Məhkəmə qərarları › İş №2(107)-970/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-970/2023

10.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Torpaq münasibətləri üzrə sair mübahisələr - Maddi ziyanın ödənilməsi - M
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-970/2023 10.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı(bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma, dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 07 mart 2023-cü il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla müəyyən olunur ki, Yevlax rayonu, Salahlı kəndində yerləşən 3,1316 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ 30 iyun 2021-ci il tarixdə qeydə alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Yevlax rayonu, Salahlı kənd ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 3,1316 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Qeyd edilən torpaq sahəsinin 0,974 ha hissəsi Cavabdeh1 tərəfindən naturada istifadə edilir. İddaçının Cavabdeh2 tərəfindən istifadə edildiyi bildirilən 0,1391 ha torpaq sahəsi iddiaçının istifadəsində olmaqla əkin altındadır. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olmaqla Yevlax rayonu, Salahlı kəndində yerləşən 3,1316 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş hissəsindən cavabdehlərin dərhal çıxarılması, torpağa giriş-çıxış yollarının bərpası, çay və arx kimi nəzərdə tutulan direnaj xəttinin bərpası, 2.200 (iki min iki yüz) manat məbləğində bir illik dəymiş ziyanın, məhkəmə xərclərinin və dövlət rüsumunun cavabdehlər tərəfindən ödənilməsinə dair qətnamə çıxarılması xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Yevlax rayonu, Salahlı kəndində yerləşən 3,1316 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ********** qeydiyyat nömrəli, xx.xx.2021ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı ilə onun mülkiyyətinə verilmişdir. Qanunla müəyyən olunmuş qaydada mülkiyyətə verilmiş torpaq sahəsinin planı və cizgisinə müvafiq olaraq mülkiyyətinə verilmiş torpaq sahəsinin 2,50 ha hissəsini normal çərçivədə idarə edir. Ancaq hazırkı cavabdehlər onun həmin 3,1316 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini bir hissəsini qanunsuz olaraq zəbt etmişdir. Bu yolverilməz hal onun mülkiyyəti üzərində hüquqlarını məhdudlaşdırır, habelə cavabdehlər ona mənsub torpaqdan bilərəkdən çıxmırlar. Eyni zamanda mülkiyyətində olan torpağın səkkiz metr enində giriş-çıxış yollarının bərpası, çay və arx kimi nəzərdə tutulan direnaj xəttinin bərpası, 2200 (iki min iki yüz) manat məbləğində bir illik dəymiş ziyanın, məhkəmə xərclərinin və dövlət rüsumunun cavabdehlər tərəfindən ödənilməsini tələb edir. İddiaçı ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərin ona məxsus zəbt etdikləri torpaq sahəsindən çıxdıqlarını bildirmiş, bu səbəbdən də iddianın “cavabdehlərin torpaq sahəsinin zəbt edilmiş hissəsindən dərhal çıxarılması, torpağa giriş çıxış yollarının bərpası, çay və arx kimi nəzərdə tutulan direnaj xəttinin bərpasına dair” hissəsi üzrə icraata xitam verilməsini, lakin cavabdehlərdən dəymiş ziyanın və dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma, torpağa giriş-çıxış yollarının bərpası, çay və arx kimi nəzərdə tutulan direnaj xəttinin bərpası” tələbinə dair iddiasından imtinası qəbul olunmuş və həmin hissədə mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Yevlax Rayon Məhkəməsinin(bundan sonra- Rayon Məhkəməsi) 2(039)-67/2023 nömrəli iş üzrə qəbul etdiyi 07 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim K.Əliyev) iddiaçının cavabdehlərə qarşı “maddi ziyanın ödənilməsi” tələbinin təmin edilməməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddiaçı vurulmuş maddi ziyanla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilmədiyindən iddia təmin edilməməlidir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 157.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 88, 217.4 maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə iddia tələbini rədd edərkən hesab etmişdir ki, iddiaçı cavabdehlərə qarşı vurulmuş ziyanlı bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Lakin naturada istifadə etdiyim torpaq sahəsində pambıq əkməyim və müəyyən məbləğdə gəlir əldə etməyimlə bağlı lazım olan sənədləri apellyasiya şikayətinə əlavə etmişəm. Eyni zamanda mütəxəssis rəyi əsasında da, müəyyən edilmişdir ki, qeyd edilən torpaq sahəsinin 0,0974 ha hissəsi Cavabdeh1 tərəfindən istifadə edilir. 17 mart 2022-ci il tarixli akta əsasən İddiaçı aid olan sahənin cənub hissəsində 0,15 ha meyvə bağı var və həmin bağ Cavabdeh2 tərəfindən salınmışdır. Cavabdehlər tərəfindən zəbt edilmiş torpaq sahəsi onun özü tərəfindən əkilmiş olsaydı, naturada istifadə etdiyi torpaq sahəsindən götürdüyü gəlirlə müqayisə də, daha yüksək gəlir əldə etmiş olardı. Bundan əlavə məhkəmə təyin etdiyi ekspertiza əsasında dəymiş ziyanın nədən ibarət olması və ya məbləği ilə bağlı müəyyən nəticə əldə etmiş olardı ki, bu da işə daha obyektiv baxılması və daha ədalətli qətnamə çıxarılmasına səbəb olardı. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdehlər apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya şikayətinin məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddiaçının torpaq sahəsinə qonşu ərazidə onun da torpaq sahəsi var. O, iddiaçının deyil öz torpaq sahəsini istifadə etdiyini güman etmişdir. Mütəxəssislər rəy verdikdən sonra o, torpağı boşaldalaraq iddiaçıya təhvil vermişdir. İddiaçıya verdiyi torpaq sahəsi üzərində o, bağ salmışdır və məcbur olub həmin ağacları ordan çıxarmışdır. DƏDKR-nin 17 saylı Yevlax ərazi İdarəsindən ona bildirmişdirlər ki, o,öz torpağını əkib becərmişdir. Belə ki, elektron xəritə işləyən mütəxəssisin yanındakı bələdçi sahəni düzgün göstərməyib. Ona görə də o, yuxarı təşkilatlara müraciət etmişdir. Cavabdeh1 apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra - Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, iddiaçı apellyasiya şikayətində qətnaməni tam mübahisələndirdiyindən, Məhkəmə məhkəmə aktının qanuniliyini tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi tərəflər arasında mövcud mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı iddiasının əsasslılığını sübut edə bilməmişdir. İddiaçı iddia ərizəsində yalnız ona 2.200 manat ziyan vurulduğunu bildirsə də, bu ziyanın nədə ifadə olunmasını əsaslandırmamışdır. İddiaçı apellyasiya şikayətində bildirir ki, cavabdehlər tərəfindən zəbt edilmiş torpaq sahəsi onun özü tərəfindən əkilmiş olsaydı, naturada istifadə etdiyi torpaq sahəsindən götürdüyü gəlirlə müqayisə də, daha yüksək gəlir əldə etmiş olardı. Mülki Məcəllənin 21.2-ci maddəsindən göründüyü kimi əldən çıxmış fayda zərərin tərkib hissəsidir. Mülki Məcəllənin 443.4-cü maddəsində isə göstərilmişdir ki, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Lakin iddiaçı qeyd olunan maddənin dispozisiya şərtinə uyğun olaraq fayda əldə etmək üçün tədbirlər gördüyünü və bu məqsədlə hazırlıq işləri apardığını, yəni başqa şəxslərlə müqavilə bağladığını, bununla bağlı razılığın əldə olunduğunu və s. halları təsdiq edən sübutları birinci instansiya məhkəməsinə təqdim etməmişdir. İddiaçı apellyasiya şikayətinə xx.xx.2021-ci il tarixli “2022-ci il mövsümü üzrə xam pambığın alğı-satqısına dair” müqavilə əlavə etmiş və bildirmişdir ki, cavabdehlər onun torpaq sahəsini zəbt etməsiydi o, qeyd olunan müqaviləyə əsasən daha çox pambıq əkib daha çox gəlir əldə edərdi. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı Məhkəmə bildirir ki, MPM-nin 372.1-ci maddəsinin tələblərinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın(maddə 372.2). Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli, “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarları) irəli sürdüyü mövqeyə görə apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının qanunverici tərəfindən məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq tərəf bu və ya digər formada iddia qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfi öz mövqeyinin müdafiəsi üçün daha çox imkan verən məhkəmə instansiyasında – birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, iddiaçının apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi sənədlər sübut kimi qiymətləndirlə bilməz, çünki iddiaçı yeni sübutun birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilməmişdir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Yevlax Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 mart 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver