Məhkəmə qərarları › İş №2(107)-918/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-918/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-918/2021 20.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «qazdan istifadəyə görə yaranmış borcun tutulması» tələbinə dair Ağdaş Rayon Məhkəməsinin 25 iyun 2020-ci il tarixli, 2(014)-765/2020 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «qazdan istifadəyə görə yaranmış borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ağdaş rayonu, Aşağı Zeynəddin kəndində yaşayan Cavabdeh 2901.60 (iki min doqquz yüz bir 60 qəpik) manat əsas borcun, 30 ( otuz) manat dövlət rüsumu və 0.40 (qırx) manat bank xidmət haqqının, ümumilikdə isə 2932 (iki min doqquz yüz otuz iki) manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi (bank hesabları: ABB sabunçu filialı, Kod 805573, VöEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB VÖEN**********, İBAN: AZ72İBAZ********************) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 25 iyun 2020-ci il tarixli, 2(014)-765/2020 nömrəli (hakim N.Əliyev) qətnaməsi ilə İddiaçı” X1 İbrahim Ata oğluna qarşı debitor borcun ödənilməsi tələbi barədə iddiasının qismən təmin edilməsi, Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən 2350.80 manat təbii qazdan istifadəyə görə yaranmış borc 15 manat məbləğində dövlət rüsumu və 0.40 manat bank xidməti, cəmi 2366.20 (iki min üç yüz altmış altı 20 qəpik) manat tutularaq İddiaçı hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun qalan 15 manatı İddiaçınə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, qətnamənin qismən iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, ”İddiaçı” İB, Zaqatala RQİİ-nin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş rayonu Aşağı Zeynəddin kəndində yaşayan Cavabdeh məxsus mənzilində müvafiq alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçının yaşadığı mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdehin Cavabdeh **********00680 saylı qaz hesabında ödənilməmiş 2901.60 manat borc vardır, həmin borcun 2350.80 manat hissəsi sayğac göstəricisinə əsasən aparılmış hesabata və 550.80 manat hissəsi isə itirilmiş təbii qazın həcminə görə müəyyən edilmiş borc mənbəyidir. Belə ki, istehlakçı istifadə edilmiş təbii qazın dəyərini tam şəkildə ödəmədiyindən istismarda olan G-4 markalı 10580169 saylı qaz sayğacının 16568 m3 göstəricisi ilə 2350.80 manat borc yaranmışdır. Bundan başqa Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən Cavabdeh istifadəsində olan G-4 markalı ******* nömrəli qaz sayğacına istehlakçının iştirakı ilə baxış keçirilmiş, baxış zamanı sayğaca müdaxilə halı aşkar edilmişdir. Bu səbəbdən həmin sayğac, qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 29.10.2018-ci il tarixli ******* saylı aktla istismardan çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, əvəzində isə yeni 10580169 saylı qaz sayğacı quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğacının texniki vəziyyəti ilə bağlı rəy verən, ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin 28.12.2018-ci il tarixli 29/1710-2260-2 saylı aktında göstərilmişdir ki, sayğacın hesablama mexanizminin qapağın yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzik-cızıq izləri var (qaz itkisi, müdaxilə). Faktla bağlı qaz cihazlarının inventarizasiyası aparılmaqla təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28.12.2018-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ –nin 28.12.2018-ci il tarixli qərarı ilə 5508 m3 ( və ya 550.80 manat) həcmində müəyyən edilərək ziyanın əvəzinin ödənilməsi tələb olunmuşdur. Ona görə də iddiaçı tərəf cavabdehdən 2350.80 manat sayğac göstəricisinə əsasən aparılmış hesabata və 550.80 manat hissəsi isə itirilmiş təbii qazın həcminə görə müəyyən edilməklə aparılmış hesabata əsasən yaranmış, ümumilikdə 2901.60 manat borcun ( 2350.80 m +550.80 m=2901.60 m) tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin (hakim Nizam Əliyev) 25 iyun 2020-ci il tarixli e-2(014)-765/2020 saylı qətnaməsi ilə İddiaçı İB-nin iddia ərizəsinin qismən təmin edilməsi, “Cavabdehdən 2350.80 manat pul (sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən) və 15.40 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. Ağdaş Rayon Məhkəməsinin 25 iyun 2020-ci il tarixli e-2(014)-765/2020 saylı qətnaməsi çıxarılarkən iddia tələbinin təmin edilməyən hissədə maddi və prossesual hüquq normaları pozulduğundan qətnamə həmin hissədə ləğv edilməli və iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı iddiaçının ünvanından açılmış G-4 markalı4434985 nömrəli qaz sayğacının yararsız hala düşməsi işin mübahisəsi halıdır və tərəflərin izahatları ilə təsdiq edilir. Sözügedən qüsurun mövcudluğu onun standartlara uyğun işləməməsinə dəlalət edir və bu fakt eyni zamanda lobaratoriya rəyi ilə təsdiq edilmişdir. Belə bir vəziyyətdə həmin sayğacdan keçən təbii qazın həcmini istehlakçının həmin sayğaca cavabdeh olub olmamasından asılı olmayaraq qeydə almaması şəksizdir. Dolayısı ilə uçotsuz təbii qazdan istifadə edilməsi təsdiq edilir. Bununla əlaqədar bildirir ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən cavabdehin istifadəsində olan G4 markalı ******* nömrəli qaz sayğacına istehlakçının iştirakı ilə baxış keçirilmiş, baxış zamanı sayğaca müdaxilə edildiyi aşkar edilmişdir. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə bağlı rəy verən ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin aktında göstərilmişdir ki, xətalar normaya uyğun deyil, plasmas qapağın yan tərəfində iz olduğundan plomb tərəfimizdən açıldı, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzik cızıq izləri var,, sayğac istismara yararsızdır. Bundan sonra istehlakçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28.12.2018-ci il tarixli ******* saylı akt tərtib etmişdir, istehlakçı aktı imzalamaqdan imtina etmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı isə İddiaçı İB-nin Zaqatala RQİİ-nin 28.12.2018-ci il tarixli qərarı ilə 5508 m (və ya 550.80 manat) həcmində müəyyən edilərək ziyanın əvəzinin ödənilməsi və sayğacın dəyərinin ödənilməsi tələb olunmuşdur. Nəzərə çatdırır ki, təbii qazdan istifadə qaydalarının pozulması nəticəsində qaz paylayıcısına iki halda zərər, birinci halda qaz sayğacının istismara yararsız vəziyyətə gətirməklə, ikinci halda uçotsuz təbii qazdan istifadəyə görə ziyan dəymişdir. Cavabdeh tərəf mübahisəli qaz sayğacının istismara yararsız hala gətirilməsini heç bir halda mübahisələndiməmişdir. Bundan əlavə bildirir ki, mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları”nın 4.9-cu bəndinə əsasən, qaz sayğacının zədələnməsi dedikdə onun hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s. başa düşülür. Abonentin və ya onunla razılıq əsasında digər şəxsin müdaxiləsi olmadan sayğacda baş vermiş həmin zədələnmələrə görə abonent heç bir məsuliyyət daşımır və zədələnmiş sayğacın dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilir. Lakin sayğacın zədələnməsi ona müdaxilə nəticəsində baş vermişsə, bu zaman təqsirli hərəkətin törədilməsi faktı mövcud olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”na 2 nömrəli əlavə olan “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 3.3- cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-in Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. Həmin qaydaların6.5-ci bənidnə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. MPM-in 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iddiaçının izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 25 iyun 2020-ci il tarixli, 2(014)-765/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş 30.11.2018-ci il tarixli **********00680 saylı abonent saldosundan da görünür ki, həmin borcun 2350.80 manat hissəsi sayğac göstəricisinə əsasən aparılmış hesabata və 550.80 manat hissəsi isə itirilmiş təbii qazın həcminə görə müəyyən edilmiş borcdur. İş materiallarına əlavə edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən məlum olur ki, 28.12.2018-ci il tarixli ******* №-li Akta əsasən Cavabdeh 5508 m3 ( və ya 550.80 manat) ziyan hesablanmışdır. İş materiallarına əlavə edilmiş ******* saylı, 28.12.2018-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktın surətindən məlum olur ki, İddiaçı İBnin nümayəndələri tərəfindən istehlakçı Cavabdeh mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman, sayğacın hesablama mexanizminin qapağın yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzik-cızıq izləri var. İş materiallarına əlavə edilmiş qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 29.10.2018-ci il tarixli ******* saylı aktın surətindən məlum olur ki, Elestr tipli G-4 markalı ******* nömrəli köhnə sayğac çıxarılaraq yerinə yeni Elestr tipli G-4 markalı 10580109 saylı sayğac quraşdırılmışdır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalı, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (“Qazdan istifadə Qaydaları”nın 4.6, 4.7 -ci bəndləri). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir(“Qazdan istifadə Qaydaları”nın 4.8 və 4.9 -cu bəndləri). «Qaz təchizatı» haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra mətndə MM-in) 560.1ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir MM-in 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda qaz sayğacının quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməsi, sayğacların üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməsi fiziki şəxs olan istehlakçıların sayğaclarına münasibətdə qaz paylayıcısının vəzifəsi olduğu, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığı, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması qaz paylayıcısının həyata keçirdiyi dəqiq və aydın şəkildə göstərilmişdir. Qaz sayğacının zədələnməsi istehlakçının təqsiri üzündən baş verdikdə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilə bilər. Lakin məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən cavabdehin qaz sayğacına qanunsuz müdaxilə etməsi və məhz bu qanunsuz müdaxilə nəticəsində cavabdehin iddiaçıya maddi ziyan vurmasına dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş, iddiaçı tərəf öz etirazının əsaslarını yalnız formal mülahizələrlə əsaslandırmağa çalışmışdır. Beləliklə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin qazdan istifadəsi üçün quraşdırılmış sayğac istehlakçının nəzarətindən kənarda quraşdırılmışdır. Kənarda quraşdırılmış sayğaca görə məsuliyyəti isə qaz paylayıcısı olan iddiaçının daşıdığından həmn sayğaca müdaxilə edilməsinə görə cavabdeh barədə mülki hüquq məsuliyyətinin yaranmasına görə akt tərtib edilməsi əsaslı hesab edilə bilməz. Eyni zamanda işin hallarından göründüyü kimi baxış zamanı sayğacın “hesablama mexanizminin qoruyucu qapağının yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarda əzik-cızıq izləri” müəyyən edilsə də, həmin tamlığın pozulmasının məhz cavabdehin səhvi və ya qəsdi nəticəsində baş verməsi sübut olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, qaz sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində qaz sərfiyyatına görə iddia edilən məbləğ abonentdən tələb edilə bilməz. Məhkəmə kollegiyası tədqiq etdiyi sübutlara əsasən, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən etməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Cavabdeh Ağdaş Rayon Məhkəməsinin 25 iyun 2020-ci il tarixli, 2(014)-765/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermədiyi üçün birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh İddiaçı apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Ağdaş Rayon Məhkəməsinin 25 iyun 2020-ci il tarixli, 2(014)-765/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. MPM-in 404-1-ci maadəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 393, 404 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ata oğlu Ağdaş Rayon Məhkəməsinin 25 iyun 2020-ci il tarixli, 2(014)-765/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar