvili Zauri Vasiloviçin cavabdeh Paçxataşvili Manana Jorjikoyevnaya qarşı cavabdehin Qax rayonu Qaxingiloy kəndində yerləşən onlara məxsus fərdi yaşayış evindən və 0.14 ha həyətyanı sahədən məcburi qaydada çıxarılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Qax Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli 2(024)-496/2023 nömrəli qətnaməsindən cavabdeh Paçxataşvili Manana Jorjikoyevna tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Reyestr nömrəsi **********81-10301, qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2022-ci il olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Qax rayonu Qax-İngiloy kəndində yerləşən fərdi yaşayış evi və 0.14 ha həyətyanı torpaq sahəsi Tartaraşvili Zaurinin və Tartaraşvili Zairanın hər birinin ½ hissə olmaqla paylı mülkiyyətinə verilmişdir. Cavabdeh Paçxataşvili Manana Jorjikoyevna iddiaçıların mərhum qardaşı Tartaraşvili Karlo Vasilyeviç ilə qeyri-rəsmi ailə münasibətlərində yaşamışdır.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçılar Tartaraşvili Zaira Vasilovna və Tartaraşvili Zauri Vasiloviç məhkəməyə iddia ərizəsi ilə müraciət edərək zəbt olunmuş Qax rayonu Qaxingiloy kəndində yerləşən onlara məxsus fərdi yaşayış evindən və 0.14 ha həyətyanı sahədən cavabdeh Paçxataşvili Manana Jorjikoyevnanın məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
3. Məhkəmə işə Tartaraşvili Zauri Vasiloviçin etibarnamə üzrə nümayəndəsi, digər iddiaçı Tartaraşvili Zaira Vasilovnanın iştirakı olmadan baxılmasını mümkün hesab edir.
4. İddiaçılar Tartaraşvili Zaira Vasilovna və Tartaraşvili Zauri Vasiloviç iddia ərizəsində göstərmişlər ki, onlar Gürcüstan Respublikasında yaşayırlar. Qax rayonu Qax-İngiloy kəndində ümüumi sahəsi 55.2 kv/m fərdi yaşayış evi və 0.14 ha həyətyanı torpaq sahələri vardır. Həmin əmlak onlara mərhum anası və rəhmətlik qardaşından miras qalmışdır. Anası Tartaraşvili Mariam Yaseyevna 2020-ci il tarixədək orada yaşamışdır. Qardaşı Tartaraşvili Karlo Vasilyeviç 2022-ci il tarixədək həmin evdə yaşamışdır. Anası Tartaraşvili Mariam Yaseyevna xx.xx.2020-ci il tarixdə və qardaşı Tartaraşvili Karlo Vasilyeviç xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Qardaşı ilə birlikdə orada faktiki ailə quraraq heç bir nikah olmadan cavabdeh Paçxataşvili Manana Jorjikoyevna yaşamışdır. Qardaşı 2022-ci il tarixdə öldükdən sonra həmin şəxs onunla digər iddiaçı olan qardaşı Zaurini onlara məxsus evə girməyə qoymamışdır. Onlar Gürcüstan Respublikasında olduğu üçün bu məsələ ilə vaxtında məşğul ola bilməmişdir. Manana adlı şəxsin onların evin qonşusunda keçmiş ərinə məxsus evi vardır. Təxminən bir il müddətdir ki, Qax rayonu Qaxingiloy kənd sakini Paçxataşvili Manana Jorjikoyevna onlara məxsus olan evi zəbt etmişdir. Onlara məxsus olan həmin fərdi yaşayış evinə və torpaq sahəsinə girməyə imkan vermir. Onlar bununla bağlı dəfələrlə desələr də heç bir nəticəsi olmamışdır. Onlar istəyirlər ki, zəbt olunmuş evdən və torpaq sahəsindən cavabdeh Paçxataşvili Manana Jorjikoyevna məcburi qaydada çıxarılsın. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Göstərdiklərini nəzərə alaraq məhkəmədən zəbt olunmuş Qax rayonu Qaxingiloy kəndində yerləşən onlara məxsus fərdi yaşayış evindən və 0.14 ha həyətyanı sahədən cavabdeh Paçxataşvili Manana Jorjikoyevnanın məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
5. Məhkəmə iclasında iddiaçı və iddiaçı Tartaraşvili Zauri Vasiloviçin etibarnamə üzrə nümayəndəsi Tartaraşvili Zaira Vasilovna iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında cavabdeh Paçxataşvili Manana Jorjikoyevna izahat verərək göstərdi ki, iddia tələbində göstərilənləri qəbul etmir. Çünki iddiaçıların qardaşı Karlo ilə nikahlarını rəsmi olaraq qeyd etdirmədən, faktiki olaraq ailə qurmuş və həmin evdə yaşamışdır. Ona görə də, iddianın rədd edilməsini xahiş edir.
7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Reyestr nömrəsi **********81-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Qax rayonu Qax-İngiloy kəndində yerləşən fərdi yaşayış evi və 0.14 ha həyətyanı torpaq sahəsi Tartaraşvili Zaurinin və Tartaraşvili Zairanın hər birinin ½ hissə olmaqla paylı mülkiyyətinə verilmişdir. İddiaçıların qardaşı Karlo Tartaraşvili cavabdeh Manana Paçxataşvili ilə faktiki olaraq evlənmişdir. Karlo Tartaraşvili xx.xx.2022-ci ildə öldükdən sonra cavabdeh iddiaçıların mübahisəli fərdi yaşayış evinə daxil olmasına maneçilik törətmişdir.
8. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh iddiaçılara məxsus fərdi yaşayış evində yaşasa da, hazırda mübahisəli evdə yox, başqa yerdə qeydiyyatdadır və həmin evdə istifadə hüququnun olması müəyyən edilməmişdir.
9. Qax Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli 2(024)-496/2023 nömrəli qətnaməsi ilə (hakim Malik Qarayev) iddia təmin olunmuş, cavabdeh Paçxataşvili Manana Jorjikoyevnanın iddiaçılar Tartaraşvili Zaira Vasilovna və Tartaraşvili Zauri Vasiloviçə məxsus Qax rayonu Qaxingiloy kəndində yerləşən fərdi yaşayış evindən və 0.14 ha həyətyanı sahədən məcburi qaydada çıxarılması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 164 və 165-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
11. İş materiallarına əlavə edilmiş Reyestr nömrəsi **********81-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Qax-İngiloy kəndində yerləşən fərdi yaşayış evi və 0.14 ha həyətyanı torpaq sahəsi Tartaraşvili Zaurinin və Tartaraşvili Zairanın hər birinin ½ hissə olmaqla paylı mülkiyyətinə verilmişdir.
12. İşə əlavə edilmiş Qax Rayon Qeydiyyat şöbəsinin verdiyi 12 iyul 2023-cü il tarixli № 3-16-5/8-69-169/2023 saylı Arayışdan görünür ki, Tartaraşvili Zaira Vasilovnanın atası Tartaraşvili Vasil Solomonoviç, anası isə Tartaraşvili Mariam Yaseyevnadır.
13. İşə əlavə edilmiş Qax Rayon Qeydiyyat şöbəsinin verdiyi 12 iyul 2023-cü il tarixli № 3-16-5/8-69-170/2023 saylı Arayışdan görünür ki, Tartaraşvili Zauri Vasiloviçin atası Tartaraşvili Vasil Solomonoviç, anası isə Tartaraşvili Mariam Yaseyevnadır.
14. İş materiallarında olan AZ-İİ № 246780 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Tartaraşvili Mariam Yaseyevna xx.xx.2020-ci ildə ölmüşdür.
15. İş materiallarında olan AZ-İİ № 246781 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Tartaraşvili Karlo Vasilyeviç xx.xx.2022-ci ildə ölmüşdür.
16. İşdə olan Qax RİHB-nın Qax-İngiloy kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2023-cü il tarixli, 724 saylı arayışdan görünür ki, Tartaraşvili Zauri Vasilyeviçə və Tartaraşvili Zaira Vasilyevnaya məxsus Qax rayonu Qax-İngiloy kəndində fərdi yaşayış evi vardır və həmin evdə qeydiyyatda heç kəs yoxdur.
17. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir.
18. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Paçxataşvili Manana Jorjikoyevna аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
19. Cavabdeh Paçxataşvili Manana Jorjikoyevna apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o, mərhum Tartarşavili Karlo Vasiliyeviç ilə 8 il Gürcüstan Respublikasının Tiflis şəhərində yaşamış və 2010-cu il tarixdə onlar Aqzərbaycan Respublikasına qayıdaraq Qax rayonuna, Karlo Tartaraşviliyə məxsus həmin mübahisəli evə köçmüş və onun ölümünədək 12 il müddətində onunla birlikdə faktiki ər-arvad münasibətlərində yaşamışdır. Ev onların birgə yaşadığı müddət ərzində təmir edilmiş və əlavə mətbəx tikilmişdir. Mübahisəli ev mərhum Karlo Tartaraşviliyə məxsus olmuş və onun ölümündən sonra iddiaçılar evi və torpaq sahəsini öz adlarına keçirmişlər. Ev mərhum Karlo Tartaraşviliyə onun anası Tartaraşvili Mariam Yaseyevna tərəfindən bağışlanılmışdır. Qeyd edilən xüsusatlar Qax Rayon Məhkəməsi tərəfindən araşdırılmamışdır. Belə ki, onun həmin evdə istifadə hüququ var və bu istifadə hüququ ona evin mülkiyyətçisi olmuş Karlo Tartaraşvili və ondan əvvəl də anası Mariam Tartaraşvili tərəfində verilmişdir. Hər iki mülkiyyətçi onun həmin evdə yaşayaraq ondan istifadə etməyinə icazə verərək evdən istifadə hüququnu tanımışlar. Ev indiki iddaçılara vərəsəlik qaydasında keçmişdir və onun istifadə hüququ saxlanılmalıdır.
20. Ona görə də, Qax Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli 2(024)- 496/2023 nömrəli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında cavabdeh Paçxataşvili Manana Jorjikoyevna və onun nümayəndəsi və vəkili Şamxalov Tahir Camal oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər.
23. İddiaçılar Tartaraşvili Zaira Vasilovna və Tartaraşvili Zauri Vasiloviç işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında Tartaraşvili Zaira Vasilovna izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.2-ci maddəsinə əsasən sahiblik hüququ əmlaka(əşyaya) faktik sahibliyin həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlə qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 228.2–ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli qərarı
Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri ), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvü hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
26. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
27. Cavabdeh Qax Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli 2(024)- 496/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçıların üzərinə, etirazın əsaslarını təqdim etmək isə cavabdeh tərəfin üzərinə düşür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbi və cavabdehin apellyasiya şikayəti ilə bağlı hazırki qətnamənin 7-9-cu bəndlərində əks edilən dəyərləndirməsini və gəldiyi nəticəni əsaslı hesab edir.
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, hazırki işin halları yaşayış sahəsinə istifadə hüququ baxımından nəzərdən keçirildikdə, cavabdehin mübahisəli evə istifadə hüququnun yaranması müəyyən edilmir. Belə ki, cavabdehin iddiaçıların mərhum qardaşı Tartaraşvili Karlo Vasilyeviç ilə qeyrirəsmi ailə münasibətlərində olması, faktiki olaraq onunla birlikdə yaşaması işin mübahisəsiz halıdır. Tərəflərin izahatlarından aydın olur ki, cavabdeh Tartaraşvili Karlo Vasilyeviç ilə 20 il ərzində birlikdə yaşamışdır. Belə olan halda, istifadə hüququ baxımından hüquq münasibətlərinin yaranması 2000-ci ildən sonraya təsadüf etdiyindən həmin münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarında göstərilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. 228.2–ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli qərarı ilə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Göründüyü kimi, mülki qanunvericilik istifadə hüququnun əmələ gəlməsinin iki formasını müəyyən edir: mülkiyyətçinin ailə üzvlərinin istifadə hüququ və digər şəxslərin istifadə hüququ. Hazırki iş üzrə cavabdehin Tartaraşvili Karlo Vasilyeviçin rəsmi olaraq ailə üzvü olmadığı işin mübahisəsiz halıdır. Cavabdehin mübahisəli evə digər şəxslər kateqoriyasına aid şəxs olaraq istifadə hüququnun yaranması üçün isə yazılı bağlanan notariat qaydasında təsdiqlənən mülkiyyətçinin razılığı olmalı idi. Hazırki işin materiallarında isə belə bir razılaşmanın mövcudluğu müəyyən edilmir. Kollegiya onu da qeyd edir ki, cavabdehin Tartaraşvili Karlo Vasilyeviç ilə birgə yaşayışının 2009-cu ildən sonra da davam etməsi işin mübahisəsiz hallarındandır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri ), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvü hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Göründüyü kimi, mənzil qanunvericiliyi istifadə hüququnun əmələ gəlməsinin iki halını müəyyən edir: mülkiyyətçinin ailə üzvlərinin istifadə hüququ və digər qohumların ailə üzvü hesab edilməsi halı. Hazırki iş üzrə cavabdehin Tartaraşvili Karlo Vasilyeviçin nə rəsmi ailə üzvü, nə də digər qohumu olması müəyyən edilməmişdir. Göstərilənlərə əsasən müəyyən edilir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
31. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh Paçxataşvili Manana Jorjikoyevna tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qax Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli 2(024)-496/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh Paçxataşvili Manana Jorjikoyevna tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli 2(024)-496/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.