Məhkəmə qərarları › İş №2(107)-461/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-461/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-461/2021 16.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “nağd pul krediti müqaviləsi üzrə pul” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(039)-1998/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Kreditor İddiaçı ASC borclu Cavabdeh qarşı ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək aralarında bağlanmış xx xxx 2015-ci il tarixli, 139438-1-16257 saylı kredit müqaviləsinə əsasən xx.xx.2017-cı il tarixə Banka borclu olduğu 12,238.94 ABŞ dolları məbləğində əsas borc, 1,375.62 ABŞ dolları məbləğində faiz borcu, 151.55 ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 13,766.11 ABŞ dollarının (əmrin icra olunduğu günə olan manat məzənnəsi ilə) və məhkəməyə müraciət etmək üçün ödənilmiş 20 AZN dövlət rüsumunun borcludan tutulması barədə əmrin verilməsini xahiş etmiş və ərizə təmin edilmişdir. Borclu Cavabdeh etirazı əsasında əmr ləğv edilərək iddia icraatına keçilmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(039)-1998/2020 nömrəli (hakim T.Əliyev) qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh xx xxx 2015-ci il tarixli 139438-1- 16257 nömrəli “Nağd pul krediti müqaviləsi” üzrə 12,238.94 ABŞ dolları əsas borc, 1,375.62 ABŞ dolları faiz borcu, 151.55 ABŞ dolları cərimə, ümumi 13,766 (on üç min yeddi yüz altmış altı) ABŞ dolları 11 (on bir) sent ödənilən günə məzənnə üzrə manatla, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat İddiaçı ASCnin xeyrinə tutulması, ödənilməli olan daha 10 (on) manat dövlət rüsumu Cavabdeh dövlət büdcəsi xeyrinə tutulması qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-ci il tarixli 139438-CNS-14128 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə illik 22 faiz hesablanması şərti ilə 36 ay 14,000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdehin ərizəsinə əsasən xx xxx 2015-ci il tarixli, 139438-1- 16257 saylı “Nağd pul krediti müqaviləsi” ilə verilmiş kredit məbləği ilə onun xx.xx.2014-ci il tarixli 139438-CNS-14128 saylı “Nağd pul krediti müqaviləsi” üzrə banka borclu olduğu 13,061.13 ABŞ dolları məbləğində borcu silinmişdir. Lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəlikləri xx.xx.2015-ci il tarixdən icra etməmiş və nəticəsində cavabdehin Banka 12,238.94 ABŞ dolları məbləğində əsas borc, 1,375.62 ABŞ dolları məbləğində faiz borcu, 151.55 ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 13,766.11 ABŞ dolları məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”nın vəzifəsidir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və yetirməkdən də imtina etməkdədir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəindən qətnamə çıxarılarkən düzgün araşdırma aparılmamışdır. Belə ki, bank tərəfindən borcu düzgün hesablamamışdır. Ona görə də hesab edir ki, Yevlax Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Cavabdeh rəsmi poçt vasitəsilə yanaşı, müvafiq olaraq ********* mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatları və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(039)-1998/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından,cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxx 2015-ci il tarixli 139438-1-16257 nömrəli “Nağd pul krediti müqaviləsi”- nin surəti ilə müəyyən olunur ki, bu müqavilə ilə xx.xx.2014-ci il tarixli 139438-CNS-14128 saylı “Nağd pul krediti müqaviləsi” üzrə verilmiş kredit üzrə yaranmış cəmi borc 13,061.13 ABŞ dolları illik 22 % ödəmək şərti ilə 60 ay müddətinə Cavabdeh verilmişdir. Maliyyə arayışında qeyd olunur ki, xx xxx 2015-ci il tarixli 139438-1-16257 nömrəli “Nağd pul krediti müqaviləsi” üzrə xx xxxx 2017-ci il tarixə 12,238.94 ABŞ dolları məbləğində əsas, 1,375.62 ABŞ dolları məbləğində faiz borcu, 151.55 ABŞ dolları məbləğində cərimə, ümumi 13,766.11 ABŞ dolları məbləğində kredit borcu yaranmışdır. Müqavilə üzrə öhdəlik xx xxxxxx 2015-ci il tarixdən icra edilmir. Hesabdan çıxarışdan müəyyən olunur ki, xx xxxxxx 2016-cı il tarixdən sonra hər hansı ödəniş edilməmişdir Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739.1. maddəsində göstərilir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxx 2015-ci il tarixli 139438-1-16257 nömrəli “Nağd pul krediti müqaviləsi” ilə xx.xx.2014-ci il tarixli 139438-CNS-14128 saylı “Nağd pul krediti müqaviləsi” üzrə verilmiş kredit üzrə yaranmış cəmi borc 13,061.13 ABŞ dolları illik 22 % ödəmək şərti ilə 60 ay müddətinə Cavabdeh verilmiş, öhdəlik sonuncu tərəfindən lazımınca icra edilməmiş və bunun nəticəsində borc yaranmışdır. Apellyasiya şikayətinin dəlillərinə də hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətinin dəlilləri əsassızdır və qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Birincisi ona görə ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin obyektiv araşdırılmasına şübhə ilə yanaşdığını qeyd etsə də, bu dəlilləri təsdiq edən sübutları əsaslandırmamış, o cümlədən kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməsini təsdiq edən sənədləri təqdim etməmişdir. Borcunun tələb olunan məbləğdə qalmadığını, özünün borclu olmadığını, iddiaçının borcu barədə məhkəməyə təqdim etdiyi maliyyə arayışının həqiqətə uyğun olmadığına dair apellyasiya şikayətində hər hansı bir ciddi dəlil irəli sürməmişdir. İkincisi, cavabdeh qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Müqavilənin faiz dərəcəsinə gəlincə kollegiya qeyd edir ki, cavabdeh məhz müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürmüşdür. Üçüncüsü, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu açıqlanmamış, ədalət prinsiplərinin nə üçün pozulduğu göstərilməmişdir. Dördüncü, faiz və cərimə borcunun əsassız olaraq artıq hesablandığını qeyd edən cavabdeh ekspertizanın keçirilməsinin zəruriliyinə dair də ciddi dəlillər göstərməmişdir. Çünki, hər hansı bir əsaslı səbəb olmadan lüzumsuz olaraq məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi də təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(039)-1998/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar