Məhkəmə qərarları › İş №2(110)-159/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-159/2021

11.03.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-159/2021 11.03.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsi cəlb etdiyi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, doğum haqqında akt qeydləri kitabında xx.xx.1956-cı il tarixli 38 nömrəli qeydində M.Həsən qeydinin düzgün olmamasının müəyyən edilməsi və M.Həsən qeydinin Məmmədhəsən qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbinin əsası kimi ərizəsində xx.xx.1956-cı ild tarixdə doğulduğunu, doğum haqqında şəhadətnamədə ata adının Məmmədhəsən yazıldığını, doğum haqqında şəhadətnaməsinin itdiyini, yeni şəhadətnamə almaq istəyən zaman ata adının akt qeydlərində səhvən M.Həsən kimi yazıldığını bildiyini, yanlışlıqların düzəldilməsi üçün Qeydiyyat Şöbəsinə müraciət etdiyini, Qeydiyyat Şöbəsinin doğum akt qeydində düzəlişdən imtina etdiyini göstərmişdir. Buna görə də ərizəçi məhkəməyə müraciət etmişdir. İşdə iştirak edən şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında və verilmiş suallara cavabında xx.xx.1956-cı ildə Şərur rayon Çərçiboğan kəndində doğulduğunu, ailədə 3 uşaq olduqlarını, hər üçünün atası X3 olduğunu, doğum haqqında şəhadətnamə verilərəkən ata adı Məmmədhəsən kimi yazıldığını, bu sənəd əsasında aldığı bütün sənədlərində ata adının Məmmədhəsən yazıldığını, doğum haqqında şəhadətnaməni itirdiyini, yeni doğum haqqında şəhadətnamə almaq üçün Qeydiyyat Şöbəsinə müraciət etdiyini, həmin vaxt doğum akt qeydi kitabında ata adının Məmmədhəsən əvəzinə səhvən M.Həsən kimi yazıldığını bildiyini, doğum haqqında şəhadətnamənin itməsi səbəbindən yeni şəxsiyyət vəsiqəsini ala bilmədiyini, yanlışlığın düzəldilməsi üçün Qeydiyyat Şöbəsinə müraciət etdiyini, Qeydiyyat Şöbəsi düzəliş etməkdən imtina edərək məhkəməyə müraciət etməyi bildirdiyini bildirərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edildiyini, maraqlı şəxsin nümayəndəsi xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə göndərərək işlərinin çoxluğunu nəzərə alıb onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin müddəalarına əsaslanaraq, mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Yazılı sübutlar: İş materiallarında olan Maraqlı şəxs xx.xx.2021-ci il tarixli 191743 nömrəli çıxarışından görünür ki, nikah akt qeydiyyatı kitabının çıxarışından görünür ki, X1 ilə Əliyeva Zərifə M.Məhərrəm qızı ilə xx.xx.1959-cu il tarixdə nikaha daxil olmuşlar. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2021-ci il tarixli 191743 nömrəli ölüm akt qeydiyyatı kitabının çıxarışından görünür ki, X1 xx.xx.1966-cı il tarixdə Şərur rayon Çərçiboğan kəndində ölmüşdür. İş materiallarında olan xx.xx.1974-ci il tarixli № 572706 nömrəli pasportun surətindən görünür ki, Ərizəçi ata adı “Məmmədhəsən” qeyd edilmişdir. İş materiallarında olan xx.xx.1976-cı il tarixli orta təhsil haqqında attestatın surətindən görünür ki, Ərizəçi ata adı “Məmmədhəsən” qeyd edilmişdir. İş materiallarında xx.xx.1976-ci il tarixli ******* nömrəli hərbi biletinin surətindən görünür ki, Ərizəçi ata adı “Məmmədhəsən” qeyd edilmişdir. İş materiallarında olan xx.xx.1982-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ata adı “Məmmədhəsən” qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2010-ci il tarixli AZE № 07950252 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ata adı “Məmmədhəsən” qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2020-ci il tarixli AzİV № 625298 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ata adı “M.Həsən” kimi qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 05/2 335/76 nömrəli məktubundan görünür ki, Qeydiyyat Şöbəsi doğum akt qeydinin düzəliş edilməsindən imtina etmişdir. İş materiallarında olan Şərur Rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli 15/1-679 nömrəli məktubundan görünür ki, Ərizəçi xx.xx.2002-ci il tarixdə şəxsiyyət vəsiqəsi 1979cu il tarixdə verilmiş 537207 nömrəli pasport əsasında verilmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, işdə iştirak edən şəxsin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Ərizəçi xx.xx.1956-cı il tarixdə Şərur rayon Çərçiboğan kəndində doğulmuşdur. Onun doğum şəhadətnaməsi əsasında alınmış bütün hüquqmüəyyənedici sənədlərində ata adı “Məmmədhəsən” olaraq yazılmışdır. Özünə yeni şəxsiyyət vəsiqəsi almaq istədiyi zaman doğum şəhadətnaməsinin itdiyi ona məlum olmuş, o yeni doğum şəhadətnaməsi almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Həmin zaman məlum olmuşdur ki, Ərizəçi ata adı doğum aktları qeydiyyat kitabında “M.Həsən” yazılmışdır. Məhkəməyə təqdim edilmiş yazılı sübutlardan aydın olur ki, Ərizəçi ata adı doğum akt qeydlərində səhvən “M.Həsən” yazılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.7-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Mülki Prosessual Məcəllənin 339.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin məcəllənin 339.2-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəllənin 341-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 339-341-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1956-cı il tarixdə Şərur rayon Çərçiboğan kəndində doğulmuş Ərizəçi doğum haqqında akt qeydiyyatı kitabında qeydiyyatın düzgün olmaması müəyyən edilsin. Ərizəçi doğum akt qeydiyyatı kitabında düzəliş edilsin, ata adı qrafasında “M.Həsən” qeydi “Məmmədhəsən” qeydi ilə əvəz edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 1 ay müddətinə Şərur Rayon Məhkəməsi vasitəsilə X4 Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar