Məhkəmə qərarları › İş №2(107)-582/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-582/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Digər - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-582/2021 18.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Həsənzadə Haqverdi Nəbi oğlunun katibliyi, İddiaçı ştirakı ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-874/2020 saylı qətnaməsindən iddiacı İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiacı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan 37000 manat məbləğində olan borc pulun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi, 2019-cu il yanvar ayından ona ödənilməli olan borcun qaytarılması gününədək hər ay üçün 500 (yüz) manat məbləğində kirayə haqqının cavabdehdən tutularaq ona qaytarılması, cavabdeh tərəfindən ona vurulmuş 10000 manat məbləğində mənəvi ziyanin cavabdehdən tutularaq ona ödənilməsi, vəkil xidməti üçün ödənilmiş 251 manat və məhkəmə üçün ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi, Şəki Rayon Məhkəməsinə getmək-gəlmək üçün 200 manat məbləğində xərclərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pulun alınması barədə xx xxxxx 2019-cu il tarixli yazılı etirafın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-874/2020 saylı qətnaməsi ilə İlk iddia qismən təmin edilmiş, Cavabdeh 21448,65 manat pul, 30,40 manat dövlət rüsumu xərci, 251 manat vəkil üçün ödənilmiş xidmət haqqı və 30 manat getmək-gəlmək üçün yol xərci alınaraq İddiaçı verilmiş, ilk iddianın qalan hissəsinin təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı pulun alınması barədə xx xxxxx 2019-cu il tarixli yazılı etirafın etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə bağlı dövlət büdcəsinə ödədiyi dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən iddiacı İddiaçı və Cavabdeh tərəfindən apellyasiya şikаyətləri verilmişdir. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsi maddi-hüquq normaları düzgün tətbiq edilməmiş, işin faktiki hallarına düzgün qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, məhkəmə cavabdeh tərəfindən ödənilmiş 13520 manat kirayə haqqını 37000 manat məbləğində olan borcdan qanunsuz olaraq çıxardaraq, borcun əsas məbləğindən çıxaraq, cavabdehdən tutulması üçün yalnız 23480 manat tutulması qət etmişdir. Bundan başqa, məhkəmə qətnaməsində qeyd edir ki, məhkəməyə təqdim edilmiş xx xxxx 2018-ci il tarixli, 1011 nömrəli qəbzlə də müəyyən edildi ki, Cavabdeh müştərisi olmuş İddiaçı adından xx xxxx 2018-ci il tarixdə “xxxx” ASC-nə 2031,35 manat ödəmişdir. Buna görə də həmin 2031,35 manat məbləğdə İddiaçı Cavabdeh verdiyi və qaytarılmadığını bildirdiyi 37000 manatdan çıxılmalıdır. Bununla əlaqədar o məhkəmə iclasları zamanı verilmiş izahatlarında qeyd etmişdir ki, Cavabdeh 2014-cü ilin noyabr ayında onun adına bankdan 2000 ABŞ dolları kredit götürmüş və kredit borcunu özü ödəməkdə davam etmiş, lakin ABŞ dollarının Azərbaycan manatına məzənnəsində dəyişiklik olduqdan sonra Ramil kredit borcunu ödəməmiş və 2050 manat kredit borcunu o özü ödəmişdir. Kredit borcunun Cavabdeh tərəfindən ödənilməsini səbəbi o idi ki, onlar bir ailə kimi yaşamışdır. Ramilin təqdim etdiyi 2031,35 manat kredit ödənişinin aparılmasına dair qəbzdə göstərilən məbləği ödəmək üçün o banka Ramillə birgə getmiş, həmin pulu ödəmək üçün özü Ramilə vers də, banka daxil olmamış, çöldə gözləmiş, banka Ramil daxil olmuş və borcu ödədikdən sonra qəbzi gətirib ona təqdim etmişdir. Bir daha qeyd etmək istəyir ki, xx xxxxx 2019-cu il tarixdə Cavabdeh ona olan borcu 37.000 manat idi. Bu səbəbdən xx xxxxx 2019- cu il tarixdə cavabdeh ona 37.000 manat məbləğində olan borcun barədə qəbz tərtib edərək həmin qəbzi imzalamışdır. Həmin gün borcu ödəmək üçün üzərinə öhdəlik götürmüşdür. Lakin bu günə qədər bu öhdəlik yerinə yetirilməyib. İşdə olan Cavabdeh xx xxxxx 2019-cu il tarixdə yazdığı ərizəsində göstərmişdir ki, o, 2015-ci ilin oktyabr ayında İddiaçı ona ev almaq adı ilə ona məxsus 37000 (otuz yeddi min) manat pul almışdır. Bu qədər mənzilsiz qaldığına səbəb olduğu üçün özünün seçdiyi Həzi Aslanov metrostansiyası ərazisində təxminən 80-90 kvadrat metr mənzil ilə 3 ay müddətində təmin etməyi öz öhdəsinə götürür və həmin müddət ərzində ev almağa söz verir. Hesab edir ki, Cavabdeh ona olan 37000 manat məbləğində borc ondan tam tutulmalıdır və xeyrinə ödəməlidir. Bundan başqa, iddia ərizəsində o məhkəməyə getmək-gəlmək üçün yol xərci Cavabdeh tutularaq ona ödənilməsi barədə iddia tələblərini irəli sürmüşdür. Bundan əlavə o Şəki rayon məhkəməsinə getmək-gəlmək üçün o cəmi 300 (üç yüz) manat məbləğində yol pulu ödəmişdir. Məhkəmə, naməlum səbəblərdən və tamamilə əsassızdır təqdim etdiyi bütün çeklərdən yalnız 30 manat məbləğində birini təmin etmişdir. Hesab edir ki, məhkəməyə getmək-gəlmək üçün tərəfimdən ödənilmiş bütün xərcləri Cavabdeh tam həcmdə onun xeyrinə tutulmalıdır. Bundan başqa, o, iddia ərizəsində 2019-cu il yanvar ayından ona ödənilməli olan borcun qaytarılması gününədək hər ay üçün 500 (yüz) manat məbləğində kirayə haqqının, ona vurulmuş 10000 manat məbləğində mənəvi ziyanin cavabdehdən tutularaq xeyrimə ödənilməsi məhkəmədən xahiş etmişdir. Lakin məhkəmə iddianın bu hissəsini də əsassız olaraq rədd etmişdir. Cavabdeh öz qanunsuz hərəkətləri ilə ona həm maddi, həm də mənəvi ziyan vurmuşdur. Belə ki, cavabdeh beş il ərzində mənzil almaq üçün nəzərdə tutulan pulu ona qaytarmır. Beş ildir ki, o iki övladıyla birlikdə kirayə mənzillərdə yaşamaq və kirayə haqqını ödəmək məcburiyyətindədir. Cavabdeh ona məxsus olan 37000 manat vaxtında qaytarsaydı, özünə ev alardı və mənzil kirayəyə götürüb kirayə pul ödəmək məcburiyyətinda qalmazdı. Cavabdehin pulunu qaytarmaması səbəbindən son iki ildə hüquqmühafızə orqanlarına şikayətlərlə müraciət etmək məcburiyyətində qalmışdır. Bütün bunlar onun çox vaxtımı alırdı. Cavabdeh tərəfindən borcu ödənməməsi ilə bağlı o psixoloji stress keçirtmişdir. Cavabdeh tərəfindən ona qarşı hüquqmühafızə orqanlarına qanunsuz şikayətlər verilməsi səbəbindən vaxt itirmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-874/2020 saylı qətnaməsi dəyişdirilərək iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsi maddi-hüquq normaları düzgün tətbiq edilməmiş, işin faktiki hallarına düzgün qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, məhkəmə tərəfindən iş üzrə qətnamənin qəbul edilməsi əsasları kimi qəbul etdiyi halla bağlı Şəki rayon məhkəməsi hesab etmişdir ki, tərəflər arasında olan pulun verilməsi ilə bağlı hallar mövcud olmasına baxmayaraq işin faktiki hallarından irəli gələrək həmin pulun qaytarılması nəticəsinə gəlməsinə baxmayaraq bütün faktiki halları nəzərə almamışıdır. Belə ki, məhkəmə iş üzrə qarşılıqlı iddiamızın rədd edilməsini qeyd etməsinə baxmayaraq iş üzrə cavabdeh tərəfindən kirayə haqqının verilməsini qəbul edərək bu barədə verilmiş pulu şəxsin tələb etdiyi puldan çıxmışdır, lakin məhkəmə iddiaçının xx xxxxx 2019-cu il tarixdən sonra imzaladığı qəbz və ya müqavilə hesab etdiyi sənəd üzrə ödəniş etməli olmasına dair fikirləri ilə də razılaşmamışdır. Belə ki, məhkəmənin gəldiyi qənaət bu olmuşdur ki, iş üzrə Ramil Əhmədov həmin pulu almasına baxmayaraq bir hissəsinin qaytarılmasını qəbul edərək dolayısı ilə xx xxxxx 2019-cu il tarixli qəbz və ya müqaviləni etibarsız hesab etməsinə baxmayaraq onun iddiası rədd etmişdir. İkinci halda iş üzrə məhkəmənin istinad etdiyi İşdə olan Bakı şəhəri, Binəqədi rayon prokurorluğunun icraatında olmuş C-395/19 nömrəli material üzrə şahid kimi izahatı alınmış X1 izahatında göstərdiyi halları nəzərə almayaraq düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan Binəqədi rayon Məhkəməsinin qərarı ilə rayon prokurorluğunun icraatında olmuş C-395/19 nömrəli material üzrə qəbul edilmiş qərar qanuni hesab edilməsinə və iş materiallarından da ilk iddia üzrə İddiaçı üçün Sabunçu rayonu ərazisindən 17000 (on yeddi min ) manata torpaq sahəsinin alınması eyni zamanda həmin torpaq sahəsinin daha sonra 13000 ( on üç min ) manata satılmasına dair qanuni qüvvəsini almış məhkəmə qərarında öz əksini tapmış halları nəzərə almamışdır. Belə ki, AR MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Buna baxmayaraq Şəki rayon Məhkəməsinin hakimi Elçin Mehdiyev bu normanın tələbini pozaraq məhkəmə nəzarəti qaydasında olan məhkəmənin qanuni qüvvəyə minmiş cinayət təqibi üzrə digər qərarı sayılan Binəqədi rayon Məhkəməsinin qərarında əksini tapmış nəticəni nəzərə almayaraq ümumiyyətlə tərəfimizdən də təqdim edilməsinə və iş materiallarında olmasına baxmayaraq buna istinad etməyərək prokuroluq orqanı tərəfindən aparılmış araşdırma materialı ilə də təsdiqini tapmış həmin halları qeyd etməmiş bununla bağlı halları qəbul etməməsi ilə bağlı da qətnamədə hər hansı formada əsaslandırmayaraq düzgün olmayan hüquqi mövqe sərgiləmişdir. Bundan başqa tərəfimizdən iş materiallarına əlavə edilmiş eManat ödəniş terminalı vasitəsi ilə xx xxxxxx 2018-ci il tarixdə aparılmış ödənişdən görünür ki, həmin tarixdə müştəri İddiaçı 600 manat ödəniş edilmiş, lakin məhkəmə ödənişin kim tərəfindən edildiyi qeyd edilmədiyi üçün tərəfimdən edilmiş ödənişin onun tərəfindən edilmədiyini bildirmişdir. Qeyd etməyi zəruri hesab edirik ki, Azərbaycan Respublikası ərazisində mövcud olan ödəniş terminalları vasitəsilə edilmiş ödnişlər zamanı təqdim edilmiş qəbzlər həmin vaxt ödənişi edən şəxsə təqdim edilir və bu qəbz vasitəsilə edilmiş ödənişi ilk iddia üzrə iddiaçı da təsdiq etməsinə ödənişə dair qəbz tərəfimizdən təqdim edilməsinə baxmayaraq məhkəmə düzgün olmayan mövqe sərgiləyərək əsassız hüquqi nəticəyə gəlmişdir. Ona görə də Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-874/2020 saylı qətnaməsini ləğv edib, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı özü tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə kollegiyasına teleqram ünvanlayaraq səhətindəki problemlə əlaqədar məhkəmə məhkəmə iclasında iştirak edə biləyəcəyini və məhkəmə iclasının başqa bir tarixə təxirə salınmasını xahiş etmiş, lakin bununla bağlı məhkəməyə hər hansı bir dəlil təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, iddiaçının izahatını dinləyərək, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-874/2020 saylı qətnаməsi qismən ləğv edilməli, Cavabdeh 37000 (otuz yeddi) manat pul alınaraq İddiaçı verilməli, qətnamə qalan hissədə yəni, Cavabdeh 30,40 manat dövlət rüsumu xərci, 251 manat vəkil üçün ödənilmiş xidmət haqqı və 30 manat getmək-gəlmək üçün yol xərcinin alınaraq İddiaçı verilməsi, ilk iddianın qalan hissəsinin təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı pulun alınması barədə xx xxxxx 2019-cu il tarixli yazılı etirafın etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi və Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə bağlı dövlət büdcəsinə ödədiyi dövlət rüsumunun özünə aid edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət, qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddia tələbi üzrə düzgün nəticəyə gəlməmiş, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyası ilk növbədə iddianın 37000 manat pulun cavabdehdən alınması hissəsi ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın həmin hissəsini tam təmin etməməklə düzgün olmayan nəticəyə gəlmişdir. Ona görə də kollegiya hesab edir ki, iddiaçının iddia tələbi və apellyasiya şikayəti həmin hissəyə münasibətdə əsaslıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, xx xxxxx 2019- cu il tarixdə iddiaçı cavabdehə 37.000 manat məbləğində pul vermiş və cavabdeh pul almasına dair həmin qəbzi imzalamışdır. Pulun alınması tərəflərin izahatları və işdə olan Cavabdeh xx xxxxx 2019-cu il tarixdə yazdığı ərizəsindən görünür. Həmin müqavilədən görünür ki, cavabdeh 2015-ci ilin oktyabr ayında İddiaçı ona ev almaq adı ilə ona məxsus 37000 (otuz yeddi min) manat pul almışdır. Bu qədər mənzilsiz qaldığına səbəb olduğu üçün özünün seçdiyi Həzi Aslanov metrostansiyası ərazisində təxminən 80-90 kvadrat metr mənzil ilə 3 ay müddətində təmin etməyi öz öhdəsinə götürmüş və həmin müddət ərzində ev almağa söz vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında tapşırıq müqaviləsi bağlandığından Azərbaycan Respublikası Mülki Məcəlləsinin tapşırıq müqaviləsinə aid nörmaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada başlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 778.1-ci və 778.3-cü maddələrinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Qeyd edilən Məcəllənin 779.1-ci maddəsininin tələbinə görə, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmçinin kollegiyanın iclasında müəyyən edildi ki, cavabdeh tapşırıq müqabviləsinə əsasən üzərinə öhtəlik götürərək, 37000 (otuz yeddi min) manat pul müqabilində özünün seçdiyi Həzi Aslanov metrostansiyası ərazisində təxminən 80-90 kvadrat metr mənzil ilə 3 ay müddətində təmin etməyi öz öhdəsinə götürür və həmin müddət ərzində ev almağa söz verir. Yuxarıda qeyd edilən maddi hüquq normalarından görünür ki, əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi qanunvericilik imperativ olaraq tapşırıq müqaviləsindən hansı hallarda kənara çıxmaları müəyyən etmişdir. Hazırkı halda isə iddiaçının xəbəri olmadan ev almaq üçün cavabdehə verilmiş pul kirayə haqqı kimi ödənilmiş və tapşırıq müqaviləsindən kənara çıxılmışdır. Qanunvericilik isə hazırkı halda vəkalət alanın tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıdığını müəyyən etmişdir. Məhkəmə kollegiyası Cavabdeh İddiaçı adından xx xxxx 2018-ci il tarixdə “xxxx” ASC-nə 2031,35 manat ödəməsinə qiymət verərək qeyd edir ki, birinci instansiya məhkəməsi həmin hal üzrə də düzgün olmayan qənaətə gəlmişdir. Belə ki, iddiaçıdan ev almaq üçün götürdüyü pulu kirayə haqqına ödəyən cavabdeh, qeyd edilən 2031,35 manat pulun iddiaçının əvəzindən cavabdeh tərəfindən banka ödənilməsi inandırıcı deyildir. Bundan başqa həmin hal öz təsdiqini tapsa belə, həmin məbləğ ev üçün verilmiş puldan çıxıla bilməzdi. Çünki həmin tələb ayrı bir iddianın predmeti olardı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Beləliklə kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-874/2020 saylı qətnаməsi qismən, yəni 37000 (otuz yeddi) manat pulun Cavabdeh alınması hissəsində təmin edilməyən,15551,35 manat pulun cavabdehdən alınması hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə də təmin edilməli, 37000 (otuz yeddi) manat pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin və apelyasiya şikayətinin digər hissəsi olan 2019-cu il yanvar ayından ona ödənilməli olan borcun geri qaytarılcağı müddətədək 500 (yüz) manat məbləğində kirə haqqının ödənilməsi və Cavabdeh 10000 manat mənəvi zərərin alınaraq ona verilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi və apelyasiya şikayəti bu hissədə əsassızdır. Birinci instansiya məhkəməsi iddia tələblərini həmin hissədə rədd etməkdə haqlı olmuşdur. Belə ki, əgər iddiaçı tərəfindən kirayə haqqı üçün xərc çəkilmişdirsə, bu xərcin çəkilməsi ilə əlaqədar tərəflərin arasında öhdəlik hüquq münasibəti yaranmamışdır. Pul ödəmək vəzifəsi öhdəlik hüquq münasibətinin tərkib hissəsidir, öhdəlik hüquq münasibəti yaranmadan pul ödəmək vəzifəsi yarana bilməz. Öhdəliklər əmələ gəlmə əsaslarına görə 3 yerə bölünür: müqavilədən əmələ gələn öhdəliklər; qanundan əmələ gələn öhdəliklər; mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər. Mülki Məcəlləsinin xüsusi hissəsinin quruluşunda da bu qayda öz əksini tapmışdır. Habelə, Mülki Məcəllənin “Öhdəliklərin əmələ gəlmə əsasları” adlı 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Odur ki, mülki hüquq münasibətinin bir növü kimi hər hansı öhdəlik hüquq münasibəti yalnız müqavilə bağlandıqda və ya qanunda nəzərdə tutulmuş hallar baş verdikdə (özgə işləri tapşırıqsız aparıldıqda və əsassız varlanma baş verdikdə) və yaxud mülki hüquq pozuntusu (delikt) törədildikdə yarana bilər. İddiaçı ilə cavabdeh arasında kirayə haqqının ödənilməsi ilə bağlı öhdəlik hüquq münasibətinin yaranması üçün yuxarıda qeyd olunan əsasların heç biri mövcud olmayıb. Bu qənaətini məhkəmə aşağıdakılarla izah edir: Müqavilənin bağlanmadığı şəksizdir. Tərəflərin heç biri müqavilənin bağlandığını iddia etmir. İddiaçı kirayə xərcini özü və uşaqlarının maraqları naminə çəkib. Cavabdeh əsassız varalanmayıb. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Tərəflər rəsmi nikahda olmasalar da ər-arvad münasibətlərində olmuşlar. Münasibətlərinin xoş olduğu dövrdə çəkilən xərc münasibətlərinin korlanmasından sonra əsassız varlanma anlayışı ilə əhatə oluna bilməz. Cavabdeh mülki hüquq pozuntusu (delikt) tərətməyib. Belə ki, mülki hüquq pozuntularının (deliktlərin) anlayışı Mülki Məcəllənin 1096-cı maddəsində müəyyən olunmuşdur. Hazırkı mübahisədə bu anlayışa uyğun gələn heç bir əlamət yoxdur. Beləliklə, birinci instansiya məhkəməsi bu tələbi rədd etməklə düzgün nəticəyə gəlmşdir, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Mənəvi ziyanla bağlı kollegiya aşağıdakıları qeyd edir; Məhkəmə kollegiyası ilkin iddia tələbinin mənəvi ziyanın tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq iddiaçının həmin hissədə apellyasiya şikayətinin dəlillərin əsaslı hesab etmir. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2002-ci il tarixli Qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı Qərarına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın müddəaları və X5 Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər (2-ci bənd). Həmin Qərarın 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların ca-vabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zə-rərvuran şəxsin təqsirinin müəyyən edildiyi hallarda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq, mənəvi zərərin ödənilməsi barədə iddia təmin edilə bilər. Qərarın 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qərarın 11-ci bəndində göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kollegiya qeyd edir ki, hazırki iş üzrə İddiaçı Cavabdeh 10000 manat mənəvi zərərin alınaraq ona verilməsini tələb etsə də lakin, İddiaçı həqiqətən də, ona mənəvi ziyan dəyməsi üçün əsasların olduğunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası Cavabdeh qarşılıqlı iddia tələbi və apellyasiya şikayəti ilə bağlı onu qeyd edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pulun alınması barədə xx xxxxx 2019-cu il tarixli yazılı etirafın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 16-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh xx xxxxx 2019-cu il tarixdə yazmış olduğu ərizəsində göstərmişdir ki, o, 2015-ci ilin oktyabr ayında İddiaçı ona ev almaq adı ilə ona məxsus 37000 (otuz yeddi min) manat pul almışdır. Bu qədər mənzilsiz qaldığına səbəb olduğu üçün özünün seçdiyi Həzi Aslanov metrostansiyası ərazisində təxminən 80-90 kvadrat metr mənzil ilə 3 ay müddətində təmin etməyi öz öhdəsinə götürür və həmin müddət ərzində ev almağa söz verir. Müqavilədən sonra digər iddialar tərəflər arasında olmamalıdır. Müqavilə müddətində üçüncü şəxslərin müdaxiləsi yolverilməzdir. Müqavilə şərtləri tərəflər arasında pozulduqda əsassız sayılacaq. Cavabdeh xx xxxxx 2019-cu il tarixli yazılı etirafı məcburiyyət qarşısında qalaraq yazdığını bildirərək pulun alınması barədə xx xxxxx 2019-cu il tarixli yazılı etirafın etibarsız hesab edilməsini tələb etsə də məhkəməyə təqdim edilmiş sənədlərlə yanaşı, tərəflərin izahatları ilə də İddiaçı Cavabdeh 2015-ci ilin oktyabr ayında saxlanc üçün 40000 manat verdiyi öz təsdiqini tapmışdır. Bundan başqa Cavabdeh birinci instansiya məhkəməsində verilən suallara cavab olaraq həmin izahatı özünün öz əlyazması ilə yazdığını bildirmişdir. Beləliklə cavabdeh pulun alınması barədə xx xxxxx 2019-cu il tarixli yazılı etirafın etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinin əsaslı olmasını təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayətinin dəlilləri də əsassızdır. Belə ki, şikayətdə qeyd edilir ki, məhkəmə Binəqədi rayon Məhkəməsinin qərarı ilə rayon prokurorluğunun icraatında olmuş C-395/19 nömrəli material üzrə qəbul edilmiş qərar qanuni hesab edilməsinə və iş materiallarından da ilk iddia üzrə İddiaçı üçün Sabunçu rayonu ərazisindən 17000 (on yeddi min ) manata torpaq sahəsinin alınması eyni zamanda həmin torpaq sahəsinin daha sonra 13000 ( on üç min ) manata satılmasına dair qanuni qüvvəsini almış məhkəmə qərarında öz əksini tapmış halları nəzərə almamışdır. AR MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən hallar öz təsdiqini tapmış olsaydı belə hazırki halda iddiaçının 37000 manat pulun cavabdehdən tutulması barədə iddia ərizəsinin rədd edilməsi üçün əsas ola bilməzdi. Belə ki, cavabdeh tapşırıq müqaviləs üzrə üzərinə götürdüyü öhdəlikdən yayına bilməzdi. Bundan başqa iş materiallarına əlavə edilmiş eManat ödəniş terminalı vasitəsi ilə xx xxxxxx 2018-ci il tarixdə müştəri İddiaçı 600 manat ödəniş edilməsinə münasibət bildirən kollegiya hesab edir ki, şikayətin həmin dəlili də əsassızdır. Belə ki, ödənişin kim tərəfindən və nə məqsəd üçün ödənildiyi qeyri müəyyən olduğundan şikayət həmin hissədə də təmin edilə bilməz. Eyni zamanda cavabdeh öz qarşılıqlı iddiasını və ilk iddiaya qarşı etirazını həm də onunla əsaslandırmışdır ki, qeyd edilən müqaviləni iddiaçının hədə-qorxusu və təzyiqi nəticəsində imzalamışdır. İş materiallarından müəyyən edilir ki, cavabdeh qeyd edilən müqaviləni xx xxxxx 2019-cu il tarixdə imzalamışdır. Qarşılqlı iddia ilə isə xx xxxx 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə müqavilələrin mübahisələndirilməsi hüququ müddətlə məhdudlaşdırılmışdır. Mülki Məcəllənin 354.2-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər. Qanunun mənasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə kollegiyası iddiacı İddiaçı ilk iddiasının qismən təmin edilməsini nəzərə alaraq, onun tərəfindən iddia ərizəsi ilə bağlı dövlət rüsumunun, vəkil üçün ödənilmiş xidmət haqqının və getmək-gəlmək üçün yol xərcinin Cavabdeh alınaraq İddiaçı verilməli olmasını əsaslı hesab edir. Belə ki, məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən edilir ki, İddiaçı tərəfindən iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq 30,40 manat və vəkil üçün 251 manat ödənilmişdir. İddiaçı Şəki Rayon Məhkəməsinə getmək-gəlmək üçün 200 manat məbləğində xərclərin cavabdehdən tutularaq ona ödənilməsini tələb etsə də, o, məhkəmədə iddia qaldırdığı xx xxxx 2020-ci il tarixədək yol xərci olaraq xx xxx 2020-ci il tarixli yanacaqdoldurma məntəqəsində vurulan yanacaqla bağlı 30 manat ödəniş etməsinə dair sübutu məhkəməyə təqdim etmişdir. Yəni, iddiacı İddiaçı yol xərci olaraq yanacaqdoduqma məntəqəsində vurulan yanacaqla bağlı məhkəməyə sübut növü olaraq təqdim etdiyi digər qəbzlərin onun məhkəmədə iddia qaldırdığı xx xxxx 2020-ci il tarixdən sonrakı dövrə aid olmasını, məhkəməyə iddia təqdim edildikdən sonra iddia tələbinin artırılması barədə heç bir müraciətin olmamasını nəzərə alaraq məhkəmə iddiacı İddiaçı iddia tələbinin Şəki Rayon Məhkəməsinə getmək-gəlmək üçün 200 manat məbləğində xərclərlə bağlı hissəsinin 30 manatına dair hissəsini əsaslı hesab etməsi barədə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-874/2020 saylı qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-874/2020 saylı qətnаməsi qismən, yəni 37000 (otuz yeddi) manat pulun Cavabdeh alınması hissəsində təmin edilməyən,15551,35 manat pulun cavabdehdən alınması hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə də təmin edilsin. 37000 (otuz yeddi) manat pul alınaraq İddiaçı verilsin. Qətnamə qalan hissədə yəni, Cavabdeh 30,40 manat dövlət rüsumu xərci, 251 manat vəkil üçün ödənilmiş xidmət haqqı və 30 manat getmək-gəlmək üçün yol xərcinin alınaraq İddiaçı verilməsi, ilk iddianın qalan hissəsinin təmin edilməməsi və Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə bağlı dövlət büdcəsinə ödədiyi dövlət rüsumunun özünə aid edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver