Məhkəmə qərarları › İş №2(107)-265/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-265/2024

07.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-265/2024 07.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X1 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 7 dekabr 2023-cü il tarixli, 2(054)-743/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Oğuz Rayon Məhkəməsinin 7 dekabr 2023-cü il tarixli, 2(054)-743/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı tərəfindən Oğuz Rayon Məhkəməsinin 7 dekabr 2023-cü il tarixli, 2(054)-743/2023 saylı qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərəzli olaraq birtərəfli mövqe göstərmişdir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.3cü maddəsinə əsasən tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə. İş materiallarında Cavabdeh ilkin mediasiya prosesinin Cəbrayıl 1 saylı Mediasiya təşkilatında keçirilməsinə və ya mediatora etiraz etməsi ilə bağlı heç bir sənəd yoxdur. Cavabdeh rəsmi olaraq təklif göndərilmişdir, hətta şikayətə əlavə etdiyim bildirişdən görünür ki, SMS vasitəsi ilə Cavabdeh bildiriş göndərilmiş və çatmışdır, lakin Cavabdeh tərəfindən etiraz edilməmişdir. Odur ki, Oğuz Rayon Məhkəməsinin 7 dekabr 2023-cü il tarixli, 2(054)-743/2023 saylı qərardadının ləğv edilməsi və onun tərəfindən verilmiş iddia ərizəsinin icraata götürülməsi barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2(054)-743/2023 saylı qərardadı ilə Oğuz Rayon Məhkəməsinin 7 dekabr 2023-cü il tarixli, 2(054)-743/2023 saylı qərаrdаdındаn İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməsi və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Oğuz Rayon Məhkəməsinin 7 dekabr 2023-cü il tarixli, 2(054)-743/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); ailə münasibətlərindən irəli gələn mübahisələr; əmək münasibətlərindən irəli gələn mübahisələr; inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Qeyd olunan hüquq normasının məzmunundan göründüyü kimi, tərəflər mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, məhkəməyə müraciət edəcək tərəf mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni ərazidə yerləşən mediasiya təşkilatına, qeyd olunan ərazidə mediasiya təşkilatı olmadıqda isə məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın məsafədə yerləşən mediasiya təşkilatına müraciət etməlidir. İş materiallarından görünür ki, iddiaçı Ağdam rayonundan məcburi köçkün olmaqla faktiki yaşayış yeri Ağcabədi şəhəri, 20 Yanvar küçəsi, ev 21-dir. Cavabdeh Oğuz şəhəri E.İsgəndərov küçəsi, ev 1-də qeydiyyatdadır. İddiaçının məhkəməyə müraciət etməzdən əvvəl mediasiya təşkilatına müraciət etdiyini təsdiq edən sənədin məzmunundan görünür ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı isə aidiyyəti üzrə mübahisənin aid olduğu Oğuz Rayon Məhkəməsi ilə eyni ərazidə yerləşən Şəki 1 saylı Mediasiya təşkilatına deyil, Cəbrayıl 1 saylı Mediasiya təşkilatına müraciət etmşdir. Beləliklə tərəflər arasında razılıq olmadığı halda, ərazi aidiyyəti üzrə Oğuz Rayon Məhkəməsinə aid mübahisələrlə bağlı mediasiya sessiyasını aparmaq səlahiyyəti olmayan mediasiya təşkilatına müraciət etmiş, bununla da mediasiya prosesində iştirakla bağlı qanunvericilikdə müəyyən edilmiş qaydaları pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.2.4-1-ci maddələrinin məzmununa görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin 7 dekabr 2023-cü il tarixli, 2(054)-743/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin 7 dekabr 2023-cü il tarixli, 2(054)-743/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar