Məhkəmə qərarları › İş №2(107)-920/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-920/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-920/2021 20.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması» tələbinə dair Ağdaş Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2(014)-1364/2020 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ağdaş rayon, Aşağı Zeynəddin kəndində yaşayan Cavabdeh 1576.40 (bir min beş yüz yetmiş altı 40 qəpik) məbləğində əsas borcun, 30 (otuz) manat rüsum, 0.40 (qırx) qəpik xidmət haqqı, ümumilikdə isə 1606.80 manat (bir min altı yüz altı 80 qəpik) borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2(014)-1364/2020 nömrəli (hakim N.Əliyev) qətnaməsi ilə İddiaçı” X2 İlham Əli oğluna qarşı debitor borcun ödənilməsi tələbi barədə iddiasının qismən təmin edilməsi, Cavabdeh 1029.20 (bir min iyirmi doqquz 20 qəpik) manat pul (sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən 755.60 manat və 273.60 manat isə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı) və 15 manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun qalan 15 manatı İddiaçınə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, qətnamənin qismən iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı İB, Zaqatala RQİİ-nin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş rayonu, Yuxarı Zeynəddin kəndində yaşayan Cavabdeh məxsus mənzilində müvafiq alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçı yaşadığı mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdehin Cavabdeh **********01080 saylı qaz hesabında ödənilməmiş 1576.40 manat borc vardır, həmin borcun 755.60 manat hissəsi sayğac göstəricisinə əsasən aparılmış hesabata və 820.80 manat hissəsi isə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. Cavabdeh mənzilinə istismarda olan qaz sayğacı üzrə yaranmış debitor borcu ödəməkdən yayınaraq təbii qazdan qeyri-qanuni xətt çəkərək istifadə etmiş, və bu yolla faktiki istifadə etdiyi təbii qazın uçotunun aparılmasına maneələr yaradır və nəticədə bu yolla qazdan istifadənin əsl dəyərini gizlətmişdir. Belə ki, İddiaçı İB, Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı 04.03.2020-ci il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində sayğacdan kənar əlavə xətt ilə şəbəkəyə qoşularaq qanunsuz qazdan istifadə etdiyi aşkar etmişdir. Faktla bağlı qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 04.03.2020-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmış, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin 13.03.2020-ci il tarixli qərarı ilə 8208 m3 (və ya 820.80 manat) həcmində müəyyən edilərək ziyanın əvəzinin ödənilməsi tələb olunmuşdur. Həmçinin cavabdehə məxsus mənzildə təbii qazdan qeyri qanuni qazdan istifadə halı ilə bağlı foto və video çəkiliş aparılmışdır. Eyni zamanda Azərbaycan Respublikasının İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası Energetika Nazirliyinin 09.07.2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Cavabdeh 100 manat həcmində cərimə edilmişdir. İstehlakçının ünvanında qüsur aşkar edilməmişdən əvvəl ilə qüsur aşkar olunduqdan sonra istehlakçının qaz sərfiyyatları müqayisə edildiyi zaman görünür ki, aşkar edilmiş nöqsan aradan qaldırıldıqdan sonra istehlakçının qaz sərfiyyatının göstəricisi nəzərə çarpacaq dərəcədə artmışdır. Beləliklə qazdan qanunsuz, yəni pulsuz istidadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsi İddiaçı İB-nin cavahdeh Cavabdeh qarşı «təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması» tələbinə dair iddia ərizəsinin qismən təmin edilməsi barədə 04 noyabr 2020-ci il tarixli e-2(014)-1364/2020 saylı qətnamə çıxarmışdır. Ağdaş Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli e-2(014)-1364/2020 saylı qətnaməsi çıxarılarkən iddia tələbinin təmin edilməyən hissədə maddi və prossesual hüquq normaları pozulduğundan qətnamə həmin hissədə ləğv edilməli və iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbinə mahiyyət etibarilə düzgün hüquqi qiymət versə də iddia tələbinin sayğacdankənar xəttə münasibətdə tam- başqa sözlə hesabat müddətində aparılmış dəymiş ziyanın tam təmin edilməməsində səhv nəticəyə gəlmişdir. İlk növbədə birinci instansiya məhkəməsi ddia tələbinin qalan hissədə təmin olunması məsələsinə qiymət verərək hesab edir ki, sayğacdan kənar qanunsuz xətt vasitəsilə qoşulma halında itirilmiş qazın dəyəri hesablanarkən həddən artıq yüksək məbləğ müəyyən edilmişdir və buna görə də həmin məbləğ azaldılmalıdır. Belə ki, iddiaçı itirilmiş qazın həcminin müəyyən edərkən nəyə əsasən hesabat müddətini 90 gün müəyyən etdiyini əsaslandıra bilməmişdir. İddiaçı istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsinə görə tərtib edilmiş akt əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı cavabdehin tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə iddiaçı tərəfindən iddiada qeyd edilən hallar sübuta yetirilmədiyindən həmin hallar üzrə hesablanmış zərər də tam həcmdə cavabdehdən tutula bilməz. Məhkəmə Kollegiyasının nəzərinə çatdırır ki, cavabdehə məxsus fərdi yaşayış evində istismarda olan qaz sayğacından kənar əlavə xətt ilə şəbəkəyə qoşularaq qanunsuz qazdan istifadə etməsi mülki işin mübahisəsiz halıdır və birinci instansiya məhkəməsində öz təsdiqini tapmışdır. Bildirir ki, 04.03.2020-ci il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində sayğacdan kənar əlavə xətt ilə şəbəkəyə qoşularaq qanunsuz qazdan istifadə etdiyi aşkar etmişdir. Faktla bağlı qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 04.03.2020-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmış, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin 13.03.2020-ci il tarixli qərarı ilə 8208 m (və ya 820.80 manat) həcmində müəyyən edilərək ziyanın əvəzinin ödənilməsi tələb olunmuşdur. Həmçinin cavabdehə məxsus mənzildə təbii qazdan qeyri qanuni qazdan istifadə halı ilə bağlı foto və video çəkiliş aparılmışdır. Eyni zamanda Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası Energetika Nazirliyinin 09.07.2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə CavabdehƏli oğlu 100 manat həcmində cərimə edilmişdir Göründüyü kimi qanunsuz birləşmə ilin mülayim aylarına yox, qış aylarına təsadüft edir. Bununla belə məhkəmə 820.80 manat dəymiş ziyanın azaldılmasını da heç bir halda əsaslandırmamış və bu qənaətə hansı kriteriyalara yanaşmaqla gəlməsi göstərilməmişdir. Tərəflər arasında bağlanılmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3-cü bəndində, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməsi, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməsi, bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıması, “Qazdan istifadə Qaydaları”nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməsi cavabdehin müqavilə üzrə vəzifələri kimi müəyyən edilmişdir. Həmin müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-in Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının 14.03.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmış “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na (Əlavə olunur) əsasən müəyyən edilmişdir. Həmin qaydalara əsasən, istehlakçılar tərəfindən qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşmahesabına ödənilir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi X5 apellyasiya şikayətində göstərdiyi xüsusatlarla oxşar məzmunda izahat verərək, Ağdaş Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2(014)-1364/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. MPM-in 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iddiaçının izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2(014)-1364/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş 20.08.2018-ci il tarixli **********01080 saylı abonent saldosundan da görünür ki, Cavabdeh 820.80 manat borcu var. İş materiallarına əlavə edilmiş 13.03.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən məlum olur ki, 04.03.2020-ci il tarixli ******* saylı akta əsasən Cavabdeh 8208 m3 (və ya 820.80 manat) ziyan hesablanmışdır. İş materiallarına əlavə edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, 13.03.2020-ci il tarixli aktın surətindən məlum olur ki, İddiaçı İB-nin nümayəndələri tərəfindən istehlakçı Cavabdeh mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman, sayğacdan kənar qanunsuz birləşmə aşkarlanmışdır. İş materiallarına əlavə olunmuş paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Zaqatala X7 idarəsi ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 20.02.2020-cı il tarixli 494-02-2020 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçının isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən verilmiş 09.07.2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Cavabdeh 100 manat həcmində cərimə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalı, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (“Qazdan istifadə Qaydaları”nın 4.6, 4.7 -ci bəndləri). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (“Qazdan istifadə Qaydaları”nın 4.8 və 4.9-cu bəndləri). “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir MM-in 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, sayğacdan kənar qanunsuz xətt vasitəsilə qoşulma halında itirilmiş qazın dəyəri hesablanarkən həddin artıq yüksək məbləğ müəyyən edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki , apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Əvvəla ona görə ki, iş materiallarında olan abonent saldosundan görünür ki, cavabdehin aylar üzrə qaz sərfi o qədər yüksək olmamışdır. İkincisi, iddiaçı istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsinə görə tərtib edilmiş akt əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı cavabdehin tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı yalnız dəymiş zərərin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının 14.03.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmış “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na (Əlavə olunur) əsasən müəyyən edilməsini şiakyətində qeyd etmişdir. Həmçinin şikayətdə göstərilmişdir ki, həmin qaydalara əsasən, istehlakçılar tərəfindən qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqısatqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma- hesabına ödənilir. Məhkəm kollegiyası qeyd edir ki, iddiaçının istinad etdiyi sənəd o vaxt sübut kimi qəbul edilə bilərdi ki, Azərbaycan Respublikası Konstitutsiyasının müvafiq normasına istinad edilməklə qəbul edilsin. Lakin həmin sənəd vətəndaşların sosial vəziyyətini ağırlaşdırır. Buna görə də məhkəmə kollegiyası Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının 14.03.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmış “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”nı sübut kimi qəbul etmir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Cavabdeh Ağdaş Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2(014)-1364/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermədiyi üçün birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh İddiaçı apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Ağdaş Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2(014)-1364/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. MPM-in 404-1-ci maadəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 393, 404 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2(014)-1364/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar