Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-451/2021 16.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X17 iştirakı ilə İddiaçı Ceerçiyev Nürəddin Ceerçi oğlunun Cavabdeh qarşı “Balakən rayonu Hənifə kəndində yerləşən 0.45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-798/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi : İddiaçı Cavabdeh Möhöddin oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 0.45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-798/2020 nömrəli (hakim H.Səlimov) qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı xüsusi mülkiyyətində olan, Balakən rayonu Hənifə kəndində yerləşən 0.45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh Möhöddin oğlunun çıxarılması qət edilmişdir Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1i ünvanında yaşayır. Onun xüsusi mülkiyyətində Balakən rayonunun Hənifə (Roçəhməd) kəndində 0.45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin 0.35 hektarına görə ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-i tərəfindən xx.xx.2020-ci il tarixdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən nömrəli çıxarış verilmiş, 1.51 hektar torpaq sahəsinə görə isə JN 05xx xxx 40102018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı hazırlanmışdır. Torpaq sahələri onun və ailə üzvlərinin mülkiyyətində olmasına baxmayaraq uzun müddətdir ki, mülkiyyətində olan 0,35 hektar torpaq sahəsi və birgə mülkiyyətlərində olan JN 511F KOD 40102018 olan Dövlət Aktında 511F cizgidə göstərilən payına düşən 0.10 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş torpaq sahəsini Cavabdeh Möhöddin oğlu qanunsuz olaraq zəbt edilmişdir. Nəticədə o, xüsusi mülkiyyətində olan 0.45 ha torpaq sahəsindən istifadə edə bilmir. Cavabdeh torpaq sahəsindən çıxmaq istəmir. O, mülkiyyətində olan 0.45 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsindən cavabdehin çıxarılması ilə bağlı dəfələrlə müraciət etsədə, cavabdeh ona məxsus olan torpaq sahəsindən çıxmayacağını bildirmişdir. O, müxtəlif orqanlara müraciət etsə də bunun heç bir nəticəsi olmamışdır. Buna görə də o, göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, birinci instansiya məhkəməsi işə baxarkən mülki iş üzrə məhkəmətikinti, texniki və torpaqşünaslıq ekspertizası təyin etməmiş, torpaq sahəsinin ölçüləri və həmçinin real vəziyyəti araşdırılmamışdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Cavabdeh rəsmi poçt vasitəsilə yanaşı, istifadəsində olan ********** mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)- 798/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehlərin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; JN-0511, KOD 40102018 Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən rayon X13 xx xxxx 2001-ci il tarixli 07 nömrəli qərarı ilə İddiaçı, X5, X1, X3 Balakən rayonu Hənifə kəndi ərazisindən 1.51 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş Hüqüqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Balakən rayonu Hənifə kəndi ərazisində yerləşən 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı Ceerci oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 82 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixli A seriyalı 472074 nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Balakən rayonu Hənifə kəndində yerləşən 0,35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adınadır. Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(019)-497/2020 nömrəli qərardadının surətindən görünür ki, iddiaçı Cavabdeh Möhöddin oğlu cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək X2 mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 13xx xxx 40102018 olan Dövlət Aktında göstərilmiş 0.356 ha torpaq sahəsinin və JN 511F KOD 40102018 olan Dövlət Aktında 511F cizgidə göstərilən İddiaçı oğlunun payına düşən 0.10 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş torpaq sahəsinin X6, İddiaçı ilə onun arasında bağlanmış xx xxxxxx 2001-ci il tarixli alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(019)- 497/2020 nömrəli qərardadı ilə baxılmamış saxlanmışdır. Apellyasiya icraatı zamanı əldə edilmiş “xxxx” MMC-nin xx xxxx 2020-ci il tarixli, 151 nömrəli rəyindən görünür ki, iddiaçı X11 naturada məhkəmə ekspertiza baxışına təqdim etdiyi ərazi üzrə tədqiq olunan koordinatlar ilə, ona məxsus Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hazırlanmış RX ******* saylı xx.xx.2018-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış” və çıxarışın tərkib hissəsi olan A№-306344 saylı “Torpaq sahəsinin planı və ölçüsü”ndəki döngə nöqtələrinin koordinatları ilə eynilik təşkil edir, lakin ərazinin şimal-şərq hissəsində torpaq sahəsinin 0.1116 ha hissəsi hazırda cavabdehlər X7, X8 və X9 tərəfindən metal torla hasara alınaraq istifadə edilir. Məhkəmə kollegiyası təqdim olunmuş sübutları əlaqəli şəkildə işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli ərazinin araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1. maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 157.4. maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci hissəsinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, İddiaçı mülkiyyətində Balakən rayonunun Hənifə (Roçəhməd) kəndində 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, həmçinin Muqumova Gülbahar Həmzat qızı, X4 və X10 ilə ümumi birgə mülkiyyətində 1.51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Uzun müddətdir ki, onun mülkiyyətində olan 0,35 hektar torpaq sahəsi və X12, X4 və X10 ilə ümumi birgə mülkiyyətində olan, JN 511F KOD 40102018 olan Dövlət Aktında 511F cizgidə göstərilən, payına düşən 0.10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh Möhöddin oğlu heç bir hüququ olmadan istifadə edir və iddiaçının oradan istifadə etməsinə imkan vermir. Nəticədə İddiaçı xüsusi mülkiyyətində olan 0.45 ha torpaq sahəsindən istifadə edə bilmir, onun mülkiyyət hüququ pozulur. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, cavabdeh apellyasiya şikayətində mübahisəli torpaq sahəsinin onlara məxsus olduğunu, həmin torpaq sahəsindən neçə illərdir istifadə etdiyini, həmçinin birinci instansiya məhkəməsi tərəfindən müvafiq ekspertiza keçirilmədiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübutu təqdim etməmişdir. İkinçisi, iş materiallarından da göründüyü kimi iddiaçının mübahisələndirdiyi torpaq sahəsi mülkiyyət hüququ ilə onun özünə məxsus olmasına baxmayaraq, cavabdeh tərəfindən istifadə olunur ki, bu da mülkiyyətçi kimi iddiaçının qanunla qorunan müılkiyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Üçüncüsü, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, mübаhisəsi gedən tоrpаq sаhəsinin cavabdeh tərəfindən istifadə olunması qarşılıqlı razılıq və ya hər hansı müqavilə əsasında bаş verməmiş və iddiaçı tərəfin irаdəsinə uyğun оlmamışdır. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf torpaq sahəsinə mülkiyyət hüququna malik olmaqla cavabdehin çıxarılmasını tələb etmək vəzifəsinin daşıyıcısıdır. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı təmin etməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Dördüncü, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu açıqlanmamış, ədalət prinsiplərinin nə üçün pozulduğu göstərilməmişdir. Beşincisi, cavabdeh ekspertizanın keçirilməsinin zəruriliyini bildirsə də, müqayisəli təhlil üçün özünə məxsus olan torpaq sahəsi ilə bağlı hər hansı rəsmi sənəd təqdim etməmişdir. Hər hansı bir əsaslı səbəb olmadan lüzumsuz olaraq məhkəmə ekspertizasının keçirilməsi də təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-798/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-451/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-451/2021
16.02.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver